• şənbə, 20 Aprel, 18:13
  • Baku Bakı 24°C

Elektron marketinqin turizmin inkişafına təsiri

10.06.17 12:30 3485
Elektron marketinqin turizmin inkişafına təsiri
Müasir və qloballaşan dünyada turizm hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Dünyanın bir çox ölkələrindən yüzlərlə turist gəlir. Bu da turizmə olan diqqət və qayğının artmasına səbəb olur. İki il əvvəl Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə, turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb. İşçi qrup, qurumun marketinq planına əsasən, hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də, gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edir. Texnika və texnologiya əsrində turizm marketinqinin elektron sahədə inkişaf etdirilməsi bu yöndə əldə olunan qazancı artırmağa şərait yaradır. Qlobal internet məkanı təbliğat və təşviqat üçün effektiv bir vasitədir. Nəyə görə bu vasitədən istifadə edilməsin? Sosial mediada təmsil olunma, daha tez və asan əlçatılan olmaqdır. Bu, həm xidməti təklif edənin, həm də istifadəçinin işini yüngülləşdirir.
Turizm sahəsində elektron marketinq fəaliyyətinin genişləndirilməsinin hansı perspektivləri olduğunu, nə kimi qazanc gətirdiyini və ümumilikdə turizmin inkişafına necə təsir göstərdiyini öyrənməyə çalışdıq. Xüsusən də, sosial medianın bu işdəki rolunu araşdırdıq. Ekspertlərin fikirləri birmənalı olmasa da, turizm sahəsində elektron marketinqin inkişafında sosial medianın da təmsil olunmasının əhəmiyyətli rolunun olacağı məsələsində həmfikir oldular.
Elektron marketinq işçi qrupunun fəaliyyəti nəticəsində apardığımız araşdırmalara görə...
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edir ki, artıq bütün dünyada ənənəmi təbliğat yolundan əlavə, elektron informasiya texnologiyaları üzərindən təbliğatın aparılması vacibdir: "Çünki sosial şəbəkələrdə, müxtəlif internet resurslarında izləyici kütləsi daha çoxdur. Bu yolla informasiya insanlara daha tez çatdırılır. Bunu da nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin və turizminin təbliğatı istiqamətində görülən işlərlə yanaşı, elektron marketinq üzərindən də işlərin aparılmasını məqsədəuyğun hesab edir. Bunun da məntiqi nəticəsi olaraq, artıq iki ilə yaxındır ki, nazirliyin tərkibində elektron marketinq üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupunun fəaliyyəti nəticəsində, demək olar ki, "facebook” sosial şəbəkəsində "Azerbaijan and travel” səhifəsinin izləyiciləri əvvəlki illərə nisbətən bir neçə dəfə artmışdır. Eləcə də turizmə aid digər səhifələrdə də bu inkişafı görürük. Bundan əlavə, müxtəlif bloqqerlərin təbliğatından istifadə olunur. Buna bariz nümunə olaraq Azərbaycan milli mətbəxini və bölgələrdə olan tarixi abidələrin tanıdılmasını təbliğ edən bir neçə layihəni misal göstərmək olar. Həmçinin işçi qrup tərəfindən ölkəmizdə yaşayan azsaylı xalqlara olan münasibət, Azərbaycanın necə tolerant, multikultural dövlət olduğunu göstərən bir sıra işlər görülür. Bu sahədə onlarla belə misallar çəkmək olar ki, elektron marketinq üzrə işçi qrupunun fəaliyyəti nəticəsində həyata keçirilir. Bunu da qeyd etmək istərdim ki, ötən il prezidentin sərəncamı ilə nazirliyin tərkibində Turizm Təbliğat Bürosu yaradılıb. Görülən bu işlərin büro tərəfindən də davam etdirilərək, getdikcə daha geniş müstəvidə həyata keçiriləcəyi gözlənilir”.
Müsahibimizdən turizm sahəsində elektron marketinqin tətbiqindən sonrakı vəziyyəti xəbər aldıq. Vüqar bəy deyir ki, sosial şəbəkədə olan müxtəlif şərhlərdən, keçirilən sorğulardan görünür ki, ölkəmiz və turizmimizlə bağlı müsbət rəylərə rast gəlirik: "Hansı ki, bura gələn turistlər sonradan sosial şəbəkədə olan turizm səhifələrimizi bəyənirlər və aktiv izləyicisinə çevrilirlər. Həmçinin ölkəmiz haqqında kifayət qədər yaxşı şərhlər yazırlar. Bununla yanaşı, xarici, nüfuzlu televiziya kanallarında, eləcə də auditoriyası çox olan jurnal və qəzetlərdə, elektron resurslarda da müxtəlif xarakterli təbliğat işi davam etdirilir. Sosial şəbəkədə hər hansısa bir postun paylaşılması artıq həmin məlumatın milyonlarla insana çatdırılması deməkdir. Ümumi şərhlərə əsasən demək olar ki, Azərbaycan turizminə maraq artıb. Elektron marketinq işçi qrupunun fəaliyyəti nəticəsində apardığımız araşdırmalara görə əminliklə deyə bilərik ki, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və qonşu ölkələr, yaxın Şərq ölkələrinin turistləri daha çox aktivlik nümayiş etdirir”.
Turizm sektoru həm biznesi, həm də müştəriləri öz əhatəsinə alır
İqtisadçı, marketoloq Könül Nuriyeva hesab edir ki, müasir texnologiyaların inkişafı və fəaliyyətlərinin rəqəmsallaşması həm gündəlik həyata, həm də biznes fəaliyyətlərinə təsir edir. Buda normal haldır, çünki, biznes və gündəlik həyat bir birinə bağlı və ayrılmazdır: "Gündəlik həyatı təşkil edən insanlar, yəni istehlakçılar biznesin əsas gəlir mənbəyidir. Buna görə də, texnoloji yeniliklər birbaşa olaraq hər iki tərəfə təsir edir. Turizm sektoru da həm biznesi, həm də müştəriləri öz əhatəsinə alır. Nəqliyyat və müvəqqəti yaşayış məkanı təklif edən müəssisə və bizneslər elektron turizmə keçən ilk turizm sahələrindəndir. Rəqabət üstünlüyünü əldə etmək üçün müştərilərə çatmağa imkan verən ən müasir və yeni üsullardan istifadə edilir. Elektron turizm marketinqində müştərilərlə ünsiyyət və onların cəlb edilməsi üçün edilən əsas fəaliyyətlər internet üzərindən otellərin sifarişi, xidmətlərin rezerv edilməsi, səyahət üçün biletlərin alınması və ya sifarişi, xidmət seçimi və sifarişi, nəqliyyatın icarəyə götürülməsi və sairədir. Bütün bu proseslərin baş verməsi üçün turizm müəssisəsi ilə yanaşı, müştəri də elektron fəaliyyətə hazır olmalıdır. Müasir müştəri dijital aləmdə seçicidir, az vaxt sərf etməyi sevir, daha çox araşdırır, keyfiyyət və xidmət prinsipi ilə hərəkət etməyi üstün tutur. Məhz bu səbəblərdən müştəri artıq real həyatda yox, dijital həyatda yaşayır, çünki günün aktiv saatlarını internet platformalarda keçirir. Həmin müştərilərə çatmağın ən rahat yolu isə onların olduğu platformalara səyahət etməkdir. Bu səbəblərə görə də, turizm artıq elektronlaşıb və müştərilərə bu platformalarda xidmət göstərir”.
Daha az büdcə ilə daha böyük məqsədlər
PR mütəxəssisi Afət Yaqubovabildirir ki, daha ucuz olan və daha çox insana xitab edən elektron marketinqə hazırkı dövrdə daha geniş yer ayrılır. "Məsələn, hansısa bir məşhur kanalda reklam vermək sosial şəbəkədə olan reklamdan daha çox vəsait tələb edir. Yəni bu istənilən sahəyə aid edilir. İstər turizm sahəsi, istər qida sahəsi olsun. Effektivlik baxımından isə elektron sahə daha uğurludur. Çünki daha çox kütləni əhatə edə bilir, həmçinin büdcə baxımından da sərfəlidir. Belə deyə bilərik ki, elektron marketinq sahəsində daha az büdcə ilə daha böyük məqsədlərə nail olmaq mümkündür. Amma başqa bir tərəfdən burada prestij məsələsi də var. Hansısa bir sahənin reklamı üçün çəkilən video çarx televiziyada yayımlananda daha çox təsiredici qüvvəyə malik olur. Xüsusən də, məşhur bir telekanalda reklamın getməsi daha çox prestij gətirir. Yəni təklif olunan məhsulu və ya xidməti internet resurslarında nə qədər çox reklam edirsən et, televiziyaya çıxmayınca, həmin reklama inam az olur. Çox heyf ki, bu yanaşma hələ də düşüncələrdə qalmaqdadır. Amma yenə də vurğulayıram ki, elektron marketinq sahəsi ucuzluğuna və əhatə dairəsinə görə daha əlverişlidir”.
"Bəs turizm sferasında elektron marketinqin fəaliyyəti bu sahəyə nə verir?” sualına cavab verən müsahibimiz qeyd etdi ki, bu sahənin elektron olması bizə insanların turizm sahəsi haqqında olan istər mənfi, istər müsbət fikirlərini öyrənmək şansı verir: "Azərbaycana gələn turist şəkil çəkir, onu sosial şəbəkədəki səhifəsində paylaşaraq, olduğu yeri qeyd edir. Beləcə, o, həmin şəbəkədə onu izləyən başqa insanlara ölkəmiz haqqında informasiya vermiş sayılır. Həmçinin turizm şirkətinin və ya otelin sosial şəbəkədə səhifəsi varsa, insanlar orada da rəylərini bildirərək başqalarını da müəyyən dərəcədə məlumatlandırmış olurlar. Şəxsən, otel axtararkən həmin yeri əvvəlcə internetdə araşdırıram. İnsanların otel haqqında yazdığı şərhləri oxuyuram və beləcə istər-istəməz müəyyən təəssürat yaranır. Yəni bu cür vasitələr seçim etməkdə əhəmiyyətli rol oynayır. Turizm şirkətləri və otellər elektron marketinq sahəsinə xüsusi önəm verməli, sosial mediada təmsil olunmağa daha çox can atmalıdırlar”.
Vergi ödəyicisi olmayan turizm şirkətləri var ki...
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhman Quliyevturizm sahəsi ilə bağlı sosial mediada gedən reklamlara inanmağı tövsiyə etmədiyini deyir: "Çünki hazırda sosial şəbəkələrdə bir sıra ünvansız, mənşəyi bilinməyən, qanuna zidd olan turizm müəssisələri yaradılıb. Lisenziyalar yığışdırılandan sonra bu tip turizm şirkətlərinin sayı çoxalıb. Ona görə mən insanlara tövsiyə edərdim ki, əgər bu tip xidmətdən istifadə etmək istəyirlərsə, bunu həmin turizm şirkətinə gedərək, real, üzbəüz danışıqla etsinlər. Xidmətin kim tərəfindən həyata keçirildiyini, hansı şərtlərlə aparıldığını, pulu hara ödədiyini, sabah bir problem yarananda gedib hansı qapını döyəcəyini bilsin. Sosial şəbəkə də o qədər rəsmi qeydiyyatdan keçməyən, vergi ödəyicisi olmayan turizm şirkətləri var ki, onlar saxta reklamla məşğul olurlar. Bunlar hamısı aldadıcı vasitələrdir. Gedib real olaraq şirkətin təklif etdiyi xidmətlərlə maraqlanmaq, müqavilə bağlayıb, ödənişi edib, qəbz almaq lazımdı. Proses hüquqi baxımdan da bu şəkildə həyata keçirilməlidir”.
Müsahibimizdən şirkətlərinin internet səhifələrinin olub-olmadığını soruşduq. R. Quliyev bildirdi ki, şirkətin rəsmi internet və sosial şəbəkələrdə səhifələri var. Amma bundan müştəri qazanmaq üçün istifadə etmirlər. "Biz sadəcə, bizimlə rahat əlaqə yarada bilmələri üçün bunu edirik. Əlaqə vasitələrimizi yerləşdirmişik və şirkətimizin təklif etdiyi xidmətlə maraqlanmaq üçün zəng vuran müştərini də şirkətə dəvət edib, rəsmi şəkildə danışırıq. Bu zaman həmin insan xidmətimizlə real şəkildə tanış olur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər