Ədəbi janrların böhranı

Bədii yaradıcılığın müxtəlif cəhətlərini əks etdirmə baxımından ədəbiyyat
müxtəlif janrlara şaxələnib. Ədəbiyyatda hər ədəbi növ janra ayrılır. Dastan,
roman, povest, hekayə, komediya, poema, dram və s. janrlar ümumilikdə nəzm və nəsrə
bölünür. Ayrı-ayrı vaxtlarda ədəbi janrların sanballı nümunələri yaransa da, hazırkı
dövrdə janrların böhranı yaşanır. Hətta bəzi janrlar unudulub sıradan
çıxmaqdadır.
"Müzakirə”mizdə mövzu ilə bağlı maraqlı fikirlər qeyd olundu.
Ədəbi dövrün janrları
Təranə Məhərrəmova
"Müzakirə”mizdə mövzu ilə bağlı maraqlı fikirlər qeyd olundu.
Janr rəqabəti yoxdur
Professor Rüstəm Kamalın fikrincə, müasir Azərbaycan ədəbiyyatında janr
böhranı var: "Bu, janr kasıblığının müxtəlif səbəbləri var. Hər bir janr öz
dövrünün dil, ideoloji estetik səviyyədə mənzərəsini əks etdirir. Əsl şair
janrı hiss etməlidir. Bizim müasirlərimizdə janr hissiyyatı zəifləyib. Bu səbəbdən
janr probleminin iki aspekti var. Birincisi, janrı sadəcə, görməyi öyrənmək
azdır. Həm də müxtəlif şairlərdə janr təfəkkürünün səviyyələrini də fərqləndirmək
lazımdır. Poeziyanın keyfiyyəti həm də şərti olaraq onlardakı janr hissiyyatı
ilə bağlıdır. Yəni sən bilməlisən ki, niyə Nəriman Həsənzadə son vaxtlar
poemalara müraciət edir? Yaxud Məmməd İsmayılın, Musa Yaqubun, Ramiz Rövşənin
poeziyasının keyfiyyətini janr müxtəlifliyi ilə səciyyələndirmək lazımdır. Digər
tərəfdən, hər bir janr istər-istəməz oxucunun təhtəlşüur aparatına daxil olur.
Janr eyni zamanda, həm oxucunun, həm də yazıçının şüuruna daxil olmalıdır”.
Ədəbiyyatşünas
alimin fikrincə, bizdə hazırda janr böhranını yaradan səbəblərdən biri də oxucu
auditoriyası problemi ilə bağlıdır. Belə ki,
Azərbaycan yazıçısı öz oxucusu ilə tanış deyil: "O, öz oxucusunu
arxasınca apara bilmir. Ya da oxucu hazırlamaq missiyasını öz boynuna götürmür.
«Mən nə yazmışam, sən də onu oxumalısan», «Oxuya bilmirsənsə, demək, hazır
deyilsən» deyir oxucusuna. Ancaq bu, eyni vaxtda baş verməlidir. Böhran da
bununla yaşanmamalıdır”. Professor bir çox janrların, xüsusən nəsrdə qeyb
olmasının səbəbini bizdə oturuşmuş kitab bazarının olmamağı ilə əlaqələndirir:
"Bunun da bir tərəfi yenə oxucuya bağlanır. Yəni kitab bazarı olmalıdır ki,
yazıçı bilsin: detektiv, tarixi və ya sevgi romanlarını o bazara çıxaranda,
onun oxucusu yaranacaq və o janr da yaşayacaq”. R.Kamal bizdə biblioqrafik
janrların, fantastik əsərlərin, hərbi
macəra romanlarının yazılmadığını deyir: "Nağıllar yazılmır. Sevgi romanları,
ironik romanlar yoxdur. Tarixi roman
janrı da hələ o səviyyədə deyil. Bu fərqliliklər olmadığına görə, Azərbaycan ədəbiyyatında
janr qıtlığı yaşanır”.
Ədəbiyyatşünas
alim həmçinin ədəbiyyatımızda ənənənin yaşadılması probleminin də mövcudluğunu
deyir. Belə ki, janr həm də ənənə ilə ötürülür: "Bizdə janrların mücadiləsi
getmir. Çünki bədii düşüncə sistemində janrın rəqabəti mütləq yeni janrların
yaranmasına gətirib çıxaracaq. Bu da meydanda yoxdur. Həm poeziyada, həm də nəsrdə
fraqmental formaların üstünlük təşkil etməsi səbəbindən iri formalar bir qədər
özünün real kontekstini tapa bilmir”. R.Kamal hesab edir ki, janr məsələsi həmçinin
ədəbiyyatda, xüsusən poeziyada şəxsiyyət problemidir: "Çünki janrın nüfuzu həm
də müəllifin nüfuzu ilə bağlıdır. Janr hazırda ədəbi prosesin «ədəbi qəhrəmanı»
deyil. Ədəbiyyatın çərçivəsindən kənara çıxan bir «nitq» hadisəsidir. Məsələn,
kimsə öz gündəliyini çap edir və adını roman qoyur. Janr həmişə çevik
sistemdir. Yeni janrlar köhnə ənənəvi janrla toqquşanda yaranır. Bizdə də köhnə
janrla toqquşma yoxdur. Sadəcə, əski janrı sıradan çıxarmaq, unutmaq var. Ona
görə, bizim ədəbi, bədii düşüncə sistemimizdə bir janr böhranı yaşanır”. Orta əsrlərdə
janrların ieararxiyasına toxunan ədəbiyyatşünasın fikrincə, şairin poeziyasının
keyfiyyəti janrla müəyyənləşir: "Şairlər var, özünü qəsidədə göstərir. Xəqani,
böyük qəsidə, Füzuli qəzəl ustasıdır. Molla Pənah Vaqif qoşma və müxəmməslərlə
tanınır. Rübai deyəndə Məhsəti, Ömər Xəyyam yada düşür. Ədəbiyyatda epik, lirik
janrın yaranması həm də situasiyalardan asılıdır. Ola bilsin ki, ölkədə çox
epik situasiya olsun, onda poemalar yazılmalıdır. Məsələn, quruculuq işləri
gedir, dövlət qurulur, zavodlar, fabriklər tikilir, kollektiv mübarizə var.
30-cu illərdə gedən bu proseslər haqqında Mehdi Hüseyn kimi cavan yazıçılar
romanlar yazırdılar. Çünki dövr özü epik idi. Ancaq 70-ci illərdə lirika güclü
idi. Çünki situasiyanın özü lirik situasiya idi. Təbii ki, hər bir janr həm də
şairin təfəkkür, sahib olduğu mədəniyyət tipini müəyyənləşdirir. Bizdə elə bölgə
var ki, oradan çıxan qələm adamında mental düşüncə baxımından epik təfəkkür
yoxdur. Ondan poema yazmağı necə tələb etmək olar?” Professor hesab edir ki,
janrı yaradan səbəblərdən biri də motiv məsələsidir. Motiv həm də ənənənin
materialıdır ki, şair onunla işləyir: "Əgər eşq orta əsrlərin, klassik ədəbiyyatın
motividirsə, şair də bu motivlə işləyəcək. 20-ci əsrin motivi isə fərqlidir. Hər
bir janrın cövhəri şairə, həm də həmin janrı necə tamamlamağı diktə edir. İndi
baxıb görürsən ki, şairlər çox vaxt şeiri necə bitirməyi bilmirlər, ya nöqtələr
qoyurlar, ya da uzunçuluq edirlər. Çünki onlarda janr instinkti yoxdur”.
Yeni texnologiyalarla yanaşı yeni janrlar
Yazıçı Mirmehdi Ağaoğlu hesab edir ki, satiranın geniş yayılmamasında
senzuranın həmişə rolu olub. Digər tərəfdən satira cəsarət tələb edən janrdır:
"O cümlədən həcv, pamflet heç vaxt ədəbiyyatın aparıcı janrı olmayıb. Qasım bəy
Zakir, Seyid Əzim Şirvani kimi şairlər həcvə, Conatan Svift, Daniel Defo kimi
yazıçılar pamfletə müraciət ediblər. Amma yaradıcılıq baxımından götürdükdə biz
şair və yazıçıları həcvləri ilə deyil, daha ciddi əsərləri ilə xatırlayırıq.
Çünki həcv və ya pamflet adətən öz dövründə yaşamış hər hansı bir şəxsə və ya
hadisəyə münasibət olduğu üçün üstündən müəyyən bir zaman keçdikdən sonra həmin
şəxs və ya hadisə unudulur, beləliklə, əsərin də əhəmiyyəti itir. Bunların
içində yalnız yüksək bədii səviyyəyə malik bəzi nümunələr qalır. Biz Daniel
Defonu pamfletləri ilə yox, «Robinzon Kruzo» əsəri, Conatan Svifti «Qulliverin
macəraları», Seyid Əzim Şirvanini qəzəlləri ilə tanıyırıq”.
Yazıçı bu fikirləri
təmsil janrına da aid edir: "Bu janr da bizdə az yazılır. Ümumiyyətlə, mənə elə
gəlir ki, dünya ədəbiyyatında da təmsilə tək-tük qələm adamları müraciət ediblər,
aparıcı olmayıb. Yəqin indi də kimsə yaradıcılığında bu janra müraciət edir.
Amma hazırda şairlərimiz arasında təmsil yazana rast gəlməmişəm”. Poema janrına
gəlincə, yazıçı hesab edir ki, artıq dünyada lakonikliyə üstünlük verildiyindən,
insanlar irihəcmli əsərlər oxumaq istəmirlər: "Bizdə sovet dövründə poema
janrının geniş yayılmasının səbəbi o idi ki, qonorar misraya görə verilirdi və
şairlər də poema yazırdılar ki, çox qonorar alsınlar. Keyfiyyətə yox, kəmiyyətə
hesablanmış bu poemaların çoxu unudulub, artıq onları heç kəs oxumur. Poemanın
və ümumiyyətlə irihəcmli əsərlərin az yazılmasının başqa səbəbi də müasir zamanın
diktəsindən irəli gəlir. Sanki bədii mətn nümunələri sosial şəbəkələrə
hesablanır. Mətn daha lakonik olmalıdır ki, sosial şəbəkə istifadəçisinin
qarşısına çıxan kimi bir su içimində oxusun. Artıq sosial şəbəkədə yazılan
tvitlər, statuslar belə, bədii mətn səciyyəsi daşımağa başlayır. Bəzən qabağına
elə bir status çıxır ki, onu hekayədən ayırmağa çətinlik çəkirsən. Eyni bədii səviyyədə,
eyni dadda olur. Belə çıxır, statuslar da zamanla ədəbi janra çevrilə bilər. Bu
yolda müəyyən cəhdlər də var. Məsələn, Rəşad Məcid statuslarını toplayıb kitab
şəklində nəşr edir. Adı da gözəldir: "Qələmsiz yazılanlar”. Dünya artıq
lakonikliyə meyillənir”. Mirmehdi Ağaoğlunun fikrincə, lakonikliyə meyillilik
hekayə və roman janrında da özünü göstərir: "Hekayələrin həcmi də get-gedə
kiçilir. Tutaq ki, «Altı nömrəli palata», «Yeddi məhbusun hekayəsi» həcmində
hekayələr indi artıq az qala povest hesab olunur. Bu tendensiya roman janrında
da hiss olunur. Daha 19-cu, 20-ci əsrin nəhəng romanları yazılmır. Düzdür, irihəcmli
nümunələr var, ancaq bunlar istisnadır. Haruki Murakami "1Q84”, Pol Oster
«4321» adlı, həcmi min səhifədən çox romanlar yazırlarsa, görünür, bununla
oxucu tələbinə müqavimət göstərməyə çalışırlar. Amma Çili yazıçısı Aleyandro
Zambra kimi 80 səhifəlik roman yazan yazıçılar da var. Onun «Bonzai», «Evə
qayıtmağın yolları» və «Ağacların şəxsi həyatı» adlı üç romanını birlikdə
götürdükdə, həcmləri heç 250 səhifəni keçmir. Düşünürəm ki, belə nümunələr
getdikcə artacaq. Və yeni, cəsur dünya texnologiyalarla yanaşı, yeni janrlar da
yaradacaq”.
Ədəbi dövrün janrları
Tənqidçi Vaqif Yusiflinin fikrincə, hər hansı bir ədəbi dövrdə müəyyən
janrlara üstünlük verilir və yazıçı və şairlər də həmin janrlarda yazmağa
başlayırlar: "Pamflet janrı Azərbaycan ədəbiyyatında o qədər də geniş
yayılmayıb. Bu baxımdan indi də bu janra müraciət edən yoxdur». Tənqidçi
poemaların yazıldığını istisna etmir,
sadəcə, ədəbi hadisə ola biləcək poemalar yoxdur: «Çoxlu poemalar
yazılır. Mən «Azərbaycan» jurnalında, ayrı-ayrı şeir kitablarında onlarla poema
ilə rastlaşıram. Ancaq bu poemalar 80-70-ci illərdəki poemalar səviyyəsində
deyil. Bu sahədə müəyyən durğunluq əmələ gəlib. Şairlər daha çox şeirə müraciət
edirlər. Görünür, öz hisslərini ifadə etməkdən ötrü şeir onlar üçün daha
münasibdir. Poema isə çox çətin janrdır. Lirik, lirik-epik, epik poema kimi
növləri var. Ona görə də, poema yazmaq üçün müəyyən hazırlıqlar lazımdır.
Düzdür, indi poemalar yazılsa da, onları seçmək çətindir. Bəzən heç onlara
poema demək olmur. Onlar uzun şeirlərdir. Çünki poemanın içərisində daxili bir
süjet olmalıdır. Epik poemadırsa, orada qəhrəman obrazı yaradılmalıdır. Ancaq
bunlar yoxdur. Bu durğunluq deyil, sadəcə, ədəbiyyatın öz inkişafında əmələ gələn
hadisədir. Ola bilər ki, bir neçə ildən sonra tənzimlənər, yaxşı poemalar
yazılar”.
Nağıllara gəlincə, V.Yusifli bildirir ki, təkcə uşaq ədəbiyyatında
«Gülzar nənə» imzası ilə yazan Gülzar İbrahimova bu janra müraciət edir.
Komediya isə dramaturgiyanın bütün ədəbi mərhələlərində romanlara, şeirlərə,
poemalara nisbətən az yazılıb: "Belinskinin sözü var: «Anadan dramaturq
doğulmaq lazımdır». Baxımlı dram janrının çətinlikləri çoxdur. Romanda təhkiyə,
şeirdə təsvir, tərənnüm var. Amma komediyaya, xüsusən, indiki dövrdə daha çox
ehtiyac var. Yəni insanların düşdüyü vəziyyət, komik situasiyalar yazılmalıdır.
Komediyanı dramaturqlar yazır. Bizdə isə peşəkar səviyyədə 5-6 dramaturq var.
Biz indi "hanı, Sabit Rəhman, hanı Mirzə Fətəli Axundov kimi komediya
ustaları»deyə bilmərik. Tənqidçi həmçinin ötən illərdəki kimi sanballı satira
nümunələrinin yazılmadığını bildirir: "Hər il AMEA-nın Ədəbiyyat İnstitutunda
ilin yekunları ilə bağlı müşavirə keçirilir. Bu müşavirələrin birində satira
haqqında məruzə edən Səadət Vahabova adlı elmi işçi "çox çətinliklə satirik ədəbi
nümunələr tapa bildim” dedi. Satira yazılır, ancaq ötən illərdəki əsl satirik əsərlər
yaranmır. Baba Pünhan vəfat edəndən sonra satirik şeir yaranmadı».
Təranə Məhərrəmova
