Dünən "teatrlar açılsın" deyib dad döyürdük, bu gün... - TEATR
"Teatrlar nəinki aktiv şəkildə fəaliyyətini bərpa edib, həm də
müsabiqələr təşkil olunur. İlkin təəssürat belədir ki, teatrlara axın var. Hələ
ki, hər şey yaxşıdır”
Düz il yarımdan sonra– oktyabr ayının 1-dən etibarən COVID-19
pandemiyasına görə qoyulanxüsusi karantin qaydalarının ən çox təsir
etdiyi sahələrdən biri - teatrların fəaliyyəti bərpa edildi. Teatrların açılmasına
ümumi tutumun 50 faizdən çox olmaması şərtilə icazə verildi. Tamaşaya baxmaqdan
zövq almaq istəyən vətəndaşın isə mütləq şəkildə COVID-19 pasportu və ya
COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı olmalıdır.
Dünənə qədər "teatrlar açılsın" deyib dad döyənlər - aktyor və
tamaşaçılarımız, görəsən, qadağa götürüləndən sonra istəklərini hansı səviyyədə
gerçəkləşdirə bilirlər? Aktyorlar formadadırlarmı? Tamaşaçıların teatr şövqü necədir?
Teatrlara gələn varmı? Yoxsa elə hər şey sosial şəbəkələrdə özünü teatr fədaisi
göstərmək üçün idi?
Nə ruhdan
düşdük, nə də formadan
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdeyir ki, formadan düşməmək üçün bütün pandemiya dövrünü boş oturmadıq. İmkan
və şərait düşdükcə pandemiya qaydalarına uyğun şəkildə, sosial məsafə
saxlamaqla məşqləri davam etdirdik: " Nə ruhdan düşdük, nə formadan. Oktyabrın
16-da Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı oldu. Teatrlar
bağlanmamışdan planlaşdırdığımız tamaşanı – "Uşaqlıq" tamaşasını
səhnəyə qoyduq. Qeyd edim ki, bu tamaşanı 2020-ci ilin martın 15-də ictimai
baxışa vermişdik. Və elə həmin gündən də pandemiya elan olundu, təəssüf ki,
tamaşa qaldı. Pandemiya dövründə ara-sıra görüşlərimizin nəticəsi idi ki,
tamaşa cəmi 3-4 məşqdən sonra artıq səhnə üçün tam hazır oldu. Və biz heç bir
çətinlik olmadan teatrı açıq elan etdik.
Tamaşaçılar da
səhnədə
Yenilik kimi bu dəfə tamaşaçıları da səhnəyə dəvət etdik. Yəni
aktyorlar tamaşaçıların iki addımlığında oynayırdılar. Bu, bir qədər çətin olsa
da, çox maraqlı alındı. Yəni çalışdıq ki, formatda bir yenilik, bir dəyişiklik
edək. Qoy onlar da səhnənin ab-havasını duya bilsinlər. Məncə, çox maraqlı da
alındı. Tamaşaçıların mənəvi aclığı da dərhal hiss olunurdu. Və məni ən çox
sevindirən bu oldu ki, nəzərdə tutulmuş saydan daha çox tamaşaçı axını gördük.
Hətta yer olmadığına görə məyus olub gedənlər də çox oldu. Biz onları digər tamaşalarımıza
gəlməyə dəvət etdik. İnanın ki, aktyorların da, tamaşaçıların da səhnə üçün
darıxdıqları aşkar hiss olunurdu”.
Zəfərlə bitən
"Missiya"
Rejissor bildirdi ki, 44 günlük müharibənin şanlı zəfərinə həsr
olunmuş "Missiya" adlı tamaşa da hazırlayıblar: "Noyabrın 6-da onu da
səhnəyə qoyduq. Qazilərimizi, müharibə iştirakçılarını dəvət etdik. Əsər 1992-ci ildə Şuşada
şəhid olan ata, 2021-ci ildə Şuşa fatehi olan oğuldan bəhs edən qəhrəmanlıq
dramıdır. Və çox pozitiv ruhludur. Düşünürəm ki, çox gözəl də tamaşa alınıb.
Bundan başqa, hər gün 3-4 məşq gedir, əvvəlki repertuarımız yenilənir".
Teatrda izdiham
Teatrşünas
Vidadi Qafarovun fikrincə, pandemiya qadağalarının götürülməsi və teatrların
açılması Azərbaycanın mədəni həyatında böyük bir hadisə idi: "Bütün
teatrlar bu hadisəyə çox qısa müddətdə böyük həvəslə hazırlaşdılar. Hər kəsin
darıxdığı hiss olunurdu. Sevindirici hal budur ki, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında "Ölülər" tamaşasını izləməyə getdim. Və böyük bir tamaşaçı
növbəsi gördüm. Pandemiya şəraitinə görə teatrların zal tutumlarının cəmi 50
faizinə icazə var. Buna görə də, müəyyən qədər tamaşaçı hətta bilet ala bilməyərək
geri qayıdıb”.
Tamaşaların bərpası və yenilənməsi
Teatrşünas
deyir ki, bütün teatrlarda əvvəlki repertuar çox qısa bir zamanda bərpa olundu, hətta yeni tamaşalar da səhnəyə
qoyulub: "Tamaşalar artıq mütəmadi şəkildə səhnəyə qoyulur. Məsələn, Akademik
Milli Dram Teatrında, təmirlə əlaqədar
tamaşalarını hələlik Kukla Teatrında göstərən Dövlət Gənc Tamaşaçılar Teatrında
da əvvəlki tamaşalar bərpa olunub və təqdim edilib. Digər tərəfdən, tamaşaçıların
da aclığı hiss olunur. Belə görünür ki, həqiqətən də teatr üçün çox darıxıblar”.
4.4 Qısa Tamaşalar Festivalı
Vidadi Qafarov
vurğuladı ki, Mədəniyyət Nazirliyi və "Teatro.az” sənət portalı xalqımızın Vətən
müharibəsində qazandığı tarixi zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də
pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini
canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə
"4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan etmişdi: "Bu festival
noyabrın 1-5-i arası baş tutdu. Festivala böyük maraq vardı. 20-dən çox əsər təşkilat komitəsinə təqdim olunmuşdu.
Təkcə Bakıdan deyil, Ağdamdan, Şəkidən, Sumqayıtdan, Lənkərandan da tamaşalar
göndərilmişdi. Və 5 gün ərzində hamısı yayımlandı. Burda da teatrların
festivala marağı, qalib olmaq cəhdi göstərir ki, teatra maraq qətiyyən itməyib.
Nəzərə alsaq ki, festivala tamaşa qəbulu pandemiya qaydalarının ləğvindən öncə
elan olunub, gələn tamaşa nümunələrini sayı və keyfiyyəti çox ürəkaçandır. Və
tamaşalar videoformatda olduğundan, teatr səhnəsində yayımlandı, peşəkar münsiflər tərəfindən mükafatlandırıldı.
Qaliblər pul mükafatı və diplomlarla təltif olundu. Yəni teatrlarımız nəinki
aktiv şəkildə fəaliyyətini bərpa edib, həm də belə bir gözəl müsabiqələr təşkil
olunur. İlkin təəssürat belədir ki, teatrlara axın var. Hələ ki, hər şey
yaxşıdır”.
Xanım Aydın