Dostoyevskinin "Karamazov qardaşları" romanı dini-fəlsəfi epopeya kimi

İvan Karamazov qəti olaraq ateist düşüncəli insan deyildir.
Onu qatı mövhumatçı hesab
etmək də olmaz. Bu iki əks təmayül onun qəlbində ölüm-dirim mübarizəsində birləşir.
O özü də hiss etmədən, öz ateist ideyalarına vurulmuşdur,
onlarda böyük həqiqət və böyük bir humanizm görür.
Burada o,
özünün haqlı olduğunu,
yəni humanist ideyaların inamla bir araya sığmamasını göstərmək üçün uşaqların iztirabları haqqında Alyoşaya bir neçə rəvayət danışır.
Onlardan biri belədir: "Bir dəfə varlı bir mülkədar, general ova hazırlaşır. Birdən onun gözünə sevimli ov itinin axsaması dəyir. İt niyə axsayır, deyə soruşur. Ona cavab verirlər ki, bəs təhkimli nökərin uşağı təsadüfən daş atıb itin ayağını zədələyib. General uşağın gətirilməsini əmr edir. Onu tamam soyundururlar, bütün it sürüsünü uşağın üstünə qısqırdırlar. İtlər ananın gözləri qarşısında oğlanı parça-parça edir. Bu rəvayəti danışaraq İvan Alyoşadan soruşur: əgər dünyanın sonundakı o cənnət, o harmoniya insanların bu dünyadakı iztirabları üzərində bərqərar olacaqsa, onda uşaqların günahı nədir, niyə onlar da bu cənnət naminə iztirab çəkməlidirlər?
İvan öz fikrini belə yekunlaşdırır: Allahın insanlara vəd etdiyi o cənnət, o harmoniya indi bu dünyada o uşağın tökdüyü bir damla göz yaşına dəyməz. Ona görə dəyməz ki, uşaqların bu dünyadakı iztirabları əvəzsiz qalır. Dünyada elə bir məxluq tapılarmı ki, o, uşaqların bu iztirablarını bağışlamaq haqqına malik olsun? Ona görə də İvan elan edir ki, o, Allahın harmoniyasından və onun vəd etdiyi cənnətdən imtina edir. Ona görə imtina edir ki, o harmoniyanın qiyməti çox böyükdür, insanın buna gücü çatmaz. Ona görə də İvan o cənnətə daxil olmaqdan imtina edir və öz biletini Allaha qaytarmaq istəyir. Deyir ki, o, Allahı inkar etmir, sadəcə olaraq ehtiramla bileti ona qaytarır.
İvanın dialektikası çox məntiqli və güclüdür. Buna görə də inandırıcıdır. Amma bununla belə, bu güclü məntiq onu çaşdırır və səhv yola gətirib çıxarır. İvanın səhvi nədədir? Ondadır ki, o, dünyaya, Allaha, insana, həyata Evklid hesablama sistemi nöqteyi-nəzərindən baxır. Bu nöqteyi-nəzərdən parallel xətlər heç vaxt kəsişmir, uşaqların iztirablarına görə heç vaxt və heç kəsə güzəştə gedilə bilməz. Amma dünya Evklid deyən kimi deyildir. Əslində, parallel xətlər kəsişir. Allah tərəfindən dünya qeyri-Evklid qanunları əsasında yaradılmışdır.
Ona görə də dünyanı, həyatı dərindən və olduğu kimi dərk etmək üçün insan idrakı və humanizm kifayət etmir. Burada ilahi həqiqətə çatmaq üçün inam gərəkdir. Yalnız inam vasitəsilə dünyanı, həyatı və insanı adekvat şəkildə dərk etmək olar. Uşaqların iztirablarını cəzasız qoyaraq, zalım generalı bağışlamaq məsələsinə gəlincə, Alyoşa deyir ki, dünyada elə bir insan mövcuddur ki, o, bu günahı bağışlaya bilər – bu, İsa Məsihdir. Onun nöqteyi-nəzərindən, dünyada baş verən bütün işgəncələr, qətllər, haqsızlıqlar bütövlükdə hamının günahıdır, bu günahdan hamıya pay düşür. Ona görə də ilahi nöqteyi-nəzərdən günahkar və günahsız yoxdur – hamı günahkardır, hamı da birlikdə iztirab çəkməli və öz iztirabları bahasına cənnəti qazanmalıdır.
Demək olmaz ki, İvan Karamazov bütün bu həqiqətləri dərk etmir. O, sadəcə olaraq öz məntiqi və humanizm prinsipləri
mövqeyindən çıxış edərək, bu ilahi həqiqəti qəbul edə bilmir və insanların günahsız
iztirablarını Allah tərəfindən ədalətsizlik hesab edir. Ona görə də İvan məsələni
belə qoyur: kimin həqiqəti əsasında yaşamaq və fəaliyyət göstərmək daha ədalətlidir:
Allahın, yoxsa insanın? İvan Karamazov belə bir nəticəyə gəlir ki, hər halda insani
həqiqət, insani ədalət yer üzündə bəşəriyyət tərəfindən daha çox anlaşılan və daha
asan qəbul olunan həqiqətdir. İvan Karamazovun əsas səhvi də elə bundaydı: insani
həqiqəti o, ilahi həqiqətdən yüksək tuturdu. İvanın qəlbindəki şeytan – onun oxşarı
kimi çıxış edən o şeytan da – İvan fəlsəfəsinin tərəfdarıdır. Odur ki, şeytanla
Allah onun qəlbində daimi mübarizədə bulunur və bu mübarizənin nəticəsi İvanın aqibətini
təyin edir.
İvanın insan-allah
fəlsəfəsi özünün bariz ifadəsini onun Böyük İnkvizitor haqqında poemasında tapır.
Bu, yazılı poema deyil. İvan onu şifahi şəkildə Alyoşaya söyləyir. Poemanın əsas
ideyası isə katolik kilsəsinin və katolik xristianlığının mahiyyətini açmaqdır.
Dostoyevski daim katolik dinini tənqid etmiş və əslində ,onu din hesab etməmişdi,
çünki, Dostoyevskinin fikrincə, katolisizm ilahi iradəyə və ilahi həqiqətlərə deyil,
insani iradəyə və insani həqiqətlərə əsaslanır, Allahın adı ilə insani həqiqətləri
təbliğ edir.
Poemada hadisələr on
beşinci əsrdə, inkvizisiyanın tüğyan etdiyi İspaniyada, Seviliya şəhərində baş verir.
İsti yay günlərinin birində İsa Məsih yerə qayıdır və insanlara baş çəkir. O, gizlicə
insanların arasında peyda olur və nədənsə hamı elə o saatdaca onu tanıyır. Onu əhatəyə
alırlar, o da insanlara xeyir-dua verir. İzdihamın içindən kor bir kişi fəryad edərək
ona yalvarır və imdad diləyir. Bu anda sanki onun gözlərindən pərdə düşür və kor
işıqlı dünyanı görməyə başlayır. Bu anda kilsəyə bir uşaq tabutu gətirilir. Bu qızcığaz
məşhur bir adamın dünyanı vaxtsız tərk etmiş övladıdır. Uşağın anası İsanın ayaqlarına
düşüb yalvarır. O, qızcığazı da dirildir və ətrafda səs-küy, ağlaşma və sevinc sədaları
eşidilir.
Bu vaxt buradan keçən
qoca, doxsanyaşlı kardinal bunu görür və öz adamlarına İsanı həbs etməyi əmr edir.
İsanı tuturlar. Kütlə mütiliklə İnkvizitorun qarşısında baş əyir və İsanı müdafiə
etmək onların heç ağlına da gəlmir. Keşikçilər dustağı zindana atırlar. Bir gündən
sonra qapı açılır və inkvizitor kardinal içəri girir. Burada Böyük inkvizitor İsa
Məsihə öz iradlarını söyləyir və poemanın da məğzi elə bundadır. Kardinal İsaya
deyir ki, sabah onu tonqalda yandırmağı əmr edəcək və indi ona səcdə edənlər
sabah tonqala kösövlər atacaqlar. Çünki bu camaat indi onunla deyil, bizimlədir.
Çünki onun vəd etdikləri bu dünyada insanlara gərək deyildir. İsa insanlarda azad,
möcüzəsiz, təmənnasız və qorxusuz bir inam görmək istəyirdi. Əgər inam təmənna,
ya da möcüzə əsasında baş verirsə, bu inam deyil. Amma inkvizitor İsaya deyir ki,
insanlar onun söylədiyi o azad inama, o fikir və duyğu azadlığına qadir deyillər.
Onlar möcüzə, sirr və nüfuza inanır və tabe olurlar. Qoca inkvizitor İsanın yadına
onun səhrada iblislə qarşılaşmasını salır. Onda iblis İsaya demişdi ki, sən bu səhra
daşlarını çörəyə döndər və camaat elə o saatdaca sənin dalınca gedəcək. İsa bu təklifdən
imtina etmişdi, çünki insanları azad seçim imkanından məhrum etmək, onların iradəsini
əsarətdə saxlamaq istəməmişdi. İnkvizitor deyir ki, İsa insan məxluqu barəsində
çox yüksək fikirdədir. İnsanlar isə həm təmənnalı, həm qorxaq, həm də satqındırlar.
Kim ki onların iradəsinə hakim oldu, kim ki onların qarnını doyuzdurdu, onlar da
onun dalınca gedəcəklər. İsanın inamı və təlimi isə kütlə üçün deyil, qeyri-adi,
dahi insanlar üçün nəzərdə tutulmuşdur. Adi insanlar onu dərk etmək iqtidarında
deyildirlər. Ona görə də kardinal katolik kilsəsinin adından deyir ki, biz sənin,
yəni İsa Məsihin səhvini düzəltdik, sənin dediklərin kimi deyil, iblisin dedikləri
kimi hərəkət etdik və xalqı müti bir sürü kimi arxamızca apardıq, ona çörək verib
iradəsini əlindən aldıq, çünki bu müti sürüyə nə iradə, nə də azadlıq gərəkdir.
Amma biz onları sənin adından idarə edirik, onlara sənin həqiqətlərini təlqin
edirik. Və bu sirri yalnız biz, say-seçmələr və hakimlər bilirik. Ona görə də biz
iztirab çəkirik, çünki əsl həqiqəti bilirik. İnsan üçün vicdan azadlığından cazibəli
və ondan da əzablı heç nə yoxdur. Ona görə də insan nə ruhi azadlıqdan imtina
edə bilir, nə də ona dözə bilir. Sən isə onları öz səviyyənə qaldırmaq və onları
azad görmək istəyirsən.
Əgər İsa Məsih insanların
məziyyətlərinə istinad edir və onlara inanırdısa, inkvizitor insanların qüsurlarına
və zəifliyinə istinad edərək onların üzərində hökmranlıq edir. Bu, həm də katolik
kilsəsinin mövqeyidir. Ona görə də İsa insanların azad vicdanına, inkvizitor isə
qeysər qılıncına etibar edir. İnkvizitor İsaya deyir: "Dünyanı və qeysər tacını
qəbul edib ümumdünya şahlığını bərqərar etmiş olardın, dünyanı ümumbəşəri rahatlığa
çıxarardın. Çünki çörəyə sahib və insanların vicdanına hakim olanlardan savayı heç
kəs azadlıq bəxş edə bilməz”.
İnkvizitor da özünü humanist hesab edir. O belə bir əqidənin sahibidir ki, insan zəifliklərini nəzərə alaraq ona uyğun şəkildə hərəkət etmək daha humanist yanaşmadır, nəinki insanı ideallaşdırıb onu ilahi səviyyəyə qaldırmaq cəhdi. O, insanların ümdə ehtiyacından çıxış edir, əvəzində onların azadlığını əlindən alır və hesab edir ki, o, bunu insanları sevərək edir və hər bir insansevər məhz bu cür hərəkət etməlidir. Bu cür humanizm İvan Karamazovun ruhuna tam uyğun gəlir. O da insanların naqisliyinə və zəifliyinə istinad edir, onları ilahi səviyyədə görə bilmir, onlara inana bilmir. Əsl dini təfəkkür, dini humanizm isə ilk növbədə insanın ilahi iqtidarına, onun ali dəyərlərə layiq olmasına inanmaq deməkdir. Özü də bu, sadəcə olaraq insana inanmaq və onu ali varlıq kimi qəbul etmək demək deyildir. Dostoyevskinin fikrincə, insan, həqiqətən də, real olaraq möhtəşəm və ilahi varlıqdır. Bəlkə elə ona görə də Xaliq onu özünün bütün xilqətindən üstün tutmuşdur. Amma real həyatda insan bu ilahi dəyərə layiq ola bilmir və miskin bir varlıq təəssüratı bağışlayır. İnsan reallıq səviyyəsində, məişət səviyyəsində bəlkə elə həqiqətən də, miskindir. Amma ruh səviyyəsində,
təhtəlşüurda, bir arxetip olaraq insan möhtəşəmdir və bu səviyyədə o, adi məişət tələbləri və qayğıları ilə yaşaya bilmir. Bu səviyyədə onun ruhunu sakitləşdirə və qane edə biləcək dəyər bir tikə çörək deyil, Allaha inamdır. Bunu insanın əlindən alsan, onu heç bir çörək və digər nemətlər xilas edə bilməz. İsa Məsih də Böyük inkvizitordan fərqli olaraq məhz insanın bu dəruni, əzəli ruhi tələbinə istinad edir, insanın yalnız və yalnız çörəklə diri qala biləcəyinə inanmır. İsa Məsih də, onun ardınca Dostoyevski də insanın bu dəruni mahiyyətini görür və ona istinad edirlər. Bu mahiyyəti görə bilməyən, yalnız insanın zahirdə olan, özünü məişətdə büruzə verən ötəri və miskin xüsusiyyətlərinə istinad edən Böyük inkvizitor və onunla birlikdə İvan Karamazov insanın ilahi mahiyyətini görmür və ona inana bilmirlər.
Böyük inkvizitor həm də böyük əqidə sahibidir və öz həqiqətinə, özünün haqlı olduğuna son dərəcə və fanatikcəsinə inanan bir insandır. Onun faciəsi də elə bundadır: o, bəşəriyyəti sevərək onu aldadır, ona zülm edir, zülm edərək, elə bilir ki, onu xilas edir. Məhz bu iztirablara, bu səhvlərə, bu faciələrə görə İsa Məsih ona hirslənmir, əksinə, ona yazığı gəlir, ona rəhm edir, bir kəlmə belə demədən durub onun üzündən öpür. Bu, Zosima atanın monastırda Mityanın qarşısında diz çökməsinə bənzəyir. Onda Zosima demişdi ki, mən onun deyil, onun iztirabları qarşısında diz çökdüm. Katolik kilsəsi, ümumən Qərb mədəniyyəti, özünün bütün nailiyyətlərinə baxmayaraq, bəşəriyyətin faciəsidir. Ona görə də Qərbin nicatı katolisizimdə deyil, pravoslav xristianlığında və Şərq mədəniyyətindədir. Şərq deyəndə Dostoyevski ilk növbədə Rusiyanı nəzərdə tuturdu və hesab edirdi ki, Qərbi bu böyük bəladan yalnız Rusiya xilas etmək iqtidarındadır.
İnkvizitorla İsa Məsih iki əks həqiqətlərin carçısıdırlar: bu dünyanın həqiqətlərini inkvizitor təbliğ edir, ilahi dünyanın həqiqətlərini isə İsa Məsih təmsil edir. İnkvizitorla İsanın görüşü İsa Məsihlə Ponti Pilatın görüşünü xatırladır. Əfsanə sanki tarixi təkrar edir. Bu iki həqiqətin (insani və ilahi həqiqətlərin) qarşılaşması bir dəfə də – real həyat səviyyəsində
– İvanla Alyoşanın söhbətində baş verir. Həm inkvizitorun, həm də İvanın bir şəxsiyyət olaraq əsas xüsusiyyətləri ondan ibarətdir ki, onlar insanlara fədakarcasına qayğı göstərməklə yanaşı, nə onları, nə də onların Allahını sevirlər, çünki sevə bilmirlər, ilahi həqiqəti dərk edə bilmirlər. Ona görə də onların hər ikisinin humanizmi insanlara qarşı nifrətə çevrilir. Dostoyevski ona görə deyirdi ki, allahsız vicdan dəhşətdir. Çünki allahsız vicdan vicdansızlığa gətirib çıxarır. İnkvizitorun humanizmi ona gətirib çıxarır ki, o, insanları diri-diri tonqalda yandırır,
İsanın humanizmi isə əslində, öz doğma atasının qətlinə rəvac verir. Budur insani həqiqətlərin, insani humanizmin məntiqi nəticəsi. İnkvizitor bəşəriyyəti sevir, amma real insanları odda yandırır. İvan da bəşəriyyəti, ümumilikdə insanları sevir, amma real insanlara nifrət edir.
İvanın fəlsəfəsi olsa-olsa əbədi olan məxluqlar üçün yarayardı. Amma bir halda ki, əbədi yaşar insan mövcud deyildir və insanlar hökmən ölümə məhkumdurlar,
bu cür insanlar üçün İvanın fəlsəfəsi deyil, Alyoşanın və Zosimanın inamı daha vacibdir və onların ruhuna daha uyğun gəlir. Ölümə məhkum insanlar üçün ölüm haqqında həqiqət deyil, ölməzlik haqqında inam daha gərəklidir.
Fyodr Pavloviç Smerdyakov tərəfindən qətlə yetirildikdən sonra İvan özünün də bu qətldə günahı olduğunu başa düşür və onunçün yeni, iztirablı günlər başlayır. Qətlə qədər İvanın insana hər şey rəvadır, çünki ruhi ölməzlik deyilən şey yoxdur, nəzəriyyəsi sırf mücərrəd nəzəriyyə olaraq qalırdı. İndi isə onun bu nəzəriyyəsi əməldə ata qatilinə rəvac vermişdi və bu səbəbdən də özünün bütün məntiqliliyini və cazibədarlığını itirmişdi. İdeya sanki özünün gizli və eybəcər mahiyyətini büruzə vermişdi. İvan Karamazovun fəlsəfəsi, fikirləri və nəzəriyyəsi Smerdyakov səviyyəsində işə, özü də şər işə yaramışdı. İvan Karamazovun fəlsəfəsinin iflası onun qəlbində dinə yol açmış oldu. Amma özünün həyat və insan fəlsəfəsindən İvan çox da asanlıqla azad ola bilmir, çünki o, qəlbi və varlığı ilə bu fəlsəfəylə qaynayıb qarışmışdı, onu qəlbindən ağrısız-acısız çıxarmaq və asanlıqla qoparıb atmaq heç də asan məsələ deyildi. Amma hər halda İvanın qəlbi yeni duyğular və yeni həqiqətlər üçün oyanmışdı, artıq heç bir fəlsəfə, heç bir məntiq bu oyanışın qarşısını ala bilməzdi. İvan üçün ən dəhşətlisi də bu idi ki, o özünün ata qətlində günahkar olduğunu hiss edir, bu fikir gizli şəkildə onun beynində özünə yer edir və ona əzab verirdi. İvan nə qədər özünü günahkar olmadığına inandırmağa çalışsa
da, amma təhtəlşüur səviyyəsində, vicdan səviyyəsində bu hissdən
qurtula bilmir. Alyoşa qardaşının bu daxili tərəddüdlərini və iztirablarını başa
düşərək, ona deyir ki, atalarının qatili o deyildir. Alyoşa təkid edir ki, bu sözləri
deməkçün onu Allah özü göndərib. İvan Alyoşanı qovur, ona acıqlanır və dediklərini
sayaqlama kimi qəbul edir, çünki onun qəlbində Allaha inamla şeytana inam, yəni
dinlə fəlsəfə hələ də mübarizə etməkdə davam edir. Alyoşa onun qəlbinin səsinə istinad
edir. Amma İvanda qəlbin səsi ilə yanaşı hələ idrakın və məntiqin səsi də güclüdür
və onun iradəsinə hakimdir.
İvan üçüncü dəfə Smerdyakovun
yanına gedəndə onun qəlbində bu mübarizə hələ bitməmişdi. Yolda o, sərxoş bir kişiyə
rast gəlir. Nədənsə onda bu adama qarşı güclü
bir nifrət baş qaldırır. Hər şeyə nifrət
özünün haqlı və güclü olduğunu hiss etmək deməkdir. İvan sərxoş kişini vurub qarın
içinə yıxır və düşünür ki, bu vecsiz adam hökmən donub öləcəkdir. Onun qəlbində
rəhm deyilən duyğuya bənzər bir şey baş qaldırmır. O, nifrətdən savayı heç nə hiss
etmir və etinasızlıqla ötüb keçir. İvanın Allahsız qalmış qəlbi şər həsrətindədir.
İnsan qəlbi boşluğu sevmir. Qəlb isə inam və mərhəmətin yeridir. İnamsız və mərhəmətsiz
qalmış qəlbin boşluğunu elə o saatdaca İvanın oxşarı olan şeytan tutur. Real həyatda
bu şeytanı, yəni İvanın oxşarını Smerdyakov təmsil edir. Smerdyakov İvana Fyodor
Pavloviçi necə öldürdüyünü və onu necə qarət etdiyini ətraflı şəkildə söyləyir,
hətta pulları da çıxarıb ona verir. Üstəlik də əlavə edir ki, o, bu işi məhz İvanın
nəzəriyyəsi və onun gizli göstərişi əsasında edib, ona görə də əsl qatil sizsiniz
deyə Smerdyakov onu ittiham edir. İvan elə buradaca qərara gəlir ki, günü sabah
gedib məhkəmədə şahidlik etsin və həqiqəti açıb danışsın. İvanın bu qərarı onun
fəlsəfəsinə qarşı yönəlmiş və onu inkar edən bir qərar idi. Bu qərarı qəbul etməklə,
sanki onun qəlbinə gizli bir sevinc duyğusu hakim kəsildi. Bu, qəlbin çaşqınlıqlardan
və şərdən azad olmasını göstərən başlanğıc idi.
İvan gəldiyi yolla geri qayıdır və sərxoş kişini vurub yıxdığı yerə
çatanda qeyri-ixtiyari olaraq gözləri onu axtarır, tapır, yaxınlıqdakı evlərdən
birinə aparır, yəni onu ölümdən xilas edir, öz fəlsəfəsinə xilaf çıxaraq xeyir iş
görmüş olur. Onun ruhunda bir dönüş yaranır. Amma demək olmaz ki, bu yeni duyğular,
bu xeyirxahlıq tələbi əvvəldən İvanın qəlbində yox idi. Əlbəttə, vardı, amma şər
fəlsəfəsi tərəfindən susdurulmuşdu. İndi isə onun ruhu öz əzəli vəziyyətinə qayıtmağa
çalışır.
İvan Smerdyakovun yanından
çıxan kimi bu vecsiz qatil intihar edir. Deməli, qətlin yeganə şahidi və icraçısı
artıq həyatda yoxdur. Elə həmin gecə, yəni Smerdyakov intihar edəndən sonra İvanın
gözünə onun oxşarı şeytan görünür. Smerdyakov sağ olanda şeytan İvanın nə xəyalına,
nə də yuxularına gəlirdi. Şeytan İvanın oxşarı kimi Smerdyakovun xəyali variantıdır.
İvan şeytana deyir: "Sən yalansan, sən mənim mərəzimsən, sən köləsən… sən mənim
qarabasmamsan. Sən mənim öz təsəvvürümsən, amma, yeri gəlmişkən, təkcə bir tərəfimin…
mənim fikir və duyğularımın, ancaq ən murdar və axmaq duyğu və düşüncələrimin təcəssümüsən”.
Əlbəttə, İvan şeytanı yalnız qarabasma hesab etməkdə səhv edir. Şeytan İvan Karamazovun
qəlbinin yarısının ifadəsidir. Şeytan İvanın qəlbindədir, orada yaranmış və real
forma kəsb etmişdir. Şeytan İvanın düşündüklərindən daha dərin və daha mənalı bir
nəsnədir. Şeytan İvan Karamazovun qəlbinin dərinliyində mövcud olan arxetiplərdən
biridir. Onu tarixin özü yaratmışdır. Şeytan maddi varlıq olmasa da, real bir varlıqdır.
O, İvanın şəxsiyyətinin bir tərəfini – onun fəlsəfi ideyalarını təcəssüm etdirir,
amma onlar eyni bir inamın daşıyıcıları deyillər. İvanda fəlsəfədən savayı gizli
şəkildə inam da var. Amma şeytan sırf fəlsəfi fenomendir, dinin inkarıdır. Şeytan,
Dostoyevskinin təsvirində, Demonun rus variantıdır, onun kiçildilmiş və komik variantıdır.
Dostoyevski bunu qəsdən belə edir. O, şəri mələk kimi deyil, rəzil bir şeytan kimi
təsvir edir. Yeri gəlmişkən, yazıçının bütün əsərlərində şeytan məhz bu cür təsvir
olunur. Şeytan İvana deyir: "Birincisi, sənin estetik duyğuların təhqir edilib,
ikincisi isə, qüruruna toxunulub: yəni belə bir böyük insanın qəlbinə bu cür çirkin
əcinnə necə daxil ola bilər?”
Rus milli,
pravoslav dünyagörüşündə Demona,
İblisə, Lüsiferə və şərin bu kimi möhtəşəm,
romantik mücəssəmələrinə yer yoxdur.
Bu Qərb dünyagörüşündə belədir.
Qərb estetikasında və fəlsəfəsində şər möhtəşəm və əsasən gözəl qiyafədə təsvir olunur.
Rus fəlsəfəsində və estetik düşüncəsində şər miskin və komik şəkildə təqdim edilir.
Ona görə də İvanın şeytanı da komik simadır,
müəyyən mənada Xlestakov kimi bir şeydir.
Şeytan deyir:
"Bəlkə də mən bütün təbiətdə yeganə insanam ki,
həqiqəti sevir və səmimi olaraq xeyir arzusundayam”.
Böyük inkvizitor da,
İvan Karamazovun özü də belə düşünürlər.
Onların hamısı haqqı,
ədaləti sevirlər,
amma onların sevdiyi insani,
yəni nisbi haqq və insani ədalətdir,
mütləq, yəni ilahi haqqı və ədaləti isə onların hamısı inkar edirlər.
Şeytan öz fəlsəfi missiyasını belə başa düşür
– o, özünü "vacib minus”
hesab edir ki, onsuz kainatda heç bir hadisə baş verə bilməz.
Yəni o özünü dialektik vəhdətin tərkib hissəsi hesab edir və bəlkə də,
bu məsələdə haqlıdır.
Şeytan İvanın digər bir poemasının
– "Geoloji çevriliş” əsərinin məzmununu söyləyir.
Burada insanların Allahsız yer cənnəti yaratmağa qadir olduqlarından söhbət gedir.
Onun fikri belədir: geoloji
çevrilişlərə paralel olaraq dünyada humanitar çevriliş də baş verir və insan kamilləşmə
yolunda elə bir mərhələyə çatır ki, onun Allaha ehtiyacı qalmır. O, müstəqil
olaraq həyatdan hər şeyi almağa qadir olur. İnsan ruhən möhtəşəm və ilahi qüdrət
kəsb edir. O, anlayır ki, ölüm labüddür, dirilmə və ruhi ölməzlik deyilən şey
yoxdur və ölümü qürurla qəbul edir. O, qürurdan ölüm qarşısında zarımır, həyatın
ani olmasından mütəəssir olmur və insanları təmənnasız olaraq sevir. Belə bir
dövr gəlib çatacaq və insan özü Allah olacaq. Hələliksə, bu uzaqdakı idealı
gözləyərək, insan öz ürəyi istədiyi kimi, Allahın əmrinə məhəl qoymadan yaşamaq
istəyir. Ona görə də insana hər şey rəvadır, o, öz hərəkətlərində - xeyirdə də,
şərdə də - azaddır. Bu fikirləri şeytan İvana məhkəmə ərəfəsində deyir, yəni
İvanın bu məhkəmədə şahidlik edərək əsl həqiqəti üzə çıxarmaq, ədaləti qorumaq
istədiyi bir vaxtda deyir. İvan özünün bu fikirlərini artıq unutmaq istəyirdi,
amma şeytan bunları onun yadına salır. İvan düşünür ki, onsuz, yəni şeytansız,
o özü bunları heç vaxt deməzdi. İndi o, istərdi ki, şeytan həqiqətən də onun "mən”i deyil, bir başqası olaydı.
İvan səhəri gün məhkəməyə
gəlir, pulları masanın üstünə qoyur və deyir ki, Fyodor Pavloviçi Smerdyakov
öldürüb. Onu da əlavə edir ki, "mən onu öyrətdim, o da gedib öldürdü”. Amma məhkəmə
İvanın xəstə durumunu nəzərə alaraq onun şəhadətinə inanır. İvan, həqiqətən, də
xəstə idi və onun sifətinə ölüm ifadəsi çökmüşdü. İvan öləcəkmi, diriləcəkmi,
ruhən təzələnəcəkmi - bütün bunlar sual olaraq qalır, çünki əsər burada sona
yetir.
Məmməd Qocayev
