AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

DSMF-in yeni idarələrinin xidmət dairəsi tezliklə ölkəni əhatə edəcək

İqtisadiyyat
19 Fevral 2020, 20:15 2407
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Trend-ə bildirib ki, bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.
"Onu da qeyd edək ki, yaradılan İdarələrin xidmət dairəsi ilkin olaraq Bakı şəhərini, yaxın gələcəkdə isə bütün Respublikanı əhatə edəcək”, - deyə Nazirliyin sözçüsü əlavə edib.
F.Talıbov vurğulayıb ki, İdarələrin yaranması ilə bağlı DSMF əməkdaşlarının ixtisarı gözlənilmir: "Belə ki, hazırda sözügedən İdarələrin yaranması ilə bağlı DSMF-də peşəkar kadrlar tərəfindən 4 istiqamətdə təlimlər keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin yeni idarələrdə işlə təmin olunması nəzərdə tutulub. Eyni zamanda bu idarələrə əməkdaşların seçilməsi həm yerli şöbələrin peşəkar kadrlarından, həm də təlim keçmiş gənc istedadlı kadrlar arasında aparılacaq”.
Nazirlik tərəfindən verilən məlumata əsasən, Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.
Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.
Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə "Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.
Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək.