Orda, Kremldə kədərin
girdabında
İyirminci
əsri anlamaq istədi
Pasternakı anlamayan
O qəzəbli,
sərt adam N.Korjavin
Boris Pasternak 70 il yaşayıb. Bu yaş həddi, şair
üçün demək olar ki, normal hesab edilə bilər. O, Peredelkindəki bağında,
ailəsinin əhatəsində vəfat edib. Həbs edilməməsinə, hətta dindirilməyə də
çağırılmamasına, düşərgələr haqqında isə ancaq şahidlərdən eşitməsinə
baxmayaraq, yenə də payına onu XX əsr rus ədəbiyyatının əzabkeşləri sırasına
qatacaq iztirablar düşmüşdü.
Boris Pasternakın taleyi və yaradıcılığına maraq
göstərən insanların sayı hər il artır. Onun anadan olmasının 100 illiyi təkcə
vətənində deyil, Avropa və Amerikada da qeyd edilmiş, Moskvada 1913-cü ildən
bəri çap edilən əsərlərinin yeni nəşr dalğasının başlanması nəzərdə tutulmuşdur.
Boris Pasternak Vladimir Mayakovskinin müasiridir.
Otuzuncu illərdə onun əvvəlki şöhrəti yox olmuş, insanların diqqətini isə istər
vətəndə, istərsə də bütün dünyada ömrünün qürubunda – 50-ci illərdə cəlb
etmişdir. Həmin vaxtdan bu diqqət (xüsusilə də vətəndə) zəifləmir, əksinə artır.
Yeni poetik kəşflərin dəyərindən isə ayrıca danışmaq lazımdır. Və bütün bunlar
Pasternakın yaradıcılığının, xüsusilə də ilk şeirlərinin çətin anlaşılan
olmasına rəğmən baş verir.
Hətta MK-nin siyasi bürosunun üzvü, hərbi və
donanma işləri üzrə xalq komissarı Lev Trotski kimi poeziya bilicisi də müəlliflə
ilk görüşündə (bu görüş 1922-ci ildə Sergey Yeseninlə Kremldəki görüşdən əvvəl
baş tutmuşdu) etiraf etmişdi:
– Mən hələ dünən sizin kitabınızın sıx kollarının
arasında axtarış etmişəm. Sizin orada nə ərz etmək istədiyinizi bilmək olar?
– Bunu oxucudan soruşmaq lazımdır. Məsələn, elə siz
özünüz təyin edin – deyə həmin dövrdə hakimiyyətdəki ikinci adam olan
həmsöhbətinin yüksək mövqeyindən azca da olsa çəkinməyən müəllif cavab verir.
Valeri Bryusova bu görüşlə bağlı yazdığı məktubunda
oxuyuruq: "Trotski səfəröncəsi məni yanına çağırıb, yarım saatdan artıq müddət
ərzində mənimlə ədəbi predmetlər barədə söhbət etdi.
O, "Bacı”ya ("Bacım – həyatım mənim” kitabı nəzərdə
tutulur – L.K.) və digər bir-iki şeirə də eyham vuraraq bəzi suallar verdi.
Ümumiyyətlə heyran qaldım. Onu da deməliyəm ki, bu sualları verərkən öz
nöqteyi-nəzərində tamamilə haqlıdır. Mənim cavab və izahlarım yeni sosial
orqanizmin sosial hüceyrələri kimi fərdiyyətçiliyin müdafiəsinə yönəlmişdi”.
Xoşbəxtlikdən "yüksək mövqeyə sahib ədəbiyyatçı”
metafora kollarının arasından keçməyə və "qeyri-oktyabr” ədəbiyyatı haqqındakı
silsilə məqalələrinin dərc edildiyi "Pravda” qəzetinin səhifələrində "Bacım –
həyatım mənim” kitabı haqqında bəhs etməyə tələsmirdi.
Dünya gücləri ilə görüş zamanı şair heç bir xahiş
etmir, ümumi diqqət mərkəzində olduqda şəxsi mənafeyini güdmürdü. O, hər zaman
özü olaraq qalıb axının əksinə üzdü, əgər kiməsə nə isə aydın olmasa şəxsi
mövqeyini izah etməyə hazır idi, amma bu mövqedən (möhkəm sərhədlər arxasında
olduğu kimi) kənara çıxmırdı.
Yazıçıların ilk qurultayının keçirildiyi Kolonnı
zalda çıxış etmək imkanı əldə etdikdə o, qələm yoldaşlarına müraciət etməkdən çəkinmədi:
"Öz mövqeyinizə görə kimisə qurban verməyin...
Xalqın və dövlətin nəhəng hərarətinin əhatəsində bizim ədəbiyyat əyanına çevrilmək
təhlükəmiz var. İlkin mənbələrə, vətənə və nəhəng insanlara olan böyük sevginin
xatirinə bu nəvazişdən uzaqda dayanaq.”
Əgər bu məsləhəti həmin vaxt mövqeləri xatirinə
qurbanlar verərək, təkcə əyan yox, həm də yazıçılar ittifaqının prokurorlarına
çevrilən Aleksandr Fadeyev, Aleksey Surkov və başqaları eşitsəydi, neçə-neçə
faciəli səhvlər baş verməz, nəticədə ədəbiyyat qazanmış olardı...
Şair "nəhəng insanlar” dedikdə kimi nəzərdə
tuturdu?
Ən başda
Sovetlərin 1921-ci ilin sonunda baş tutan qurultayında, insanların toplaşdığı
Bolşoy teatrda məlum tarixi nitqi oxuyan, ölkəni yeni iqtisadi siyasətə əməl
etməyə çağıran Lenini görürdü.
Leninin
çıxışı zaldakı hər kəs kimi Pasternakda da güclü təəssürat yaratdı, bu nitq
sonralar "Yüksək nasazlıq” poemasının finalında yer aldı.
Onu üzbəüz gördüyüm zaman,
düşündüm, düşündüm mən dayanmadan
müəllifliyi və hüququ haqda.
Adı da cəsarət yaratdı o an.
Ardınca
mənaları hələ indi anlaşılmağa başlayan kahinvarı sətirlər gəlir:
Bir çox nəsillərin sıralarından
Kim isə bir nəfər çıxır irəli.
Güzəşti yaşadan o dahi gəlib
Qisas alır keçən zamandan ötəri.
Poemanın
təkrar nəşri zamanı 1928-ci ildə yazılmış bu sətirləri çıxarmışdılar. "Böyük
dönüş”ün başlanğıcından sonrakı zülm ölkədəki hər kəs tərəfindən hiss edildi,
bu isə müəllifin bir vaxtlar "nəhəng insanlar”ın sırasına kimləri aid etməsinə
əsaslanırdı.
Şairin həyatının son on dörd ilində ən yaxın və
etibarlı insan olan Olqa İvinskayanın Pasternakdan eşitdiyi və qələmə aldığı xatirələrində
Stalinlə görüşün iyirminci illərin
ortalarında baş tutduğu qeyd edilir. Rəhbər eyni zamanda üç böyük şairi yanına
dəvət etmişdi – Yesenini, Mayakovskini və Pasternakı. Söhbətin eyni mövzudan –
gürcü şairlərinin tərcüməsindən getməsinə baxmayaraq, onların hər biri ilə
ayrı-ayrılıqda görüşən Stalin bu işə ən yaxşı rus şairlərini cəlb etmək istəyirdi.
"O, şövq yaratmağa çalışaraq danışırdı. Onlardan
əsl yaradıcı pafos gözlənildiyini, "dövrün carçıları” rolunu öz üzərlərinə
götürməli olduqlarını deyirdi.”
Mayakovskinin gürcü əsilli olmasına, Yesenin bir
müddət orada yaşamasına baxmayaraq, heç biri tərcümə ilə məşğul olmamışdı.
Pasternakın sonralar bir çox gürcü şairlərindən tərcümələr etməsində isə, həmin
görüşün birbaşa rolunun olduğu istisna deyil.
Rəhbərlə söhbətdən bir çox illər sonra Stalin
cinayətlərinin miqyası məlum olduğu zaman Pasternak onu bu cür təsvir edirdi:
"Yengəcə oxşayan bir adam alatoranlıqdan mənə doğru
hərəkət etdi. Çopurla örtülü sifəti bütünlüklə sarı rəngdə idi. Həddən artıq
enli gövdəli olan bu cırtdan-adam boy ölçüsünə görə on iki yaşlı oğlanı
xatırlatsa da, olduqca qocaman sifətə malik idi”.
Amma bu obraz tezliklə formalaşmadı. İstər sovet,
istərsə də bir çox xarici ədəbiyyatçılar kimi (onların arasında dünya
mədəniyyətinin qabaqcıl adları yer alırdı) Pasternak da Stalinin güclü təsiri
altında idi. Müəyyən zaman zülmün
əsas səbəbkarı olan rəhbər həmin anda etiraz etməyi bacarmayan şairi
"heyran etməyə” müvəffəq olmuşdu.
Şair hətta törədilən qəddarlıqlara tarixi bəraət də qazandırmağa çalışır,
tarixdə buna bənzər analogiyalar axtarıb tapırdı:
...Pyotrun xoşbəxt günlərinin başlanğıcı
Üsyan və edamların yoxluğu.
Bu
sətirlərin tarixi 1931-ci il göstərilib.
"Otuzuncu
illərin əvvəllərində yazıçılar arasında kolxozlara gedib kitab üçün yeni
kəndlər haqqında materiallar toplamaq ənənəsi var idi. Mən də kitab yazmaq niyyəti
ilə onlarla birlikdə səfərə yollandım. Mənim orada gördüklərimi sözlərlə ifadə
etmək mümkün deyil. Bu, o qədər insanlıqdan kənar, təsviredilməz kədər,
dəhşətli müsibət idi ki, az qala abstrakt vəziyyətə çevrilir, şüurun sərhədləri
daxilinə sığmırdı. Mən xəstələndim. Bir il ərzində yata bilmədim.” Boris
Pasternak xatırlayırdı.
Amma həmin
sarsıdıcı hal sonuncu deyildi. Otuzuncu illərdə Moskva sürətlə böyüyür, göz
önündə dəyişirdi. Qədim məhəllələr sökülür, küçələr genişlənir, hündürmərtəbəli
evlər inşa edilirdi. Yetin altında metro qatarları şütüyür, faytonlar yoxa çıxır,
sovet istehsalı avtomobillərin sayı artırdı.
1936-cı
ilin ilk günündə keçirilən yazıçıların birinci qurultayında çıxış edərək
Pasternakın yaradıcılığını yüksək qiymətləndirən Nikolay Buxarinin redaktoru
olduğu "İzvestiya”nın səhifələrində şairin gələcəyə ümid vəd edən iki gözəl
şeiri dərc edilmişdi. Onlardan birində Leninin adı ilə bərabər Stalinin də adı
çəkilirdi.
Həmin günlər uzaqlarda qalıb –
Qədim daş divarın arxasında.
İnsan yox hərəkət yaşayır –
Dünya boyda əməlləri olan.
Görünür,
bu əsərlərin dərc olunması gizli qalmadı. Bütün ədəbi yenilikləri diqqətlə
izləyən, mövcud olmayan oxucularının bəxti gətirmədiyindən siyasətə üstünlük
verən şəxs özü də gənclik illərində rus dilində duyğu dolu şeirlər yazmışdı.
Həmin
nəşrdən az sonra Yazıçlar ittifaqına Stalinin köməkçisi Poskrebışev zəng edərək
Babel və Pasternakın Parisə beynəlxalq konqresə göndərilməsini tapşırdı.
Şair həmin
zaman ona təqdim edilən nadir imkandan yararlanmalı olsa da, çıxıb getməyə
üstünlük verirdi. Köməkçi yenidən zəng edib:
– Pasternak
və Babel yoldaşlara çatdırın ki, bu, yoldaş Stalinin istəyidir... – dedi.
Təcili
olaraq əşyaları toplamalı və order əsasında qapanmış atelyedə rəsmi görüş üçün
nəzərdə tutulan kostyum tikdirməli oldu.
"İzvestiya”dakı
nəşrdən bir il sonra böyük terror başladı, bir çox şairin (o cümlədən də,
Parisə Pasternakla birgə yollanmış yol yoldaşının) boynu vuruldu.
Amma edam şairin
özündən yan keçdi. Səbəbi isə hər kəsdə maraq doğurur...
Danışırlar
ki, "ən nəhəng insan”ın təqdim etdiyi növbəti gizli siyahıda Pasternakın soyadı
da olub, lakin "prokurator” hökmü "Bu mələyə toxunmayın” sözləri ilə ləğv edir.
Gürcü
dilindən tərcümələrlə bağlı görüşdən başqa Stalinin şairlə daha ciddi, onun
haqqında gəldiyi "mələk” qənaətinin daha da möhkəmlənməsinə səbəb olan telefon
danışığı olub.
Zəngdən
əvvəl faciə baş vermişdi. 1934-cü ilin bir yaz günündə Osip Mandelştam
Puşkindən başlayaraq Rusiyanın bütün böyük şairlərinin ayaq basdığı Tver
bulvarında Boris Pasternaka bu gün hər kəsə məlum olan şeirlərini oxuyur:
Ayağımız altındakı ölkəni hiss etmədən yaşayırıq –
on addımda da eşidilmir çıxışlarımız...
Bu cür
yazıların oxunmasının müəlliflə bərabər, dinləyici üçün də təhlükəli olduğunu
başa düşən Pasternak qəti şəkildə deyir:
– Nə mən
bunları eşitdim, nə də siz bunları oxuduz. Çünki bilirsizmi indi qəribə,
qorxulu hadisələr baş verir, insanları həbs edirlər, mən divarların da
qulaqlarının olmasından qorxuram, bəlkə də, bulvardakı skamyaların da eşitmək,
danışmaq bacarığı var. Ona görə də belə hesab edək ki, mən heç nə eşitməmişəm.
Amma bəzi
sözgəzdirənlər bu qiyam dolu şeirlər haqqında lazımi orqanlara xəbər
verirdilər.
Bax elə o
zaman – Mandelştamın həbsindən sonra
1934-cü ilin mayında Volxonkada yerləşən kommunal mənzilin dəhlizindəki telefon
zəng çaldı, Pasternak qulağına möhkəm sıxdığı dəstəydə Stalinin səsini eşitdi. Rəhbər
danışmağa başlamamış şair qonşu uşaqların dəhlizdə oynadığı üçün dəstəkdə səsin
aydın eşidilmədiyini deməyə macal tapdı. Uşaqları susdurmaq isə onun ağlına
gəlmirdi.
– Deyin
görək, Mandelştamın həbsi barədə sizin ədəbi çevrələrdə nə danışırlar? –
birinci səs soruşdu.
–
Bilirsizmi, heç bir söz deyilmir, çünki bizdə ədəbi çevrələr yoxdu. Heç kim heç
nə demir, çünki kimsə nə deyəcəyini bilmir, qorxurlar.
Həbs
edilənlə bərabər, həm də öz taleyinin bu söhbətdən asılı olduğunu başa düşən
şair söhbəti bu cür özünəməxsus tərzdə davam etdi. Bəs birdən Stalin "Kremldəki
dağlı” və bu qəbildən olan digər şeirlər barədə birbaşa sual versə, nə cavab
verməli? Pasternak hesab edirdi ki, səmimi müsahib məlumatlı olduğunu həmin
"intihar” sətirlərində ələ verə bilərdi.
Lakin
onlar barədə söhbət olmadı. Bir anlıq susduqdan sonra şairin cavabını düşünən
rəhbər başqa xüsusda sual verdi:
– Yaxşı,
indi mənə de görüm, Mandelştam haqqında sən özün nə düşünürsən? Ona bir şair kimi
münasibətin necədir?
– Əlbəttə
o, çox böyük şairdi, amma bizim heç bir ortaq cəhətimiz yoxdur – biz şeiri sındırırıq, o isə akademik məktəb
keçib... – deyə Pasternak söhbəti ədəbi
müstəvidən uzaqlaşdırmağa çalışaraq cavab verdi.
Ardınca
Stalinin qarşısına qoyduğu məqsəddən uzaq olan bu mövzu ətrafında danışıldı.
– Görürsən,
sən yoldaşını müdafiə edə bilmədin, – deyən rəhbər vidalaşmadan dəstəyi qoydu. Bu cür dönüşü gözləməyən
çaşqın Pasternak sadəlövhcəsinə Kremlə zəng etməyə çalışır, telefonçu qızlar isə
cavab verirlər ki, "yoldaş Stalin məşğuldur”.
Pasternakın
xatirələrini qələmə alan Olqa İvinskayanın təxmin etdiyi versiya budur.
Mandelştamın həbsi gözləri qarşısında baş verən Anna Axmatova da memuarlarında
bu barədə yazır. A.Axmatova kömək üçün Kremlə, Ümumrusiya Mərkəzi İdarə
Komitəsinin katibi, həmin zamanlar qüdrətli şəxs olan Yenukidzenin, Pasternak
isə hələ yüksək mövqeyini qoruyub saxlayan Buxarinin yanına tələsir. Axmatova
qeyd edir: Stalin sual verməzdən əvvəl sərəncam verdiyini və Mandelştamla bağlı
hər şeyin qaydasında olacağını söylədi.
Rəhbər
Pasternakdan nə üçün narahatlıq keçirmədiyini soruşdu. "Əgər mənim şair dostuma
bəla üz vermiş olsaydı, onu xilas etmək üçün az qala divara çıxardım”.
Pasternak cavabında dedi: "Əgər mən narahatlıq keçirməsəydim, Siz bu məsələdən
xəbərdar olmayacaqdız”. "Yazıçıların təşkilatlarına nə üçün müraciət etmədiz?”
– "Yazıçı təşkilatlar 1927-ci ildən bəri bu işlərlə məşğul olmurlar”. – "Amma o, sizin dostunuzdu axı”. Pasternak duruxdu və
Stalin uzunmüddətli sükutdan sonra davam etdi: "Həm də o, işinin ustasıdır”.
Pasternak cavabında "Bunun məsələyə dəxli yoxdur” dedi. Boris Leonidoviç
düşündü ki, rəhbər onun Mandelştamın şeirləri haqqında xəbəri olub-olmadığını
yoxlayır, öz qərarsız cavablarını da bununla izah etdi. "Biz ancaq və ancaq
Mandelştamdan danışırıq, mən nə vaxtdır sizinlə söhbət etmək istəyirdim” – "Nə
barədə?” – "Həyat və ölüm haqqında”. Stalin bu sözləri eşidən kimi dəstəyi
asır.
Pasternakın
duruxmasının səbəbi aydın idi – o, Mandelştamı heç vaxt dost hesab etməmişdi.
Onlar arabir görüşür, bəzən Mandelştam qonaq gəlir, yeni şeirlərini oxuyur,
əsasən tərcümə ilə məşğul olmamaq kimi məsləhətlər verirdi. Amma bütün bunlar
onun anlayışında dostluq deyildi. Pasternakın arvadına elə gəlirdi ki, Mandelştam
onun ərinə münasibətdə özünü təkəbbürlü aparır. Onun ədəbiyyatçılar mühitindən
həqiqi dostları gürcü şairlər və onların arvadları idi.
Nadejda Mandelştam yazırdı: Boris Leonidoviç həmsöhbətilə, hamımızla
– mənimlə, Anna Andreyevna ilə (Axmatova – L.K.) olduğu kimi söhbət edirdi. Və
biz hər üçümüz – A.A., O.E. (Osip Mandelştam - L.K.) və mən bunu yüksək
qiymətləndirirdik".
Axmatovanın
dediyinə görə onlar "ayrılmaz dördlük” olaraq tanınırdı.
"Gözlənilməz
son hədd” zamanı nə deyilmişdi?
Bəlkə
şairin telefon zəngindən uzun illər sonra heykəltəraş Zoya Maslennikovaya
dedikləri nəzərdə tutulur?
"Şairlər
gözəl qadınlar kimidi, onlar üçün bir-birinin dəyərini qiymətləndirmək asan
deyil”.
Hətta bir
az da aydın şəkildə bunları dedi:
"Əgər
Mandelştamın sovet adamı olması haqqında təminat lazımdırsa, onu sizə verirəm”.
"Kreml
dağlısı”, "Qatil” kimi şeirlərlə tanışlıqdan sonra bu sözləri demək onun ən azı
cəsarətli olmasından xəbər verirdi.
Pasternak
özünü başqaları kimi aparmırdı. Gah Pilnyaka və digər yazıçılara böhtan atılan
zaman olduğu kimi gözlənilmədən ətrafdakıların gözü qarşısında rüsvay
edilənlərin köməyinə tələsir (bu zaman alov onun özünü qarsımağa başlamışdı),
gah da fransız yazıçısının SSRİ haqqında yazdığı kitaba görə mühakimə edildiyi
məktubu imzalamaqdan imtina edir. Öz qərarını isə bu cür əsaslandırırdı:
– Mən
kitabı oxumamışam.
Şair
marşal Tuxaçevskini edam etməyi tələb edən xora da qoşulmaqdan imtina etmiş,
qəzəbə tuş gəlmiş Buxarinə səmimi məktub yazmışdı. Görünür, Pasternakı
cəzalanmaqdan "mələk”, az qala "təlxək” reputasiyası xilas etmişdi, məlum
olduğu kimi zalımların qarşısında ancaq həqiqəti söyləməyə icazə verilirdi.
1937-1939-cu
illər repressiyaları zamanı Pasternakın Stalinə qarşı düşüncələri kəskin
şəkildə dəyişir, o, artıq Pyotru xatırlatmırdı.
Artıq
Pasternak qardaşını, Tabidzeni, Mandelştamı, Meyerxoldu, yüzlərlə tanışını,
qohumlarını, dostlarını həbs etdikləri kimi onu da hər an həbs edə biləcəkləri
düşüncəsi ilə yaşamağa başlamışdı. Lakin, daim qorxu içərisində yaşamasına
baxmayaraq, "simasını qorumağa” çalışırdı. Həmin dövr üçün normal davranış
forması olmasına baxmayaraq, artıq Stalin haqqında şeir yazmırdı.
Fərqli
düşüncələrinə görə onu tənqid etməyə başladılar, iclaslara dəvət etmədilər, ən
əsası çap etməyi dayandırdılar.
Tərcümə
fəaliyyətinə – əsasən gürcü dilindən tərcümələrə başladı.
Bununla da
şəxsi yaradıcılıq donduruldu, amma şairin ömrü "böyük terror” illərində yarım
qalmadı, əksinə hələ bundan sonra iyirmi ildən artıq yaşadı. "Qoca” sözünün
şairin obrazı ilə heç cürə uyuşmamasına baxmayaraq, "Velikomuçenik” hünərini
ahıl yaşlarında göstərmək nəsib oldu.
***
Pasternak
şöhrətin ilk zirvəsinə otuzuncu illərin əvvəllərində çatmışdı. Mayakovskinin
intiharından sonra sanki poeziya kralının taxtı boşalmışdı, "Doqquz yüz beşinci
il”, "Leytenant Şmidt” poemaları isə müəllifi həmin məqama doğru aparırdı.
Bu
istiqamətdə xüsusilə sevimli şairini öz ardıyca az qala uçuruma aparacaq olan
Nikolay Buxarin daha çox cəhd göstərirdi.
Pasternak
o nadir şairlərdən idi ki, səs-küylü şöhrətə, xüsusilə də hakimiyyət tərəfindən
olan ictimai qayğıya ehtiyac hiss etmirdi. O, hətta səmimiliyinə şübhə yeri
qoymayan etiraf da etmişdi: Heç yaxşı əlamət deyil
Göyə ucalan insan.
Arxivlər yaratmağa nə gərək var ki,
Üstündə əsdiyin əlyazmalardan.
Pasternak
bu gün hər bir möhtərəm arxivdə mühafizə ediləcək qaralamalarını sobada
yandırırdı.
Onun şüuru
məişətlə bağlı deyildi. O, qəlbinin mənəvi qanunları ilə yaşadığından, mənəvi
yolu dünyəvi nizamsızlıqdan asılı deyildi. Buna görə də yığıncaqlarda və dövrü
mətbuatda davamlı olaraq başının üzərində dolaşan uğursuz tənqidlər olduqca
yüngül qarşılanır, iş qabiliyyətinə, əhvalına təsir etmir, adət etdiyi cığırdan
sapması halı baş vermirdi. Bu isə onun bədxahlarının qəzəblənməsinə səbəb
olurdu.
1933-cü
ildə "Mühafizə fərmanı” avtobioqrafik nəsr əsəri qadağan edildiyi zaman
şimşəklərdən biri guruldadı.
Şairin,
həyatın yaxşılaşması və rejimin yumşalması xüsusunda keçmiş illüziyalardan
qurtulması ilə onun rəsmi dairələrdən uzaqlaşdırılması başladı. Elə bu zaman
sübut etdi ki, onun son zamanlar dilə gətirdiyi "mövqeyə görə şəxsiyyətini
itirməmək” şüarı təkcə gəlişigözəl sözlər deyildi. O, incəsənətə münasibətdə
Şostakoviçin musiqisi haqqında direktiv məqalələrlə təbliğinin həyata
keçirildiyi istiqamətin əksinə gedirdi. Böyük bəstəkarı zəhərlədikləri
yığıncaqda iştirak edən "Rəhbər” və "İlahi”nin ağzından birdən-birə bu sözlər
eşidilmişdi: "Qışqırmayın, əgər qışqırırsızsa, hamınız eyni səslə qışqırmayın,
müxtəlif səslərlə qışqırın.”
Bu mənəvi
dağıntı haqqında şairin etirafı da diqqətçəkəndir: "1936-cı ildə, məhz bu
qorxunc proseslər başladıqda mənim üçün hər şey mənasını itirdi. Zamanla baş
verən bərabərləşmə isə onunla mənim aramda açıq-aşkar mübarizəyə çevrildi”.
Gördüyümüz
kimi, Boris Pasternak müasirlərini düz iyirmi il qabaqlamışdı. O, N.S.Xruşovun
partiyanın XX qurultayındakı çıxışından sonra insanların həqiqəti başa
düşdüklərini mənən duyurdu.
İyirminci
illərin sonundan şair şərti adı "İnqilab” olan "ölüm və həyat” haqqında, ədəbi
nəslinin taleyindən bəhs edən povest yazmağa başladı. Povest böyük həcmli
romanın bir hissəsi olmalı idi. Roman-epopeya haqqında düşüncələr şairi uzun
illərdir təqib edirdi.
Bacısı
Olqa Freydenberqin 5 oktyabr 1946-cı il tarixi qeyd edilmiş məktubundan məlum
olur ki, o, 1902-1946-cı illər aralığında bütün zamanını, əvvəlcə "Oğlanlar və
qızlar” adlanan romana həsr etmiş, həmin məktubun yazıldığı tarixdə nəzərdə
tutulan əsərin dördüncü və ya beşinci hissəsini bitirmişdir. "Bütün bunlar
olduqca ciddi işlərdir. Mən artıq qocalmışam, yəqin ki, tezliklə öləcəyəm, buna
görə də azad fikirlərimi ifadə etməyi təxirə salmaq olmaz”.
1946-cı
ildə özünü qoca hesab edən Boris Pasternakın 56 yaşı tamam olurdu. Elə həmin
ilin payızında şairin, "Novıy mir” jurnalının redaksiyasında poeziya şöbəsinin
əməkdaşı, tərcüməçi Olqa İvinskaya ilə tanışlığı baş tutur. Beləliklə, payına
düşən əzabların öhdəsindən gəlməyə kömək edən sevginin təməli qoyulur.
Romanı
yazmağa başladığı zamandan bəri onu heç kimdən gizlətmirdi. Hazır fəsilləri həm
öz evində, həm də qonaqlıqda olduğu zaman dostlara, tanışlara oxuyurdu. O,
sovet oxucusu üçün yazırdı. 23 yanvar 1947-ci ildə "Novıy mir” jurnalının
redaksiyası ilə romanın dərci üçün bağlanmış müqavilə bunun əsas sübutudur.
Qiraət zamanı dostlar məsləhət verir, əsasən "arxa plandakı fikrin inqilabi
fonunu gücləndirmək və ətraflı təsvir etməyi” təklif edirdilər. Romanı dinləyən
bağ qonşusu Konstantin Fedin Stalinin adının xatırlanmasından heyrətə gəldi.
Pasternak isə bu iraddan nəticə çıxarmadı.
Yazıçıların
birinci qurultayında şairin əleyhinə çıxış edən köhnə bədxahlardan olan Aleksey
Surkov jdanovşinanın (Jdanov doktrinası. KPMK katibi A.Jdanov tərəfindən
1946-cı ildə əsası qoyulmuş sovet mədəni hərəkatı – X.N.) carçılarından biri
olan "Mədəniyyət və həyat” qəzetində Pasternaka "hücum etmişdi”. Tam əsaslı
şəkildə siyasi donosa aid edilməli olan məqalədə iddia olunurdu ki, "...sovet
ədəbiyyatı onun poeziyası ilə barışa bilmir”.
Moskvada
Pasternakın "əksinqilabi roman” yazması haqqında söz-söhbət yayıldı.
Aleksey
Surkovun ardınca Aleksandr Fadeyev Pasternakın "ideya düşmənlərimizdən” biri
olduğunu bildirdi.
Hücumlar
1948-ci ildə də davam etdi. Nəticədə "Seçilmiş”in çap edilmiş cildi məhvə
sürükləndi. Bu hadisə aprel ayına təsadüf edirdi. Elə həmin ayda Pasternak
yazırdı: "Şikayət etməyim üçün səbəb yoxdur, həyatımdan razıyam. Amma romanı
tezliklə yazıb bitirmək istəyirəm”. Yazıçı artıq həmin dövrdə əsəri "Doktor
Jivaqo” adlandırmaq qərarına gəlmişdi. Müəllifin təsəvvüründə şeir yazan əsas
qəhrəman "Pasternak, Blok, Yesenin və Mayakovskinin ümumiləşmiş obrazı” idi.
Növbəti
ildə Pasternak romanın ikinci hissəsini yazmağa başladı. Elə həmin dövrdə
kosmopolitizmlə mübarizə baş qaldırdı. Hücumlar yenidən hərəkətə keçdi, bu dəfə
onun nəsil-kökü ön plana çəkilirdi. Lakin bu təqiblər şairin uzun illərdir
gözlənilən həbsi ilə müqayisədə heç bir şey idi.
Həbs
1949-cu ilin payızına təsadüf etdi. Lakin onu deyil, Olqa İvinskayanı həbs
etdilər. Həbsdən on dörd gün sonra isə qadını, qarşısında Pasternakın imzalı
kitabları düzülmüş müstəntiqin yanına apardılar.
"Sizin
Pasternakla xaricə qaçmaq istəməyinizə səbəb nədir” müstəntiq A.S.Semyonov
soruşdu. "Bizdə dəqiq məlumatlar var. Məsləhət görürəm ki, düşünüb cavab
verəsiz, Pasternakın yazdığı romanın antisovet məzmunundan xəbəriniz varmı?”
Müstəniq
İvinskayanın ifadəsini oxuduqda bəyan edir: "Siz lazım olanı yazmırsız.
Yazmalısız ki, o, sovet gerçəkliyinə böhtan atır”.
İvinskayanın
həbsindən yarım il sonra Pasternakı Lubyankaya çağırdılar. Telefonda onun
tezliklə gəlməsi təklif edilirdi. İvinskayadan müsadirə edilmiş kitabları və
məktubları Lubyankada ona təqdim etdilər.
Olqa
İvinskayanı həbs edib sürgünə göndərmişdilər. Şairi isə həbs etməsələr də bu
yolla cəzalandırırdılar.
O, bu
zərbəyə də mətanətlə dözdü. "Mən yenə də istədiyim kimi yaşayıram, həyatım
bahasına başa gəlsə də sağ-salamat və xoşbəxtəm”, – "sevgi qayığı” sürgün
çaylarının soyuq sularında uzun müddətlik üzüb getdikdən bir il sonra yazırdı.
Xoşbəxtlik
və həyat eşqini yazmaqdan alırdı. Roman bitdi, Hötenin, Şekspirin tərcüməsi
yekunlaşdı.
Lakin gücü
tükənirdi, 1952-ci ilin payızında ilk infarkt oldu. Bütün zavallılar kimi
Pasternakın da beş saat uzanıqlı vəziyyətdə qəbulda gözlədiyi Botkinski
xəstəxanasına apardılar, palatada yer boşalana kimi gecəni dəhlizdə keçirdilər.
Hətta burada da – ölümlə təkbətək qalarkən pəncərədən görünən ağacların
təpəsindən boylanan Moskvanın şəfəqlərinə nəzər salaraq, öz sözləri ilə desək,
dua edir və "xoşbəxtlikdən sevinərək ağlayırdı”.
1953-cü
ilin payızında Olqa İvinskaya da başqa günahsızlar kimi sürgündən qayıtdı.
Pasternak isə bu zaman da "mənim zamanım hələ gəlməyib” düşüncəsi içərisində
yorulmadan Yuri Jivaqonun dəftərinə roman və şeirlər yazırdı. Stalinin
ölümündən bir il sonra şeirləri "Znamya” jurnalının aprel nömrəsində "Romandan
on şeir” başlığı ilə dərc edildi.
"Havalar
qısa müddətlik mülayimləşdi”, amma "ədəbiyyatın əyanları” ilə isinməyən
münasibətlər, "rəsmi mühit”lə də son həddə idi. İfşa edilmiş kultun yerinə yeni
"şəxsiyyətsizlik kultu” formalaşmağa başladığını ilk anlayan şəxslərdən biri
Pasternak oldu.
Şəxsiyyət kultu itirib qüdrətini
Mənasız ifadələrin kultu
Meşşan və şəxsiyyətsiz kult
Yüz dəfələrlə böyüyüb.
Hər gün acizlik yaşayırıq
Yer tapmırıq özümüzə
Faktiki qruplar isə
Donuzsifətlilərdi ancaq.
Qar əridi,
bahar gəldi, redaksiya isə "Doktor Juvaqo”nu çap etməyə tələsmirdi.
Konstantin
Fedin məhdud çevrədə romanı "möhtəşəm” adlandırsa da, "Novıy mir” jurnalının
redaksiya heyətinin müəllifə etiraz edən beş üzvünün imzaları arasında K.Fedinin
də imzası yer almışdı. Bu hadisə 1956-cı ilin sentyabr ayının ortalarına
təsadüf edirdi.
Amma bu
imtinadan bir neçə ay əvvəl mayda belə bir hadisə baş verdi. V.M.Borisov və
E.B.Pasternakın bioqraflarının yazdıqlarına görə "1956-cı ilin mayında
Yazıçılar birliyinin əcnəbi kollegiyasının üzvlərindən biri Pasternakın evinə
İtalyan kommunist partiyasının üzvü, Moskvadakı italyan radioyayımının əməkdaşı
Sercio D’ancelonu tanışlıq məqsədi ilə qonaq gətirdi”.
Burada bir məqama aydınlıq gətirmək istərdim. Boris Leonidoviç
romanın əlyazmasını mütaliə üçün vermirdi. Məqsədi əsərin sərhəddən uzaqda çap
edilməsi idi, çünki romanın vətəndə nəşrinə inamı demək olar ki, qalmamışdı.
"İtaliyanın nəhəng naşiri Feltrinellinin emissarı (nümayəndə - X.N.)
Sercio D’ancelo bu gün qonağım oldu – şair Olqa İvinskayaya xəbər verdi. O,
mənim romanımla maraqlandı. Mən isə dedim ki, əgər əsər onların xoşuna gəlsə,
onu istədikləri kimi istifadə edə bilərlər”.
"İstədikləri kimi istifadə edə bilərlər” – bu cümlə heç də
"tanışlıq”a oxşamırdı.
Doğrudur,
Pasternak özü əcnəbi naşirlərlə görüşə can atmır, onlara müraciət etmirdi.
Lakin 1956-cı ilin mayın sonunda hadisələrin axarıyla atdığı həmin qəti addıma
hazır idi. İtalyalı kommunist müəlliflə söhbət əsnasında diqqəti partiyanın XX
qurultayından sonra ölkədə və dünyadakı siyasi iqlim dəyişikliyinə yönəltdi.
Qısa müddətli söhbətin ardınca Pasternak evdə kimsəyə bir söz demədən, heç
kimlə məsləhətləşmədən romanın əlyazmasını təqdim etdi. Vidalaşarkən isə
italyana dedi: "Siz məni öz edamıma dəvət etdiniz”. Əslində isə o, hər şeyə
hazır idi, hətta edama da.
Naşir
əlyazma ilə tanış olduqdan sonra romanı italyan dilində nəşr etmək niyyətini
xəbər verdikdə, Pasternak 30 iyunda göndərdiyi cavab məktubunda buna şad
olacağını bildirdi. Əlavə olaraq isə: "Əgər onun bir çox vəd verən jurnallarda
nəşri geciksə və siz onları qabaqlasaz, mənim vəziyyətim faciəvi olacaq” deyə
qeyd etdi. Lakin nə edam, nə faciə, heç bir şey məşəqqətli romanı çap etmək
istəyən müəllifin qarşısını kəsmək iqtidarında deyildi.
Həm Olqa
İvinskaya, həm də şairi təhlükəli vəziyyətə saldığını başa düşən Sercio D’ancelo
"işi təxirə salması” haqqında naşirə teleqram göndərməsi barədə
Pasternakı dilə
tutsalar da vəziyyət dəyişmədi:
"Pasternak
az qala qışqırırdı ki, biz onunla ləyaqətsiz insan kimi rəftar edirik. "Mənim
bu yaxında "Doktor Jivaqo”nun çap edilməsi həyatımın başlıca məqsədidir”, deyə
yazdığım Feltrinelli barəmdə nə düşünəcək?”
Moskvadan
işin "yubandırılması” ilə bağlı göndərilən teleqram latın hərfləri ilə rus
dilində yazılmışdı. Lakin bu addım heç bir nəticə vermədi. Verə də bilməzdi.
Çünki
Y.Yevtuşenkonun xatirələrindən məlum olduğu kimi müəllifin naşirlə anlaşmasında
"yalnız fransız dilində yazılmış teleqram və məktublara etibar etməli!” – deyə
qeyd edilmişdi
"Doktor
Jivaqo” 1957-ci ilin noyabrında italyan dilində çapdan çıxdı. Romanın yer
kürəsində təntənəli yürüşü başladı, iki il ərzində o 24 dildə nəşr edildi!
İtaliyadakı
nəşrdən bir il sonra İsveç Elmlər Akademiyası Pasternakı Nobel mükafatına layiq
gördü. Ondan əvvəl bu şərəfə rus müəlliflərdən İvan Bunin layiq görülmüşdü.
"Sonsuz minnətdaram, mütəəssirəm, fəxr edirəm, heyrətlənmişəm, utanıram”, –
şair Stoqholma göndərdiyi teleqrafda qeyd etmişdi.
"Ədəbiyyat
əyanları”, ilk növbədə də Pasternakı xəyanətdə ittiham etmiş Aleksey Surkov tamamilə
başqa hisslər duyurdu.
Bir gün
Konstantin Fedin bağ evinə gələrək bəyan etdi ki, Pasternakdan "öz xoşu ilə”
mükafatdan imtina etməsi tələb edilir.
Stalin öz
zamanında analoji mövzuların çapına qarşı olduğundan daha güclü təqib başlandı.
İuda, zavallı doktor Yuri Jivaqo və müəllif eyni sıraya qoyulurdu. Nikolay
Serqovantsev və Vladimir Firsovun rəhbərliyi ilə Litinstitutun tələbələrinin
bir hissəsi şairi xaricə göndərmək tələbi altında nümayiş keçirdilər.
Məhz bu
hədə-qorxu onu mükafatdan imtina etmək, rəsmi şəraitin təzyiqinə güzəştə getmək
kimi mühüm qərar qəbul etmək düşüncəsinə gətirib çıxardı. Yenidən heç kimlə
məsləhətləşmədən, heç kimə demədən teleqraf vasitəsilə məlumat yolladı:
"Mənsub
olduğum cəmiyyətin sizin qiymətləndirmənizə verdiyi önəmdən dolayı layiq
olmadığım halda uyğun gördüyünüz mükafatdan imtina etməliyəm. Xahiş edirəm,
mənim könüllü imtinama görə inciməyin.” Teleqramın göndərildiyi 29 oktyabr
Pasternakın həyatında ən qaranlıq gün oldu. Məhz həmin gün axşam ÜGLKİ MK
(Ümumrusiya gənclərin Lenin kommunist ittifaqının mərkəzi komitəsi – X.N.)
iclasında təşkilatın rəhbəri V.E.Semiçastnı çıxış edərək şairin SSRİ-dən
uzaqlaşdırılmasını təklif etdi. Çıxışın əvvəlində onu "yaramaz qoyun”la
müqayisə etdi. Sonra açıq şəkildə donuzla qarşılaşdırdı, bundan sonrakı
müqayisələrdə də heyvanlara üstünlük verildi. Bu yaxınlarda V.Y.Semiçastnının
bu aksiyanın təfərrüatından bəhs etdiyi müsahibəsində bu sözlərin müəllifinin
əsl adı məlum oldu. Bu, donuz və qoyun obrazları ilə danışılan çıxışın
layihəsinin rəhbəri N.S.Xruşov idi. Çıxışa M.A.Suslov tərəfindən düzəliş
edilirdi.
Ən
heyrətlisi budur ki, həmin zaman nümayişə çıxanlar, şairin Yazıçılar
İttifaqından çıxarılmasına səs verənlər, mətbuatda qınayanlardan nə Semiçastnı,
nə Xruşov, nə də Suslov romanı oxumamışdılar. Yaddaşlardakı 1937-ci il
hadisələri təkrarlanırdı.
Şairin
ömrünün 69-cu ilində payına bax belə dəhşətli əzablar düşdü.
Pasternak
düşündü, təhdidlərdən qorxdu, mühacirətə yollanmaq barədə yazdı, amma elə həmin
an kağızı cırdı: "Qoy günlər həminki qaydada keçsin, adət etdiyim narahatlıqlar
və hətta həmişəki təqiblər davam etsin”.
Şairin
evinə həkim göndərdilər ki, gözünü üstündən çəkməsin, özünə qəsd etməsinə imkan
verməsin. 31 oktyabrda Pasternak Xruşova bu məzmunlu məktub yolladı: "...Mən
anadan olandan bəri, həm həyatım, həm də işimlə Rusiyaya bağlıyam... Vətəndən
kənara köçmək mənim üçün ölümə bərabərdi. Bu səbəbdən xahiş edirəm, mənə qarşı
bu cür tədbir görməyəsiz. Əlimi ürəyimin üstünə qoyaraq deyə bilərəm ki, mən
sovet ədəbiyyatı üçün nə isə etmişəm və hələ ona gərəkli ola bilərəm”. Məktubun
göndərildiyi həmin gün Yazıçılar İttifaqının ümumi yığıncağında Pasternakı öz
sıralarından uzaqlaşdırdılar.
Rus
ədəbiyyatının şərəfinə həmin günlər poemalar, romanlar və pyeslər müəllifinin
əleyhinə coşqunluq göstərən kütləyə qarşı meydanda döyüşçüyə çevrilmiş bir
insan tapıldı. Bu "Doktor Jivaqo”nun çap edilməsi nəzərdə tutulan, lakin həyata
keçirilməyən nəşriyyatın redaktoru idi. O, romanı bir neçə dəfə, əlində qələmlə
oxumuş, məzmunun dərinliyinə varmış və bu zaman indi hər kəsə məlum olanları
başa düşmüşdü. Həmin vaxt Anatoli Vasilyeviç Starostin ayağa durub dedi:
– Mənim
əlimdə mükəmməl sənət əsəri var. Siz isə onu təqib vasitəsinə çevirmisiz.
Beləliklə,
Yazıçılar İttifaqının üzvlərinin sayı bir nəfər qədər azaldı. Amma SSRİ vətəndaşlarının
sayında azalma baş vermədi. MK-yə gəlmiş şairə elan edildi ki, ona Vətəndə
qalmağa icazə verilib.
Pasternakın
azadlıq arzusu ona baha başa gəldi. Qışqırıqlar səngiyəndə o, "Nobel mükafatı”
şeirini yazdı: Qovulan heyvan kimi keçdim ələ.
Hardasa insanlar, azadlıq, işıq var.
Mənimsə arxamda təqibin səs-küyü
Çıxış yolu yoxdu...
Bu şeiri
ingilis müxbirə verib İngiltərədəki doğma bacılarına çatdırmasını xahiş etdi.
Amma həmin şeir təkcə bacılara deyil, radio vasitəsilə bütün dünyaya yayıldı.
Pasternak
bütün əzablara dözür, işləmək üçün özündə güc tapırdı. Pyes yazdı. Baş
verənlərə görə isə təəssüflənmirdi, italyan naşirə onun üçün etdiklərinə görə
minnətdarlıq edir, "uğursuz taleyinin onlara yaşatdığı xoşagəlməz hadisələr”ə
görə üzr istəyirdi.
İtalyan
naşirə verilən əlyazma Qərbin əlinə keçən yeganə nüsxə deyildi.
1957-ci
ildə roman İtaliyada çap olunmazdan əvvəl müəllif daha bir əlyazmanı fransız
ədəbiyyatçı Jaklin de Pruayara hədiyyə etmişdi. Bu, "yoxlanmasına macal
tapılmadan”, "Novıy mir”in redaksiyasında nəticəsiz qalan və oradan lüzumsuz
olaraq geri qaytarılan çap variantı idi. Bu mətn rus dilində 1978-ci ildə
Jaklin de Pruayarın səyləri nəticəsində dərc edilir.
Gördüyümüz
kimi, Pasternak çalışırdı ki, həyatının əsas zəhməti havada qalmasın. Əgər
birdən roman müsadirə edilərdisə (təcrübələr göstərir ki, bu cür qorxuların
əsası var idi), bir neçə nüsxəsinin azadlıqda qalmasının qayğısına qalmışdı.
Təbiət
şairə heyrətamiz həyat eşqi və sarsılmazlıq bəxş etmişdi. O, 1958-ci il oktyabr
həyəcanından sonra az müddət çalışdı. Tezliklə ikinci infarkt baş verdi,
ardınca isə Aleksandr Tvardovskinin (Rus yazıçısı, şair, jurnalist, 1910-1971 –
X.N.) düçar olduğuna bənzər xərçəng baş qaldırdı.
Şairin son
nəfəsində arvadı Zinaida Nikolayevnaya söylədiyi iki kəlmə oldu. Birincisi –
bağışla. İkincisi – sevinirəm. Qadın hər iki kəlməni özünə aid etdi. O, ehtimal
etdi ki, şair arvadının qolları arasında vəfat etdiyi üçün sevinir. Mənim
fikrimcə, sonuncu söz Zinaidaya aid deyildi. Pasternak ölüm yatağında sevinc hiss
edirdi. Yalnız həmin anda – həyatdan ölümə sirli keçid zamanı onu hiss etmişdi.
Uşaqlıqdan bəri inandığı digər dünyaya əzabsız qədəm basdığı üçün sevinirdi.