Əlverişli olmadı hava, oldu meyvə baha

Əlverişli olmadı hava, oldu meyvə baha

İqtisadiyyat
20 İyun 2019, 10:00 286
Yay fəslinin gəlişi ilə insanların meyvə-tərəvəzə olan tələbatı artır. Daha çox meyvə yemək və daha çox vitamin qəbul etmək istəyirlər. Lakin bazarlardakı vəziyyət heç də ürəkaçan deyil. Meyvə mövsümünün uzun müddətdir ki, başlamasına baxmayaraq, qiymətlərdə ucuzlaşma hiss olunmur. İnsanlar bu il meyvənin qıtlığından və qiymətindən çox narazıdırlar. Əsasən də, ərik, gilas, alça kimi meyvələrin qiyməti çox bahadır. Maraqlıdır, hazırkı vəziyyət nə qədər davam edəcək və bu bahalığın səbəbi nədir? 
 


Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirdi ki, tələbat artdıqca, qiymət də artır: "Gərək mövsümün gedişini nəzərə alıb meyvə-tərəvəzin qiymətindən danışaq. Hazırda əsasən 3 meyvə - ərik, gilas, alçanın qiyməti bazarda dominantlıq edir. İyulun əvvəllərinə qədər bu meyvələrin yığım dövrüdür. İyuldan sonra başqa məhsulların yığımı başlayacaq. Bu meyvələrin qiymətləri müxtəlifdir. Bildiyim qədəri ilə gilasın bazarda qiyməti 7-10 manat arası dəyişir və insanların fikrincə, bahadır. Amma bu bahalığa təsir edən faktorlar var. Azərbaycanda bir ildə təxminən 360.000 ton gilas, 269.000 ton ərik, 100.000 ton albalı istehsal olunur. Çox təəssüf ki, bu meyvələrin məhsulvermə dövrü azdır. Həm də bu il qışda çiçəkləmə dövründə yağışın, ardınca da dolunun yağması məhsuldarlığa mənfi təsir etdi. Keçən il gilas bağının 1 hektarından 8-12 ton məhsul yığılırdısa, bu il real göstərici 4-5 tondur. Eyni situasiya əriyə də aiddir. Bir də burada tələbat məsələsi var. Gilas və ərik elə meyvələrdir ki, mövsüm başlayan kimi həm daxili, həm də xarici bazarda böyük tələbat olur. Bildiyim qədəri ilə bu meyvələr həm də ixrac edilir. İstər-istəməz, bunun da qiymətə təsiri olur. Digər tərəfdən xanımlar qışa hazırlıq məqsədi ilə meyvələrdən mürəbbə hazırlayırlar. Bu da tələbatı artırır və qiymətdə özünü göstərir”.
 


Kənd Təsərrüfatı üzrə ekspert Qadir Bayramlı ilin əvvəlindən hava şəraitinin kənd təsərrüfatı üçün elə də əlverişli olmadığını deyir: "Kənd təsərrüfatı sahəsi nəqliyyat, sənaye kimi deyil. Birbaşa olaraq iqlim şəraitindən asılıdır. Belə kəskin iqlim dəyişikliyi bəzi bölgələrimizdə həm məhsulun həcminə, həm də keyfiyyətinə mənfi təsir edir. İqlim dəyişiklikləri zamanı kənd təsərrüfatı məhsullarını qorumaq üçün xüsusi aqrotexniki tədbirlər görmək lazımdır. İqlim şəraitindən başqa, məhsulun birbaşa bazara girə bilməməyi də qiymət artımına səbəb olur. Yəni kəndli məhsulunu birbaşa bazara gətirib sata bilmir, arada vasitəçilər olur. Beləcə, vasitəçilərin də iştirakı ilə qiymət bir qədər də artır. Təklif edirəm ki, istehsalçıların, məhsullarını rahat sata biləcəyi, şəffaflığın təmin olunacağı yeni bazarlar yaradılsın. Həmçinin onu da qeyd edim ki, ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarının bol olması üçün aqrosığorta məsələsi inkişaf etdirilməlidir. Məsələn, bu il hava şəraitindən asılı olaraq, məhsulu – çiyələyi, pomidoru, xiyarı xarab olan fermer, gəlin il yenidən məhsul əkməyə tərəddüd edəcək və beləcə, qıtlıq yaranacaq. Bu da növbəti ildə kənd təsərrüfatı məhsullarının bahalaşmasına şərait yaradacaq. Amma fermer bilsə ki, onun sığortası var, məhsulu xarab olsa belə, ona pul ödəniləcək, bu zaman tərəddüd etmədən növbəti il də əkər”. 
 
 
 
İqtisadçı ekspert Pərviz Heydərov hazırda bazarda təklifin tələbi ödəmədiyini bildirir: "Mart, aprel aylarında olan anomal iqlim şəraiti məhsuldarlığın həcminə ciddi ziyan verdi. Elə həmin dövrdən bəlli idi ki, bu il yay aylarında bazarlarda qıtlıq və qiymət artımı müşahidə ediləcək. Ona görə də, hazırkı real mənzərə həm tələbatın yüksək olmasının, həm də hava şəraitinin pis keçməsinin nəticəsidir. Bunun qarşısını almaq üçün isə ya xaricdən meyvə idxalına şərait yaratmalıyıq, ya da vəziyyətlə barışmalıyıq. Yəni burada başqa səbəb axtarmaq lazım deyil. Tək səbəb, hava şəraitindən asılı olaraq təklifin tələbi ödəyə bilməməyidir”. 
 
Günel