• cümə, 19 Aprel, 06:57
  • Baku Bakı 13°C

Əli Kərim dünyası…

01.07.19 13:30 6995
Əli  Kərim dünyası…
Əli Kərimin ölümü ilə bizi əlli illik bir zaman ayırır. Göyçayda, onun adına salınmış parkda məzarı və qəbirüstü abidəsi durur. Amma bu əlli ildə ondan danışanda keçmiş zaman formasına müraciət etmək istəmirsən. Böyük şairimiz Rəsul Rza demişkən: eÇünki o, canlı şair kimi, insan kimi bu gün də yaşayır. Əgər şairin yaşamağı, varlığı onun sənəti ilə, onun əsərləri ilə ölçülürsə, onunla müəyyən olunursa, deməli, Əli vəfat eləməmişdir, Əli sağdır, Əli bu gün də bizim aramızdadır”.
Mən Əli Kərim poeziyası ilə bağlı çox yazılarla tanışam, o yazıların hamısında onun şairlik istedadının orijinallığından, ədəbiyyata gətirdiyi poetik ovqatın təzəliyindən, bənzərsiz təşbeh və metafora ustalığından söz açırlar. "Şeir yaza bilməyəndə Əli Kərimin şeirlərini oxuyuram” bu etirafın müəllifi ustad Bəxtiyar Vahabzadə idi. Əli Kərim şeiri bu mənada o dövrün poeziyasında elitar bir hadisə idi. Amma təkcə o dövrünmü? Bu gün şeirimizin çoxsaylı üslub mənzərəsində Əli Kərim xəttini, Əli Kərim cizgilərini görmək nə qədər xoşdur.
Əli Kərim ölümünə iki ay qalmış "Azərbaycan gəncləri” qəzetində "İntellekt və poeziya” adlı kiçik bir məqalə dərc etdirmişdi. Bu yazını o zamanın cavan şairi Camal Yusifzadənin şeirlərinə həsr etmişdi. Əli Kərim yazırdı: "Eynşteynin bir sözü məni həmişə heyrətləndirir və ruhlandırır. Sual veriləndə ki, bu elmi zirvəyə çatmaq üçün sənə kim daha çox kömək etmişdir, o deyib: Dostoyevski. Qəribədir, alim yox, yazıçı. Mən çox götür-qoydan sonra belə qərara gəldim ki, bu böyük alimin sözlərində əsl səmimiyyət və elmi əsas vardır. Bu təkcə ədəbiyyatdan estetik zövq almaq məsələsi deyil. Nisbilik nəzəriyyəsinin kəşfi zamanı alimə təsir eləyən böyük Dostoyevski psixologizmindəki ruhi "zəncir reaksiyası”, kompozisiya paralelləri və polifoniya olub. Bəs biz elmin kəşflərindən nələr götürürük? Təəssüf ki, bundan çox zaman az istifadə edirik. Bu xüsusən, tələm-tələsik yaradıcılığa girişmiş cavanlara aiddir.
Əli Kərim yazırdı ki, intellektlə həyat birləşəndə, daha doğrusu, intellektin həyati əsası olanda əsl şeir yarana bilər.
Əli Kərim elmi-texniki tərəqqinin insan aləminə, məişətinə, həyatın hər sahəsinə nüfuz etməyə başladığı bir dövrün şairi idi və onun şair təbiətində intellekt hadisəsi təsadüfi deyildi. Dünya mədəniyyəti ilə, xüsusilə Qərb ədəbiyyatı ilə mütəmadi tanışlığı da bu prosesdə az rol oynamadı. İntellektuallıq yüksək mədəni səviyyə deməkdir. O səviyyəni təmin edən birinci amil savaddır, bir çox elmlərə, incəsənətin əksər sahələrinə bələdlikdi, şair üçün isə bütün bunlara az-çox yiyələnməklə yanaşı, poetik istedadın yüksək səviyyəsidir. Əli Kərim musiqini çox gözəl duyurdu ("İlk simfoniya” poemasını və "Muğamı dinləyirəm” şeirini xatırlayın).
Rəssamlığa, dünya rəssamlıq sənətinin nadir incilərinə xüsusi meyli vardı ("Van-Qoqun günəşi” şeirini oxuyun). Kinonu, teatrı, heykəltəraşlığı, rəqsi sevirdi. "Xətlər variasiyaları” şeiri göstərir ki, dəqiq elmlərə də bələdliyi olub. "Bir santimetr haqqında ballada” və "Aut” şeirləri də idman növləri ilə ciddi maraqlandığını sübut edir. Əli Kərimin təbiətə vurğunluğu və bunun poeziyada ifadəsi ayrıca bir mövzunun söhbətidir. Deməli, qarşımızda, sözün əsl mənasında intellekti zəngin olan bir şairin obrazı canlanır. Əli Kərimin ilk tədqiqatçılarından olan şair-alim Arif Abdullazadə onun poeziyasından söz açanda yazırdı ki: "İntellektual sənət, hər şeydən əvvəl, xüsusi elmi dərinliyi və fəlsəfi ruhu ilə seçilməlidir. Lakin hər cür fəlsəfi əsərə də intellektual demək olmaz. Burada fəlsəfə və yaxud fəlsəfi fikir müasir ruhlu, qeyri-didaktik və nəhayət, sırf poetik fəlsəfə-poeziyanın konkret və müasir həyat fəlsəfəsi olmalıdır… İntellektual poeziyadakı obrazlar silsiləsi tamamilə yeni və fərdi olmaqla bərabər, yenə də intellekt süzgəcindən keçməlidir. Bu obrazlar oxucunu düşündürməli, yaddaşına həkk olunmalı və öz çəkisi və sanbalı ilə seçilməlidir. Nəhayət, intellektual poeziya yeni forma xüsusiyyətləri ilə də zəngin olmalıdır”. Bütün bunların Əli Kərim poeziyasında vəhdət halında təzahür etdiyini söyləyirdi Arif Abdullazadə. Oğlu Paşaya həsr etdiyi "Xətlər variasiyaları” şeiri, məncə, Əli Kərimin intellektual şeirləri içərisində xüsusilə seçilir. "Saat 1-dir… Baxmayıb gecənin bu çağına, Oğlum düz xətlər çəkir Ərzin hər bucağına». İlk baxışda uşaq əyləncəsi və marağı kimi nəzərə çarpan bu "əyləncəli həndəsə” əslində, dünyanın o zamankı mənzərəsinə, Yer planetinin müqəddəratına bir baxışdır. Dünyanı sülh, dostluq meridianlarında görmək arzusu baş tutmur, Hindistanda, "kədərli və dönməz” Vyetnamda torpağa bombalar yağır, xətlər birləşə bilmir.

Uşaqlıq hissindəyəm,
Deyirəm ki, ölkələr
Razılığa gələrlər.
Hərdən dincəlmək üçün,
Sevinc aşiqi olub
Coşalar, qaynayalar.
Meridian üstə çıxıb
Uşaqtək oynayalar.


"Xətlər variasiyaları”nda Əli Kərimin çox sevdiyi Ernest Heminqueyin alnının qıpışları meridiana dönür, "Gah Şərqə boylanır, gah Qərbə sarı. Alnında birləşib xətlər düyünü, hər xəttə bağlanan, – neçə ölkədir” Və bu xətlər dünyanı sülh meridianlarına çəkib aparır. Ümumiyyətlə, bu motiv – altmışıncı illərin soyuq müharibə təhlükəsinə qarşı çağırış onun "Daş”, "Bomba üstündə ev”, "Analar ağlar”, "Xirosimada məktəbsiz uşaq” şeirlərində də nəzərə çarpır. Yenə Arif Abdullazadəyə müraciət edək. "Əli Kərimin əsərlərini tam şəkildə oxuduqdan sonra belə bir nəticəyə gəlirsən ki, sanki şair nəhəng bir qalanın dəmir qapıları qarşısında keşikdə dayanmışdır. Qalanın içində insanın müqəddəs adına layiq olmayan düşüncə, məfhum və anlayışlar məskən salmış, çöldə, qapının ağzında isə ən incə, mənalı, saf və müqəddəs varlıqlar, arzu və ümidlər, hiss və duyğular toplanmışdır». Əli Kərimin elə sevgi şeirlərini xatırlamaq kifayətdir ki, ən incə, ən zərif duyğuların poetik ifadəsi ilə qarşılaşaq. Özü də ayrılıq, hicran, həsrət şeirləri ilə deyil, ailə səadətinin sevincindən doğan şeirlərdə də onun qeyri-adi poetik naxışları ilə üz-üzə gəlirsən. Həyat yoldaşı Elzaya həsr etdiyi şeir başdan-ayağa təşbeh və metaforalarla oxucuda heyrət oyada bilir:

Baxışın üzümdədir
hər zaman şəfəq kimi.
Məhəbbətin sinəmdə
hər vaxt var ürək kimi.
Sözlərin bir-bir axır
sinəmə ulduz kimi.
Təbəssümün evimdə
qaranlıq gecədəki
şimşəklər kimi çaxır.
Qovur çölün düzünə
sükutu şirin səsin,
Gülüşün otağımda
bir işıq şəlaləsi.


Əli Kərimin bir şeiri "Yaşasın kədər!” adlanır və onun şeirlərində işığın bolluğu ilə kədərin tündlüyü bir-birini inkar etmir. "Qonşuda bir qız ağlar” şeirində anasını itirmiş körpənin tənhalığı, doğrudan da, qəmli duyğular oyadır, "Qaytar ana borcunu” şeirində də eyni kədərlə üzləşirsən, "Xirosimada məktəbsiz uşağ”ın taleyinə acıyırsan. "Gəl, Azərim”» şeirində Əli Kərimin ata nigarançılığı kədərlə yoğurulur: "Sənin yerin xəstəxana, Mənimki boşluq. Sahilsiz kədər. Gəl, könlümün istəyi, Həsrətimin qənimi, Sevinc təşnəsi, Sevinc dilənçisi Olmağa layiq gördün mənimi? Gəl, adın dodağımı yaxıb-yandırır Qəfil basılmış köz kimi” Bunlar təbii duyğulardır, insan kədərinin bu Yer üzündə, bu qoca planetdə tükənmədiyinə işarədir. Amma siz "Kür, sənə bənzəyən nəğməm olaydı!”, "Bir gecəlik Kür olmuşam”, "Muğamı dinləyirəm”, "Ana”, "Mənim həyatım”, "İnsan tək deyil” şeirlərini də oxuyun, insan sevincinin maksimum ifadəsi ilə qarşılaşacaqsınız. Və elə şeirləri də var ki, kədərin içindən bir ümid, sevinc təşnəliyi duylur. Məşhur "Qayıt” şeirində olduğu kimi:

Qayıt, yerinə qoy Ayı, Günəşi, –
Yenə olduğutək görür həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!


Əli Kərimi heç cür başqa bir şairlə müqayisə eləmək fikrinə düşməmişəm, çünki bu son dərəcə səmərəsiz bir cəhd olardı və ümumiyyətlə, poeziyada fərdi üslubunun təkrarsızlığı ilə diqqəti cəlb edən hər hansı bir şairi kiminləsə müqayisə eləmək heç nəyi sübut eləmir. Professor Tofiq Hacıyev yazırdı ki: "Onun şair ilhamı doğuluşundan buxov üzü görməyib, siftədən gözəılliklə yanaşı, həm də əlvanlığı seçib. Mövzuları ən azı əsərlərinin sayı qədərdir”». Ancaq bu kiçik yazıda Əli Kərim poeziyasından çox geniş söz açmağa ehtiyac hiss eləmirəm. Sadəcə, onun "Vəsiyyət” şeirindəki bu misralarla sözümü bitirirəm:

Tabutuma
Bir az kağız qoyun,
bir dənə də qələm.
Hayıf bu yaşda
heç nə,
heç nə deməmişəm.
İndi imkan olsa
bir dənə də mahnı çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var.



Vaqif Yusifli


banner

Oxşar Xəbərlər