• cümə, 19 Aprel, 18:31
  • Baku Bakı 24°C

Döyüşdən qaçan “sərkərdələr” - Fotolar

10.10.19 18:27 5347
Döyüşdən qaçan “sərkərdələr” - Fotolar
AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan Milli Şuranın bir neçə gün bundan öncə şəhərin mərkəzində 50 nəfərlə "inqilab” etmək cəhdi radikalların miskin durumunu, onların verdiyi populist bəyanatların arxasında heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi. Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə, qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniyası aparmaq məqsədi həyata keçmədi. Bir qrup cəbhəçinin cığallıq edib, ictimai asayişi pozaraq qanunsuz əməllərə yol verməsi, AXCP və Milli Şuranın normal şəkildə aksiya təşkil etmək iqtidarında olmadığını da ortaya qoydu. Ən önəmli məqamlardan biri isə budur ki, xalqı etiraza, mitinqə, piketə səsləyən Ə.Kərimli özü piketdə görünməyib, yalnız ətrafını təlimatlandıraraq prosesi kənardan izləmək yolunu tutub. Piketin "bayraqdarı”, "öndəri” qismində həyat yoldaşının barmaqlarını, qızının dizini sındıraraq onlara fiziki-mənəvi işgəncə verən "demokrat”, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı olub. Maraqlıdır, söz demək üçün imkan, meydan axtaran, piket keçiriləndə isə haradasa gizlənən, sadə partiya üzvlərinə fitva verən AXCP sədrinin deməyə sözü yoxdurmu, artıq tükənibmi? Məgər Ə.Kərimli personası haqqında o qədər yüksək fikirdədir ki, piketi özünə yaraşdırmayıb?

Razi Nurullayevin sədrlik etdiyi AXCP-də siyasi məsələlər üzrə müavin postunu tutan Məhəmməd Əsədullazadə mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhəri İcra Hakimiyyəti qarşısında keçirdiyi piketdə yadda qalan, yalnız ictimai asayişin pozulmasına yönəlik hərəkətlər olub: "Ümumiyyətlə, "Yurd” sədri Əli Kərimli və Milli Şura tandemi ölkədə xaos və anarxiyanın bərqərar olmasına çalışır. Onların fəal üzvləri ilə söhbət etdikdə dərhal sezmək olur ki, nə qədər anti-demokratik və dövlətçiliyə qarşı düşməndirlər. Onlar müxalifət anlayışını dağıdıcılıqda və inqilabda görürlər. Hesab edirəm ki, piket və mitinq tələbi əsasən dağıdıcılıq missiyasının tərkib hissəsidir. Həmin piketdə Əli Kərimli və Cəmil Həsənlinin iştirak etməməsi isə göstərir ki, onlar liderlikdən kənar, yalnız öz maraqları kontekstində çalışırlar. Vətəndaşları qabağa verməklə, onlardan baryer kimi istifadə etməyə cəhd edirlər. Liderlik belə olmur. Həmin piketdə onların iştirak etməməsi göstərir ki, nə qədər vətəndaşlardan kənardadırlar. Ümumiyyətlə, Əli Kərimli siyasəti anti-demokratik bir anlayışdır”.

BAXCP funksioneri Nəzakət Məmmədova bizimlə söhbətində bildirib ki, sərbəst toplaşmaq azadlığı haqqında Qanununda hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığının Konstitusiyanın 49-cu maddəsi ilə təmin edildiyi göstərilib. Onun sözlərinə görə, qanunun müvafiq müddəasında təsbit edilib ki, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.

N.Məmmədova vurğulayıb ki, AXCP və Milli Şuranın təşkil etdiyi piketə də qanuna uyğun olaraq icazə verilib, qadağa qoyulmayıb. Lakin piketin iğtişaş formasına keçməsi, onu təşkil edən siyasi təsisatların rəhbərlərinin orada iştirak etməməsi göstərib ki, tədbirin məqsədi ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərin ifadə edilməsi deyil, radikal siyasi mövqeyə malik şəxslərin kiçik bir qrupu vasitəsilə qarışıqlıq, çaxnaşma yaratmaq olub: "Yazılmamış belə bir qanun var: özünü başçı, lider, hesab edən şəxs irəlidə getmirsə, onun ideyası iflasa məhkumdur. Belə insanlar nəinki kənar şəxsləri öz sıralarına cəlb etmək iqtidarındadır, hətta təşkilatlarının sıralarında yer alan tərəfdarlarını da öz səmimiyyətlərinə inandıra bilməzlər. Liderlərin orada iştirak etməkdən yayınması onu göstərir ki, təxribat əvvəlcədən planlaşdırılıb, məqsəd ara qarışdırmaq, hakimiyyətin qeyri-demokratik imicini formalaşdırmaq, sabitliyi pozmaq, polisi qəsdən piket iştirakçıları ilə qarşıdurmaya təhrik etməklə, dövlətin guya dinc etirazçılara zorakılıq tətbiq etdiyi təsəvvürünü yaratmaqdır. Azərbaycana qarşı gecə-gündüz təbliğat aparan, xaricdən şübhəli mənbələrdən maliyyələşən media orqanlarının canfəşanlıqla hadisə yerindən canlı yayım etməsi də piketin əvvəlcədən qarışıqlıq yaratma məqsədilə təşkil edildiyini göstərir. Döyüşdən qaçan "sərkərdələr” qorxaqlıqları ilə ilk növbədə öz tərəfdarları arasında ruh düşkünlüyü yaratmaqla, məğlubiyyətə məhkumdurlar. Hakimiyyətə gəlmək iddiası olan siyasətçi cəsarətli olmalı, tərəfdarlarını meydanda tək buraxmamalı, onları qurban vermək hesabına əzabkeş obrazı yaratmaqla, gözə kül üfürüb, ən əzabkeş siyasi lider obrazı yaradıb, bununla yüksələ bilməzlər. Siyasət fədakarlıq, əmək istəyər, onu bacarmayan liderlər siyasətdən getsə, yaxşıdır”.


"İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də qəzetimizə açıqlamasında deyib ki, Milli Şuranın məqsədi "piket” keçirmək deyil, gərginlik yaratmaq olub: "Etiraf edək ki, əhalinin əksər hissəsi piket və mitinqin və yaxud digər aksiyaların formatını bilmir. Əli Kərimli də məhz bu tip məsələlərdən öz şəxsi mənafeyi üçün istifadə edir. Öncədə süni formada ajiotaj yaratmaq məqsədi ilə əhaliyə çağırışlar etdi. Düzdür bu çağırışlara ölkə vətəndaşları cavab vermir. Qanunvericiliyə görə, 100-200 nəfər partiya üzvünün bu aksiyaya qoşulmaq hüquqi yoxdur. Piketin konkret tələbləri var və bu tələblərə uyğun olaraq, müvafiq qurumlar tərəfindən şərait yaradılır. Bu məsələdə təkcə piketçilərin hüquqları deyil, sadə vətəndaşların hüquqları və təhlükəsizliyinin təmin olunması da dövlətin borcudur. Piket ərəfəsində çox aydın hiss olunurdu ki, "mühüm tapşırıqlardan" birini də Fuad Qəhrəmanlı həyata keçirir. O, süni şəkildə kiçik qrup formalaşdıraraq gərginlik yaradırdı. Sözsüz ki, bu da öncədən hazırlanmış bir planın tərkib hissəsi idi. Əli Kərimlinin göstərişi ilə təşkil olunan, lakin onun özünün iştirak etmədiyi bu piketin keçirilməsində, daha doğrusu ictimai asayişi pozmaqla həyata keçirilməsində başqa məqam da var idi. Bu, ondan ibarətdir ki, bəzi şəxslər birbaşa təxribata əl atır və məqsədli şəkildə özlərinə qarşı diqqəti cəlb etməyə çalışırdılar.Kənardan isə kameralar iş başında idi. Dəfələrlə bu fikir öz təsdiqini tapıb ki, bu tip aksiyaların bir məqsədi də mühacir biznesi həyata keçirmək üçün nəzərdə tutulur”.

Ekspertlərin fikirlərindən də aydın olduğu kimi, demokratiya libasına bürünən AXCP sədri Ə.Kərimlinin, eləcə də onun timsalında bütün radikalların məqsədi heç də dinc yürüş, piket və ya mitinq keçirmək deyil. Demokratiya və azadlığı özbaşınalıq, dağıdıcılıq kimi qavrayan radikallar bu kimi aksiyalarda yalnız təxribatlar törətməklə siyasi sifariş yerinə yetirir, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə neqativ rəy formalaşdırmağa çalışırlar.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər