• cümə axşamı, 28 mart, 17:13
  • Baku Bakı 16°C

Dövlət sektorunda maaşlar artacaq, bəs özəl müəssisələr? - ARAŞDIRMA

20.11.21 09:30 1011
Dövlət sektorunda maaşlar artacaq, bəs özəl müəssisələr? - ARAŞDIRMA
İqtisadçı ekspert hesab edir ki, dövlət sektorundakı artımın özəl sektora təsiri hər bir müəssisədən, hər bir sektordan asılı məsələdir. Artımların orta və uzunmüddətli dövrdə özəl sektorda da əks olunması təbii iqtisadi prosesdir, gözlənilir
2022-ci ilin dövlət büdcəsi layihəsində minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılıb. Bu da o deməkdir ki, tamştatlı işçilərə özəl və dövlət müəssisələrində təyin edilən əməkhaqqı gələn ildən 300 manatdan aşağı olmayacaq. Yəni, bu dəyişiklik bütün sektorları əhatə edən qərardır.
Eyni zamanda gələn ilin dövlət büdcəsində əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması gözlənilir. Burdakı əməkhaqqı hissəsində isə söhbət dövlət büdcəsindən maliyyələşən müəssisələrdən gedir.
Azərbaycanda illik inflyasiyanın 2021-ci ilin yekununda9,5-10,5civarında olacağı ilə bağlı proqnozlar verilirdi və hazırda bunu hər kəs hiss edir. Bu səbəbdən özəl sektorda çalışanlarda da sual yaranır: Dövlət sektorunda maaşlar artacaq, bəs bizdə necə olacaq?
İki istiqamətdə təsir
İqtisadçı ekspert Rəşad Həsənovdeyir ki, verilən qərarlar özəl sektordakı əməkhaqlarına iki istiqamətdə təsir edəcək: "Birincisi, minimum əməkhaqqının artırılması özəl sektora da tətbiq olunur. Özəl sektorda kimsə 250 manatdan çox, amma 300-dən az əməkhaqqı alırdısa, indi bu rəqəm 300 manata çatdırılacaq. İkinci təsiri isə, dolayı yolla olacaq. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması gözlənilir. Bu, əmək bazarında müəyyən qədər rəqabət formalaşdıracaq. Çünki ölkəmizin əmək bazarı çox kiçikdir. Muzdla çalışanların 1,6-1,7 milyon nəfərlik əmək bazarı var. Bunun 60 faizdən bir az çoxu dövlətin payına düşür. Dövlət sektorunda əməkhaqlarının artması o deməkdir ki, ümumi əmək bazarında əməkhaqqı artacaq. Seçim imkanları genişlənəcək və dövlət seqmentinə keyfiyyətli işçilərin keçməsi ehtimalı yüksəlir. İnsanlar rasional qərar qəbul edir. Bu da nəticədə sahibkarların, biznesin də öz çalışanlarının qayğısına daha yaxşı qalması, onların gəlirlərini, maaşlarını artırması istiqamətində bir çağırış formalaşdırır”.
Bir müddət sonra hiss oluna bilər
Dövlət sektorunda əməkhaqlarının artmasının ümumi əmək bazarına təsirinin nə zaman olacağına gəlincə, R.Həsənov bildirdi ki, bununla bağlı dəqiq müddət səsləndirmək mümkün deyil: "Nə qədər müddətdə təsiri olacağını deyə bilmərik. Çünki dolayı təsirdir. Bir müddət sonra bunun effektlərini bazarda hiss etmək olar. Normal bazar iqtisadiyyatında müşahidə oluna bilən prosesdir. Özəl sektorda 100 faiz bütün sahələrə təsir edəcəyini də demək olmaz. Ancaq böyük çoxluğa müəyyən zaman çərçivəsində təsir göstərir”.
Əl, yoxsa zehni əmək?
R.Həsənovun sözlərinə görə, ümumilikdə, zehni əmək tələb olunan özəl sektor sahələrində əməkhaqlarında artım daha tez gedəcək: "Təsirin necə və hansı müddətdə olmasına təsir edən faktorlar çoxdur. Sahibkar hansı fəaliyyət sahəsindədir? Ona nə qədər keyfiyyətli mütəxəssis lazımdır? Bu suallara biznes müəssisələrinin yanaşmaları prosesə öz təsirini göstərəcək. Məsələn, əl əməyi sahəsində çalışanların dövlət seqmentinə transformasiyası nisbətən aşağıdır. Ona görə, bu sahədə rəqabət nisbətən aşağı olur. Zehni əməyə ehtiyac olan sahələrdə isə rəqabət daha çox dərinləşə bilir. Bu sahədə sahibkarların da prosesə reaksiyası nisbətən daha sürətli baş verə bilər. Dövlət sektorundakı artımın özələ təsiri hər bir müəssisədən, hər bir sektordan asılı məsələdir. Orta və uzunmüddətli dövrdə artımların özəl sektorda da əks olunması təbii iqtisadi prosesdir, gözlənilir”.
İşçilərdən asılı olan məqamlar
İqtisadçı qeyd etdi ki, bu təsirin necə getməsində işçilərdən də asılı olan nüanslar var: "Minimum əməkhaqqı özəl sektorda da yanvarın 1-dən artırılacaq. Bu, məcburidir. Ancaq digər artım şəraitdən və işçilərin tələbkarlığından asılıdır. Əgər işçilər tələb edəcəklərsə, mövqe ortaya qoyacaqlarsa, bu da prosesin nə dərəcədə sürətli getməsinə öz təsirini göstərəcək. İşçilərin ən azından inflyasiyanın nəzərə alınması istiqamətində mövqe ortaya qoymaları lazımdır. Bu təsirlərin getməsi bir çox məsələlərdən asılıdır. Hətta eyni müəssisənin daxilində fərdlərin əməkhaqlarına fərqli yanaşma da tətbiq oluna bilər. Əvəzolunmaz, əvəzolunan, mövqe ortaya qoyan, qoymayan və s. işçilər var. Hər birinin öz rolu olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər