Ədəbi hadisələrlə zəngin il
Kitaba qayğı artdı, keyfiyyət yüksəldi, ədəbi
proseslər, layihələr reallaşdı...
Yola saldığımız
2019-cu il siyasi, iqtisadi proseslərlə yanaşı ədəbi hadisələrlə də zəngin
oldu. Ölkəmizin ədəbiyyat aləmində "Nəsimi ili” müxtəlif ədəbi hadisələrlə
müşahidə olundu. Ədəbiyyat adamları "Müzakirə”mizə təəssüratlarını danışdılar.
Ölkəmizin bədii tarixi
Xalq şairi Fikrət Qoca 2019-cu ili
ədəbi aləmdə uğurlu il kimi dəyərləndirir: «Ötən il xeyli əsərlər yazıldı,
layihələr həyata keçirildi, müxtəlif səfərlərdə olduq. Yazıçılardan ibarət qrup
Cocuq Mərcanlıya səfər etdi. Orada kitablarımızın təqdimatını keçirdik, sakinlərlə,
məktəblilərlə, hərbçilərlə görüşdük. Mədəniyyət zamanın nəbzinə qoyulmuş
termometr kimidir. Zaman dəyişdikcə, zamandakı dəyişiklik orada özünü göstərir.
Ədəbiyyat bədii sənət olmasına baxmayaraq, tarix və gələcək üçün qalır. Çünki həmin
əsərlərdə baş verən hadisələr öz əksini tapır». F.Qoca qeyd etdi ki, ötən il «Nəsimi
ili»nin qeyd olunması ədəbi aləmdə ən böyük hadisələrdəndir: «Bu sərəncam ölkə
başçısı tərəfindən atılan müdrik addım idi. 650 illik tarixi bir il çərçivəsində
əhatə etmək böyük bir hadisədir. Nəsimi öz klassikası ilə bütün zamanların
şairidir. İl çərçivəsində şairin haqqında çoxlu əsərlər çap olundu, müxtəlif
dillərə tərcümə edildi. Mütəfəkkir şairin irsinin dünyada tanıdılması istiqamətində
addımlar atıldı, musiqili kompozisiyalar yazıldı. Hər kəs öz fikrində Nəsimini
hiss elədi. Ümumiyyətlə, Nizami, Füzuli, Məhsəti xanım kimi şəxsiyyətlər bizim
poeziyamıza böyük incilər bəxş ediblər. Onların yaradıcılığını qorumaq, gələcək
nəslə çatdırmaq borcumuzdur. Bu, ölkəmizin bədii tarixidir». Xalq şairi ölkədə
keçiriləm kitab sərgi-yarmarkasına da toxundu: "Kitab sərgisi ənənəvi qaydada dünyanın bir sıra ölkələrində
keçirilir. Azərbaycanda da artıq bu sərgi ənənəvi olaraq təşkil olunur. Kitabın
təbliği, mütaliə vərdişlərinin formalaşması, oxu mədəniyyətinin bərpası üçün bu
cür tədbirlər çox vacibdir”.
"Nəsimi ili” əsl ədəbi hadisə kimi
Yazıçı İlqar Fəhmi də ötən ilin ən böyük ədəbi hadisəsini ölkə
başçısının sərəncamı ilə qeyd edilən «Nəsimi ili» adlandırır: «Bu, Nəsimi irsinə
münasibəti, həmçinin klassikaya qayıdışı ortaya qoydu. Qələm adamları, yazı əhli
bu irsə münasibətdə müxtəlif maraqlı əsərlər yazdılar. Ölkənin ədəbi və mədəni sferası
"Nəsimi ili” ilə bağlı həyata keçirdiyi fəaliyyətlə yadda qaldı». Yazıçının
sözlərinə görə, keçirilən digər ədəbi hadisələr məhz bu ilin fonunda baş verib:
«Təbii ki, hər il müxtəlif kitab təqdimatları, sərgilər və ya festivallar
keçirilir. Ancaq "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər bir ilk idi. Yəni
bu, bir şairə bu qədər diqqətin ayrılması, klassikaya belə hörmət unikal hadisə
idi. Ona görə, "Nəsimi ili” mənim üçün əsl ədəbi hadisə idi və daha çox yadımda
qaldı. Təbii ki, sıradan olan ədəbi tədbirlər də ənənəvi olaraq həyata
keçirildi. Kitaba qayğının artırılması, keyfiyyətin yüksəldilməsi, ədəbi
proses, layihələrin reallaşması yenə də öz axarı ilə davam etdi”.
400-ə yaxın adda kitab
Naşir Şahbaz Xuduoğlu 2019-cu ili
ədəbi aləmdə xüsusi aktiv il kimi dəyərləndirir: "Kitab yarmarkası keçirildi. Bu
yarmarka çox yaxşı təşkil olunmuşdu.
Bu sərgi onu göstərdi ki, kitab oxuyanların sayı artıb və ümumiyyətlə,
yarmarkalar başlayandan hər dəfə artım bir qədər də hiss olunur. Son yarmarka
isə ən çox izdiham olan yarmarka oldu. Buraya məktəblilər, tələbələr, ailələr gəlmişdi.
Yarmarkada sanki bir bayram əhval-ruhiyyəsi var idi. Xüsusən də yarmarkanın bədii
hissəsi, musiqi ilə müşayiət olunması zövq oxşayırdı. Fransanın müasir yazıçılarından
biri Jan Kristof Rüfen bizim qonağımız oldu. Yazıçı yarmarkada iki kitabını təqdim
etdi. Yəni tədbirin beynəlxalq hissəsi də ötən illərdə keçirilən sərgilərdən fərqlənirdi.
İlk dəfə idi ki, böyük çaplı yazıçı Bakıda keçirilən kitab yarmarkasında
iştirak edirdi. O, Fransanın ən
böyük ədəbi mükafatının laureatıdır. Sərgi-yarmarkada kitab nəşri sahəsində
xüsusi aktivlik müşahidə olundu. Həmçinin sərgi-yarmarka
çərçivəsində çoxsaylı tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər
keçirildi. Bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri
ilə yaxından tanış olmaq imkanı qazandılar». Naşir ilin favorit
romanının olub-olmadığını deməkdə çətinlik çəksə də, çoxlu yeni kitabların nəşr
olunduğunu qeyd edir: «Ötən il bizim nəşriyyat əvvəlki illərə nisbətən daha çox
kitab nəşr etdi. 400-ə yaxın adda kitab nəşr edib. Ümumi tiraj 300 mindən çox
oldu. Bu baxımdan keçən il bizim üçün uğurlu illərdən biri oldu».
Kitab bazarının çöhrəsi dəyişib
«Mənim üçün hər
bir il ədəbi hadisələr baxımından əhəmiyyətlidir» - deyən yazıçı Reyhan
Yusifqızı keçən il «Qızıl kəlmə» mükafatını qazandığının sevincini
yaşadığını deyir: «Həmçinin bir neçə yeni əsərimi hazırladım. «Dostum Mimi»
kitabım rus dilində çap olundu. Türk Yayım Evi bu kitabın haqlarını aldı və onu
türk dilində nəşr etdirdi. Kitab Türkiyədə satılmağa başladı. Bu, mənim üçün
böyük hadisə idi. Çünki oxucu kütləmi genişləndirmək istəyirdim. Bu baxımdan
türk oxucularını qazanmaq mənim üçün qürur idi». Yazıçının müşahidəsinə görə,
il keçdikcə mütaliəyə hər il maraq artır: «Elə bil təbliğat çoxalır. Məsələn,
layihələr meydana çıxır. 2019-cu ildəki kitab sərgisi yadımda çox yaxşı qaldı.
Fikrimcə, bu sərgi əvvəlki illərdəkindən çox fərqli idi. Kitabla maraqlanan,
onu əldə etməyə çalışan çoxlu insanlar gördüm. Əvvəlki sərgilərdə kitaba bu qədər
maraq hiss etməmişdim. Hesab edirəm ki, hər şey təbliğata bağlıdır. Görünür bu,
təbliğatın nəticəsidir ki, kitaba qarşı həvəs çoxalıb. Elə bil kitab bazarının
çöhrəsi də dəyişib. Əvvəlki nəşrlərdən fərqli, rəngarəng dizayna malik kitablar
meydana çıxıb. Düzdür, onların qiymətləri daha bahadır, ancaq baha olsa da,
onlarla insanlar daha çox maraqlanırlar. Xüsusən, uşaq kitablarında şəkillərin,
dizaynın böyük əhəmiyyəti var. Bu, uşaqları cəlb edir. Əvvəllər uşaqlara kitab
axtaranda seçim az olurdu. Çeşidlər də artdığından, seçim çoxalıb. Hesab edirəm
ki, proses belə davam etsə, 1-2 ilə biz öz kitab bazarımızla hətta fəxr edə bilərik”.
Yazıçı keçən ilin «Nəsimi ili» elan olunmasını ədəbiyyata göstərilən diqqət
kimi dəyərləndirir. "Ötən il bu çərçivədə çox maraqlı tədbirlər keçirildi. Mən
bu tədbirlərin bir çoxunun iştirakçısı oldum. Həmçinin İsmayıl Şıxlının 100
illiyi qeyd olundu. Həm Bakıda, həm də rayonlarda bir sıra tədbirlər həyata
keçirildi. Yazıçının yaradıcılığı ilə bağlı «Ölən dünyanıın yaddaşı» adlı qısa
sənədli film də çəkildi».
İl məhsuldar oldu
Yazıçı Mübariz Örən də 2019-cu ili ədəbi hadisələrlə zəngin il hesab
edir. Belə ki, maraqlı əsərlər yazılıb: «Hazırda mən həmin əsərlərdən ikisini
oxuyuram. Onlardan biri Kamal Abdullanın «Sirlərin sərgüzəşti», digəri Aqşin
Yeniseyin «Tale və tarix» əsərləridir. Həmçinin Pərvizin, Şərif Ağayaran
romanları çap olundu. Demək olar ki, il məhsuldar oldu». Yazıçı qeyd edir ki,
ötən il təkcə yeni əsərlərin çapı ilə deyil, həmçinin müxtəlif ədəbi hadisələrlə
də zəngin olub: «Keçən il «Qızıl kəlmə» mükafatı təqdim olundu. Bu mükafata
layiq görülən Salam Sarvan, Şərif Ağayar kimi ədəbiyyat adamları ilə birlikdə mən
də var idim. Bu da bizim üçün bir hadisə idi. Daha sonra kitab sərgi-yarmarkası
keçirildi. Bu, son illər kitaba nə qədər marağın artdığının göstəricisi oldu.
Yarmarka əvvəlki illərə nisbətən daha canlı keçirildi. Hamıda bir ümid aşıladı
ki, artıq kitab oxumağa olan meyl güclənib. İnanıram ki, gələcəkdə bu meyl daha
da artacaq». Yazıçı hesab edir ki, ötən il ədəbi aləmi rövnəqləndirən ən böyük
hadisə «Nəsimi ili»nin elan olunması və bu çərçivədə ilboyu görülən işlər olub:
«Demək olar ki, keçən il ədəbiyyat ili oldu. Bu, biz ədəbiyyatçılara böyük
stimul verdi. Bizi yazıb-yaratmağa daha da həvəsləndirdi. Hesab edirəm ki, hər
bir ilin ədəbi hadisələrlə zəngin olması üçün əsərlər yazılmalıdır. Əsərlər
yazılmasa, keçirilən heç bir tədbirin mahiyyəti olmaz. Fransada mənim, Şərif
Ağayarın, Sahilə İbrahimovanın əsərlər çap olunacaq. Bu əsərlər tərcümə olunub,
hazırda redaktə mərhələsindədir. Keçən il, həmçinin gənc yazarların müxtəlif əsərləri
işıq üzü gördü. Ümumilikdə, ötən ili ədəbi hadisələr baxımından uğurlu saymaq
olar”.
Təranə Məhərrəmova