• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Əlişir Nəvainin “Səb´at Əbhur” (“Yeddi dəniz”) əsərinin tədqiqi tarixindən

10.02.20 10:17 4556
Əlişir Nəvainin “Səb´at Əbhur” (“Yeddi dəniz”) əsərinin tədqiqi tarixindən
Dahi mütəfəkkir Əlişir Nəvai dilçi alim kimi dilçilik tarixində də xüsusi yeri vardır. O, doğma ana dili ilə yanaşı fars və ərəb dillərini də mükəmməl bilmişdir.
Görkəmli dilçi alim Bəkir Çobanzadə Əlişir Nəvaini dilçilik elminə dair görüşlərini iki məqaləsində – "Nəvai – dilçi” və "Nəvainin dili və dilçiliyi haqqında” təhlil etmişdir. O, "Nəvai – dilçi” məqaləsində qeyd edir ki, "Türk dilinin dörd böyük müdafei olmuşdur ki, bunların birincisi, "Divani ül-lüğət ül-türk” sahibi Mahmud Kaşğaridir; ikincisi "Ğaribnamə” - sahibi Şeyx Aşıq Paşa, üçüncüsü Nəvai və dördüncüsü "Məsirə ül-ülüm” namındəki Sərfin - sahibi Bərğəməli Qədridir”.
Daha sonrakı sətirlərə də nəzər salmaqla klassiklərimizin tədqiq və təsdiqlərində Nəvainin böyük nəzəriyyəçi olduğu qədər, dərin biliklərə qabil bir dilçi olduğunu göz önünə gətirmək istərdim. "Nəvainin dilə aid sətirlərində iki dürlü baxış vardır: Bir-afaqı (objektiv), İki - qandəvi (normativ). … Kəmal cəsarətlə deyə biliriz ki, Nəvainin bu sürətlə türk dilini təhlil etməsi - dini müqəddəməsi kənarə buraxılacaq olursa-onun tam mənasına bir dilçi olduğunu meydana çıxarır. Bizim bildiyimizə görə, türk xalqı olalıdan bəri böylə yalnız iki dilçimiz olmuşdur Mahmud Kaşğari və Nəvai”.
Dilçilik elminin qanun-qaydalarını mükəmməl bilən Əlişir Nəvai ərəb dilinə dair yazdığı "Səb´at əbhur” ("Yeddi dəniz” – "Sab´at abhur”) adlı əsərinin özünəməxsus özəllikləri vardır.
Əlişir Nəvainin "Səb´at əbhur” ("Yeddi dəniz” – "Sab´at abhur”) əsəri ərəb dili lüğətşünaslığına dair - izahlı lüğət məzmununda yazılmış bir əsərdir. Əsərin yazılış tarixi haqqında dəqiq məlumat yoxdur. Əlişir Nəvai yaradıcılığının dərinliklərinə endikcə, onun təkcə türk dili uğrunda mübarizəsi deyil, fars dilində yaratdığı "Divan” və digər əsərləri deyil, həm də islamın türk dilində bədii və elmi şəkildə təbliği sahəsində böyük xidmətləri danılmazdır. Dahi mütəfəkkirin yaradıcılığının bu izləri orta əsr islam ədəbiyyatı tarixi səhifələrinə də həkk olunmuşdur. "Qurani-Kərim”in, Peyğəmbər (s) hədislərinin ərəb dilindən fars, türk dilinə tərcümə məsələsi böyük miqyaslı bir iş olduğundan lüğətə, xüsusən də izahlı lüğətə o zamanlar nə qədər böyük ehtiyac olduğunu dövrün ab-havasını bilənlərə məlumdur.
"Səb´at əbhur” ("Yeddi dəniz”) əsəri bu məsələnin bariz nü­mu­nəsidir.
"Səb´at əbhur” ("Yeddi dəniz”) əsəri klassik ərəb dilinin izah­lı lüğətini, Şərq ədəbiyyatı nümayən­də­lərinin yaradıcılığı haqqında mühüm mənbələri, ərəb filologiyasının formalaşması prosesini – lüğətnəfislik təcrübələrini öyrənmək üçün də əhə­miyyətlidir. Lüğət məqalələrində sözlər isim, sifət, feil, məsdər, feil for­maları şəklində istifadə edilmişdir.
İlk olaraq, Əlişir Nəvai bu əsərini nədən "Səb´at əbhur” ("Yeddi dəniz”) adlandırıb? Çox sadə səbəb: "Səb´at əbhur” ("Yeddi dəniz”) yeddi ərəb lüğət kitabına istinadən hazırlamışdır:
1. Cövhərinin (Javxarinin) "Səhah” izahlı lüğəti.
2. Sağaninin "Təkmila” lüğəti.
3. Zəməxşərinin "Kəşşaf” əsəri – Quranın təfsiri.
4. İbn Hacibin qrammatikaya aid "Müfəssəl” iki müqəddimə və şərhləri.
5. İbn Hacibin qrammatikaya aid "Müfəssəl” iki müqəddimə və şərhləri (Ə.Nəvai 4 və 5-ci sıranı bir kitab üzərindən hesabla­yıb – A.Ü.).
6. "Qərayib əl-hədis” – hədislərdəki çətin sözlərə aid hazır­lanmış lüğətlər.
7. Müxtəlif müəlliflərin lüğətləri, "Divan”, risalə və başqa əsər­lərin şərhləri. Bunlar şərti olaraq bir kitab hesab olunaraq "Zə­vayid” adlanır.
Orta Asiyadan olan Cövhəri, Sağani və Zəməxşəri kimi alim­lərin ərəb leksikoqrafiyasının formalaşmasında xüsusi rolları olmuşdur.
Lüğətin strukturu. Lüğətin strukturu əsasən sözlər kök sis­temi əsasında təşkil edilib. "Səb´at əbhur”da ("Yeddi dəniz”) 8609 lüğət məqaləsi daxil edilmişdir. Lü­ğət məqalələrinin əsas köklərini təşkil edən sözlər – "Yeddi dəniz” üçün mənbə olan "Səhah”dakı 40.000, "Təkmi­la”dakı 20.000, "Kəşşaf”, "Müqəddimə” və "Zəvayid”dəkı cəmi 60.000 söz olur. "Səb´at əbhur”da ("Yeddi dəniz”) Nəvainin özünün tərtib et­di­yi sözləri 2712 lüğət məqaləsinə daxil etmişdir.
Ə.Nəvai bu kitablardan – lüğətlərin hər birindən istifadə et­məklə yanaşı, onların qarşılıqlı müqayisəsini də aparmışdır, tədqiqata cəlb etdiyi kitablardakı söz izahlarını özünün "Səb´at əbhur”da ("Yeddi dəniz”) hazırladığı sözlər ilə qarşılaşdırıb.
Ə.Nəvai "Kəşşaf”dan sözləri və onların mənalarını olduğu kimi götürüb, amma izahların qrammatik düzülüşündə fərqlər var. "Səb´at əbhur” ("Yeddi dəniz”) leksikasının əsas qismini üç hərfli söz kök­ləri təşkil edir. Bu söz kökləri 6451 lüğət məqalə­sindən ibarətdir. Sayına görə ikinci yeri 2056 lüğət məqaləsində isə dörd hərfli söz kökləri tutub. Iki hərfli söz kökləri cəmi 5 lüğət məqaləsində var. Beş (94 lüğət məqaləsi), altı (1 lüğət məqaləsi), yeddi hərfli (2 lüğət məqaləsi) köklərdən düzəldilmiş sözlər işlək və hamısı ərəb dilində çox istifadə olunan sözlərdir.
Lüğətdə dilçilik, ədəbiyyat, tibb elmləri ilə yanaşı, bitki, heyvan və həşərat adlarına aid sözlərin də izahı var. Məsələn, coğrafi adlar lüğətində dağ, dərya, ən kiçik kənd-kəsək, böyük şəhərlər, hətta məhəllə, küçə kimi adlardan ta böyük şəhər və ölkə adlarına qədər hər şey tapmaq mümkündür. Bu adların Şərq dünyasına mənsub olması təbiidir. Lüğətdəki coğrafi adların bəzilərinə nəzər yetirək:
Ø Məkkə dağları və ya yolları.
Ø Əhvazdakı bir qışlaq.
Ø Nəhrəvandakı bir qışlaq.
Ø Barbar şəhərlərindən biri.
Ø Misir Fustatinidəkı bir bölgə adı.
Ø Hələbdəki bir qışlaq.
Ø Mosulun şərqindəki bir diyar.
Ø Bölgə, yer adları.
Ø Zukor yerindəki bir yer adı.
"Səb´at əbhur”dakı ("Yeddi dəniz”dəki) sözlərin mənalarını təsdiqləyən "Qurani-Kərim”in ayələri, hədislər və müxtəlif şair­lərin şeirlərindən nümunələr, həmin poetik nümunələri ifadə edən illüstrasiyalar yer almışdır. İllüst­rasiyalarda şeirin bir misrası və ya bir beytini izah edən sözün mənasını açan nümunə kimi göstərilir. "Qurani-Kərim” və hədislərdən götürülmüş nümunələr di­gər sözlər­dən daha çoxdur. Frazeoloji və idiomatik ibarələr lü­ğət­də daha ge­niş tutub. Lüğətdə kişi adlarına müəllif çox üstünlük verib. Əsa­­sən, mü­həddis, islam hüququ (fikh), peyğəmbər, səhabə, şair adları yer alan lüğət məqaləsində, məsələn, əl-Abbas ibn Mara­dis, Əbdülqeys, Əddiq ibn Hübab, Abdulla ibn Kuşayb, Abdulla ibn Səlma ibn Kuşayb, Ubeyda ibn Müaviyə ibn Kuşayb, Ubeyda ibn Ömər ibn Muaviyə, Abdulla ibn Abbas, Abdulla ibn Ömər ibn ul-Os, Abdulla ibn Ömər ibn Mahzum, Um Ubayd ul-Fulat, Ubeyd ibn əl-Fulat, İshak ibn Ubeydin adlarına rast gələ bilərik.
Lüğətin məqalə tərkibi: "Səb´at əbhur” ("Yeddi dəniz”) lü­ğət məqalələrinin tər­kibi haqqında danışmamışdan əvvəl qeyd etmək lazımdır ki, ümumən klassik lüğət­lərdə qəbul edilən leksikoqrafik üsullar və lüğət məqaləsinin düzü­lüş texnikası olmuşdur. Lüğət məqalələrinə daxil olan sözlərin izahlarını Ə.Nəvai özü verir, bu təqdimat sadə izahlı sözlərdən başlayır. Lüğətdəki məqalələrin tərkibi də ayrıca izah olunur. Əlişir Nəvai lüğət sözlərinin mənalarını faydalandığı lüğətlərdən aldığını hesab etsək, bu halda sıra hesabı ilə, əvvəl "Səhah”, sonra "Təkmilə”, "Kəşşaf”, "Qərayib əl-hədis”, "Mü­fəssəl” və nəhayət, "Zəva­yid”­dən gəlir. Ərəb lüğətşünaslığının inkişafı və yayılması dövründə bu əsərin ortaya qoyulması mühüm əhə­miy­yətə malik­dir. İslamın yayılması və Qurani-Kərimin tədrisi ilə əlaqədar ərəb dili Şərq dün­yasında ən önəmli və öyrənilməsi zəruri olan bir dil halını almış­dı. Ə.Nəvainin belə bir mövzuya müraciət etməsinin vacib cəhət­lərindən biri də bu idi. Bu mənada, "Səb´at əbhur” ("Yeddi dəniz”) əsəri ərəb leksikoqrafiyası tarixində Cöv­hə­rinin "Səhah” və Firuzabadinin "Komus” lüğətləri ilə bir sıra­da daya­nır.
Əslində, bu əsər Əlişir Nəvai yaradıcılığının və əsərlərinin Türkiyədə tədqiqi zamanı ortaya çıxmışdır. "Səb´at əbhur” ("Yed­di dəniz”)1956-cı ildən elm əhlinə məlum oldu. "Türk alimi Agah Sirri Ləvənd 1956-cı ildə Türkiyənin Aya­­sofya, Süleymaniyyə və Nuri Osmaniyyə kitabxanalarında "Səb´at əbhur” adlı elmə məlum olmayan 6 ədəd əlyazma tapdı. A.S.Ləvənd həmin lüğəti tədqiq edərək Ayasofiya (№4862), Nur­os­maniya (№4752) və Süleymaniyyə (№1086, №1087, №2630, №3217) kitabxanalarında saxlanan əlyazmaların birində (№ 4862) əsərin Nəvaiyə, yenə də bir başqa mənbəyə - Maniniyə istinadən verilən lüğətə (№1087) dair mülahizələrə söykənib əsərin Nəvaiyə aid olmasını yazmışdı. O, Ayasofya nüsxəsinin "Müqəddimə” və "Xatimə”sindəki məlu­matlara söykənərək əsərin Əlişir Nəvaiyə məxsus olması qərarını qətiləşdirdi. Bu tapıntıdan sonra A.S.Ləvənd "Əlişir Nəvainin ərəbcə söz­lü­yü” adlı məqaləsini yazaraq, "Türk dili araşdırmaları illiyi”ndə yayımladı (Ankara, 1956, s.239-245). Bəzi alimlər bu fikri qəbul etməsələr də, bir çox alimlər – nəvaişünaslar bu fikri təsdiqlə­dilər. 1960-cı ildə akademik Həmid Araslı "Nəvai irsinin öyənil­məsi tarixin­dən” məqaləsində Agah Sirri Ləvəndin fikirlərini təsdiqləyərək əsərin müəllifinin Əlişir Nəvai olduğunu yazdı. 1967-ci ildə əfqan alimi Məhəmməd Yakub Vahid öz tədqiqa­tını Jüzjoninin, Agah Sirri Ləvənd və Əhməd Atəşin (yeri gəlmişkən, Əhməd Atəş əsə­rin Nəvainin oldu­ğunu inkar edir) məqalələrindəki məlu­mat­ları dərindən təhlil edərək əsərin Nəvaiyə aid olduğunu təsdiqlədi.
Bu mənbələrlə yeni nəsli təmsil edən özbək nəvaişünas alimi Erqaş Açilovun "Nəvai ensiklo­pe­diyası” üçün hazırladığı mətndə az da olsa, məlumat veril­misdir. Lakin ən geniş məlu­mat­lar "Əlişir Nəvainin "Səb´at əbhur” lüğəti” adlı tədqiqat işində ortaya qoyulmuşdur. Təəssüf ki, Əlişir Nəvainin adı çəkilən əsərinin - "Səb´at əbhur” ("Yeddi dəniz”) lüğətinin mətni indiyədək nəşr olunmayıb.
Batırbek Həsənov 1981-ci ildə "Əlişir Nəvainin "Səb´at əbhur” lüğəti” adlı filologiya elmləri namizədi alimlik (hazırkı filo­lo­giya üzrə fəlsəfə doktorluğu) də­rə­cəsi almaq üçün yazdığı dis­sertasiya (1981-ci ildə) işi əsasında hazırladığı mono­qrafiyasında bu əsərin Əlişir Nəvaiyə məxsus olması haqqında ciddi araşdır­ma ortaya qoydu. B.Həsənovun "Əlişir Nəvainin "Səb´at əbhur” lüğəti” kitabı – "Giriş”, "I fəsil. Ərəb leksikoqrafiyası tarixindən”, "II fəsil. "Səb´at əbhur”un müəllifi haqqında”, "III fəsil. "Səb´at əbhur”un Ayasofya əlyazma nüsxəsi, əsərin düzülüş səbəbi və mən­bə­ləri”, "IV fəsil. "Səb´at əbhur”un məzmunu və xarakteristikası” və "Xülasə" kimi struktur daxilində araşdırmaya cəlb etmişdir. Batırbek Həsənovun adını qeyd etdiyimiz tədqiqatından – "Əlişir Nəvainin "Səb´at əbhur” lüğəti” adlı dissertasiya işindən faydalanaraq Ə.Nəvainin "Səb´at əbhur” ("Yeddi dəniz”) əsəri haqqında ümumi məlumat – mövzusun­dan, qayəsi, məzmun xüsusiyyətlərindən bəhs etdik.
B.Həsənovun fikrincə, Əlişir Nəvai ərəb dilini yaxşı bilən mü­təxəssis kimi, bu dilin leksikoqrafiyasına aid müxtəlif mənbə­lərdən xeyli materiallar toplayaraq, bir lüğət, izahlı bir lüğət ha­zır­lamışdı. Şair lüğətə "Səb´at əbhur” ("Yeddi dəniz”) adını qoy­muşdu, onun müqəddiməsini yazmışdı (bu müqəddimə Ayasofya nüs­xəsində var). Müqəddimə qaralama halındadır. Lakin lüğət haq­qında Əlişir Nəvainin özü və müasirləri bir məlumat yazma­dılar.
Qeyd edək ki, həm öz dövründə, həm də sonrakı dövr tədqiqatlarda Əlişir Nəvainin ərəb dilini gözəl bilməsini xüsusi ilə qeyd edilib. Lüğət şairlərin əsərlərindəki ərəbcə söz və ibarələrin daha aydın dərk edilməsinə kömək məqsə­di daşıyır.

Almaz ÜLVİ BİNNƏTOVA
Filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr”
şöbəsinin müdiri
banner

Oxşar Xəbərlər