Dollar və avro ilə məvacib almaq şansı
Əgər ingilis dilini yaxşı bilirsinizsə, 3 ildən yuxarı iş təcrübəniz varsa,
standart layihələr sizi sıxırsa, texniki cəhətdən inkişaf etmirsinizsə, yerli
şirkətlərin həm menecment işindən, həm də verdiyi maaşdan narazısınızsa...
Əvvəllər xaricdə işləmək
üçün ölkəni tərk etməli, həmin şirkətin ofisində çalışmalı idin. Ancaq
texnologiyanın imkanları bizə hazırda evimizdə oturub xarici şirkətlərdə
çalışmaq imkanı vermiş olur. Söhbət evində oturub xarici şirkətin əməkdaşı
olmaqdan gedir. Bu işlər "full remote work” (uzaqdan tam iş saatı) adlandırılır.
Yəni həftəlik 40 iş saatını həmin şirkətin işinə sərf edirsən. Müxtəlif
sahələrlə bağlı bu cür işlər tapmaq mümkündür. Amma son illər daha çox
İnformasiya Texnologiyaları (İT) mütəxəssisləri üçün bu tip işlər daha çoxdur.
Bəs bizim yerli mütəxəssislərimiz bu imkanlardan nə dərəcədə yararlanırlar?
Bəzən cəhd edib "yox” cavabı alanlar olur. Burda hansı səhvləri edirlər?
İkinci növ iş imkanı
Azərbaycan Python istifadəçiləri qrupunun lideri Şəhriyar Rzayev 2015-ci ildən məsafədən
xarici şirkətlər üçün çalışır. Hazırda Ukraynanın "SpaceBus” şirkətində proqram
təminatı mühəndisi olaraq fəaliyyətini davam etdirir. Deyir ki, İT-nin demək
olar ki, bütün sahələri üzrə xaricdə iş imkanları var: "Xaricdə iş imkanları
iki yerə bölünür. Bir qismi bütün xərclərini qarşılayır, səni öz ölkələrinə
aparırlar. Bu şirkətlərin müsahibələri qəliz olur. Çox ağır alqoritmik və
sistem dizaynı sualları verirlər. 8-9 ay bu müsahibələrə hazırlaşmaq lazımdır.
İkinci növ iş təklifi "full remote” olur. Mütəxəssislər öz ölkələrində qalır və
vergiləri ödəyərək xaricdən ödənişləri qəbul edirlər. Həftədə 40 saat
çalışırsınız. "Bolt”, "Uber”, "Google”a baxanda bu şirkətlərin müsahibələri
qismən az ağır keçə bilir. Çünki bu şirkətlər adətən startap, yaxud da yeni
layihələr olur ki, onlar üçün də əsas mütəxəssisin təcrübəsi maraqlıdır və
klassik müsahibə metodlarını bəyənmirlər. Üçüncü növ iş imkanı da var, buna "frilansinq”
deyirlər. Lakin bu, tam iş sayılmadığı üçün bu haqda geniş danışmıram”.
Hansı şirkətlərlə başlamalı?
Ş.Rzayev bildirdi ki, İT
mütəxəssislərimiz xarici şirkətlərin "remote” iş imkanlarından yetərincə
yararlana bilmirlər: "Bir qismi komfort zonanı tərk etmək istəmir. Hansısa
yerli şirkətdə, yaxud dövlət qurumunda işləyirlər və məsafədən işə görə hazırkı
işlərini tərk etmək istəmirlər. Bir
qisminin ingilis dili bilikləri zəifdir və öz üzərilərində çalışmırlar. Digər
tərəfdən, düşünürlər ki, xarici şirkətlərin tələbləri çox yüksəkdir,
bacarmazlar və s. "Remote” işlər belədir ki, həmin şirkətləri özünüz axtarıb
tapırsınız, iş üçün müraciət edirsiniz. Bəziləri də xaricə çıxış yolunu düzgün
aşkarlayıb tapa bilmir. Adətən çox böyük şirkətlərdən başlayırlar. Həmin
şirkətlərdə bir və ya ikinci mərhələlərdə uğursuz olurlar, motivasiyaları
düşür. Bu səbəbdən, aşağı, orta şirkətlərdən başlamaq daha məsləhətlidir”.
3 ildən yuxarı təcrübəniz varsa...
Ş.Rzayev qeyd etdi ki,
xarici şirkətlər orta və daha yuxarı səviyyəli kadrlara işlər verirlər.
Təcrübəsi olan istənilən şəxs xaricdə iş tapa bilər: "Yeni başlayanlara iş
təklifləri az olur. Çünki belə kadrlar şirkətlərin fəaliyyət göstərdiyi
ölkələrdə də çox olur. Bu işləri daha çox təcrübəsi olan kadrlara verirlər.
Əgər ingilis diliniz yaxşıdırsa, 3 ildən yuxarı iş təcrübəniz varsa, standart
layihələr sizi sıxırsa, texniki cəhətdən inkişaf etmirsinizsə, yerli
şirkətlərin həm menecment işi, həm də maaşı və s. məsələlər sizi qane etmirsə,
öz evinizdə də oturub xarici şirkətdə işləyə bilərsiniz”.
Xaricdə işləmək istəyənlər üçün
Bu cür işlər həm də xarici
şirkətlərdə iş təcrübəsi qazandırmış olur: "Bu cür iş imkanı olan xarici
şirkətlər ən müasir texnologiyalardan istifadə edirlər. İdarəetmədə,
texnologiya, proqramlaşdırma alətləri cəhətdən çox irəlidədirlər. Onların arasında
olmağı düşünün. Görün nə qədər təcrübə qazanacaqsınız. CV-nin özü üçün də çox
xeyirdir. Məsələn, 2 il hansısa xarici şirkətdə "remote” olaraq işləyirsiniz.
Növbəti dəfə xarici şirkətə keçəndə işəgötürən hansı şirkətlərdə hansı
layihələri işlədiyinizə, nə kimi çətinliklərə məruz qaldığınıza baxacaq.
Xaricdə işləmək istəsəniz, yerli layihələrdən elə də böyük nələrsə danışası
deyilsiniz. Məsələn, bankda və ya korporativdə nə ola bilər ki? Xarici
ölkələrdə işləmək istəyənlər üçün də belə təcrübə böyük üstünlükdür”.
Azərbaycan üçün yüksək əməkhaqqı
Ş.Rzayevin sözlərinə görə,
bu işlərdə əməkhaqqı da yüksəkdir: "Dollar və avro ilə maaş almağın nəyi pisdir
ki? Bu işlərdə gəlir Azərbaycan üçün çox yüksəkdir. 2-3 dəfə fərq edir.
Məsələn, bu yaxınlarda bizdə 1000 manat alan yaxşı proqramçı xaricdə 3000
dollarlıq iş tapdı. Orta təcrübəlilər 2500-3000, böyük mütəxəssislər üçün
3500-5000 dollar arası əməkhaqqı təklif edilir. Bundan aşağı maaş yoxdur. Ancaq
maaşın nə dərəcədə yüksək olması, həm də kadra, onun işinə, təcrübəsinə görə
dəyişə bilir. Məsələn, kadrın aldığı müəyyən sertifikatlar da maaşa təsir edən
məqam ola bilər. Kadr filan sertifikatı alırsa, maaşı artırılır. Belə ki, 6
aydan bir maaşa baxış keçirilir. Maaşın minimumu artırılır. Tək maaş deyil,
şirkətdən asılı olaraq əlavə bonuslar ola bilir”.
Aygün Asimqızı