Cocuq Mərcanlı normal həyatın astanasında

Füzuli rayonundan, Horadiz şəhərindən keçən avtobus
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə doğru irəliləyir. İşğaldan azad
edilən kənddə ermənilər tərəfindən törədilən vəhşilikləri gözləri ilə görmək,
torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, iştirakçıları ölkə
prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlərlə tanış
etmək məqsədi daşıyan səfərdə bir qrup əcnəbi tələbə və media işçilərini bir
araya gətirən Təhsil Nazirliyinin təşəbbüsü, həmçinin insanların doğma
torpaqlarımıza qayıdışının başlanğıcında olduğumuza bizi bir daha inandırır.
Müharibənin dəhşəti göz önündədir. Biz bu
dağıntıların izlərini hər hansı filmlərdən izləmirik, kinolardan seyr etmirik.
Ermənilərin 24 il əvvəl yerlə-yeksan etdiyi, yandırıb külə döndərdiyi kəndi
gözümüzlə görür, ərazisini gəzirik. Vaxtilə həyatın canlandığı kənddə 283 ev
təsərrüfatı, məktəb, kitabxana, poçt, icra nümayəndəliyi, qaramal, qoyunçuluq
fermaları, anbar və kolxozdan əsər-əlamət qalmayıb. Ermənilər bütün evləri və obyektləri yandırıblar. Dörd ay işğalda
qalan kənd uğrunda çoxlu insanlar həlak olub, yaralanıb... Analar, atalar, bacılar,
sevgililər, uşaqlar gözüyaşlı qalıb...
İndi bu kənddə həyat yenidən canlanmağa başlayıb. 2016-cı
ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan
ordusunun işğalı altında olduğundan, Cocuq Mərcanlı kəndində yaşayış
qeyri-mümkün olub. Lakin Silahlı Qüvvələrmizin yüksəkliyi azad etməsindən sonra
artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Cocuq Mərcanlıya səfərimiz zamanı prezident İlham
Əliyevin sərəncamı ilə kəndin bərpası istiqamətində həyata keçirilən tədbirlər,
ərazidə aparılan minatəmizləmə və tikinti işləri ilə yerindəcə tanış olduq.
Qaynayan həyat və
közərən ümidlər...
Cocuq Mərcanlı kəndi böyük bir tikinti meydançasını
xatırladır. 1994-cü ildə Horadiz əməliiyyatı zamanı erməni qəsbkarlarından azad
olunmasından keçən müddət ərzində bu, kənddə yaşanan ilk və real canlanmadır.
Ermənilərin kəndi yerlə-yeksan etməsindən, ərazidə daşı-daş üstdə qoymamasından
sonra indi kənddə tamamilə yeni ab-hava var. Keçən ilin aprel döyüşlərində
Azərbaycan ordusunun zəfəri – Lələtəpə yüksəkliyinin ermənilərdən azad edilməsi
Cocuq Mərcanlıda da sakinlərin təhlükəsiz yaşamasına şərait yaradıb. Minalardan
təmizlənən ərazidə ilkin olaraq tikilən 50 yaşayış evinin bəzilərinin damı
örtülməkdə, bəzilərinin suvaqı vurulmaqda, bəzilərinin isə divar hörgüləri başa
çatmaqdadır. Həmçinin 150 şagirdin oxuması üçün fevral ayında məktəbin bünövrəsi
qoyulub.
Təhsil nazirinin
müavini Firudin Qurbanov səfər iştirakçılarına kəndin azad edilməsi
ilə bağlı məlumat verdi: «Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 22 kənd işğal
altından azad olunub. Bu kənddəki yaşayış evlərinin hamısı dağılmışdı. 283 ev,
eyni zamanda bu kənddə fəaliyyət göstərən bir məktəb, kitabxana və digər sosial
obyektlər dağıdılmış, demək olar ki, kənd yerlə-yeksan edilmişdi. Silahlı Qüvvələrimizin
qüdrəti sayəsində böyük əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi əldə
ediləndən sonra kənddə quruculuq işləri aparmağa əsil imkan yaranıb».
Həmçinin ərazidə yerləşən hərbi hissənin rəhbər
heyəti və ANAMA-nın nümayəndələri ilə görüş də səfər iştirakçılarına işğaldan
azad edilən kənd və qonşu ərazilər haqqında maraqlı məlumatlar verdi.
Cəbrayıl rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Tapdıq Nəsirov yaşayış
evlərinin tikintisindən əlavə, qəsəbədə digər infrastruktur işlərinin də həyata
keçirilməsini bildirir: «Elektrik çəkilişi həyata keçirilir. Həmçinin içməli su
və qaz xətləri çəkilir. Növbəti mərhələdə yaşayış üçün lazım olan bütün
infrastrukturların hamısı qurulacaq və əhalinin istifadəsinə veriləcək». İcra
nümayəndəsinin bildirdiyinə görə, hazırda 250 ailə kənddə yaşamaq üçün müraciət
edib: «Bu amil hər şeydən əvvəl məcbiri köçkün və qaçqınlarımızda doğma yurd
yerlərinə qayıtmaq və ordumuzun
qüdrətinə inam hissini gücləndirib. Hətta yerli sakinlərdən əlavə, başqa
rayonlardan da Cocuq Mərcanlıya köçmək istəyənlər var». Həmçinin kəndin
ərazisində tikinti, əkin və otlaq sahələri üçün torpaq bölgüsü aparılıb.
Bölgüyə əsasən, 400 ailənin burada məskunlaşmasından ötrü tikinti yeri müəyyən
edilib: "Kənddə bütün infrastruktur yaradılacaq. Burada uşaq bağçası, məktəb,
tibb, mədəniyyət obyektləri inşa ediləcək”. T.Nəsirov ilk evlərin iyunun 15-də
- Qurtuluş günündə istifadəyə veriləcəyini bildirdi. 150 şagirdin oxuyacağı
məktəbin tikintisi ilə tanışlıq da xoş təəssüratlar yaratdı. Ərazidə ağacəkmə
kampaniyası isə kənddə həyatın get-gedə canlanacağı istiqamətində addımlardan
biri kimi yadda qaldı.
Cocuq Mərcanlı
uğrunda tökülən qanlar...
1994-cü ildə Cocuq Mərcanlı uğrunda döyüşlərdə
işqtirak edən I qrup Qarabağ əlili
Mansur Məmmədov kənddə yaşayışın təmin olunmasının çoxdankı arzusu olduğunu
deyir: «Gün o gün olsun ki, Şuşa,
Cəbrayılın digər kəndləri, Kəlbəcər, Laçın torpaqlarında da bu cür tikinti
işləri getsin, insanlar oralara qayıdacağı günü görsünlər. Arzum budur ki,
bütün torpaqlarımız özümüzə qayıtsın. Biz bu torpaqlar uğrunda qan tökmüşük.
Mən bu kənd uğrunda döyüşlərdə əlil olmuşam. Buna görə ancaq ölkə başçısına
təşəkkür edirəm ki, bu gün bu kənddə sürətli quruculuq işləri həyata keçirilir,
təhlükəsizliyə təminat var. Bu, bizdə düşmən işğalı altında qalan digər
torpaqlarımızın geri qayıdacağına da ümid yaradır”.
Veteran döyüşçü Faiq
Hüseynov da kənddə baş verən dağıntıların və müharibənin
şahidi olduğunu söyləyir: «Mən Horadiz əməliyyatında iştirak etmişəm. Bu
əməliyyatdan sonra bizə bu kəndlərin azad olunması ilə bağlı əmr verildi. Biz
hücuma keçəndə 3 kəndi – Qazaxlar, Mirzəxanlı və Cocuq Mərcanlı kənlərini
birdən azad etdik. Çoxlu itkilərimiz oldu. Demək olar ki, Füzulinin Böyük
Bəhmənli kəndi də daxil olmaqla bütün kəndlər ermənilərin əlində idi”. 1996-cı
ildə hərbidən tərxis olunduğunu deyən F.Hüseynov 24 ildən sonra bu torpaqlarda
quruculuq işlərini toy-bayram kimi qarşılayır: "Ermənilər bu kənddə bütün
evləri yandırmışdılar. İndi bərpa işlərini görüncə çox sevinirəm. Keçmiş
döyüşçü kimi kəndin o zamankı vəziyyəti gözümün qarşısındadır. Bu kənd yalnız
bizim əsgərlərin sayəsində azad olundu. Cocuq Mərcanlının azad olunması uğrunda
ağır döyüşlər getdi. Çoxlu ölənlər və yaralananlar oldu. Çünki ermənilər
hürdürlükdə idi və aşağını hər an vururdular. Onlara qarşı hücuma keçmək çətin
idi. Təsəvvür edin, biz düzdə, onlar isə yüksəklikdə qərarlaşmışdılar. İndi
tamam fərqli mənzərə ilə qarşılaşınca ürəyim dağa dönür”.
Cocuq Mərcanlı azad olunandan sonra kənddə yaşamağa
qərar verən Həziyevlər ailəsi isə
düşmənin qarşısından geri çəkilməyən, öz dədə-baba torpaqlarını ölənədək tərk
etməmək fikrində olan insanlara nümunə oldu. Kənd işğaldan azad olunan kimi Oqtay Həziyev öz ailəsi ilə birlikdə
daim erməni ordusu tərəfindən atəş altında saxlanılan kəndə köçüb. Dağılmış
evinin yerində özünə məskən yaradıb: "Burada yaşamaq olduqca təhlükəli idi. Hər
an ölümlə üzləşə bilərdik. Ancaq qorxmadıq, yaşadıq və bundan böyük qürur hissi
keçiririk.İndi qohum-əqrəbanın, dost-tanışların qayıdacağı günü gözləyirik...”
Münaqişənin sülh yolu ilə həlli
Cocuq Mərcanlıya səfər edən əcnəbi tələbələr də
kənddə gedən prosesləri maraqla izləyirlər. Onlar ölkəmiz haqqında, Qarabağ
münaqişəsi haqqında müəyyən qədər məlumatlıdırlar. Üstəlik, özlərinin Facebook
və Twitter səhifələrində "Qarabağ”, "Cocuq Mərcanlı” həştəqi ilə paylaşımlar
edirlər.
Azərbaycan Dövlət
İqtisad Universitetinin magistri, almaniyalı tələbə Jens Stefen Bolay
Cocuq Mərcanlıda gördüklərinin onda böyük təəssüratlar yaratdığını deyir: "Mən
Qarabağ münaqişəsi haqqında eşitmişdim. Azərbaycana gələndən sonra isə müxtəlif
məlumatlar əldə etmişəm. Cocuq Mərcanlıya getmək təklifini məmnuniyyətlə qəbul
etdim. Burada münaqişənin ağır izlərini görürəm. Ancaq Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli daha vacibdir”.
ADİU-nun magistri, qambiyalı tələbə
Ebrima Gomez də münaqişənin sülh
yolu ilə həllinin tərəfdarıdır: "Müharibə dünyanın hər yerində qan tökülməsi,
insanların həlak olması ilə nəticələnir. Qarabağ müharibəsi də Azərbaycana və
Ermənistana ağır başa gəlir. İnsanlar qırılır, şəhərlər dağıdılır. Biz Cocuq
Mərcanlıda bu vəhşiliyin şahidi olduq. Dağılan evlərin yerində yeni evlər
tikilir. Bu sevindiricidir ki, insanlar öz torpaqlarına qayıda biləcəklər”.
AZMİU-da inşaat
mühəndisliyi üzrə təhsil alan, Siyera Leonedən olan tələbə Abass Kanu müharibənin
nə olduğunu yaxşı bildiyini deyir: "Qaçqınlıq, məcburi köçkünlük həyatı heç də
arzuolunan deyil. İnsanlar müharibənin ağrı-acısını çəkib, öz yurdlarından
illərdir ki, didərgin düşüblər. Hesab edirəm ki, bu münaqişənin tezliklə həll
olunması hər iki dövlət üçün faydalı olar. Cocuq Mərcanlıda yeni həyatın
başlanması isə bizi sevindirir”.
ADİU-da marketinq
üzrə təhsil alan ruminiyalı Rutilean Raul Cocuq Mərcanlının
bərpasını dünya ictimaiyyətinə mühüm mesaj hesab edir: "Bu, dünyanın hər
yerində dağılan şəhərlərin, kəndlərin əhalisinin öz yurdlarına qaytarılması
üçün gözəl nümunədir. Biz Cocuq Mərcanlıya səfər edərək Azərbaycan hökumətinin
işğaldan azad olunmuş bir kəndin yenidən qurulmasına hansı formada səylər
göstərdiyinin şahidi olduq. Biz bu barədə dostlarımıza danışacağıq. Bu, dünyada
olan məcburi köçkünlərə və qaçqınlara çox mühüm mesajdır”. Zimbabveli tələbə Tinodashe Shoho işğal altında olan
torpaqlarımızın azad olunması üçün səylər göstərilməsini dünyaya mesaj
adlandırır: "Bu, dünyada eyni taleyi yaşayan xalqlar üçün stimul olacaq. Cocuq
Mərcanlı buna misaldır. Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalı, xalqlar
mehriban yaşamalıdır”.
Cocuq Mərcanlıdan qayıdanda, Horadizdə Heydər
Əliyev Fondu tərəfindən inşa edilən 3 saylı orta məktəblə tanışlıq da səfər
iştirakçılarında böyük təəssüratlar yaratdı. Heydər Əliyev Mərkəzində ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması, məktəbin şagird
və müəllim heyəti ilə görüş həm səfər iştirakçıları, həm də müəllim və şagird
kollektivi üçün torpaqlarımızın düşmən işğalından həmişəlik qurtulması
istiqamətində sonsuz ümid təsiri bağışladı.
O gün uzaqda
deyil...
İndi Cocuq Mərcanlı kəndi dünyanın diqqətindədir.
Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların, diaspor
təşkilatlarının nümayəndələri, xarici jurnalistlər işğaldan azad edilmiş kəndə
tez-tez səfər edirlər. Bu, düşmən işğalından azad olunan və azad ediləcək
torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır. Bu, həm də inamdır. Təkcə qaçqın
və məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə başçısının səyi və
ordumuzun qüdrəti sayəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə
inanır. Və bir gün işğal altında olan o torpaqlarda da sürətli tikinti işləri aparılacaq,
insanlar doğma yurdlarına qayıdacaqlarnın sevincini yaşayacaqlar.
O gün uzaqda deyil!
Təranə Məhərrəmova
Cocuq
Mərcanlı-Bakı










