Daha ƏDV-ni geri ala bilməyəcəyik? - ARAŞDIRMA
İqtisadçı
Xalid Kərimli: "Ölkədə hələ şəffaflaşma, nağdsız hesablaşma, sosial məsələlər
tam həll olunmayıb ki, bu layihə gündəlikdən qalxsın. Növbəti illərdə sahələrdən
asılı olaraq ƏDV-nin fərqli dərəcələrinin tətbiqini görə bilərik”
2020-ci
ilin may ayından pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış
mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri
qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Nağdsız ödənişlər
üzrə ƏDV məbləğinin 15, nağd ödənişlər üzrə 10 faizi qaytarılır.Bildirilir
ki, gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və
xidmətlərin əhatə dairəsi genişlənəcək. Azərbaycanda istifadədə olan ödəniş
terminallarındakı qəbzlərdə də "ƏDV geri al” üzrə QR-kodlar tətbiq oluna bilər.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ölkədə onlayn nəzarət kassa
aparatlarının tətbiqi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu məsələ təhlil
olunur və daim nəzarətdədir: "İşlər gedir. Ola bilsin ki, hər hansı yeniliklər
tətbiq olunacaq. Onlayn nəzarət kassa aparatlarının tətbiq olunması həm əhali,
həm də sahibkarlar və dövlət orqanları tərəfindən çox müsbət hal kimi dəyərləndirilir”.
Vergi Məcəlləsində
nəzərdə tutulan digər dəyişikliyə əsasən, tibbi xidmətlərin alışı zamanı
ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək. Bu məqsədlə tibb müəssisələrində
onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Eyni zamanda növbəti ildən
alkoqollu içkilərə və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən
ƏDV-nin qaytarılması dayandırılacaq.Bu kimi xəbərlərin
fonunda insanlar arasında "ƏDV geri al”ın ləğv olunacağı ilə bağlı da şayiələr
yayılır. Bu xəbərlər nə dərəcədə real ola bilər? Layihənin ləğvi gündəmə gələ
bilərmi?
Nə qədər
geri qaytarılıb?
İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2020-ci ilin may ayından bu
günədək "www.edvgerial.az”da 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.
"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün
sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə
ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb.
2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım
dinamikası müşahidə edilib. Yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018
istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə
çatıb ki, bu da "ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir.
Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə
26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
Layihənin
məqsədləri
İqtisadçı Xalid Kərimli deyir ki, "ƏDV geri al” layihəsi insanlar tərəfindən maraqla
qarşılandı: "Bu layihə rezonans yaratdı, geniş bir sosial təbəqəni əhatə etdi. Alqı-satqı
prosesində iştirak edən insanların, demək olar ki, hamısı bu sistemə qoşuldu. X.Kərimli
bildirir ki, dövlətin bu layihəni həyata keçirməkdə bir neçə əsas məqsədi var
idi: "Birincisi, dövlət insanlarda maraq oyatdı ki, onlar aldıqları əşyanın, ərzağın
çekini tələb etsinlər. Bu çek avtomatik olaraq Vergilər Nazirliyinin bazası ilə
əlaqəlidir. Satışlar avtomatik qeydiyyata alınır ki, vergidən yayınma olmasın. İkinci
əsas məqsəd nağdsız hesablaşmaların genişləndirilməsi idi. Nağdsız
hesablaşmalarda - kartla ödənişlərdəki çeklərdə ƏDV məbləği nağd ödənişlərdən
daha çoxdur. Üçüncü məqsəd isə budur ki, dövlət ƏDV-ni geri qaytarmaqla sosial
vəziyyətə də müəyyən qədər dəstək vermiş oldu”.
ƏDV-də yenilik
X.Kərimlinin
sözlərinə görə, dövlət "ƏDV geri al”ın tətbiq olunduğu sahələrdə müəyyən dəyişikliklər
edib: "Dəyişikliklərin məqsədi ondan ibarətdir ki, dövlət
"ƏDV geri al”ın istiqamətini dəqiqləşdirir. Alkoqollu içkilər, tütün məhsulları
və avtomobillər üçün "ƏDV geri al” ləğv edilir və yerinə tibbi xidmətlər, səhiyyə
üçün ödənilən məbləğ qoyulur. "ƏDV geri al” sosial layihədir
və bu baxımdan hökumət daha proqressiv olan tibbi xidmətləri siyahıya əlavə
edir. Bundan sonra vətəndaşlar xəstəxanalardakı xidmətlərə görə edilən ödənişlərdən
də ƏDV-ni geri ala biləcəklər”.
Gündəlikdə
deyil, ancaq...
X.Kərimli deyir ki, "ƏDV geri al”ın ləğv ediləcəyi ilə bağlı deyilən sözlər,
sadəcə şayiədən ibarətdir: "2022-ci ilin layihəsində "ƏDV geri al”ın ləğv
olunması nəzərdə tutulmayıb. Ölkədə hələ şəffaflaşma,
nağdsız hesablaşma, sosial məsələlər tam həll olunmayıb ki, bu layihə gündəlikdən
qalxsın. "ƏDV geri al”ın ləğvi, hələlik gündəlikdə deyil, ancaq təbii ki, Vergilər
Məcəlləsinə, zamanın tələblərinə uyğun olaraq baxılır və düzəlişlər edilir”.
Diferensiallaşdırılma
X.Kərimli
bildirir ki, insanların bu layihədən məmnuniyyətini artırmaq üçün müəyyən
addımlar atmaq olar: "ƏDV-nin diferensiallaşması məsələsi də diqqət mərkəzindədir.
Növbəti illərdə sahələrdən asılı olaraq ƏDV-nin fərqli dərəcələrinin tətbiqini
görə bilərik. Hesab edirəm ki, bəzi sahələrdə "ƏDV geri al”ın faizi qaldırıla,
endirilə, siyahıdan çıxarıla, əlavə edilə bilər. ƏDV-ni əsas istehlak məhsulları üzrə təyin etmək
olar. Bəzi ərzaq məhsullarında ƏDV-ni tamam ləğv və yaxud 5-10 faiz etmək olar”.
Zərif
Salmanlı