• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

Cənubi Qafqazın inkişafına qarşı çıxanlar

07.05.21 15:30 1376
Cənubi Qafqazın inkişafına qarşı çıxanlar
Erməni alətindən yararlanan böyük dövlətlər Qarabağdakı quruculuq prosesini, regionun tərəqqisini tormozlamağa çalışırlar
Dünyadakı erməni diaspor təşkilatlarının və Ermənistanın təhriki ilə ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatizm körüklənib. Qarabağ ermənilərinin dinc azərbaycanlılara qarşı qərəzli yanaşmaları, fiziki və mənəvi təzyiqləri, həyata keçirilən qətliamlar ölkəmizin ərazisində münaqişə ocağı yaradıb. Nəticə etibarilə Ermənistan himayəsinə sığındığı dövlətlərin hərbi-siyasi, iqtisadi dəstəyini alaraq 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, ümumilikdə 20 faiz ərazisini işğal edib, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib, on minlərlə günahsız insanı qətlə yetirib. Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan, soyqırımı, deportasiya, işğalçılıq siyasəti həyata keçirən Ermənistan buna görə hər hansı beynəlxalq təşkilat, yaxud dünya düzənini formalaşdıran böyük dövlətlər tərəfindən cəzalandırılmayıb. Düzdür, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri olub. Lakin 1993-cü ildən 2020-ci ilin ikinci yarısına qədər ötən 27 il ərzində Təhülkəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan, həmçinin Dağlıq Qarabağ münaqişəsinin bilavasitə sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ABŞ, Fransa, Rusiya tərəfindən açıq və ədalətli mövqe sərgilənməyib. Heç bir böyük dövlət işğalçı Ermənistanı öz adı ilə çağırmayıb, ona hər hansı təzyiq göstərməyib.
Regional əməkdaşlıq platforması
2020-ci ilin 27 sentyabr-10 noyabr tarixini əhatə edən 44 günlük Vətən Müharibəsində Azərbaycan yalnız öz hərbi gücünə, iqtisadi qüdrətinə arxalanaraq ərazi bütövlüyünü təmin edib, işğal altındakı torpaqları azad edib. Bununla həm BMT Təhülkəsizlik Şurasının 30 ilə yaxındır icrasız qalan qətnamələrini icra edib, həm də beynəlxalq hüququn tələblərini yerinə yetirib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında Birgə Bəyannamə imzalanıb ki, bununla da rəsmi Yerevan təslim olduğunu bəyan edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin andan etibarən Azərbaycan bütün gücünü işğaldan azad olunan ərazilərin bərpasına yönəldib, regionun inkişafı üçün öz əlaqələrini səfərbər edib. Ölkə rəsmiləri tərəfindən dəfələrlə bəyan olunub ki, Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın da iştirakı ilə altılıq formatda əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Qeyd olunub ki, bu əməkdaşlıq platforması regionun gələcək inkişafına, sülhün və təhlükəsizliyin daimi olmasına töhfə verəcək.
3 beynəlxalq hava limanı, 1 helidrom
Bu kontekstdə Zəngəzur dəhlizinin açılması, nəqliyyat infrastrukturunun, kommunikasiyaların qurulması xüsusilə diqqət çəkir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə - Zəngilan, Füzuli və Laçında 3 beynəlxalq hava limanının, Şuşada Helidromun tikintisini planlaşdırıb və bu istiqamətdə çevik addımlar atıb. Zəfər yolu və bunun kimi bir sıra yolların tikintisinə başlayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun söylədiyi kimi, bütün bunlar, sadəcə Azərbaycanın deyil, qonşu ölkələrin də iqtisadiyyatına fayda gətirəcək layihələrdir: "İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməlqoyma mərasimi keçirildi. Laçında hava limanının inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir. İqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad oluna ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər yoluna inteqrasiya olunduğundan, tursit səfərlərini asanlaşdıracaq. Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yük daşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri, demək olar, eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması da çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.
Dünyanın nəqliyyat xəritəsi yenidən formalaşacaq
İqtisadçı millət vəkili Azər Badamov isə bildirib ki, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən mühüm əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Onun sözlərinə görə, məhz Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün regionda qitələrarası daşınmaların həyata keçirilməsində böyük rol oynmağa başlayıb. Deputat bildirib ki, həyata keçirilən bu nəqliyyat dəhlizləri tarixi İpək Yolunun bərpasında xüsusi rol oynayır: "Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq müharibə və münaqişənin başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan maddələrin icrası ilə həyatda öz əksini tapmaqdadır. İcra olunması üçün nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Prezident İlham Əliyev qərargahı Tailandda yerləşən BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sesiyadakı çıxışında ölkəmizin beynəlxalq nəqliyyat layihələrində artan rolu haqqında beynəlxalq aləmi məlumatlandırıb. Həm də Qərb-Şərq nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin Asiya və Sakit okeanı hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edib. Azərbaycanın beynəlxalq yükdaşımalardakı rolu regional səviyyədən çıxaraq dünya əhəmiyyətli səviyyəyə qalxmaqdadır. Prezidentimizin uzaqgörənliyi ölkəmizin coğrafi imkanlarından maksimum dərəcədə səmərəli istifadə edilməsinə imkan verib. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi də beynəlxalq statusu qazanmaqla, Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq, regional inkişafa töhfə verəcəkdir”.
Qeyri-obyektiv yanaşma
Bütün bu reallıqlar fonunda təəssüf doğuran haldır ki, xaricdəki erməni diasporunun və ayrı-ayrı lobbiçi təşkilatların, həmçinin onların təsiri altında olan bəzi əcnəbi siyasətçilərin, diplomatların, deputatların timsalında yenə də qərəzli münasibət sərgilənir, Azərbaycanın əməkdaşlıq təkliflərinə əhəmiyyət verilmir, hətta Qarabağdakı quruculuq və regional inkişaf təşəbbüslərinin həyata keçməməsi üçün süni maneələr yaradılır, beynəlxalq mediada dezinformasiyalar tirajlanır. Qeyd olunanlara əyani misal olaraq, cari ilin mart ayının sonunda Almaniya mediasında, bu ölkənin bəzi parlamentariləri, siyasətçiləri tərəfindən Azərbaycan haqqında əsassız iddiaların yer almasını, yalan məlumatların dövriyyəyə buraxılmasını göstərmək olar. Aprel ayında Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini "hərbi əsir və dinc sakinlər” kimi qələmə verib, buna dair qətnamə layihəsi ilə çıxış edib. Ən nəhayət, təxminən 10 gün bundan öncə ABŞ prezidenti Co Bayden özündən əvvəlkilərdən fərqli olaraq, 24 aprel tarixli çıxışında "erməni soyqırımı” ifadəsini dilə gətirib, dünyadakı ermənilərə və Ermənistana mənəvi dəstəyini nümayiş etdirib. Rusiyanın bəzi rəsmi şəxslərinin ikibaşlı açıqlamaları, Qarabağda sülhməramlı missiya yerinə yetirməli olan rus hərbçilərinin mandatlarına uyğun olmayan davranışları da erməniliyə xidmət olmaqla yanaşı, regionun gələcəyinə istiqamətlənmiş addımların məhdudlaşdırılması xarakteri daşıyır.
"Dəmir yumruq” yenidən düşmənin başını əzməyə hazırdır
Açıq desək, ABŞ, Fransa, Rusiya, Almaniya və onların təsiri altında olanlar regionun inkişafını tormozlamağa çalışır, münaqişənin davamlı olmasını istəyir, regondakı xalqların, dövlətlərin əmin-amanlıq, dostluq, mehriban qonşuluq, əməkdaşlıq şəraitində yaşamasını arzulamırlar. Belə bir fonda Ermənistandakı bəzi siyasi qüvvələr, xüsusən də revanşistlər ənənəvi hərbi ritorikaya, işğalçı məqsədlərə xidmət edən fikirlərə üstünlük verir, böyük dövlətlərin qızışdırıcı, qərəzli mövqelərindən ruhlanıb yeni iddialara, xülyalara qapılırlar. Əlbəttə ki, bu, təəssüf doğurur. Ermənistan, eləcə də haylara dəstək olan dövlətlər unutmamalıdırlar ki, Azərbaycan xalqının iradəsi yenilməzdir və milli-dövlətçilik maraqlarının təmin olunması, regionun təhlükəsizliyi üçün "Dəmir yumruq” yenidən düşmənin başını əzməyə, belini qırmağa hazırdır.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər