Dərk günü
Anar İsgəndərov:
"20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu. Bu, Azərbaycan
xalqının taleyində və tarixində ibrətamiz hadisədir. Tarix o zaman tarix olur
ki, baş verən hadisədən nəticə çıxarılır”
20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də
Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Bu epoxal
hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib,
dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.
Bakıda və ətraf rayonlarda qətliam
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun
əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər
Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.
Bakıda və ətraf rayonlarında ümumilikdə 131 nəfər öldürülüb, 744 nəfər
yaralanıb. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər
və rayonlarında 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif
şəhərlərindəki həbsxanalara göndərilib. Sovet ordusunun amansızlığına və qəddarlığına,
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı
yanvarın 22-də paytaxtın "Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar
matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın
insan iştirak edib.
Hüquqi-siyasi qiymət
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də
ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.
Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını
bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın
20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider
Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd
kimi qiymətləndirib. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində
ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Xalqın taleyində və tarixində yaşananlar
Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov
"Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciəli,
həm də ibrətamiz hadisədir. Onun sözlərinə görə, ötən əsrin 70 illik dönəmində
SSRİ-ni bütün müttəfiq dövlətlər və xalqlar öz Vətəni hesab edib, İkinci Dünya
Müharibəsində hamı kimi azərbaycanlılar da bu Vətənin müdafiəsinə qalxıblar.
Millət vəkili qeyd edib ki, sovet dönəminin sonrakı mərhələlərində də hər bir
azərbaycanlı pioner, komsomol və kommunist partiyasının üzvü olaraq bu dövlətlə
fəxr edib. Lakin 1990-cı ilə qədər olan dövr və 1990-cı ilin 20 Yanvarı fərqli
mənzərə ortaya qoyub: "SSRİ adlı nəhəng dövlətdə, imperiyada Azərbaycan xalqı
heç zaman sevilməyib. 70 il ərzində imkan olan kimi Azərbaycanın tarixi
torpaqları qeyri-azərbaycanlılara "hədiyyə” edilib. Buna misal olaraq 1921-ci
ildən Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayətinin "bünövrəsinin”
qoyulmasını, 1923-cü ildən sonra ölkəmiz və xalqımız üçün daim problemə çevrilən
vilayətin yaradılmasını göstərmək olar. Ardınca Naxçıvanla Azərbaycanın quru əlaqələrini
kəsmək üçün Naxçıvanın 9 kəndi ermənilərə verildi. Nəticə etibarilə ikinci
problem burada yaradıldı”.
20 Yanvarın ibrət dərsləri
A.İsgəndərov deyib ki, tarixin ayrı-ayrı dövrlərində
Azərbaycanın müxtəlif bölgələrindən torpaqlar, yaşayış məntəqələri zorla Ermənistana
verilib. Bununla imperiyanın kimi müdafiə etdiyi məlum olub: "1988-ci ildən
sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək
niyyətləri, separatçılıq hərəkətləri ortalığa çıxanda mərkəzi hökumət – Kreml birmənalı
nümayiş etdirdi ki, o, azərbaycanlıların arxasında deyil, haqq işimizi müdafiə
etmir. Əksinə, imkan düşən kimi tarixi Azərbaycan torpaqlarını ermənilərə vermək
istəyir. 1990-cı ilin 20 Yanvarında əliyalın kütlə küçələrə çıxaraq bu siyasətə
etiraz edir, öz haqqını tələb edirdi. İmperiya ədalətli mövqe tutmaq, bu haqqı
Azərbaycan xalqına vermək əvəzinə, silahsız əhalinin üzərinə ağır zirehli
texnika yeritdi. Bu hadisədən sonra xalqımız SSRİ adlı imperiyaya birmənalı
olaraq nifrət etdi. Xalqımız dərk etdi ki, bu imperiya və ordu bizim deyil, Azərbaycan
ərazisi imperiya ordusu tərəfindən işğal olunub. Bu mənada 20 Yanvarın ibrət dərsləri
itirdiklərimizdən daha çox oldu”.
İndi Şəhidlər Xiyabanına gedəndə...
Millət vəkili söyləyib ki, 1918-ci ilin mart
soyqırımından nəticə çıxaran Azərbaycanın milli-demokratik ziyalıları mayın
28-də Demokratik Cümhuriyyəti elan ediblər. Onun fikrincə, eynilə 1990-cı ilin
20 Yanvarından sonra da xalqımız öz nicatını müstəqilliyi bərpa etməkdə görüb:
"Azərbaycanın milli-demokratik ziyalıları, ümumilikdə, xalqımız və cəmiyyətimiz
üçün bir daha aydın oldu ki, kənardan kimsə sənə azadlıq, müstəqillik və xoşbəxtlik
verə bilməz. Azadlığı, müstəqilliyi xalq özü qazanmalıdır. Necə ki, 2020-ci
ilin 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı "Dəmir yumruq” oldu, ərazi
bütövlüyünü, suverenliyini təmin etmək üçün səfərbər oldu, erməni-daşnak qüvvələrini
darmadağın etdi. Ona görə də, 20 Yanvar Azərbaycan xalqının taleyində və
tarixində ibrətamiz hadisədir. 2021-ci ilə qədər hər il 20 Yanvar şəhidlərinin
ruhunu yad etmək üçün Şəhidlər Xiyabanında olanda ürəyimizdən keçirdi ki, sizin
qanınız yerdə qalmayacaq, intiqamınız mütləq alınacaq. 2021-ci ildən başlayaraq
20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanına gedəndə ürəyimizdən
qürur, fərəh hissi keçir, başımız dimdik dayanır. Ürəyimizdə deyirik ki, rahat
uyuyun, sizlərin qanı yerdə qalmadı, bütün şəhidlərin intiqamı alındı. Tarix o
zaman tarix olur ki, baş verən hadisədən nəticə çıxarılır”.
Rufik İSMAYILOV