Qorxularımız danışmağı planlaşdırmadığımız, təxəyyülümüzdə canlandıra
bilmədiyimiz hekayələrdir. Buna
baxmayaraq, sanki hamımız qorxular qarşısında necə davranmalı olduğumuzu
bilərək doğuluruq. Qorxular bütün diqqətimizi həyatdakı ən vacib məsələyə
kökləməyimizə səbəb olur. Elə ədəbiyyatda da vacib sual belədir – indi nə baş
verəcək? Qorxularımızla üzləşməyimizin həyatın mübarizə yollarına ciddi
təsirləri olur.
Beləliklə, insanlar daha çox nədən qorxurlar? Ədəbi qeydlərimiz bir
çox universal qorxuların ədəbiyyatda addımbaşı əks olunduğunu göstərir. Siyahı
təyyarə partlaması kimi böyük qorxularla başlayıb, spesifik, hətta nadir
hallarda baş verən hadisələr nəticəsində yaşanan qorxulara kimi davam edir.
Yazarlar və qəhrəmanların qorxuları necə formalaşır? Qorxuların təsviri müsbət
rəylərdə rol oynayırmı? Bu sualların cavabını isə siyahı ilə tanış olduqca
özünüz verəcəksiniz.
1. Ölüm – həqiqi bir ölümü nəzərdə tuturuq
Ölüm qorxusu dünya ədəbiyyatında hər on romandan 4-6-sında rast
gəldiyimiz səhnədir. Xüsusilə, fantastik romanların hamısında qəhrəmanların
ölüm qorxusu ilə burun-buruna gəldikləri bir-birindən uğurlu səhnələr
canlandırılır. Məsələn, Tolkienin "Üzüklərin hökmdarı” romanında ölümün
bir-birindən müxtəlif formaları əks olunub – oxucunun öz ölümü, qəhrəmanın
ölümü, ailə üzvlərindən kiminsə ölümü, azyaşlılar üçün valideynin ölümü və
nəhəng bir mədəniyyətin ölümü qorxusu üzərində müəllif həyəcanı zirvəyə çıxaran
hadisələr canlandırıb. Şekspirin "Sonetlər”ində, "Hamlet”də, Jon Kitsin
"Qorxularım var idi”, Virciniya Vulfun "Dalğalar”, "Qorxulu yol” romanlarında
(bu siyahı uzandıqca uzanır – müəl.”) ölüm qorxusunun mükəmməl təsvirləri
var.
2. Yanlış səbəblərdən ölümdən qaçmaq
Ədəbiyyat paradoksu sevir. Paradoksal olaraq, ikinci ən böyük qorxu
ölümdən qaçmaqdır. Qəhrəmanlar müharibədə şəhid olmaq kimi bir aktın şərəf və
fəxarət vəd etdiyini bilsələr də, bundan qorxur, ölümdən hər vəchlə qaçmağa
çalışırlar. Və ya ölümün insanı mənəvi və ya fiziki əzabdan xilas edəcəyi dəqiq
bilinsə də, ölmək fikri hətta əzaba qarşı da dözümlülük formalaşdırır. "Antoni
və Kleopatra”, "İki şəhərin hekayəsi”, "Harry Potter” kimi romanlarda bunun
uğurlu nümunələrinə rast gəlirik.
3. Aclıq və ya yoxsulluq
Məsələ sağ qala bilməkdən, həyat uğrunda mübarizədən gedirsə, sağ
qalanlar ölümdən daha dözülməz qorxuların olduğunu deyəcək. Aclıq, yoxsulluq,
səfalət, quru çörək axtarışları, bəlkə də, kiməsə adi nüans kimi görünə bilər.
Məsələn, romantik şeir və nəsr nümunələrində bu yoxluq qorxusu abstrakt
məfhumlara aid edilir – eşqin azlığı, sevgilinin, sədaqətin yoxluğu. Aclıq və
yoxsulluq qorxusu isə ən çox Holokast və müharibə ədəbiyyatında uğurlu
səhnələrlə öz əksini tapıb.
4. Cinayət törətmək və ya sevdiyin kiminsə ölümünə səbəb olmaq
Cinayət, məsuliyyətsizlik və ya nəzarətimizdən kənar baş verən
silsilə hadisələr nəticəsində sevdiyimiz şəxsin ölümünə səbəb olmaq dünyadakı
ən böyük qorxulardan və peşmanlıqlardandır. Məhz bu nüans triller, kriminal
roman və dramların ayrılmaz hissəsidir. Sevdiyi insanın ölümünə səbəb olmaq
qorxusu ilə ən çox baş qəhrəmanlar – detektiv, agent, polis və s. sınanır. XX
əsrə kimi, adətən, opera və baletlərdə əks olunan bu qorxuya indi ədəbiyyatda
daha ciddi və təntənəli təsvirlər həsr olunur.
5. Yanlış insan tərəfindən sevilmək və ya sevdiyin tərəfindən rədd
edilmək
Bəli, nəhayət ki, daha yüngül qorxular sırasına keçid alırıq. Bu
qorxularla başlayan hekayələrin sonunda, adətən, xoşbəxtlik olmur. Xüsusilə,
məhəbbət romanlarında qəhrəmanlar rədd edilir, sevmədikləri insan tərəfindən
sevilir, yanlış insanla məhəbbət macərasına qoşulur və s. Dünya ədəbiyyatında
yanlış insan tərəfindən psixi pozğunluq həddinə çatacaq dərəcədə sevilməyin
ağır səbəbləri və belə eşqlərdən yaranan təcavüz, təhdid, psixi və fiziki
şiddət qorxuları ən çox müraciət edilən səhnələr arasında 12-ci sıradadır
("worldliteraturetoday.org”). Bu qorxulara xüsusilə qədim və klassik dövr
ədəbiyyatında çox rast gəlirik. "Hippolitus”, "Qürur və qəzəb”, "Nikah
hekayəsi” kimi romanlarda bu qorxular xüsusilə qadın qəhrəmanların dili ilə
olduqca uğurlu təsvir edilib.
6. Xəstəlik, yaşlanma və qocalıq
Ölümə yaxın, lakin ölümcül olmayan qorxuların başında arzuolunmaz
xəstəliyə tutulmaq gəlir. Xüsusilə, ölümcül xəstəliklər müasir ədəbiyyatda çox
müraciət edilən sindromdur. Xəstəliyə tutulmaqdan ən çox qorxan personajların
qorxuları ilə sınanması səhnələri yəqin ki, dünya ədəbiyyatının ən təsirli
səhnələrindəndir. Avropa və Amerika ədəbiyyatında xərçəng, vəba, şüalanma və
alzaymer ən çox yer verilən xəstəliklərdir. Bəli, yəqin ki, artıq çoxunuz
Floberin "Qonaqpərvər Julianın əhvalatı”, Covanni Bokaççonun "Dekameron”, Daniel
Defonun "Vəba gündəliyi”, Oskar Uayldın "Dorian Qreyin portreti”, Kamyunun
"Vəba” və s. romanlarını beyninizdə sıraladınız. 7. Nüfuz itkisi, ayrılıq və ictimai skandal
Etiraf etmək lazımdır ki, artıq bunların şərəfli bir ölümlə əvəz
olunacaq qədər utancverici hesab edilmədiyi dövrdə yaşayırıq. Mottolarımız
artıq ictimai nüfuzdan çox şəxsi xoşbəxtlik leyhinə işləyir. Üstəlik dövrün
münasibətləri də o qədər qeyri-stabildir ki, sarsılmaz nüfuza sahib olmaq da
çətindir. Amma, məsələn, Anna Kareninanın "yaşadığı” dövrlər üçün bu,
öhdəsindən asanlıqla gəlməyin mümkün olmadığı qorxunc vəziyyətdir. Elə Anna da
bunun öhdəsindən gələ bilməyənlərdəndir. Laurensin "Xanım Çaterlinin
sevgilisi”, Filip Rotun "İnsani vəziyyət” romanında da qəhrəmanlar bu qorxularla
yaşayır və sonunda onunla üzləşirlər.
8. Müharibə, gəmi qəzaları və başqa fəlakətlər
Çağdaş oxucuya gəmi qəzası arxaik səhnə kimi görünə bilər. Belə
təsəvvür edin ki, onlar ötən yüzilliyin indiki təyyarə qəzaları kimi
dəhşətlidir. Bu qəzalar epizodik də olsa, ana xətti də təşkil etsə, orta əsrlər
ədəbiyyatında çox tez-tez işlənən mövzudur. Bəşər tarixi Birinci Dünya
Müharibəsi ilə tanış olduqdan sonra daha qlobal faciələr yaşandı və təbii ki,
ədəbiyyatda öz əksini tapdı. Artıq XIX əsrin sonlarından insanların müharibə,
itkinlik, didərginlik qorxuları bədii təsvirlərdə ön plana çıxdı. Bu dövrdə
dünya əhalisi vulkan, zəlzələ, daşqın kimi təbii fəlakətlərin elmi səbəbləri
ilə daha ictimai şəkildə tanış olmağa başladı. Fəlakətlərin səbəblərini,
əlamətlərini bilmək qorxuları da dərinləşdirdi. Bu fəlakətlərin oyatdığı
qorxular, duyğular "Robinzon Kruzo”, "Qulliverin səyahəti”, "Hərb və sülh”,
"Pinin həyatı” kimi müxtəlif janrlı romanlarda qüsursuz səhnələrlə ön plana
çəkildi.
9. Məhkəmə, vəkil, polis qorxusu
Sizə təəccüblü gələ bilər, amma hakim qarşısına çıxmaq olduqca
klassik, eyni zamanda aktual qorxudur. Bu mövzu ədəbiyyatda, kinematoqrafiyada
həddindən çox işlənib. Doqquzuncu bənddə yerləşməsinin səbəbi az işlənməsi yox,
heç də təhlükəli bir duyğu olmamasıdır. Qədim və orta əsrlər ədəbiyyatında
insanların İlahi sınaq qorxuları daha çox işlənirdi. Bunun olduqca təsirli
səhnələrlə çatdırıldığı minlərlə roman var. Sonra isə bu qorxu yerini ictimai
qınağa verdi. İnsanlar ictimai rəyi çox önəmsəməyə başladı və ictimai qınaq
ölüm hökmü verəcək qədər möhkəmləndi. Bu da hər sahədə olduğu kimi ədəbiyyata
da sıçradı. Bu gün isə məhkəmə səhnələri ilə dolu dram və trillerlər meydanı
ələ alıb. Lakin onu da qeyd etmək lazımdır ki, bu günün məhkəmə səhnələrində
canlandırılan qorxu qədim və orta əsrlər ədəbiyyatındakı anoloji təsvirlərlə
müqayisədə çox-çox yüngüldür.
10. Əsl həyat ədəbiyyatda əks oluna bilməz
Bu birinci bənddəki qorxu ilə də bağlıdır, müəllifin qorxuları ilə
də. Hər müəllif mümkün olduğu qədər real, canlı, təsirli, həqiqətdən
fərqlənməyəcək səhnələr yaratmağa çalışır. Bəli, bu dünya ədəbiyyatında çox
müəllifə nəsib olub. Amma ayıq və təcrübəli oxucuda həqiqətlə ədəbiyyat
arasındakı fərqi yox etmək bacarığı hər müəllifdə olmur. Hətta yaşanmış
hadisələr də bədii hekayələrdə öz gücünü, ağırlığını itirir, eləcə də qorxular
oxucuya onları yaşayan insanların duyğuları qədər dərin təsir bağışlamır.
Müəllifin qələmə aldığı duyğularla oxucunun hiss etdiyi duyğular arasındakı
fərqin dərinliyi yazarların ən böyük qorxusudur. Bütün peşəkar oxucular bilir
ki, həyat "Don Kixot”, "Madam Bovari” hekayəsi deyil. Ümumiyyətlə, həyat bir
macəra deyil...
Mənbə: "blog.ted.com” saytında yer almış "The top 10 classic fears in
literature” məqaləsi (ixtisarla)
Marianna Torqovnik (Duke Universitetinin professoru)