• şənbə, 25 Oktyabr, 04:27
  • Baku Bakı 17°C

TDT çərçivəsində iqtisadi əməkdaşlıq genişləndirilir

25.10.25 00:32 75
TDT çərçivəsində iqtisadi əməkdaşlıq genişləndirilir

TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi Qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir. Əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji və əməli əhəmiyyət daşıyır.

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci toplantısı keçirilib. Toplantıda təşkilata üzv ölkələrin təmsilçiləri iştirak ediblər. 
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türk dövlətləri daim ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərini dəstəkləyirlər. Onun sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq münasibətləri, TDT çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm təməl yaradır. 

Ümumtürk Patent Təşkilatı yaradılsın

M.Cabbarov bildirib ki, TDT Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi Qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir. Onun sözlərinə görə, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji və əməli əhəmiyyət daşıyır: "Eyni zamanda, 2023-cü ilin noyabr ayında TDT-nin Astanada keçirilmiş X Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının yaradılması təşəbbüsü elm və texnologiyanın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu qurumun təsis olunması, ümumi iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından mühüm addımdır".

Qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi

Nazir vurğulayıb ki, ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, TDT-yə üzv ölkələr arasında qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi iqtisadi inteqrasiyanın vacib istiqamətinə çevrilib. Onun sözlərinə görə, ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu Türk dövlətləri tərəfindən təsis edilmiş ilk birgə maliyyə institutudur: "Bütün bunlar üzv dövlətlər arasında qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Həmçinin, Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları yaradıb. Bu mexanizmlər ölkələrimiz arasında kapital axınının artmasına, sənaye layihələrinin birgə maliyyələşdirilməsinə və qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşmasına şərait yaradır".

Sabah.hub innovasiya mərkəzi

M.Cabbarov bildirib ki, Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir. Bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Onun sözlərinə görə, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir: "Azərbaycanda bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri Sabah.hub innovasiya mərkəzidir. Sabah.hub gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir". M. Cabbarov əlavə edib ki, özəl sektorun və sənaye nümayəndələrinin iqtisadi əməkdaşlıq formatlarına daha fəal şəkildə cəlb olunması vacibdir: "Məhz biznes strukturları əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməli, ideyaların, texnologiyaların və investisiyaların mənbəyi olmalıdır. Məqsədimiz ondan ibarətdir ki, ölkələrarası əməkdaşlıq təkcə dövlət qurumları səviyyəsində deyil, həm də şirkətlər, sənaye assosiasiyaları və texnoloji platformalar səviyyəsində qurulsun".

Növbəti görüş Astanada olacaq

Tədbirdə çıxış edən Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin icraçı direktoru Asror Norov bildirib ki, ölkəsi sənaye, texnologiya, innovasiya və elm sahələrində əlaqələrin inkişafına dəstək verən mühüm istiqamətləri nəzərdən keçirir.

Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan İssakulov deyib ki, ölkəsi gələn il Astanada TDT nazirlərinin 3-cü toplantısına ev sahibliyi etmək istəyir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstandan olan həmkarının təklifini dəstəkləyib və 3-cü toplantının bu ölkədə keçiriləcəyin bildirib.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır vurğulayıb ki, TDT çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir. "Ölkələrimiz arasında ortaq infrastruktur yaradılması, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellekt tətbiqlərində etik çərçivələrin müəyyən edilməsi prioritet gündəliyimiz olmalıdır. Bu sahələrdə tədqiqat mərkəzlərimiz və texnologiya tərəfdaşlarımız arasında qurulacaq ortaq platformalar informasiya və veb paylaşımı asanlaşdıracaq", - deyə o qeyd edib.

banner

Oxşar Xəbərlər