• şənbə, 25 Oktyabr, 04:18
  • Baku Bakı 17°C

Vergilərlə bağlı diqqət çəkən dəyişikliklər 

25.10.25 00:34 75
Vergilərlə bağlı diqqət çəkən dəyişikliklər 

2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3%-i qədər vergi ödəyəcəklər. Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildən isə 7 % olacaq.

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb.

Gəlir vergisi ilə bağlı güzəştin ləğvi gündəmdədir

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% olacaq. Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq etdiyi halda qüvvəyə minə bilər.

Media ilə bağlı güzəştlərin müddəti uzadılır

Sənəddə o da bildirilir ki, Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə verilən maddi yardımlar üzrə gəlir (mənfəət) və sadələşdirilmiş vergilər üzrə tətbiq olunan güzəştin müddətinin 3 il uzadılması nəzərdə tutulur. Xatırladaq ki, sözügedən güzəşt 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq edilib və bu ilin sonunda başa çatır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Report"a açıqlamasında bildirib ki, vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir. Onun fikrincə, bu təşəbbüs media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir: "Düşünürəm ki, bu qərar jurnalistlər üçün yalnız iqtisadi güzəşt deyil, eyni zamanda media sektoruna dövlət səviyyəsində verilən dəyərin və etimadın ifadəsidir. Bu addım həm media sahəsinin iqtisadi sabitliyinə, həm də informasiya məkanının keyfiyyətli inkişafına xidmət edir. Qeyd edilən güzəşt, xüsusilə, yeni yaranan və ya rəqəmsal platformalarda fəaliyyət göstərən media subyektlərinin inkişafı üçün real stimul olacaq".

Nağdsız dövriyyə 6 faizlə sadələşdirilmiş vergiyə cəlb olunacaq

Digər dəyişikliyə əsasən, Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50%-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur. 

Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər

Həmçinin, Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nəzərdə tutulur. 

Telefonlara aksiz vergisi

Bundan əlavə, Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək. Beləliklə, fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.

Kirayə haqlarından 10 faiz tutulacaq

Həmçinin, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq. Layihəyə əsasən, bu gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

 

banner

Oxşar Xəbərlər