• cümə, 29 Mart, 02:27
  • Baku Bakı 7°C

Cənub regionunun əmək bazarını tənzimləyəcək Peşə Təhsil Mərkəzi - Fotolar

17.09.19 15:45 1144
Cənub regionunun əmək bazarını tənzimləyəcək Peşə Təhsil Mərkəzi - Fotolar
Texniki-peşə təhsilinin bir sistem kimi ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biri olması, xüsusən müasir dövrün tələbinə çevrilməkdədir.Peşə məktəblərinin yenidən yaradılması prosesinin sürətlənməsinin ölkə iqtisadiyyatının ümumi inkişafı ilə uzlaşması əsas prioritetlərdəndir. Dövlət sözügedən təhsil pilləsinin inkişafının vacibliyini diqqətə alaraq, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması üçün addımlar atmaqdadır. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqi, Peşə Təsili üzrə Dövlət Agentliyinin yaranması, "Peşə Təhsili haqqında” qanunun qəbulu da ölkədə peşə təhsilinin əmək bazarına yaxın sahə olmasının zəruriliyini ortaya qoyur. Peşə məktəblərinin inkişafının insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə olduğunu nəzərə alanAgentlik, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə, fəaliyyətini, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi istiqamətində qurub. O cümlədən, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunması istiqamətində işlər görülür.


Lənkəran İqtisadi Regionunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılmasını da Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsinə dəstək, Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə keyfiyyətin, bərabərliyin artırılmasına töhfə hesab etmək olar. Belə ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən peşə məktəbində Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə nümunəvi regional mərkəz yaradılıb, yenidənqurma və müasirləşmə işləri aparılıb. Məqsəd, Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsinə dəstək olmaq, Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə keyfiyyətin, bərabərliyin artırılmasına töhfə verməkdir.


Avropa İttifaqının seçimi

Mərkəzin tarixi, regionun ən qədim təhsil ocaqlarından biri olduğunu deməyə əsas verir. Coğrafi yerləşməsi də unikaldır: Göytəpə şəhəri iki böyük şəhərin - Cəlilabadla Masallı şəhərlərinin ortasında, eyni zamanda cənub bölgəsinin mərkəzində yerləşən yaşayış məntəqəsidir. 1943-cü ildən fəaliyyətə başlayan məktəbin ənənələri ilə yanaşı, ərazidə çoxsaylı fərdi və dövlət təsərrüfatlarının, qonşuluqda özəl sektora malik fermer təsərrüfatlarının çoxluğu da təhsil ocağının fəaliyyətinə əlavə üstünlüklər verir. Avropa İttifaqının məhz Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması üçün Göytəpə qəsəbəsini (Cəlilabad rayonu) hədəf götürməsi təsadüfi olmayıb. Aİ-nin aparıcı mütəxəssisləri tərəfindən ümumən regionda gedən iqtisadi proseslərin izlənilməsi, regionun əmək bazarının tələbatının kompleks şəkildə öyrənilməsi seçimə imkan verib. Ekspert qrupları regiona səfər edərək respondentlərlə apardıqları sorğu nəticəsində əmək bazarına olan tələbatı müəyyənləşdiriblər.
Bu qənaətə gəlinib ki, məhz Göytəpə Peşə Mərkəzi gələcəkdə əmək bazarına lazım olan ixtisaslı kadrları yetişdirmək üçün əlverişli yerdir. Mərkəzin maddi texniki bazası və gələcək perspektivləri müəyyənləşdirildikdən sonra qəsəbədə - Cəlilabad Peşə Liseyinin bazasında Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması qərara alınıb. Aİ-nin təhsil üzrə ekspertləri layihənin həyata keçirilməsinə məsul qurumların nümayəndələri ilə birlikdə iyunun 18-də Mərkəzin yaradılması ilə bağlı təqdimat mərasimi keçiriblər. Hazırda Aİ-nin maliyyə dəstəyi və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Lənkəran İqtisadi rayonunda Model Peşə Təhsil Mərkəzinin yaradılmasına dəstək proqramı həyata vəsiqə alıb. Aİ layihənin icrasına 1 milyon 440 min avro vəsait ayırıb. Aİ mütəxəssisləri həmçinin regionun əmək bazarı üçün xüsusi önəmə malik ixtisasları araşdırıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən regionda kənd təsərrüfatı yönümlü ixtisaslara (fermer, üzümçülük üzrə şərab ustası və bitkiçilik üzrə mütəxəssis) və mebel sənayesi üçün kadrlara daha çox ehtiyac var. Artıq keçən ildən bu ixtisaslar üzrə məktəbə 80 şagird qəbul olunub. 2019-2020-ci tədris ilində isə mebel sənayesi (mebel ustası, dülgər və üzlükçü dizayner) ixtisasları üzrə kadrlar hazırlamaq üçün 100 tələbə qəbul edilib.

Kurikulumlar, yeni modullar və səriştə əsaslı təhsil

Təbii ki, mərkəz yenidən qurularkən qarşıda "əmək bazarının tələblərinə layiqli cavab verən kadrları köhnə heyətlə yetişdirmək mümkün olacaqmı?” sualı da dayanıb. Ənənəvi plan və proqramlarla işləməyə alışan işçi heyət, Aİ-nin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi layihə çərçivəsində kompetensiyalaşmış kurikulum və tədris materiallarının – səriştə əsaslı kadr hazırlamaqda ən düzgün və qısa yol olduğuna əmin olublar. Pilot olaraq tətbiq edilən proqramların təliminə yeni təfəkkürlü gənclər də qoşulub. Layihə çərçivəsində təşkil edilən təlimlər sayəsində özəl sektor təlimçilərinin və peşə mərkəzinin işçi heyətinin bacarıqları artırılıb. Layihə çərçivəsində 6 yeni kurikulum və 43 modul tədris vəsaitləri (12 modul sənaye, 31 kənd təsərrüfatı istiqamətli) hazırlanıb.
"Aİ-nin mərkəzin tədris prosesinə verdiyi yeni metodlar nədən ibarət olub?” sualına Mərkəzin direktoru Etibar Sadıqov cavab verir: "İndiyə qədər ənənəvi tədris proqramlarından istifadə olunurdu. Hazırkı tədris prosesində bu metodların müəyyən çətinlikləri vardı. Aİ-nin peşə təlim və təhsilinə dəstək proqramında nəzərdə tutulan işlərdən biri də tədris plan və proqramlarının – kurikulumların və modulların yeniləşməsi və səriştə əsaslı tədris prosesinin qurulması istiqamətində işlərlə başlanıb. Sadalanan ixtisaslar üzrə Aİ-nin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən cəlb edilən ekspertlər və Peşə üzrə Dövlət Agentliyinin aparıcı mütəxəssisləri tərəfindən təlimlər keçirilib. Təlimlərdə əyanilik təmin edilib, Avropa İttifaqının qabaqcıl təcrübələrinə əsaslanan təhsil üsullarının, kurikulumların tətbiqi, yeni modulların hazırlanması və tədris prosesində mərhələli həyata keçirilən təlimlərin böyük effekti oldu”.

Kənd təsərrüfatı ixtisasları üzrə kadr yetişdirmək üçün məktəbin maddi-texniki bazası mövcud olsa da, təhsil ocağının ənənəvi tədris plan və proqramlarından uzaqlaşıb, müasir maddi texniki baza əsasında qabaqcıl təhsil modullarına əsaslanan təhsilin təmin edilməsinə töhfə verilib: "Məktəbin ərazisində şagirdlərin iştirakı ilə yaradılan təcrübə sahəsində bütün bitki növləri yetişdirilib. İstehsalat təlimi dərsləri şagirdlərə bilavasitə, torpaq üzərində keçirilir. Şagirdlər becərmənin ilkin mərhələsindən istehsalata qədər mövcud bütün proseslərdə birbaşa iştirak edirlər. Şagirdlərə həm nəzəri bilik və bacarıq verilir, həm də səriştə öyrədilir”.

Tədris-istehsalat işləri üzrə direktor müavini Vəliağa Məmmədov (mühəndis mexanik) "Köhnə təlim metodunda dərs nəzəri biliklərin öyrədilməsinə gedir və yükün daha çox hissəsi bilavasitə tədrisi aparan müəllimin üzərinə düşürdü”- deyə yeni tədris proqramının əhəmiyyətini vurğulayır: "Yeni kurikulimlarda müəllim evdə hazırlaşır, təlim metoduna uyğun resursları hazırlayır və dərs zamanı şagirdlərə paylayır. Təlimlərdə birbaşa şagirdlər iştirak etdiyi üçün onların özləri üçün də yorucu olmur və mənimsəmə faizinin artmasına gətirib çıxarır. Təlim proqramları bilik, bacarıq və səriştəyə əsaslanır. Yeni tədris prosesinin səriştəyə əsaslandığını nəzərə alaraq, təhsil alanların bilavasitə əmək bazarına daxil olmasının asanlaşmasına şərait yaradacaq. Bizim də son nəticəmiz şagirdlərin əmək bazarında özlərinə yer tutmasıdır. Şirkətlərlə bağlanan müqavilələr də şagirdlərin təcrübə müddətindən sonra həmin müəssisələrdə işlə təminatına əsas verir”.

İstehsalat təlim ustası Zahid Ağayev layihəsi çərçivəsində keçilən təlimləri yüksək dəyərləndirir: "Bu kurikulum və modullar peşə təhsilində yenilikdir. Əvvəllər istehsalat təliminə az saat verilirdi. Mən kənd təsərrüfatı məhsulları üzrə qruplarda istehsalat təlimlərini həyata keçirirəm. Yeni tədris metodu ilə həm nəzəri hissəni veririk, həm də istehsalat təlimi planlarını əlaqəli surətdə istehsala tətbiq etməyi həyata keçiririk. Qiymətləndirmə meyarlarına keçməklə və mövzuları əhatə edən tapşırıqları, nəzəri cəhətdən tədris olunanları praktik baxımdan şagirdlərə göstərməyə çalışırıq”. Z.Ağayev deyir ki, şagird üçün sahədə əkin-biçini gözü ilə görmək parta arxasında öyrəndiklərindən daha əhəmiyyətlidir: "Onları tam mütəxəssis kimi yetişdirməyə çalışırıq. Taxılçılıq, bitkiçiliklə bağlı istehsalat sahələrimiz var. Yeni tədris proqramının üstünlüyü də nəzəri hissəyə az, praktikaya daha çox yer verilməsidir. Aİ-nin layihəsi çərçivəsində tətbiq edilən yeni tədris metodları buna imkan verir”.


Dərzilik üzrə istehsalat təlimi ustası Rəna Abbasova son 30 ildə mərkəzdə ilk dəfə olaraq qızlar qrupunun yarandığını deyir: "Aİ mütəxəssisləri əmək bazarının tələblərini araşdırdıqdan sonra dərzilik ixtisasına olan ehtiyac da üzə çıxıb. Nəticədə bu il məktəbə 19 qız qəbul olunub. Onlara kurikulum əsasında dərs tədris olunacaq və səriştəyə əsaslanan təlimlər keçiriləcək. "Əli-Tekstil” şirkəti ilə müqavilə bağlamışıq. Qızları həmin şirkətə praktikaya da aparırıq. Avadanlıqlarımız da var. Təhsilin nəticəyönümlü olmasına çalışırıq”.

Tədris-istehsalat işləri üzrə direktor müavini Nurəli Hüseynov bildirir ki, kurikulum və yeni modulların tədrisindən sonra şagirdlərin boş vaxtı qalmayacaq. Belə ki, onlar gün ərzində istehsalat təlimi ilə məşğul olacaqlar: "Əvvəllər həftədə bir saat istehsalat təliminə vaxt ayrılırdısa, bundan sonra istehsalat təlimi ustası hər gün şagirdlərlə görüşəcək”.


Əmək bazarının tələblərinə uyğun

Aİ-nin dəstəyi ilə artıq ərazidə mebel sənayesi üçün kadr hazırlamaqdan ötrü birmərtəbəli emalatxana binası da tikilib. Bina mebel sənayesi üçün lazımi müasir avadanlıqlarla təmin olunub. Kadrları hazırlamaq üçün emalatxana tədris prosesinə tam hazırdır. "Böyük iş görülüb - həm bina tikilib, həm avadanlıq verilib, həm də tədris proqramları hazırlanıb”- deyə direktor məmnunluqla bildirir.

Ekspertlər peşə təhsilinin inkişaf etdirilməsini iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirirlər.Gələcəkdə bu kadrlara tələbatın ödənməsi ən böyük perspektiv kimi görünür. Elə bu baxımdan Sovet dövründən sonra peşə təhsili verən müəssisələrin iqtisadiyyata verdiyi töhfənin azalmasından sonra özəl sektor subyektləri ilə soyuyan əlaqələrin yenidən bərpası prosesi gedir. İşəgötürənlərlə əməkdaşlıq kadrların işsiz qalmayacağına təminat verir. "Biz kadr istehsalçısıyıq, əgər təcrübəli kadr yetişdirsək, əmək bazarına sata biləcəyik. Bu gün əmək bazarı təkcə diplomlu mütəxəssislər yox, səriştəli mütəxəssis istəyir. Aİ-nin tətbiq etdiyi kurikulumlar da, modullar da sırf bu istiqamətə yönəlib. Mərkəzdə 6 ixtisas üzrə hazırlanan kadrlara regionun əmək bazarında tələbat var. Mərkəzin regionda fəaliyyət göstərən dövlət və özəl sektorlarla sıx əlaqəsinin olması da gələcək mütəxəssislərin işlə təminatına kömək edəcək”. E.Sadıqovun bildirdiyinə görə, Cəlilabad rayonunda "Woodpecker”, "Günəşli-Aqropark” MMC aqropark, Masallı rayonunda "Embawood” və digər şirkətlər daxil olmaqla, 30 böyük müəssisə ilə əlaqələr yaradılıb. Oktyabr ayında həmin müəssisələrdə həm istehsalat təlimi ustalarının, həm də tələbələrin təcrübələri təşkil olunacaq. "Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan ilk kadrlar ilin sonunda əmək fəaliyyətinə başlayacaq. Bunlar bizim ilk "məhsulumuz” olacaq. Onların həmin müəssisələrdə işlə təminatına çalışacağıq. Çünki o şirkətlərə ixtisaslı kadrlar lazımdır”.


Hazırda mərkəzdə 397 tələbə təhsil alır. İki il ərzində Mərkəz üçün dövlət tərəfindən 1000 yerlik korpusu olan binanın tikintisi də nəzərdə tutulub.

Mərkəzin təcrübə sahələrini, emalatxanalarını gəzdikcə, istehsalat təlimi ustalarının, müəllimlərin yaxın gələcəyə hesablanan proqnozlarını dinlədikcə, təkcə peşə təhsilinin önəminə deyil, müasir əmək bazarına uyğun və iqtisadiyyatın inkişafına dəstək olacaq mütəxəssislərin yetişəcəyi ünvanın sorağının tez bir vaxtda nəinki bütün ölkəyə, onun sərhədlərindən kənara da yayılacağına əmin olursan.
Təranə Məhərrəmova
Bakı-Göytəpə-Bakı

Məqalə "Avropa İttifaqı(Aİ) – Azərbaycan: Əməkdaşlığın üfüqləri” jurnalistlər üçün elan olunan müsabiqəyə verilir

banner

Oxşar Xəbərlər