Borclanmadan olmur

Xarici dövlət borcumuz azalsa da, daxili borclanmada artım qeydə alınır. İqtisadçılar düşünürlər ki, ölkənin borclanma səviyyəsi ilə bağlı təşvişə ehtiyac yoxdur. Amma mümkün olduğu qədər gəlirlərimiz hesabına borclarımızı bağlamağa çalışmalıyıq.
Azərbaycanın daxili və xarici dövlət borcu 27 milyard 380,2 milyon manat və ya Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edir. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
2025-ci ilin əvvəli üçün xarici dövlət borcu 2024-cü il üzrə ÜDM-nin 6,9 faizini təşkil edir. Bu, keçən illə müqayisədə 1 milyard 331,5 milyon ABŞ dolları və ya 20,6 faiz azalma deməkdir. Ölkənin valyuta ehtiyatları (Dövlət Neft Fondu və Mərkəzi Bank) 71 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
İlin əvvəlinə olan daxili dövlət borcu isə ÜDM-in 14,8 faizini təşkil edir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artıb.
Bəs, görəsən, xarici borcların azalması, daxili borcların artması nəyin göstəricisidir? Bunun hansı müsbət tərəfləri və ya riskləri var?
Daxili borclanmanı artıran başlıca səbəb
İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılovun sözlərinə görə, dövlət borcu büdcə gəlirləri xərcləri ödəməyə yetərli olmadığı, xarici valyuta təklifinin tələbi ödəyə bilmədiyi hallarda yaranır: “Əgər iqtisadiyyatda büdcə kəsiri varsa, dövlət bunu ödəmək üçün müxtəlif mənbələrə müraciət edə bilər. Eyni zamanda, ölkənin idxalı ixracatından daha çoxdursa, müxtəlif layihələrin maliyyələşdirilməsi üçün xarici valyutaya ehtiyac yaranır və xarici borca müraciət edilir. Məsələn, iqtisadiyyatda büdcə kəsri yarandığı zaman, bu ehtiyac milli valyuta ilə ödənə bilirsə, o zaman dövlət daxili borc mənbələrinə müraciət edir”.
A.İsmayılov daxili borcun artmasını, xarici borclarımızın isə azalmasını təbii hesab edir: “İqtisadiyyatımız baxımından hələ ki, ixracatımız idxalı üstələyir. Eyni zamanda, dövlətin 70 milyard dollardan artıq valyuta ehtiyatları mövcuddur. Bu da onu göstərir ki, cari şərtlərdə dövlətin xarici valyutadan asılılığı yoxdur. Hər il dövlət büdcəsi təsdiqləndiyi zaman büdcə kəsiri ilə üz-üzə qalırıq. 2025-ci ilin büdcəsinə də nəzər yetirdikdə, üç milyard manatdan daha çox büdcə kəsiri olduğu görünür. Bu vəziyyətdə proqnoz edilən rəqəmlər dəyişmədiyi halda büdcə kəsirini ödəmək üçün daxili borca müraciət edilir”.
Müsahibimizin sözlərinə görə, daxili borcları artıran əsas amil quruculuq işləridir: “Son illərdə hər il Qarabağın bərpasına 3-4 milyard manatdan çox vəsait sərf olunur. Bu il də bu istiqamətdə dörd milyard manatlıq vəsait nəzərdə tutulub. Bu, bizim büdcə kəsirimizdən daha böyük vəsaitdir. Qarabağın bərpası həm uzunmüddətli, həm də böyük vəsait tələb edən işdir. Ola bilər ki, növbəti illərdə bu işlərin sürətləndirilməsi üçün aşağı faizlə xarici borclanmaya da gedilsin”.
“İqtisadiyyatda maliyyə gərginliyi yaradır”
İqtisadçının fikrincə, həm xarici, həm də daxili borcun özünə görə müsbət və mənfi tərəfləri mövcuddur: “Məsələn, çox böyük həcmli layihələri maliyyələşdirmək üçün beynəlxalq təşkilatlardan aşağı faizlə xarici borc götürmək mümkündür. Faiz aşağı olduğu üçün ondan zəruri və əlavə dəyər yaradan istiqamətlər üçün istifadə etmək imkanı var. Daxili borclanmada isə faizlər xarici borcla müqayisədə daha yüksəkdir. Həm xarici, həm də daxili borcda əsas amil ondan ibarətdir ki, borclar düzgün, effektiv idarə olunsun. Yəni, elə etmək lazımdır ki, borclanma iqtisadiyyatı daim borc yükü altında saxlamasın, mütəmadi faiz yükü yaradan vəziyyətə gətirib çıxarmasın”.
A.İsmayılov daxili borclanmanın risklərindən də danışdı: “Hazırda xarici borc azalır, bu səbəbdən hər hansı risklə üzləşmirik. Ancaq daxili borcların artmasının müəyyən riskləri ola bilər. Sadə şəkildə ifadə etsək, dövlətin borclanmasının mənası budur ki, gəlirlər xərclərdən azdır. Bu, iqtisadiyyatda maliyyə gərginliyi yaradır. Eyni zamanda dövlət maliyyə bazarında mövcud olan resursları borclanaraq büdcəyə transfer edir. Bu zaman banklarda iqtisadiyyatı tam təmin etmək üçün lazım olan maliyyə resursları azalır. Bu da öz növbəsində pulun bahalaşmasına, yəni faizlərin artmasına gətirib çıxara bilər”.
“Dövlət borcumuz beynəlxalq normalara uyğundur”
İqtisadçı Akif Nəsirli isə düşünür ki, xarici borcun azalmasına səbəb onun daxili borc hesabına ödənilməsidir: “Dövlət borcumuz beynəlxalq normalara uyğundur. 71 milyard maliyyə ehtiyatı var ki, onun 60 milyardı aktivlər, Neft Fondunun kapitalıdır. Yerdə qalan 11 milyard valyuta ehtiyatımızdır”.
A.Nəsirlinin fikrincə, hazırkı gəlirlərimiz hesabına bütün borclarımızı rahatlıqla bağlaya bilərik. Bu, ölkəmiz üçün daha uğurlu addım olar: “Nəzərə almalıyıq ki, borcların riskləri də var. Xarici borclarda risk faktoru daha çoxdur. Xərclər borclanma olmadan da idarə edilə bilər”.
Zərif Salmanlı
