• şənbə, 07 Iyun, 02:40
  • Baku Bakı 22°C

SOCAR-ın sıfır emissiya hədəfi

06.06.25 00:28 192
SOCAR-ın sıfır emissiya hədəfi

SOCAR 2050-ci ilə qədər sıfır emissiyalı şirkətə çevriləcək. Bu məqsədlə nəzərdə tutulan strategiya üç təməl üzərində qurulacaq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik şirkətə çevrilməyi hədəfləyir. "Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. 

Qarışıq portfelə malik enerji şirkəti

Onun sözlərinə görə, SOCAR qlobal miqyasda sərfəli, davamlı və təhlükəsiz enerji təmin edən milli enerji şirkətinə çevrilmək üçün çox aydın baxış müəyyən edib: "2035-ci ilə qədər biz əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik enerji şirkətinə çevriləcəyik. Biz təbii qaz olmadan ədalətli, sərfəli, ən əsası, təmiz enerjiyə keçidi təmin edə bilməyəcəyik. Bu, sadəcə mümkün deyil".

2050-ci ilə qədər sıfır emissiya

Vitse-prezident deyib ki, SOCAR 2050-ci ilə qədər sıfır emissiyalı şirkətə çevriləcək: "Biz strategiyamızı üç təməl üzərində quracağıq. Birincisi, əsas fəaliyyətin dekarbonizasiyasıdır. Biz artıq buna başlamışıq. İkincisi, korporativ mədəniyyəti dəyişdirməkdir və bu, son dərəcə vacibdir. Məsələn, biz şirkətin təşkilati strukturunu dəyişdirdik və yaradıcılıq çatışmazlığı üçün enerji keçidi və dekarbonizasiya adlanan yeni bir seqment təqdim etdik”.

“Bu, şəffaflığı təmin edir”

Ə.İsayev bildirib ki, bu, şəffaflığı təmin edir, hər kəs nə üçün məsuliyyət daşıdığını başa düşür: “Üçüncü təməl aşağı karbonlu biznesə daxil olmaqdır. Biz buna da başlamışıq və bu gün danışdığımız aşağı karbonlu bizneslərdən biri bərpa olunan enerji istehsalıdır. Beləliklə, davamlı, sərfəli, təhlükəsiz enerji təmin edən enerji şirkətinə çevrilmək strategiyamız üçün çox vacibdir".

banner

Oxşar Xəbərlər