Cizgilərə hopan ömür
Xalq
rəssamı Cəmil Müfidzadənin əziz xatirəsinə həsr olunur...
Ölüm bütün vaxtlarda gözlənilməz olur. Elə bənzərsiz
əsərləri ilə müasir Azərbaycan təsviri sənətində dərin iz salmış Xalq rəssamı,
professor Cəmil Müfidzadənin (1934-2019) qırx gün əvvəl dünyasını dəyişməsini
də respublika ictimaiyyəti – çoxsaylı həmkarları, dostları və tələbələri bu cür
qəbul etdilər. Bu ilk növbədə onun iki qərinəlik yaradıcılığı ərzində beynəlxalq
miqyasda xalqımıza başucalığı gətirən əsərlər yaratmaqla hamının məhəbbətinin
qazanmasının nəticəsi idi...
Bu sevginin
qaynaqlarına nəzər salsaq, onda deməliyik ki, Bakıda məşhur "Əzimzadə
məktəbi”ndə, Xarkovda isə Dövlət Rəssamlıq İnstitutunda ixtisas təhsil alan
rəssam, ötən əsrin altmışıncı illərindən başlayaraq bu günümüzə kimi
yaradıcılıqla məşğul olmuşdur. Öncədən deyək ki, o, bir çox yaradıcılarla
birlikdə Azərbaycan incəsənətinin XX yüzilliyin ikinci yarısına təsadüf edən
inkişafında fəal iştirak etmiş, milli təsviri sənətimizi SSRİ və dünya
miqyasında məşhurlaşdıran "altmışıncılar”ın sırasında olmuşdur.
Cəmil
Müfidzadənin yaradıcılıq yolundan söz açmalı olsaq, öncə onun təhsilsonrası topladığı qrafik
bədii-texniki vərdişlərdən "yoğrulmuş"
professionallıq saxlancını arzularının gerçəkləşməsinə yönəltmək arzusunda
olduğunu dilə gətirməliyik. Bu cür təbii niyyətin arxasında başqa bir adekvat
arzunun - duyğularının özünəməxsus, başqalarına bənzəməyəcək tərzdə ifadəsinin
durması isə heç şübhəsiz gənc rəssamdan bu vaxta qədər elədiklərinə ciddi, həm
də tənqidi nəzər salmaq tələb edirdi. Yox, o, belə bir məqamda sələflərinə ağız
büzməkdən uzaq idi. Ancaq o, təsirindən çox tezliklə çıxmağı arzuladığı Ukrayna
məktəbi ənənələrindən uzaqlaşmaqla, bilavasitə özünü, sirlərlə dolu iç
dünyasını ifadə etmək istəyirdi. Özü də duyğularını dünənlə bu günün vəhdətində
təqdim etmək, mahiyyətcə milli-bəşəri, formaca ənənə ilə müasirliyin qovşağına
nail olmaq istəyirdi. Bu bir tərəfdən daxili tələbat olsa da, digər tərəfdən
artıq 60-cı illərdə Azərbaycan təsviri sənətində, başqa sözlə desək, az qala
qonşuluğunda T.Salahov, T.Nərimanbəyov, M.Mircavadov, Ə.Rzaquliyev,
S.Bəhlulzadə və R.Babayev kimi rəssamların sovet incəsənətində aparıcı hesab
olunan, daha çox isə gerçəklikdən uzaq olan, hər şeyi ideal, "ütülənmiş"
görkəmdə təqdim etmək istəyən "sosialist realizmi" bədii prinsipləri
çərçivəsini qıran, onun genişləndirilməsində haqlı olduqlarını
nəzarətçi-ideoloqlara sübut etməyə çalışanların mövcudluğu ilə bağlı idi,
desək, yanılmarıq. Başqa sözlə desək, bu məqamda ən önəmli cəhət rəssamın
varlığında həm də onu əhatə edən hər şeyə yaradıcı adam üçün çox vacib olan
yeni gözlə baxmaq istəyinin qərar tutması və bunu reallaşdırmaq üçün bilavasitə
Azərbaycan rəssamlığındakı müasirləri arasında nümunə götürüləcək yaradıcıların
mövcudluğu idi. Odur ki, ilk olaraq duyğularını qanadlandırmaq üçün o, ona daha
yaxın olan Abşeronu gəzir. Özünün bu sətirlərin müəllifilə söhbətindən məlum
oldu ki, o, Bakıya geri qayıdandan sonra özünəməxsus təbiəti ilə seçilən
Abşerona yaxından göz qoymaqla, qızmar günəşin, güclü işıq selinin altında
rənglərdən "küsmüş" kimi görünən doğma torpağa bir yaradıcı kimi
diqqət yetirmiş, çoxsaylı neft mədənlərinin, neft hopmuş torpağın iyi ilə nəfəs
almışdır. Krujeva kimi sıralanmış buruqları, nəhəng çiçəklər kimi torpağa
səpilmiş neft çənlərini seyr etmiş, özü üçün etibarlı və son nəticədə, davamlı
ilham qaynağı tapmışdır...
Bir
həqiqətdir ki, həyatda kiməsə, nəyəsə ali məhəbbət hisslərinin mövcudluğu hər
şeyə başqa sözlə baxmağa məcbur edir.
Məhz Cəmil Müfidzadənin doğma torpağa və
onun ecazkar təbiətinə, yurdun əvəzsiz bəzəyi və qürur qaynağı olan tarixi
abidələrə, yurda şöhrət bəxş edən sənaye obyektlərinə sevgisi belə ali, belə
ülvi, başqa sözlə desək, bir az da Səttarsayağı olmuşdur. Onun dəfələrlə
dünyanın yeni möcüzələrindən sayılan Neft daşlarına səfərlər etməsini,
Azərbaycanın qədim və zəngin, möhtəşəm və təkrarsız memarlıq abidələri ilə
tanışlığı, əcdadlarımızın gözünün nurunu, ürəklərinin və əllərinin hərarətini
özündə yaşadan xalçaları və tikmələri, eləcə də daşoyma və misgərlik
nümunələri, özündə tariximizi yaşadan Qobustan qaya rəsmləri, ecazkar miniatür
əsərləri ilə tanışlığını da bura əlavə etsək, gənc rəssamın çox qiymətli mənəvi
dəyər toplusu qarşısında durduğunu söyləmək olar. Əslində, bəlkə də ,başqalarının
görə bilmədiyi bu qədər tutumlu mənəvi qaynağı lazımınca dəyərləndirmək,
rəssamın özünün dediyi kimi fərqli müasir və milli görkəmə gətirmək o qədər də
asan deyildi. Başqa sözlə desək, o, sənətin əlçatmaz görünən zirvəsinə doğru
uzanan çox təzadlı, ancaq eyni zamanda duyulası dərəcədə maraqlı yaradıcılıq
axtarışlarından keçəcək uzun bir yola çıxmaqda idi. Belə bir vaxtda israrının
davamlı olmasına yeganə dayaq verən gənc müəllifin özünə sonsuz inamı idi...
Onun zamanın
axarında doğma yurda həsr etdiyi "Bakı albomu”, "İçərişəhər”, "Abşeron nefti”
və "Xınalıq” silsilələrini əhatə edən
əsərlərin timsalında əminliklə bu inamın
"göyərdiyi”ni söyləmək mümkündür. Bununla
yanaşı rəssam dünyanın bir çox ölkələrinə baş tutan yaradıcılıq səfərlərini də
sənətsevərlər tərəfindən çox maraqla qarşılanmış qrafik silsilələrdə
əbədiləşdirmişdir. Onun "Monqolustanda”, "Misir təəssüratları” və "Şimal”
silsilələri belə yaranmışdır. O, yaradıcılığında milli bədii qaynaqlara tapınan rəssamlardan
olmuşdur. Onun əski nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı
mahiyyət daşıyır. Elə bunun sayəsində də
əsərlərində milliliklə yanaşı, müasirlik və zaman kateqoriyası da
nəzərəçarpan və duyulandır. Belə ki, rəssamın özünəməxsus təfsirində həm
müəyyən məkanın gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha
ecazkar görünür. Bəzən adama elə gəlir ki, rəssamda haradasa tez-tez üz-üzə
qaldığı naturaya qarşı inamsızlıq yaranıb və o, görünənlərin real-təbii
rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim etdiyi duyğulandırıcı
rəng həllinə, süjetin düşündürücü obrazlı təfsirinə etibar edib.
Onun əsərləri işləmə
manerasına, kompozisiya biçiminə görə də orijinal olub, heç kimi xatırlatmır.
Onları diqqətlə nəzərdən keçirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişdiyi,
yeni bədii keyfiyyətlərlə zənginləşdiyi də açıq duyulur. Həmişə cəlbedici
görünən və yeniləşən bu ifadə tərzini
əvvəllər nə qədər lakonik forma-biçim, təzadlı işıq-kölgə həlli səciyyələndirirdisə,
vaxt axarında onlar tədricən çox zərif, ovsunlayıcı naxışları andıran
cizgilərlə əvəz olunub. Sonrakı illərdə bədii forma bütövlüyü, axıcı xətlərin
dinamikliyi, fakturanı cəzbedici və duyulan edən qarışıq texnikanın tətbiqi son
nəticədə, özünəməxsus bədii şərh məcmusu
yaratmaqla rəssamın sonrakı dövr yaradıcılığının "tanınma nişanı”na -
bədii-texniki ifadə vasitəsinə çevrilib.
O, yeganə qrafiklərimizdəndir ki, təhsil
illərində qazandığı texniki-bədii vərdişləri həmişə praktikada davam etdirmişdir.
Onun əsərlərini davamlı olaraq müxtəlif
texnikalarda yaratması da bunu təsdiqləyir. Rəssam uzun illərdir ki,
yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Uzun illər
ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika” kafedrasında
çalışan Cəmil müəllim bu ali təhsil ocağının professoru idi. Yaxşı haldır ki, görkəmli sənətkar əldə
etdiyi zəngin texniki-bədii təcrübəni və dünya praktikasında ofort texnikasının
yerini özündə cəmləşdirən "Ofort” adlı dərslik yazmış, bu texnikanın bundan
sonra gənclər tərəfindən davam etdirilməsi üçün tutumlu mənbə yaratmışdır...
Rəssamın
zəngin qrafik irsi ilə tanışlıq göstərir ki, Cəmil Müfidzadə sənətdə artıq öz
sözünü demiş və sənətkar "mən”ini təsdiqləmiş yaradıcı simalardandır. Odur ki,
bundan sonra artıq zamanın sərt sınağından
çıxdığını da sübut edən bu əvəzsiz milli-mənəvi dəyərlərin Azərbaycan təsviri
sənətinin ayrılmaz tərkib hissəsi kimi qalacağı və dəyərləndiriləcəyi birmənalıdır.
Ziyadxan Əliyev