• cümə, 29 Mart, 13:29
  • Baku Bakı 14°C

Dəbdən düşən “13-cü maaş” - ARAŞDIRMA

18.12.21 11:00 1079
Dəbdən düşən “13-cü maaş” - ARAŞDIRMA
"Öncədən bəyan edilir ki, əgər hədəfləri tələb edilən formada icra etsəniz, ilin sonunda filan qədər mükafat alacaqsınız. Bu sistem əməkdaşları motivasiya edər və daha yüksək nəticələr göstərməyə sövq etmiş olar”
Çox güman, əksəriyyət insan "13-cü maaş” deyilən bir ifadə eşidib. Bu əmək haqqını ala bilənlər də var, bu haqda yalnız eşidən, amma çalışdığı müəssisədə tətbiqini görməyənlər də. Onu ala bilməyənləri bu suallar düşündürür: "13-cü maaş nədir? Kimlərə verilir?” Daha çox sovet dövründə məşhur olan "13-cü maaş” yanaşması hazırda nə qədər geniş tətbiq olunur?

Mükafat forması

İnsan Resursları üzrə ekspert Tural İslamovun sözlərinə görə, 13-cü əmək haqqı işçilərin işə həvəsini artırmaq üçün tətbiq olan vasitələrdəndir: "Bəli, ölkəmizdə "13-cü maaş” təcrübəsi var. Əsasən, dövlət qurumlarında belə ənənə mövcuddur. Əməkdaşlarının illik motivasiyasını artırmaq və ya növbəti ildə daha həvəslə işləmələri üçün belə bir mükafatlandırma forması seçilir”.

Özəl şirkətlərin təcrübəsi

T.İslamov deyir ki, özəl şirkətlərdə də əməkdaşlara 13-cü maaş verilmə təcrübəsi var, amma azdır: "Qeyd etdiyim kimi, 13-cü maaşdan daha çox dövlət qurumları istifadə edir. Özəl sektorda isə iş fəaliyyətinin idarə edilməsi əsasında illik, yarım illik, rüblük, aylıq bonuslar verilir. Ancaq özəl sektorda da 13-cü maaş verilməsi hallarına rast gələ bilərik”.

Hesablamada tənzimləmə yoxdur

T.İslamov bildirir ki, çox zaman əməkdaşa hər ay aldığı maaş qədər 13-cü maaş mükafatı verilir: "Bu əmək haqqının hesablanması qanunvericilikdə tənzimlənmir. Yəni əməkdaş il boyu aldığı maaşın 13-cü mislini alır. Məsələn, əməkdaş il ərzində 1000 manat maaş alıbsa, bu, 13-cü maaş mükafatı kimi ödənilir. Həmin şəxsə illik 13 min manat ödənmiş olur. Özəl və ya dövlət sektoru, fərqi yoxdur, əksər hallarda 13-cü maaş bir aylıq əmək haqqı qədər olur”.

İl ərzində nə qədər məvacib alıbsa…

T.İslamov deyir ki, işçinin orta aylıq məvacibi də 13-cü maaş kimi verə bilərlər: "Bu, işəgötürən və işçi arasında razılaşma əsasında tənzimlənir. Bunun qanunvericiliklə tənzimlənən bir forması yoxdur. Amma işəgötürən və işçi arasında bağlanan müqavilədə öz əksini tapırsa, mütləq ödənilməlidir. Razılaşmaya əsasən, bəzi hallarda aylıq əməkhaqqı qədər mükafat verilə bilər. Bəzi hallarda bu, orta illik əmək haqqı formasında götürülür”.


Kimlərə verilir?

T.İslamovun sözlərinə görə, bu maaşın kimlərə verilməsi işəgötürən və işçi arasında olan məsələdir: "13-cü əmək haqqı kimlərə, hansı formada ödənilir? Bu sualın cavabı müəssisələrə görə dəyişə bilər. Fərdi yanaşma tətbiq edənlər də ola bilər, kütləvi olaraq hamıya aid edənlər də. Məsələn, şirkətin bütün əməkdaşlarına və ya hər hansı departamentdə işləyənlərə və s. verilə bilər. Əksər halda təcrübədə bu, hamıya aid edilir. Bunun qanunvericilik tərəfi yoxdur, işəgötürən və işçi arasında tənzimlənən prosesdir”.

Arxayınlıq yaradan mexanizm

T.İslamov deyir ki, 13-cü maaş işlək mexanizm hesab olunmur: "Dövlət qurumlarında hələ keyfiyyət əsaslı idarəetmə sisteminə keçid yeni olduğu üçün 13-cü maaş tətbiqindən istifadə edilir. Əksər hallarda işlək mexanizm deyil. İşçi bilir ki, keyfiyyət yüksək oldu-olmadı, işlərini tələb olunan formada icra etdi-etmədi, 13-cü maaşı alacaq. Bu da əməkdaşda arxayınlıq yarada bilər. Həm də yaxşı işləyən, yüksək keyfiyyət göstərən əməkdaşların ruhdan düşməsinə gətirib çıxara bilər. Çünki bilir ki, onsuz da hər kəs mükafatlandırılacaq və əlavə çalışmağa ehtiyac yoxdur”.

Yüksək nəticə üçün fərqli yanaşma

T.İslamovun sözlərinə görə, işçilər arasında fərqlənmə olmadığı təqdirdə, əməkdaşlar yüksək nəticə göstərmək istəmirlər: "Standart olaraq 13-cü əmək haqqı ödənilən dövlət qurumları və keyfiyyət əsaslı idarəetmə sistemi olmayan özəl şirkətlərdə bu, o qədər də işlək mexanizmə çevrilmir və əməkdaşları bir-birindən fərqləndirmir. Harada ki fərqlənmə yoxdur, orada əməkdaşların öz nəticələrini yüksək formada ortaya qoymaq həvəsləri olmur. Hər kəs nə qədər mükafat alacağını öncədən bilir və ona görə də, əlavə olaraq enerji sərf etmir, səy göstərmir”.

Əgər belə olsa…

T.İslamov bildirir ki, hədəflər qoyub mükafatlar verilsə, bu zaman işçilər daha yüksək nəticə göstərər: "Yaxşı olar ki, şirkətlər və qurumlar performans əsaslı idarəetməyə və mükafatlandırma metoduna keçsinlər. Bu, performansın idarə edilməsinə görə bonus mexanizmidir. Yəni ilin əvvəlində əməkdaşlara smart hədəflər qoyulur və ilin sonunda ölçülür. Öncədən bəyan edilir ki, əgər siz hədəfləri tələb edilən formada icra etsəniz, ilin sonunda filan qədər mükafat alacaqsınız. Bu sistem əməkdaşları motivasiya edər və daha yüksək nəticələr göstərməyə sövq etmiş olar”.

T.İslamov qeyd etdi ki, ölkəmizdə "13-cü maaş” təcrübəsi qüvvəsini itirir. Artıq dövlət müəssisələri də iş fəaliyyətinin idarə edilməsi, keyfiyyət menecmenti sisteminə uyğun olaraq mükafat və bonuslara keçid alıb.
Zərif Salmanlı

banner

Oxşar Xəbərlər