• cümə, 19 Aprel, 05:50
  • Baku Bakı 18°C

Ədalətin itdiyi yerdə iblis taxt qurur

03.11.19 10:30 2565
Ədalətin itdiyi yerdə iblis taxt qurur
(Hüseyn Cavid və Məmməd Araz yaradıcılığı əsasında)

Hüseyn Cavid mütəfəkkir yazar kimi Azərbaycan ədəbiyyatında milli məfkurə təbliğatçısıdır. O, dərin məzmunlu yaradıcılığı ilə çoxşaxəli ideyaların çatdırılmasına, ədəbiyyatımıza qazandırdığı janr müxtəlifliyinə görə də unudulmaz sənətkardır. Hüseyn Cavid yaradıcılığının əsasında ədibin özünün də dediyi kimi, həqiqət və məhəbbətin axtarışı, onun dərki məsələləri dayanır. Bu ali düşüncələrin axtarışında olmaq sənətkardan sonrakı minillikləri fikirləşən ideoloji və siyasi düşüncə tələb edirdi. Milli məfkurənin təbliği Cavidi sonrakı min illərin də daim oxunan müəlliflərdən biri edəcək. Eyni zamanda, Cavid yaradıcılığı təbliğ etdiyi ideyaların həm tarixiliyinə, həm də müasirliyinə görə hər zaman bizim istinad mənbəyimiz olacaq.
Həqiqətdir ki, dahi Hüseyn Cavidi Azərbaycan xalqına yenidən qaytaran, onun ədəbi-bədii irsinin araşdırılması, çapı, haqqında tarixi sərəncamlar imzalayan Ulu Öndər Heydər Əliyev olub. Hüseyn Cavidin 100 illiyinin qeyd olunması haqqında verilən qərar, onun qəbrinin uzaq Sibirdən tapılıb vətənə köçürülməsi, əslində, repressiyaya məruz qalmış türkçülüyün xilası yönündə atılmış addım idi. Sonralar Ulu Öndər Hüseyn Cavidin qəbri üzərində məqbərə ucaltdı, ev muzeyini açdı, 2002-ci ildə Hüseyn Cavidin 120 illiyi münasibətilə sərəncam imzaladı. Ulu öndər deyirdi ki, Cavidi Şekspirlə müqayisə edirlər, amma mənə qalsa, onu Höte ilə müqayisə edərdim. Ulu Öndər "Dünya romantizm poeziyası ilə qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin qatlarından alır” – deyirdi.
Mütəfəkkir yazara dərin ehtiram ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirildi. Cənab Prezident 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinin, 2012-ci ildə 130 illiyinin, 2017-ci ildə isə 135 illiyinin keçirilməsi haqqında sərəncamlar imzaladı. Hüseyn Cavid irsinə qayıdış Ulu Öndərdən başlayaraq dövlət səviyyəsində bu gün də yüksək şəkildə davam edir. Hüseyn Cavidə qayıdış bizim bir millət kimi zənginləşməyimiz üçün çox gərəklidir.
Hər iki yazarın – Hüseyn Cavid və Məmməd Arazın – Azərbaycan ədəbiyyatı tarixində yeni yüksəlişi məhz Ulu Öndərin ehtiramlı münasibətindən sonra başladı. Ulu Öndər Heydər Əliyev Hüseyn Cavid və Məmməd Araz yaradıcılığını gözəl bilirdi.
Ulu öndər həm bədii keyfiyyətinə, həm fəlsəfi mahiyyətinə, həm də vətəndaşlıq münasibətinə görə Məmməd Araz yaradıcılığının təbliğ olunmasını tövsiyə edirdi. Onun səhhətinin qayğısı məsələsi, yubileylərinin keçirilməsi, əsərlərinin nəşri və s. Ulu Öndərin diqqəti nəticəsində reallaşdı. Məmməd Araz haqqında Ulu Öndər tarixi fikir söyləmişdi: "Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma vətəni sonsuz məhəbbətlə sevən qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”.
***
Cavid repressiya dövrünün yeganə yazarlarındandır ki, yaradıcılığının ali ideyası ilə şəxsiyyətinin bütövlüyü üst-üstə düşür. Xarakter, mərdlik, ən çətin anda belə mənəvi müvazinəti qoruyub-saxlamaq keyfiyyəti Cavidi min illər sonra da sevdirəcək. Cavidin ədəbiyyata gətirdiyi mövzular daim müasir qalacaq. Məmməd Arazın mövzu qalereyası, düşüncə və məfkurə qaynağı Cavid ocağından köz götürdüyü üçün hər birimizin qəlbini daim işıqlandıracaq, yolumuzu aydınlaşdıracaq.
Dünyanın yaranışı, insanın ali varlıq kimi Tanrı ruhu ilə mükafatlandırılması, yaxud da İblisin insana səcdə etməkdən boyun qaçırması, insan və onun nəfsi kimi düşüncələr Məmməd Araz yaradıcılığında da aparıcı mövzulardır. Hüseyn Cavid "Hübuti-Adəm” şeirində həyatın yaranmasını, Adəmin cənnətdən qovulmasını belə ifadə edirdi:

Nə buldun, qürbi-həqdən böylə sapdın?
Düşün! Naqis bəşər, bir bax nə yapdın!?
Bu gün qüdsiyyətin olmaqda bərhəm,
Yazıq! Aldandın, ey biçarə Adəm!
Təəssüf biəsər... Pək çox yanıldın,
Nədamət bisəmər... Pək gec ayıldın.


Yaxud da:

Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur.


Məmməd Araz isə bəşəriyyətin, insanlığın günahının təməlində nəfsin durduğunu və şeytanın hər zaman fürsət düşdükcə insanı öz nəfsinə əsir edəcəyini belə çatdırır:
Bu ömürdü, öz baharı, öz qışı;
Gələn yazda, gedən qışda nə günah.
Xirtdəyəcən günahlara batmışı
Yuya bilməz, qar-yağışda nə günah.


Oxşar fikirlər, ideyalar beləcə bir-birini tamamlayır. Məsələn, Hüseyn Cavid "Elmi-bəşər” şeirində elmin hüdudsuzluğunu, eləcə də hər ziyalının bu dərk prosesindən keçərək cəmiyyətə töhfələr verməsini belə çatdırır:

Bir həqiqət bu gün müsəlləm ikən,
Onu mütləq yarınki hikmətlər
Zəhrxəndiylə örsələr, zədələr,
İki gün sonra eyni hikmətdən
Daha çox şübhələr, tərəddüdlər
Duyar insan, bu, iştə elmi-bəşər!


Məmməd Araz cəmiyyət və insanlıq üçün etdiklərini belə ifadə edir:

Bilmirəm neylədim öz əsrimdə mən,
Neylədim - gələcək nəsil deyəcək.
Bu günün ətrini nəğmələrimdən
Sabaha aparan nəsim deyəcək.


Bəşəriyyətin yaranışı, insan, onun nəfsi ilə mübarizə, kamilliyə çatmaq Cavidin yaradıcılıq kredosudur. "Mən məhəbbət və həqiqəti dərk etdim”, – deyə Qurbanəli Şərifzadəyə yazdığı məktubdan göründüyü kimi, Cavid həm də bir irfan filosofu kimi düşünür, bu fikirlər onun bütün yaradıcılığında davam edərək dünya romantizminin estetikasını irfan ruhu ilə zənginləşdirir. Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatında irfan romantikasını yaratdı.
Şeirlərində türkçülük məfkurəsi ilə yanaşı, İblisə uymamaq üçün əql, iradə nümayiş etdirmək dünya ədəbiyyatının bir sıra klassiklərini, eləcə də Cavidi daha dərindən düşündürüb. Külli-kainatın harmoniyasının yalnız ədalət üzərində bərqərar olduğunu deyən Cavid çox böyük uzaqgörənliklə gələcəkdəki savaşların ədalətsizlikdən törəyəcəyini bildirirdi.

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.


Məmməd Araz yaşadığı sovet rejiminin ədalətsizliklərini poeziyasına yansıta bilib. Ədalətin itdiyi yerdə İblis taxt qurur, xaos İblisin toy-bayramına çevrilir:

Yekə-yekə xırdalanan "addılar"
Heç bilinməz çapardılar, atdılar;
İki itə para sümük atdılar;
Qarabaşda, Alabaşda nə günah?!


Yaxud da ədalətsizliyin yıxdığı adamın əzilməsindən zövq alanlara şair deyir:

Vurulan var, vuran "yoxdu",
Bu tələni quran yoxdu,
And içən var, "Quran" yoxdu
Palıd, səni kim yıxdı?

...Sual səpir sarı simlər
Çiyin dartır "nə bilimlər",
Əgər heçdi bu heç kimlər,
Palıd, səni kim yıxdı?



***

Şifahi xalq yaradıcılığından, "Dədə Qorqud”dan başlayaraq Nizami Gəncəvini, Fəriddədin Əttar, Füzuli, Yasəvi, Nəvai, Mövlanə Rumi, Şəms Təbrizi və başqa klassiklərin əsərlərinin ideyasına dərindən bələd olan Hüseyn Cavid Azərbaycan ədəbiyyatına forma rəngarəngliyi qata bildi, yaradıcılığında milli məfkurəyə bağlılığı əsas götürdü. O, təbliğ etdiyi ideyaların xalqı milli istiqlala aparacağına əmin idi, XX əsr Azərbaycan romantizmini Avropa romantizmindən fərqli şəkildə Şərq müdrikliyi ilə birləşdirərək irfan romantikasını bizim ədəbiyyatımıza ərməğan etdi. Tanrısına tapınan, inanclı, ruhən daim yüksəlişi, kamilləşməyi qarşısına məqsəd qoyan Cavid həm də oxucusuna övliya təsiri bağışlayır. Onun günah və haqsızlıqların baş alıb getdiyi bolşevik rejimində "Şeyx Sənan”da deyildiyi kimi öz mehrabı var ki, ora saf və təmiz düşüncəli, ədalətli olanlar daxil ola bilər:

Yaqlaşma dur… çəkil asi!
Çünki Beytülharam demək burası,
Daxil olmaq yasaqdır əğyarə.
Sən ki məhrəm deyilsin əsrarə!


Bu ideyalarla da o cəmiyyəti, bəşəriyyəti saflaşaraq yüksəlməyə səsləyirdi. Cavid "Peyğəmbər” əsərində "Məhəbbətdir ən böyük din” – deyə cəmiyyətə, insanlara ülvi hisslər aşılayırdı. Şair bütün əsərlərində şeytani nəfsə qalib gəlməyin yolunu kamilləşməkdə görürdü. İlahi eşqin Şeyx Sənanıdır, türkdür, millətinə gərəkli, bəşəriyyətə yüksəliş dərsində özü nümunə ola biləcək eşq yolçusudur, göylər şairidir.

Yüksəldilərİsa kibi,
İşgəncədən qurtuldular.
Ruhaşina röya kibi,
Kayboldular, kayboldular!
Yüksəldilər, yüksəldilər,
Cənnətdərahət buldular.
Yüksəldilər,yüksəldilər,
Kayboldular, kayboldular!



***

Cavid Peyğəmbər mövzusuna müraciət etdi. Cavid 40 yaş ərəfəsində 40 yaşlı Məhəmməd peyğəmbərin İlahi tərəfindən peyğəmbər seçilməsi ilə İslam erasının, ərəb dünyasının cəhalətdən qurtuluş və tərəqqi dövrünün başlanmasını qələmə aldı. Dahi ədib bu əsərdə həmin dövrün bəlli qanunlarının insanlığı məhvə doğru aparmasına münasibətini bildirir, həm də öz dövrünün problemlərini də tarixi mövzuda yaradır:

Öylə bir əsr içindəyəm ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.


Peyğəmbərin ərəb cəhalətinə son qoymaq üçün qılınc və "Quran”la cəmiyyəti yenidən qurmaq, qanunlar yaratmaq və sülh tətbiq etmək məsələlərini Cavid tarixdən müasirliyə qaytardı:

Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.


Məmməd Arazın "Dünya sənin, dünya mənim” şeiri Cavid yaradıcılığındakı insan və cəmiyyət münasibətində ülvi arzuların, ideyaların davamıdır:

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkdi, əbədi dünya
Dünya sənin, dünya mənim, dünya heç kimin.


Həvəni naşıcasına vursan ilmələri doğrayar, yavaş vursan ilmə alınmaz, naxış əyri olar. Bəs nə etməli? Həvə ədalət yaradan alətdir, gözəlliklər yalnız onunla yaranacaq. Əks halda, naxışsız, yəni mənasız bir ömür yaşamış olarıq. Karvanın da, sarvanın da yükünü və yolunu yüngülləşdirən insanın əməlləridir, ədalətli həyat tərzidir. Hüseyn Cavidin ideyaları, xüsusilə ədalətə tapınmaq düsturu Məmməd Araz yaradıcılığında da əks olunub.
"Əbədiyyət qəh-qəh çəkər, əbədi dünya”. Bu o zaman olur ki, insan ölümünü, Tanrısını unutsun, firon iddiası ilə ölümsüz olduğuna inansın, bax, onda xaos başlayar, İblis insana aciz məxluq kimi rişxənd edər.
Yaxud Cavidin Tanrı və həqiqət ideyası, ədalət axtarışı Məmməd Arazın "Tanrı, məni məndən qoru” şeirində belə əks olunub:

İnsana yad insanlığım göyərsə,
Yaxşı şumda yamanlığım göyərsə,
Köhnə-kösöy şeytanlığım göyərsə,
Tanrım, məni məndən qoru bu yaşda.

.
Bu dəyirman: nahaqqı dən, haqqı dən,
Bölən böldü: nahaqqı tən, haqqı tən,
Nahaqqa tən olan yerdə haqq itən...
Tanrım, məni məndən qoru bu yaşda.


Cavidin yaradıcılığında ana mövzusu, az qala Tanrı qədər müqəddəs tutulur. İlk dram yaradıcılığına "Ana” əsəri ilə başlayan Cavidin Səlma ana obrazı ilə Allaha müraciət, dua edir. Eyni zamanda, Səlma türk mərdliyini, sözübütövlüyünü qoruyub saxlayan, ən kədərli məqamında iradəli olan, mənəvi müvazinətini qoruyub-saxlayan obrazdır. Cavidin digər şeirlərində də qadın olduqca yüksək qiymətləndirilir:

Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Daima mövtlə həmduş oluyor,
Zillü möhnətlə həmaquş oluyor,
İştə sıyrılmada həp zülmətlər!..


Yaxud:

Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən?!



Yaxud "Peyğəmbər” əsərində peyğəmbərin dilindən:

Qadın Günəş, cocuq... Ay! Nuru Ay Günəşdən alır,
Qadınsız ölkə cavuq məhv olur, zavallı qalır.


Məmməd Araz yaradıcılığında anaların yaşının olmadığı da təsdiqlənir. Yaşın olmaması isə mələklərə məxsus əlamətdir:

Daha gəlməyəcək anamın səsi,
Mənə də taleyin yumruğu dəydi.
Düzü, acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?

Bilmirəm... düşmüşdü saçlarına dən
Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında.


Məmməd Araz poeziyasından tərənnüm olunan ana son nəfəsində belə oğlunun həyəcanlanıb, kədərlənməsinə qıymayan Azərbaycan qadınıdır:

Qapadı gözünü o, mənsiz, necə,
Necə dəfn etdiniz məndən xəbərsiz...
Bir qarı dilləndi: "Anan ölüncə,
Dedi ki, balamı çağırmayın siz.

Qorxar... İşi çoxdur... Azca ağladı,
Qorxdu ki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... Qəhərlənərsən...”

Yarama köz basdı bu sözdə mənim
Qopdu ürəyimdən yanıqlı nida:
Ana qəlbinə bax! Övlad qəmini
Görmək istəməyib son anında da.


***

Hüseyn Cavidin bütün əsərlərində milli məfkurə məsələsi öndə dayanır. Məsələn, Hüseyn Cavidin şeirlərindən, xüsusilə "Qız məktəbi”ndə, "Qoca türkün vəsiyyəti” elə nümunələrdir ki, heç nə yazmasaydı belə, bu iki şeir onun adını ədəbiyyat tarixində unudulmaz edərdi.
"Qız məktəbi” şeirində yüksək mənəviyyatlı bir qızın – Gülbaharın elmə, zəngin mənəviyyata, dərin inanca, insanpərvərliyə, müəlliminə, ata-anasına, Tanrısına olan münasibəti bəlli olur. "Maral” əsərində məişət, qadın problemi, qızların təhsil alması vacib məsələ kimi qoyulur. Tarixi sərkərdə və tarixi hadisələrə ehtiram, türk marşının ilk dəfə əsərə salınması Cavidin türkçülük düşüncəsinin məhsulu idi. Hüseyn Cavidin 34 yaşında yazdığı "Qoca türkün vəsiyyəti” şeiri sanki Dədə Qorqudun elinə, ulusuna vəsiyyət və tövsiyələridir.

***

XX əsrin əvvəllərində Hüseyn Cavid, sonlarına yaxın Məmməd Araz… Hər ikisi oktyabr ayında dünyaya gəlib, dekabr ayında dünyalarını dəyişiblər. Hər ikisi Naxçıvan torpağının yetirdiyi istedadlardır. Hər ikisinin ilhamı böyük ideyalara xidmət edirdi. Hüseyn Cavidin mütəfəkkir qələmi, Məmməd Arazın romantik lirikası... Sovet rejimində "qlavlit”in kəskin mövqe tutduğu vaxtda Məmməd Arazın yazdığı "Məndən ötdü” şeiri dillər əzbəri oldu. Paralel olaraq Hüseyn Cavidin "Topal Teymur” əsərinin finalını xatırlayaq:
"Y ı l d ı r ı m: Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, İslam aləmini başsız qoydu.
T e y m u r: (iki-üç adım aqsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə). Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı”.
Hüseyn Cavidin "Topal Teymur” əsərinin finalını Məmməd Arazın "Məndən ötdü” şeiri üçün epiqraf da hesab etmək olar:

Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
Ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən, əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn,səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?

Küləkləşən, dumanlaşan ruhunla sən,
Ayağa qalx, səninləyəm,
Səndən ötən nəydi belə,
Səndən ötüb qardaşına dəydi belə.

Məndən ötdü - Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı, İbrahim xan,
Fətəli xan, Kəlbəli xan.


Yaxud bu şeirin sonunda:

"Ruhunuzu qiymə-qiymə doğrayaram,
Dəli Domrul, Elxan, Eyvaz, giziroğlu Mustafa bəy.
Əgər ki siz bu məsələ qol çəkdiniz.


Məmməd Araz 60-cı illərdə yenə Sovet ideologiyasının sosializm-realizmdən kənara çıxmamasının tapşırıq olduğu dövrdə bu şeiri yazır. Bundan əlavə, Tanrısızlığın, ateizmin təbliğ olunduğu bir dövrdə "Ya rəbbim, dünya sən quran deyil”, "Ay Allahım” şeirləri onu fərqli rakursdan təqdim edirdi.
Eləcə də dünyada yaşayan milyonlarla dünya azərbaycanlılarını səfərbər etmək gücündə olan "Nə yatmısan, qoca vulkan”, "Azərbaycan qayalarda bitən bir çiçək”, "Vətən mənə oğul desə nə dərdim”, "Babək qılıncı”, "Ata millət, ana millət ağlama” şeirləri 60-cı, 70-ci illərdən başlayaraq ədəbiyyatın ideya yönünü dəyişdi.
"Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı”. "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim”. Bu ifadəyə diqqət yönəltmək istəyirəm. Məmməd Araz həm də bir təbiətşünas kimi, bir təbiət elmini öyrənən coğrafiyaçı kimi deyir: "Mamır olub qayasında bitərdim”. Mamır məhv olmur, qışda da, yazda da qalır. Baxın, Məmməd Araz çinar ömrü istəmir, amma mamır ömrü istəyir. Məmməd Araz da, Hüseyn Cavid də Azərbaycanın, doğulduqları Naxçıvanın minillik çinarlarına çevrildilər.
Cavidin "Qoca türkün vəsiyyəti” şeiri ilə XX əsrin sonlarında Məmməd Arazın "Atamın kitabı”, "Vəsiyyət”, "Sizə yetim deyən olsa, qızlarım”, "Qoca əmim belə dedi” şeirləri məna etibarı ilə bir-birinin davamıdır. Azərbaycan dilinin gözəlliyi, zənginliyi, tarixi kədər və dərdlərimiz, milli-mücadilə tariximiz, olanlar, keçənlər, eləcə də gələcəyimizlə bağlı arzular hər iki şairin yaradıcılığında paralelləşir.
Cavidin milli dəyərlərdən, kimlikdən uzaq düşməyi insanı "uçuruma” yuvarlamasının səbəbli kimi mənalandıran "Uçurum” əsəri hər zaman bizi mənəvi itkilərdən qoruyacaq. Şərq müdrikliyindən, adət-ənənəsindən, köklü ailə dəyərlərindən uzaq düşənlər üçün ağır itkinin nədən ibarət olmasının bu əsərdə şahidi oluruq. Əsərdə deyilən: "O gün ki, İstanbul fransızlaşdı, türk gəncliyi uçuruma yaklaşdı” ifadəsi öz həqiqətini bu günədək qoruyub saxlayır.
Cəlalın Qərb sevdası onun ailə faciəsinə, övlad itkisinə səbəb olur. Göyərçinin, türk anasının, Bosfora yuvarlanan körpə yavrusu, əslində, türk cəmiyyətinin milli mənəviyyatdan uzaqlaşaraq məhv olmaq təhlükəsi yaşayan, gələcəyimizin ifadəsidir. Mənəvi faciələr ruhun böhranına səbəb olur. Məmməd Araz da Cavid kimi qələmi ilə yaralarımızı sağaltmağa çalışır:

Uçqundan bir bulaq gəlir dərəyə,
Uçqun bir talanın sönən yazıdır.
Uçqun təbiətdə nəyinsə nəyə
Təbiət dilində etirazıdır.


Cavid romantizminin realist çalarları olduğu kimi Məmməd Araz realizminin də romantik qatları var. Onlar iki cərəyanın qovşağında böyük əsərlər yaradan əvəzsiz şairlərimizdir. Hüseyn Cavid yaradıcılığında ilahi eşqin dərkini bir qızın simasında ilahiləşdirdi. Şeyx Sənanı məcnun edib çöllərə salan Xumar eşqi idi.
Məmməd Arazın sevgi şeirlərində Hüseyn Caviddəki kimi dərin lirika var, o ustaddan həm də fəlsəfi baxımdan bəhrələnib. Baxın, Məmməd Arazın "Gözlərində avarımı itirdim” şeiri Cavidin "Xuraman-xuraman”, "Bilməm niyə getdin, niyə döndün, niyə baxdın” şeirləri ilə səsləşir. Məmməd Araz bütün məhəbbət haqqında şeirlərində sevginin İlahi səmimiyyət olmasını, eşqin ülviliyini Cavid yaradıcılığı prinsipindən təqdim etdiyi üçün Cavidin ideya davamçısıdır.
İdeya zənginliyi, mövzuya yanaşmaq cəsarəti, səmimiyyət, dərin fəlsəfə Cavid yaradıcılığında olduğu kimi Məmməd Araz yaradıcılığında da davam edir. Məmməd Araz Hüseyn Cavidin yaradıcılıq ocağından köz götürməyə onun ləyaqətli ruhdaşı kimi iznli idi.

***

Cavid üçün vətən təkcə Azərbaycan deyil, həm də bütün türkdilli xalqlar yaşayan Turan elidir. 1918-ci ildə yazılan "İblis” əsərində İblisin törətdikləri pislənir, müharibənin insanlara gətirdiyi səfalət və itkilərdən söz açılır. Eləcə də "Kars və Olti ətrafında səbəbsiz olaraq qətl və yağmalanan məzlumlara”, "Hərb İlahi qarşısında”, "Qaçqın”, "Hərb və fəlakət” və s. poetik nümunələrdə Cavidin bütün bəşəriyyət üçün müharibə əleyhinə arzularını çatdırır:

Bir zamanlar şərəfli Turanın,
O cahan qəriyu qovqanın,
Qəhrəman bərgüzida övladı,
Türklərin anlı, şanlı əcdadı,
Saldırıb titrədirdi yer yüzüni,
Hökm edər dinlədirdi hər sözüni.
Nə zaman kişnəsəydi türkün atı,
Kırılırdı bir ölkənin kanatı.


Məmməd Araz isə qələbə üçün səfərbərlik ruhuna malik yaradıcılığı ilə 90-cı illərdən başlayaraq vətən, millət ruhunun ifadəçisi kimi müstəqilliyin qorunmasında "Vətənin daşı” olduqdan sonra vətəndaş olmağın vacibliyini ifadə edə bildi.
"Bizi vətən çağırır, "Ata millət, ana millət ağlama”, "Kəlbəcər qaçqınlarına”, "Ay Allah”, "Qaçqın”, "Dilənçi” şeirləri müstəqilliyin ilk illərindən dillər əzbəri oldu.

Hüseyn Cavidin "Qaçqın” şeirində deyilir:

Mən istərəm ömrüm səninlə gülsün,
Söylə, nə dərdin varsa anlat bütün;
Aman, nə oldu ki, sən böylə düşdün
Yurdundan, elindən aralı qaçqın!

Bu fikirlərin davamı illər sonra Məmməd Araz yaradıcılığında bir daha mübariz ruhla səsləndi:

Günahı var çəlik tutan qocanın da,
Günahı var:
Yumruq boyda daş gətirən uşağın da.


Yaxud:

Lap iti də, pişiyi də günahkar.
İndi daha əl axtarma,
İndi daha ətək gəzmə!
Əlin də var, ətəyin də.
Öz əlindən, ətəyindən
Yapış, qardaş, yapış sən,
Göydən sizə əl uzatmaz mələklər.


Hüseyn Cavid və Məmməd Araz – bunlar bir bulaqdan su içmiş sənətkarlardır. Yuxarıda sadaladığımız çoxşaxəliliyə, dərin fəlsəfəyə, yüksək yaradıcılıq qabiliyyətinə görə hər iki ədibin yaradıcılığını bitməz xəzinə hesab etmək olar...

Sona VƏLİYEVA
filologiya elmləri doktoru

banner

Oxşar Xəbərlər