AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əmək bazarının dəyişən tələbatını ödəyəcək Mərkəz - Reportaj - Fotolar

Əmək bazarının dəyişən tələbatını ödəyəcək Mərkəz - Reportaj - Fotolar

Cəmiyyət
25 Sentyabr 2020, 13:53 2504
Müasir peşə təhsili rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanması üçün başlıca şərtdir
 
Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Buna görə də, yerli və beynəlxalq qurumlar, ölkələrin iqtisadi tərəqqisinin istiqamətlərini müəyyənləşdirən məsul şəxslər iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün müasir peşə təhsili sisteminin bərqərar olmasına böyük önəm verirlər. Peşə təhsili və təlimi sistemi milli təhsil sisteminin tərkib hissəsi kimi zəngin tarixə malik Azərbaycanda da bu, belədir. Ölkəmizdə peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin "Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli Fərmanını xüsusi qeyd etmək olar.
 
 
 
Sözügedən Fərmandan irəli gələrək yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkəmizdə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsini, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkil edilməsini həyata keçirir. Agentliyin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 
 


Qeyd edək ki, hazırda Azərbaycanın peşə təhsili sistemində, ümumilikdə 120-yə yaxın təhsil müəssisəsi mövcuddur. Onlardan biri "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzidir. Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 14-də açılışı olan bu Peşə Təhsil Mərkəzində 500 tələbənin təhsil alması üçün maksimum şərait yaradılıb. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Praktiki dərslərin təşkili məqsədilə mərkəzdə xüsusi təlim avadanlıqları və stendləri quraşdırılıb.
 

 
Peşə Təhsil Mərkəzinin icraçı direktoru Yadullah Babayev müəssisə ilə bizi yaxından tanış edərkən bildirdi ki, müasir dövrdə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sənayesi sahələri ilə yanaşı, qeyri-neft sektorunun yüksək əlavə dəyər yaradan sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara tələbatı artırır. Onun sözlərinə görə, məhz bu baxımdan peşə təhsili və təlimi sistemi əmək bazarının bu cür artan və dinamik dəyişən tələbatını ödəyən qabaqlayıcı kadr hazırlığını təmin etməlidir. İcraçı direktor qeyd etdi ki, rəhbərlik etdiyi Peşə Təhsil Mərkəzinin də qarşısında duran əsas vəzifə peşəkar, qabaqcıl kadrlar hazırlamaqdır.
 


Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirildiyini diqqətə çatdıran Y.Babayev əlavə etdi ki, Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb: "İlk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır. Bununla bir neçə strateji hədəfə nail olunacaq. Belə ki, tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Əminliklə deyə bilərəm ki, Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki bazaya sahibdir. Beynəlxalq praktikada olduğu kimi, burada da nəzəri və təcrübi baxımdan tədris bazasının qurulması peşəkar kadrların hazırlanması, onların öz ixtisasları üzrə iş tapması üçün böyük önəm daşıyır. Bu imkanlarla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ilə əlaqə yaratmışıq. Tədris, onların bazası əsasında da baş tutacaq. "Azərtexnolayn”, "STP” və digər rezidentlərlə görüşüb qarşılıqlı razılıq əldə etmişik. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Artıq onlayn dərslərimiz də başlayıb. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizinin məhz Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçirilməsi planlaşdırılıb. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksək ixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar”.
 


İcraçı direktor dedi ki, Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr real iş şəraitində nəyi öyrənməlidirsə, tədris müddətində onların hamısını öyrənəcək, zəruri bilik və bacarığa yiyələnəcəklər: "Tələbələrin real iş dünyası ilə görüşü bir anlıq və ya bir neçə saatlıq olmayacaq. Təhsil aldıqları müddət boyunca bu görüşlər təşkil olunacaq, nizam-intizama, davamiyyətə ciddi nəzarət olunacaq. Tələbələr öyrəndiklərini anındaca sərgiləmək imkanı əldə edəcəklər. Mütəxəssislər də maraqlıdır ki, özlərinin iş saatından əlavə, vaxt ayırıb usta köməkçisi, fəhlə və sair yetişdirməsinlər, gənc kadrları hazır şəkildə işə cəlb etsinlər. Bütün bunlar bizim Peşə Təhsil Mərkəzinin üstünlükləridir. Bu üstünlüklər barədə gənclər, onların valideynləri məlumatlıdırlar. Ona görə də gənclər, eləcə də digər kateqoriyadan olan vətəndaşlar bizim təhsil müəssisəsini seçiblər. İlk dəfə qəbul həyata keçirdiyimizə rəğmən, göstəricilərimiz yaxşıdır. Buna misal olaraq deyə bilərəm ki, proqramla idarə olunan dəzgahların operatoru, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, torna və freyzer dəzgahlarının operatoru ixtisaslarına ayrılan yerlər tam dolub. Tam dolmayan yerlər sənayedə quraşdırma işləri peşə ixtisasıdır. Bunun üçün 20 ödənişli, 20 dövlət vəsaiti hesabına olmaqla, ümumilikdə 40 yer ayrılıb, demək olar ki, hamısı dolub. Veb-dizayner və proqram təminatı ixtisası üzrə də qrupumuz formalaşıb. Bu ixtisas yalnız ödənişlidir”.
 


Y.Babayev söylədi ki, ixtisaslar, əsasən fiziki güc tələb edən sahələrə aid olduğu üçün, Peşə Təhsil Mərkəzinə qəbul olunanlar arasında bəylər xanımlarla müqayisədə üstünlük təşkil edir: "Bizim təhsil müəssisəsində təhsil müddəti bir ildir. Tələbələrimiz arasında 32 nəfər vaxtilə ali təhsil alan şəxslərdir. Onlar müxtəlif universitetlərdən məzun olublar. Lakin aldıqları təhsil istiqaməti üzrə əmək bazarında iş tapa bilmədiklərindən peşə təhsili almaq qərarına gəliblər. Sevinirik ki, onlar məhz bizim təhsil müəssisəsini seçiblər. Tələbələrimiz arasında orta yaş 25-27-dir. Hətta 55 yaşlı iki tələbəmiz də var. Peşə təhsili almaq üçün yaş məhdudiyyəti olmadığından, istənilən vətəndaş peşə təhsili almaqla bağlı müraciət edə bilər. Bunun üçün sadəcə tam orta təhsil haqqında attestatın olması kifayətdir. Hətta bəzi peşə məktəblərinə qəbul olmaq üçün 9 illik təhsil haqqında şəhadətnamə də yetərlidir. İstənilən vətəndaş sərbəst şəkildə elektron qaydada müraciət edə, istədiyi peşə təhsil müəssisəsində istədiyi ixtisas üzrə təhsil almaq iddiasını ortaya qoya bilər”. 
 


Sumqayıt Kimya Sənaye Parkında 24 rezidentin qeydiyyatdan keçdiyini, onlardan 16-nın aktiv fəaliyyət göstərdiyini xatırladan Y.Babayev gələcəkdə fəaliyyət göstərəcək digər rezidentlər, həmçinin onlara məxsus müəssisələrlə də əlaqələrin qurulacağını söylədi. Dedi ki, gələcəkdə rezidentlərin fəaliyyəti genişləndikcə, yeni kadrlara ehtiyac duyulduqca Peşə Təhsil Mərkəzinin də fəaliyyəti genişlənəcək, daha çox tələbə qəbulu və kadr hazırlığı baş tutacaq: "Peşə Təhsil Mərkəzində 500 tələbənin peşə təhsili alması üçün geniş imkanlar var. Lakin indi ilk qəbuldur və 120-yə yaxın tələbə peşə təhsili alacaq. Sonrakı illərdə həm ixtisasların sayını artırmağı, həm də tələbə qəbulunu çoxaltmağı planlaşdırırıq. Bu, rezidentlərlə görüşlərin keçirilməsindən, yeni sənaye müəssisələrinin yaradılmasından, sənayedə ehtiyac duyulan ixtisas sahələrinin açılmasından asılıdır. Şübhə etmirəm ki, zamanla, ixtisas sahələri artacaq. Belə olduqda, təbii ki, bizim də fəaliyyətimiz genişlənəcək. Biz Almaniyanın, Cənubi Koreyanın, Türkiyənin peşə təhsili sahəsindəki üstün təcrübələrini öyrənir, peşə təhsili sahəsi üzrə xarici mütəxəssislərlə, həmçinin həmin ölkələrdəki qabaqcıl müəssisələrlə tanış olur, onların təcrübələrini mənimsəməyə çalışırıq. Bu istiqamətdə gələcəkdə yeni görüşlərimiz planlaşdırılır. Bununla yanaşı, beynəlxalq səviyyəli sertifikatlar verən təşkilatlarla da görüşlərimiz, əməkdaşlığımız olacaq”.
 


Həmsöhbətim sonda peşə təhsilinə əhəmiyyət verməyən, ona dırnaqarası yanaşan, diplomlu olmaq naminə israrla ali təhsil almağa can atan, sonda isə  özünə uyğun iş tapa bilməyən gənclərə də səsləndi. Onları ehtiyac duyulan sahələr üzrə peşə təhsili almağa çağırdı: "Sənayeləşmənin sürətlə həyata keçirilməsi nəticəsində ölkəmizdə ən son texnologiyalarla təmin olunan müəssisələr yaradılıb. Həmin müəssisələrdə idarəetmə demək olar ki, tam kompüterləşib. Bu müəssisədəki texnologiyaların dilini öyrənib işlətməyi bacaran usta və ya operator bəzi ali təhsilli vətəndaşlarımızdan fərqli olaraq, əmək bazarında özünə daha tez iş tapa bilir. Çünki bu sahədə çalışacaq mütəxəssislərə ölkəmizdə böyük tələbat var. İndiyə qədər bir çox istehsal müəssisələrində keçirdiyimiz görüşlərdə rəhbərliyin bizə söylədikləri də buna sübutdur. Onlar qeyd edirlər ki, xaricdən beynəlxalq standartlara cavab verən, qabaqcıl texnikalar, aparatlar, avadanlıqlar alıb quraşdırıblar, amma onları işlədəcək mütəxəssislər yox dərəcəsindədir. Bu baxımdan gənclərə tövsiyə edərdim ki, diplomlu olmaq naminə ömürlərinin 4 ilini xərcləyib sonra iş tapmaqda çətinlik çəkməkdənsə, müasir tələblərə uyğun, ciddi tələbat duyulan sahələr üzrə peşə təhsili alsınlar, mütəxəssis olaraq özlərini yetişdirsinlər, sonda da yaxşı iş tapıb həyatlarını qursunlar. Bunun üçün Azərbaycanda geniş imkanlar var”.  

Rufik İSMAYILOV