Babam –
Məhəmməd Eminov 1929-cu ildə Masallı rayonunun Hacıtəpə kəndində doğulub, bu
günə qədər orda yaşayır. Vaxtilə kəndimizin məşhur baytar həkimlərindən olub.
90 yaşında belə ürəkdən gülümsəyən babamdan pozitivliyi və optimist olmağı
irsən almışam.
Bütün
həkimlərin, sağlam qida kouçlarının, dietoloqların, nutrisioloqların sağlam
qida ilə bağlı təbliği üçün çalışdığı bir vaxtda, buna baxmayaraq get-gedə
artan xəstəliklər, eləcə də gənclər arasında artan intihar hadisələri fonunda bu il 90 illiyini qeyd edən babamdan
necə belə sağlam və uzunömürlü yaşamağın sirlərini öyrənmək ondan müsahibə
almağa qərara verdim. Elə kəndə getmişkən, babanı ziyarət edərək, ona
suallarımı vermək istədim. Həyətə girər-girməz babanı sevdiyi məşğuliyyətinin
üzərində yaxalayıram.
- Baba,
nə işlə məşğulsan?
- Üzüm
dərirəm sənə.
- Çox
sağ ol. Düş aşağı, "Miçurin” baba. Sənə suallarım var. – Yerimi rahatlayıb,
üzümdən yeyərək başlayıram:
- Baba,
səncə, sənin uzunömürlü və sağlam yaşamağının sirri nədədir?
- Ciddi
məsələlərə baş qoşmaq lazım deyil.
- Necə
yəni ciddi? Ciddi işlə məşğul olmayaq?
- Yox,
onu demirəm. Həyatında olan hadisələr ağırlaşanda çox kədərlənmək lazım deyil.
Bekara ver getsin. Çox başını ağrıtma. Onsuz da, hər şey gəldi-gedərdi.
- Oldu
baba. Çalışarıq. Keçək onda o biri məsələyə. Qadınların və elə hamının ən
ağrılı mövzusuna. Bütün dietoloqlar həkimlər deyir, yağ yemə, çörək yemə, qırmızı ət yemə, şəkər
yemə, sən də isə həmişə bunların əksini görmüşəm. Plovunu elə yağlayırsan,
düyülər yağın içində üzür. Səhər sıyığına böyük tikə yağ atırsan. Özü də
şəkərlə yeyirsən. İndi mən qarşımda sənin kimi canlı nümunəyə inanım. Yoxsa
onlara? Səncə, onlar yalan deyir?
- Yox,
onlar yalan demir. Məsləhətə həmişə qulaq asmaq lazımdır. Amma mən həmişə
ürəyim nə istəyib onu yemişəm. Bədənim nə tələb edibsə, onu. Heç vaxt onu
incitməmişəm. Xətrinə dəyməmişəm.
- Baba,
axı sən deyəni eləsək, onda gərək hamı artıq çəkili olsun. Amma sən nəmxuda,
heç vaxt artıq çəkili olmamısan.
- Ürəyin
istəyəni yemək üçün gərək ürəyin istəyən qədər də hərəkət edəsən. Mən heç vaxt
bekar dayanmıram. Həmişə nə iləsə məşğulam.
- Deməli,
ürəyin istəyən yemək lüksünü qazanmaq üçün çoxlu hərəkət etmək lazımdır.
- Elədir
ki, var.
- Baba,
indiki gənclərdə intihar dalğası yaranıb. Universitetə daxil olmur, istəmədiyi
adama ərə verilir deyə özünə qıyan gənclər çoxalıb. Siz – yaşlı nəsil bu gənclərə nə məsləhət verə
bilərsən ki, belə iş tutmasınlar?
- Çox
pis ki, onlar belə hərəkət edirlər. Mənim də çətin uşaqlıq dövrüm olub.
Müharibədə itirdiyim qardaşım, ailəmiz çətin dövr keçirdib. Amma heç vaxt belə
bədbin hisslərə qapılmamışıq. Günəş hər gün çıxır, insan ondan necə imtina edə
bilər? Mübariz olsunlar. Sınmasınlar. Hər çətinliyin arxasında bir asanlıq
gəlir. Bunu qulaqlarında sırğa eləsinlər.
- Sən
onda demək istəyirsən ki, pozitiv və optimist olsunlar. Düzdür, mən səni heç
vaxt qaşqabağlı görməmişəm. Həmişə üzün gülümsəyir. Deməli, sağlam qalmağın sirlərindən
biri də budur.
- Kədərli
olanda adama nə verirlər? Heç nə. Ancaq öz qanını qaraldırsan. Gülümsəsən, hər
şey yaxşı olacaq. İşlə başını məşğul edib, bir də gördün hər şey düzəlib.
- İş
demişkən, baba sən çoxlu işlərdə çalışmısan. Danış da onlardan.
- Bu
90 illik həyatımda məşğul olmadığım iş qalıb ki... Baytar həkimi işləmişəm.
Sonra meylim maşın sürməyə keçdi. Uzun müddət sürücü işlədim. Hər növ maşın
sürmüşəm. Motosiklet, kamaz, sonra teplovoz. Ovçuluqla, balıqçılıqla məşğul
olmuşam. Kənddə böyük mağazanın müdiri işləmişəm. O qədər işlərim olub ki.
Sadalamaqla bitməz.
- Baba,
bilirəm ki, səyahət etməyi də sevirsən. Keçən il İrana getdin, atamla
şəhərlərini gəzdin. Dəbə-baba yurdumuz Ərdəbilə getdin. Necə oldu
təəssüratların?
- Əla.
Heç yorulmadım. İmkan olsaydı lap çox gəzərdim. İşimlə əlaqədar Rusiyanın bir
çox şəhərlərini gəzmişəm. Yaxın və Uzaq Şərq ölkələrində də olmuşam. İranda da
olmuşdum. Amma Ərdəbilə istəyirdim. Nəhayət, ora da getdim. Ən böyük arzum
Türkiyənin Qars vilayətinə getməkdir.
- Cavanlar
ona görə qocalır ki, sanki heç bir arzuları qalmayıb. Amma sən 90 yaşında
səyahət planları qurursan.
- Əlbəttə,
həyat çox maraqlıdır. Həmişə arzu etmək vacibdir. Allah kərimdir, bir də gördün
hamısı çin olub.
- Baba,
həmişə qəzet oxuyursan, radioya qulaq asırsan. Özü də elə diqqət kəsilirsən ki,
sənin fikrini heç nə yayındırmır.
- Hər
şeydən xəbərdar olmaq vacibdir. Gərək zəmanəylə ayaqlaşasan. Qınına çəkilib
oturmaq olmaz.
- Baba,
bilirsən indi sosial şəbəkələr deyilən bir yer var. Gəl sənə hesab açım, fotonu
qoyaq. Dünyanın istənilən yerindən yaşıd baba, nənələrlə yazış. Nə deyirsən?
- Qışda
şəhərə gələcəm. Edərik.
- Baba,
kəndimizdəki həyətdə hər ağaca, hər çiçəyə qulluq edirsən. Bağımız çox
gözəldir. Yormur səni bağda işləmək?
- Heç
elə şey adamı yorar? Daş daşımıram ki... Mən dincəlirəm. Bağ-bağatımdı məni
belə saxlayan. Hər gün özümü onlara həsr edirəm.
- Keçək
indi əsas məsələyə. Baba, nənəni sevib ailə qurmusan? Sevgi nə dərəcədə
vacibdir?
- Həə....
Vacibdir, çox vacibdir. Sevməsən bu qədər vaxtı bir yerdə yaşamaq olmazdı. Ona
görə sevmək də, sevilmək də, hörmət də həmişə vacibdir.
- Baba,
onda gəl sonda belə qısa təlimatlar ver. Uzunömürlü olmaq və çox yaşamaq
haqqında.
- Ürəyiniz
nə istəyir onu yeyin. Şirniyyata heç vaxt yox deməyin. Dözümlü və mübariz olun.
Kədərli, ciddi şeylərə baş qoşmayın. Günorta heç olmasa 1 saat yatın. Çoxlu
səyahət edin. Bağ-bağçanız varsa onunla
məşğul olun .Sevin, həmişə sevin, sevilin. Sevdiyinizlə ailə qurun. Başqasıyla
ömrünüzü zay eləməyin.