• cümə, 29 Mart, 02:32
  • Baku Bakı 7°C

Cəlil Məmmədquluzadə: “...Əhvalatlar”ın poetikası

04.11.19 12:07 1663
Cəlil Məmmədquluzadə: “...Əhvalatlar”ın  poetikası
Cəlil Məmmədquluzadə yaradıcılığının mövzu, ideya, janr rəngarəngliyi və daha geniş mənada bu yaradıcılığın poetika-sənətkarlıq gücü bütün inkişafı boyu həm tarix, həm də ənənə baxımından "Danabaş kəndinin əhvalatları” əsərindən keçib gəlir. Mötəbər sənətkar şəxsiyyəti, yüksək ideallarla yaşamaq arzusu, insana olan tükənməz sevgi, bədii sözün qüdrətini duymaq peşəkarlığı bu sənət möcüzəsini yaradan amillərdəndir.
Povest Sokratdan gətirilən epiqraf və proloqla ("Bir yüngülvarı müqəddimə”) başlayır, "Xitamə” adlanan epiloqla bitir. "...Əhvalatlar”ın "Bir yüngülvarı müqəddimə”sində sakit bir həyat mənzərəsi görünür və biz onu rahatlıqla seyr edirik. Bu mənzərəni elə ilk tanış olduğumuz iki şəxs, iki obraz – Lağlağı Sadıqla Qəzetçi Xəlil yaradır. Yalnız "Bir yüngülvari müqəddimə”də deyil, həyatda da rastlaşdığımız bu adamlarla tanışlıq insanın iç dünyasında yüngül bir gülüş doğurur və təkrarolunmaz doğmalıq hissi oyadır. Əslində, daxili rahatlığın əsası həmin adamların bir-birindən o qədər də fərqlənməməsi, mətndə isə elə bir güclü ziddiyyətin yaranmaması ilə bağlıdır. Bu baxımdan Xəlillə Sadığın yaşları, demək olar ki, eynidir: otuz yaş. Birinin uca, digərinin alçaqboylu, birinin qara, digərinin ağımtıl, birinin kosa, digərinin topa saqqal, birinin gözlərinin salamat, digərinin zəif olmasına baxmayaraq, onların sosial mövqeyi eynidir. Xəlilin qoltuqçu (çit-mit alveri edən), Sadığın isə baqqal (duz, kişmiş, maxorka tütünü satan) kimi gün-güzəran keçirmələri onların simasında eyni peşənin sadə təbiətli, heç bir iddiası olmayan sahiblərindən danışmağa əsas verir. "Hər ikisinin allah-taalanın kasıb bəndələrindən” olmalarını da buraya əlavə etsək, kiminsə bu kişilərdən ziyan görəcəyini düşünmək tamamilə yersizdir. Lağlağı Sadığın danışdığı və Qəzetçi Xəlilin qələmə aldığı əhvalatların toplanıb bir kitab halında çap edilməsi və bu kitabların əhaliyə "müftə paylanması” barədəki arzular onların vətəndaşlıq mövqeyini də ortaya qoyur.
Qəzetçi Xəlillə Lağlağı Sadıq nəinki özləri bir-birlərinə, hətta bütün kənd əhlinə bir gözlə baxırlar. Bunun ən bariz nümunəsi onların kənddəki bütün şəxslərin ayamalarının olmasından ağızdolusu danışmalarıdır. Doğru-dürüst, adama yaraşan ayama qazanmaq ad qazanmaqdan qat-qat çətindir. Təbii olan budur ki, insan doğulanda ona adı valideyn, yaxud qohum-əqrəba verir, indiyə qədər bu dünyada heç kəs adsız qalmayıb. Amma ayama xalqdan gəlir, ayama "xalqın gözü tərəzidir” üsulu ilə yaranır, kimə ünvanlanıbsa, ona da yaraşır. Müqəddimədə onlardan bir neçəsi xatırlanır: girdik, dəvə, yalançı, eşşək, dovşan, nəhayət, lağlağı və qəzetçi. "Qəzetçi”dən başqa bunların hamısını kənd əhli özü düzəldib, "qəzetçi” ayamasının müəllifi isə Mirzə Cəlil özüdür.
"Bir yüngülvarı müqəddimə”dən fərqli olaraq povestin əsas hissəsi ("Eşşəyin itməkliyi”) təzadlar və ziddiyyətlərlə doludur. Müqəddimədə "çörək” və "düyü” sözləri üstündə Axundla Lağlağı Sadığın toqquşması əsas hissədəki qarşılaşmalar müqabilində "toya getməlidir” və o toqquşmaya, adamın üstündə Allah var, heç ziddiyyət də demək olmaz. "Eşşəyin itməkliyi” əsas hissə olduğuna görə orada inikas olunan ictimai təzadlar daha kəskindir və o dövrdə mövcud olmuş cəmiyyətin əks-sədası kimi başa düşülməlidir. Amma bu təzad və ziddiyyətlərə, hətta onların inkişaf edərək qarşıdurmalara çevrilməsinə ideya qütbləri ilə yanaşı, poetika vahidləri kimi baxmağa, onları bədiilik aspektindən dəyərləndirməyə də böyük ehtiyac duyulur.
"...Əhvalatlar”ın bədii mətni ilə cəmiyyət və gerçəklik, eyni zamanda mətndaxili struktur vahidlər arasında gözlənilməz və gözəgörünməz harmoniya var. Əsərdə mövcud cəmiyyətin eybəcərliklərini göstərmək, insan taleyinin gizli tərəflərini aşkara çıxarmaq, əzab və işgəncənin qurtaracağını səbrlə gözləmək, haqq və ədalətin intizarında olmaq, eyni zamanda mətnin zəncirvari əlaqələrini təmin etmək, mətnin ifadə mənzərəsi ilə fikir və ideya arasındakı incə bağları qurmaq – hər şey, hər şey eşşəkdən və eşşəklə başlayır.
Məhəmmədhəsən əminin eşşəyinin itməkliyini müəllif digər eşşəklərin itməyindən fərqləndirir: "Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdur” (s. 8). "Bir tük qədər oxşarlığın olmaması” digər ictimai-sosial fərqliliyə də yol açır. Eşşəyin itməsi ilə Məhəmmədhəsən əmi zəvvar ola bilmir və Xudayar bəy onun "ziyarət şövqünü” tamamilə öldürür. Bunun əksinə olaraq itirilmiş eşşək Xudayar bəyin arzularının həyata keçməsində müəyyən vasitə olur.
Yalnız bədii mətn ilə cəmiyyət arasında deyil, dil faktı ilə, yəni hər hansı bir sözlə, ifadə ilə təqdim edilmiş obraz arasında da gözlənilməz harmoniya müşahidə olunur. Cəlil Məmmədquluzadə peşəkarlığı obrazların bir-birindən fərqliliyini bəzən eyni varlığı ifadə edən leksemlərin fərqləndirilməsi yolu ilə də canlandıra bilir. Belə bir harmoniya obrazın xarakteri, yaxud siması barədə fikir formalaşdırmaqdan daha çox sırf yaradıcılıq psixologiyası, bir az da diqqət yetirsək, yaradıcılığın öz daxili məzmunundan qaynaqlanan poetika məsələsidir. Həmin məqamlara müəllif tərəfindən əvvəlcədən, düşünülmüş, yaxud məqsədli şəkildə quraşdırılmış faktlar kimi baxmaq doğru deyil, onlar, sözün həqiqi mənasında, təhtəlşüur aktıdır, bəlkə də, yazıçının heç vaxt ağlına gəlmədiyi, bir növ qətiyyən hesaba almadığı və tənqidçilər, ədəbiyyatşünaslar tərəfindən sezilməsi, müşahidə edilməsi son dərəcədə çətin olan fövqəladə bir bədii hadisədir.
"...Əhvalatlar”ın mətnində işlənmə tezliyi baxımından ən çox nəzərə çarpan ifadə, Sizdən çox-çox üzr istəyirəm, "eşşək” sözüdür. Şübhəsiz, burada bədii yaradıcılıq faktı kimi heç bir qeyri-adilik yoxdur, çünki əsərin süjet xətti məhz birbaşa onunla bağlıdır. Açıq deyək ki, Cəlil Məmmədquluzadə yalnız bədii ifadə mədəniyyətinə, milli və xəlqi ideyaların təbliğinə, obrazlar və obrazlılıqla bağlı novatorluğa görə deyil, eyni zamanda oxucular üçün son dərəcə maraqlı əhvalatlar tapmaqda (yalnız "Danabaş kəndinin əhvalatları”nı nəzərdə tutmuram), şübhəsiz, ustad sənətkardır. Ona görə də görkəmli yazıçının "...Əhvalatlar” povestində nəql olunan hadisələrin fonunda daha çox önəm verdiyi və bunun son dərəcə qaçılmaz olduğu nəzərə alınaraq işlətdiyi "eşşək” ifadəsi o qədər də etiraz doğurmur, vulqar səslənmir.
Bir məsələ məsələ də ondan ibarətdir ki, mətndə "eşşək” leksemindən müxtəlif məqsədlərlə və müxtəlif rakurslarda istifadə olunmuşdur. Yəni bu qədər yüksək işlənmə intensivliyinə malik olan bir ifadəyə statistik, quru, cansız vahid kimi yox, daxilində məna müxtəlifliyi yaşada bilən leksem kimi baxmaq daha doğru olar.
"Eşşəyin itməkliyi”, şübhə yoxdur ki, birbaşa müəllifə məxsus ifadədir, yəni əsas hissəyə verilən ad heç bir şəriki olmayan müəllif mövqeyidir. Təhkiyəçinin, Lağlağı Sadığın, Qəzetçi Xəlilin bu ada heç bir aidiyyəti və qarışacağı yoxdur. Xatırladaq ki, yaddaşımızda "Kitab yüklü eşşək” adlı başqa bir əsər də var, o halda bu hissəni müəllif "İtən eşşək” də adlandıra bilərdi və həmin nominativlik əsərdəki əhvalatlara heç bir xələl gətirməzdi. Əslində, Cəlil Məmmədquluzadə "Eşşəyin itməkliyi” sərlövhəsində və həmin ifadənin səslənməsində "eşşək”lə bağlı yumşaltma mövqeyi nümayiş etdirir və bunun linqvistik açarı "eşşək” sözündəki "k” səsinin "y” səsinə çevrilməsindədir. Başqa sözlə, "k-y” əvəzlənməsi "eşşək” sözünün dilimizdə geniş işlədilən təhqiramiz damarını tamamilə qırır.
Bir az diqqətlə yanaşmış olsaq, məlum olar ki, Məhəmmədhəsən əminin ölüm-zülm aldığı "eşşək” deyil, "ulaq”dır: "Axır laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulaq atdan ucuzdu. Bəlkə, heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti allah-taala yanında tez dərəceyi-qəbula yetişər.
Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş” .
Elə mətnin başlanğıcında "ulaq” sözünün işlədilməsi bu sözün sinoniminin yarada biləcəyi təhqiramizlik simptomunu aradan qaldırmış olur. Digər tərəfdən bu, müəllifin Məhəmmədhəsən əmiyə rəğbətinin ifadəsidir, müəllif mövqeyində Məhəmmədhəsən əmiyə olan isti və məhrəmanə münasibət də aydın duyulur.
Eşşək məsələsində Xudayar bəylə Məhəmmədhəsən əmi arasında heç bir dava və ziddiyyət yoxdur. Məhəmmədhəsən əmi Xudayar bəyin "xırda adam” olmadığını yaxşı bilir və onun eşşəyi aparmaq istəyini ürəkaçıqlığı ilə qarşılayır. Hətta Xudayar bəyin bu təklifi onda müəyyən qədər ruh yüksəkliyi də yaradır, çünki Xudayar bəy 300 evi olan və bu ev sahiblərinin də çoxunun eşşəklə Kərbəla ziyarətinə getməyə hazırlaşdığı bir kənddə (hələ eşşəklə ziyarətə gedib gələnləri demirəm) başqasının deyil, məhz Məhəmmədhəsən əminin eşşəyini seçmişdir. Əgər Məhəmmədhəsən əmi Xudayar bəyin təklifinə sevinməsəydi və azca çəm-xəm eləsəydi (burada qorxunu da istisna etmək olmaz!), onun "tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın” əmrinə "Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim”, – deməzdi (s.11).
Əslində, eşşək uğrunda dava Xudayar bəylə Məhəmmədhəsən əmi arasında deyil, Xudayar bəylə Əhməd arasında gedir və Əhməd atasından fərqli olaraq, eşşəyin verilməsinə qətiyyən razı deyil:
" – Yox, vallah, heç qoymaram... Heç qoymaram getsin e... heç qoymaram... Heç dənə də!
Bu sözləri deyə-deyə oğlan ulağın başını qaytarırdı getsin genə həyətə. Bu heynədə Xudayar katda oğlanın dal tərəfindən yeriyib oğlanın kürəyindən bir ağaç...
– Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi gönünü soyaram!
Oğlan "vay-vay!” deyib qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib düzəldi şəhər yoluna” (s.14)
Bu davanı kəndin ortasında, açıq idman meydançasında baş tutan qeyri-bərabər döyüş də adlandırmaq olar. Ona görə ki, birincisi, Xudayar bəylə Əhmədin ciddi yaş fərqi göz qabağındadır (37-38 və 7-8 yaş!), ikincisi də dava vaxtı "Xudayar katda oğlanın dal tərəfindən yeriyib oğlanın kürəyinə bir ağaç...” vurur. Göründüyü kimi, Xudayar bəy heç bir qayda-qanunu saya salmır, "qurşaqdan aşağı”, "qurşaqdan yuxarı” anlayışlarının ona heç bir aidiyyəti yoxdu, nəyi və necə istəyirsə, o cür də edir.
Əslində Əhmədlə Xudayar bəy arasındakı poetika baxımından leksik vahidlərin də ("ulaq” və "eşşək”) davası gedir. Yəni Əhmədin inadla həyətə qaytarmaq istədiyi "eşşək” yox, "ulaq”dır və Əhməd məhz atasının aldığı ulağa – sərvətə sahib çıxmaq fikrindədir. Çünki Əhməd uşaq olsa da, ulağın alınma prosesini, xüsusilə on-on beş manat toplamaq əzabını heç vaxt yadından çıxara bilməz. Kim bilir, bəlkə də, ulaq, Əhməd üçün velosiped kimi bir şey olduğuna görə Əhməd ondan ötrü bərk-bərk dirəşir, hətta döyülür də.
"Ulaq” söhbəti Əhməd şəhərdəki karvansarada ikən yenə meydana çıxır. Belə ki, karvansara sahibi Kərbəlayı Cəfər Məhəmmədhəsən əminin xırda oğlunun eşşəyin dalısınca gəlməsini, böyük bir dava-mərəkə qoparmasını, məcbur olub onun qorodovoyla buradan uzaqlaşdırmasını Xudayar bəyə həyəcanla nəql edir, eyni zamanda mövqe də bildirir:
"A kişi, allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən allah, gedim ulağı çıxardım, götür apar!
Bu sözləri deyib güdək kişi, – ki karvansaranın odabaşısı olsun, – istədi qayıda karvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:
–Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?” (s. 22).
Kərbəlayı Cəfərin şübhəli danışığı, eşşəyi yalan söyləməklə əldə eləmək təlaşı, qazı ilə işbirliyinin nigarançılığı Xudayar bəyin ürəyində narahatlıq yaradır. Şübhə, təlaş, nigarançılıq və narahatlıq Xudayar bəyi əməlli-başlı çaşdırır. Xudayar bəyin karvansaraya eşşək gətirib qatmasından Kərbəlayı Cəfər xəbərsiz olub, həm də Kərbəlayı Cəfər bu vaxta qədər Xudayar bəylə görüşməyib və o, eşşək barəsində olan informasiyanı ilk dəfə Əhməddən alıb və Əhmədə inanıb. Əgər Kərbəlayı Cəfər "ulaq” sözünü işlədirsə, yüzə-yüz uşağın və Məhəmmədhəsən əminin tərəfindədir, yəni müəyyən qədər insaf yiyəsidir. Bu şəraitdə Xudayar bəyin ilk dəfə "ulağ” sözünü dalbadal üç dəfə işlətməsi isə həm özünün ağ yalanını gizlətmək, həm də onun halalca yiyəsi olduğunu nəzərə çarpdırmaq niyyətindən irəli gəlir. Ola bilsin ki, bir anın içərisində Xudayar bəyin olmayan vicdanı da oyanır, beynində eşşəyin ona məxsus olmaması barədə təsəvvür yaranır və bu təsəvvür qeyri-ixtiyari olaraq onun dilində "ulaq” sözünün işlənməsinə səbəb olur. Amma Xudayar bəy çox sürətlə həmin təsəvvürdən uzaqlaşır, özünü eşşəyin sahibi kimi aparır. Nə olursa-olsun, kim hansı mövqeni nümayiş etdirirsə-etdirsin, Kərbəlayı Cəfərin də, Xudayar bəyin də dilində səslənən "ulağ” söhbətinin səbəbkarı məhz Əhməddir. Yəni karvansarada ulaq barədə gedən söhbət məhz uşağın – Əhmədin oraya gəlişindən sonra baş verir.
Sabahısı gün Məhəmmədhəsən əmi özü də eşşəyin dalısınca şəhərə gedir. O da karvansara sahibi Kərbəlayı Cəfərlə görüşür və onun Kərbəlayı Cəfərə dediyi ilk söz də belə olur: "Atan rəhmətdə, Kərbəlayı, zəhmət çək, ulağı çıxart, aparım” (s.60). Kərbəlayı Cəfər hirslənəndə də yenə o cür deyir: "Ay Kərbəlayı, gəl sən Allaha bax, mənim ulağımı ver, qoyum gedim işimə. Allah xatırına məni avara eləmə” (s.61). Məhəmmədhəsən əmi yalnız Kərbəlayı Cəfəri kar, eşitməz hesab edəndə və zəvvar söhbətini salanda "eşşək” sözünü işlədir.
Əsərdə "ulaq” ifadəsinin bir ucu da halallığa bağlanır. Çünki mötəbər şəxslərdən olan Kərbəlayı İsmayıl da məhz 9 ulağa sahibdir (s.28).
Xudayar bəyin düşüncəsində "ulaq” deyil, "eşşək” sözü var. Eşşək nə qədər ki, Məhəmmədhəsən əminin ixtiyarındadır, ziyarət ərəfəsində olan kişinin tövləsindədir, o daha çox ulaq kimi görünür. Xudayar bəylə Əhmədin davasında da Əhmədi tək qoymayan müəllif sanki özünü hadisə yerinə tez yetirərək "eşşək” sözünü deyil, "ulaq” sözünü işlətməklə uşağın tərəfində durduğunu bəyan edir: "Bu cür ağlamağnan və sızıldamaqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb, qoymurdu heyvan hərəkət etsin”.
Ulağın eşşəyə çevrilməsi prosesi birbaşa Xudayar bəyə aiddir. Nə vaxta qədər ki, eşşəyin ixtiyarı Məhəmmədhəsən əmidədir və məkan Məhəmmədhəsən əminin həyətidir, haçan ki, onun uşağı Əhməd mətndə görünür və öz haqqını tələb edir, onda aparıcı leksik vahid "ulaq”dır. Elə ki ulaq Xudayar bəyin ixtiyarına keçir, o zaman "ulaq” "eşşəyə” çevrilir. Ən acınacaqlı və ağrılı olan budur ki, əsərin sonunda tapılan eşşək dönüb "ulaq” ola bilmir, çünki Məhəmmədhəsən əmi ölü kimidir və onun oğlu Əhməd də, arvadı İzzət də artıq çoxdan ölüblər.
Məhəmmədhəsən əmi "Bir yüngül müqəddimə”də Qəzetçi Xəlilin dil boğaza qoymayıb təriflədiyi kəndin yaxşı kişilərindən biridir. Atası Hacı Rzadan qalan varidatın əmiləri tərəfindən dağıdılmasından sonra əvvəlcə çarvadarlıqla, sonra isə sövdəgərliklə məşğul olur, amma belə bir çətin vəziyyətdə olanda da heç kəsdən köməyini əsirgəmir. Onun fitrəti yaxşılıqla yoğurulub və tək bir arzusu var ki, o da Kərbəla ziyarətinə getməkdir. Məhəmmədhəsən əminin öz eşşəyi ilə ziyarətə gedə bilməməsi süjetin inkişafını, bütöv mətnin quruluşunu müəyyənləşdirir. Eşşəyin itməkliyi əsərin adı kimi mətnin də nüvəsini təşkil edir. Amma bu hadisə bədii vasitədir və qarşıya qoyulan ideyanın tam şəkildə ifadəçisi ola bilmir. Eşşəyi Məhəmmədhəsən əmiyə qaytarmaqla onu düşdüyü problemlərindən qurtarmaq mümkün deyil. Yəni mahiyyət daha çox Məhəmmədhəsən əminin ziyarət etmək istədiyi Kərbəla ilə – müqəddəs yerlə və daha geniş mənada müqəddəsliklə bağlıdır ki, hədəf də bu müqəddəsliyin itməsidir, yaxud da itirilməsidir.
Ziyarətə getmək üçün üç vasitə var: piyada, eşşəklə və atla. Piyada getməyin savabı çox olsa da, Məhəmmədhəsən əminin yaşı buna imkan vermir. At xeyli bahadır və atı əldə etmək olduqca çətindir. Güc eşşəyə çatır. Məhəmmədhəsən əmi getmək vasitələrindən ortada olanı – eşşəyi seçir, bu həm cibə uyğun gəlib, həm də onun feyzi var. Ona görə ki, atla müqayisədə ziyarətə gedib-gəlmək xeyli vaxt aparacaq və feyz də vaxtın uzanmağına bağlıdır. Pul problemi, getməkliyin feyzini, eşşəyin itməkliyini bir tərəfə qoysaq, buradakı bölgünü diqqətdən kənara qoymaq olmaz. Bölgü belədir: aşağı, orta və yuxarı səviyyə – piyada getmək, eşşəklə getmək, atla getmək! Deməli, Məhəmmədhəsən əmi daha çox orta nöqtəyə can atır, həm də cəmiyyətdə orta bir mövqeni tutmaq, ən azı atasından sonra itirilmiş nüfuzu bərpa etmək niyyətindədir. Əslində atası Hacı Rzadan qalan var-dövlət buna imkan verirdi. Amma o, eşşəyin itməkliyindən əvvəl əmilərinin günahı ucbatından miras qalmış bütün varidatını itirmiş oldu. Sonralar çarvadarlıq etməsi, "tövləsini ortadan yarı bölüb” dükan açması da atadan qalma mövqeyini qaytarmaq məqsədi daşıyırdı.
Başqa bir amma ondan ibarətdir ki, cəmiyyət həyatındakı hadisələrin gedişi onu şahmat taxtasının piyadalar olan cərgəsinə itələyib salır. Kərbəlaya piyada getməyə gücü çatmayan Məhəmmədhəsən əmi əbədilik olaraq şahmat taxtasının piyadalar cərgəsində qalır və nəinki vəzirə çevrilmək, heç orta pilləyə qalxmağa belə taqəti qalmır. Onun Kərbəla ziyarətini son arzu və son ümid yerinə çevirməsi də məhz bütün şansların itirilməsi ilə bağlıdır. İtirilən şansları isə qəlbi, qanı və canı ilə ziyarətə – müqəddəsliyə bağlanan və varlı-kasıb disharmoniyasının aşağı qütbünü təşkil edən Məhəmmədhəsən əminin daxilindəki paklıq və təmizlik duyğuları əvəz edir. Bu həm də onun yeganə təsəllisidir.
Xudayar bəyin simasında isə yuxarı-aşağı qarşıdurması həm əsas sütunu, həm də strukturu ilə aydın görünür: "Mən istəmirəm Xudayar bəyin keçəcəyindən danışım; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, heç vaxt atadan-babadan danışmağı dost tutmaz. Məsələn: Məhəmmədhəsən əmi yeddi gün yeddi gecə atasının dövlətindən, hörmətindən danışa doymaz. Amma Xudayar katda heç kəsə atasının adını da deməz. Hər vaxt bu cür söhbət düşəndə Xudayar katdanın sözü budur: "Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb gediblər, Allah onlara rəhmət eləsin. Gəl özünnən-özümnən danışaq”.
Məhəmmədhəsən əminin və Xudayar bəyin həyat nərdivanının pillələrində müəyyən yerdəyişmələrlə bərabər, özlərinə məxsus yerləri vardır. Sadəcə, mətnin bəzi məqamlarında "yuxarı” və "aşağı” anlayışları "uca” və "alçaq”, "dövlətli” və "kasıb” məfhumlarına transformasiya olunur. Məlum olan budur ki, Məhəmmədhəsən əmi də, Xudayar bəy də həmin "ucalığı” gözüdolusu görə bilməyib – Məhəmmədhəsən əmi bunu yalnız atası Hacı Rzanın şəxsində təsəvvür eləyir, Xudayar bəy isə hələ yeni vəzifəsində təzədir.
Xudayar bəyin "yuxarı pilləni fəth eləməsi” göydəndüşmə olub və bu Məhəmmədhəsən əmidən fərqli olaraq ierarxik pillədir. Bu qələbəyə gedən yol Xudayar bəyin qlavanın yanında çavuş işləməsindən başlayıb və qlavanın Xudayar bəyin anasını siğə etməsi ilə başa çatıb. O, yeni vəzifəsində özünü təsdiq eləmək üçün əvvəlcə iki iş görür: birincisi, paltarını təzələyir, ikincisi də "əlinə bir zoğal ağacı alır”. Təzə paltar da, zoğal ağacı da zahiri effekt yaratsa belə Xudayar bəyi hələlik əvvəlki halından fərqləndirir. Amma Xudayar bəy dərrakəli adamdı və bilir ki, yalnız təzə paltarla, zoğal ağacı ilə çox şeyə nail olmaq mümkün deyil. Ona görə ki, paltar köhnələ bilər, zoğal ağacının da qırılmaq ehtimalı var. Xudayar bəyə o da yaxşı məlumdur ki, bu katdalığın, bu bəyliyin ayaq tutub yeriməsi üçün onun arxasında var-dövlət dayanmalıdır.
Bax, əsas məsələ budur! Xudayar bəy göydəndüşmə (başına quşqonması ilə deyil, anasının siğəsi ilə qazanılan) statusunu var-dövlətlə möhkəmləndirməlidir. Belə bir var-dövlət isə ölmüş dostu Kərbəlayı Heydərin arvadı Zeynəbdədir və bu yolda necə olur-olsun, Zeynəbi özünə siğə etdirməkdir. Xudayar bəyin Məhəmmədhəsən əminin eşşəyini ələ keçirib şəhərə yollanması da həmin yolda atılan yalan və saxtakarlıqdır. "Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçənnik istəyib. Amma yalan deyirdi, nəçənnik istəməmişdi, özgə mətləbi var idi”. Məhəmmədhəsən əmi isə eşşəkdən ötrü ağlayan oğlu Əhmədə özü təsəvvür etdiyi doğrunu söyləyir: "sakit ol, oğlum, eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki, Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək” . Amma eşşək qayıdıb gəlmir. Beləliklə, Məhəmmədhəsən əminin eşşəyinin Xudayar bəyin ixtiyarına keçməsi doğrunun deyil, məhz yalanın üzərində bərqərar olur.
Xudayar bəy qazının evinə "Buzxana” məhəlləsindəki küçədən gələrək dal qapıdan və dar yoldan daxil olur, çünki bu yol yalan və saxtakarlığa açılan yoldur. Xudayar bəyə vəkillik eyləyən Qasıməli də, şahidlik eyləyən Kərbəlayı Qafar və Kərbəlayı Səbzəli də məhz həmin yolla qazının evinə gedib-gəlirlər, çünki onların da vəkilliyi və şahidliyi yalan və saxtadır. Saxtakarlığın dərinə işləyən izləri bir də onda bəlli olur ki, bu adamlar öz adlarını da dəyişirlər: "Vəkillik eyləyən Qasıməli Zeynəbin oğlu kimi adını qoymuşdu Vəliqulu, Qasıməlinin vəkilliyinə şəhadət verən Kərbəlayı Qafar adını dəyişib Kərbəlayı Baxşəli, Kərbəlayı Səbzəli isə adını dəyişib Məşədi Orucəli qoyurlar”. Bir halda ki, qazı onları şəxsən tanımır, onda bu adamların adlarının da dəyişilməyə ehtiyac yox idi. Bəs onda belə bir dəyişiklik nəyə lazım idi? Şübhəsiz, qazının hüzurundakı addəyişmə Xudayar bəy başda olmaqla onların yalan və saxtakarlığının təsdiqidir.
Zeynəbin Xudayar bəyə siğə edilməsi mərasimində ierarxik struktur qeyri-ixtiyari olaraq Xudayar bəyin və onun dəstəsinin oturuşunda da reallaşıb. Yəni onların harada oturmaları barədə heç bir tapşırıq və göstəriş verilməyib. Bu nizamı onlar vərdiş kimi yerinə yetiriblər, yaxud el dilində desək, hərə öz yerini yaxşı bilib: "Xudayar bəy oturmuşdu yuxarı başda diz üstə. Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi üç sinnidə bir oğlan. Bu, Danabaş (kəndinin) qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir ki, biz tanıyırıq. Qasıməlidən aşağı oturmuşdu genə iki şəxs: birinin sinni olardı otuz-otuz iki, o birinin də sinni qırxdan yuxarı olmazdı. Bunlar həmçinin danabaşlıdırlar. Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincinin adı Kərbəlayı Səbzəlidir. Bunların hər ikisi Xudayar bəyin sədaqətli və köhnə rəfiqləridir” .
Bu düzülüşdə diqqəti çəkən başqa bir cəhət Qasıməlinin orta pillədə olmasıdır. O, tutduğu mövqeyə görə (qlavanın çavuşu olması!) məhz oranı seçmişdir, amma bir pillə də yuxarı qalxmağı heç vaxt yadından çıxarmır, nəinki çıxarmır, hətta Xudayar bəyin qızı Gülsümü gözaltı eləməsi ilə oraya doğru can atır. Sonda Gülsümlə nişanlanır, eyni zamanda bacısının da Xudayar bəyə siğə olunmasına razılıq verməklə yuxarı mərtəbəyə tam yaxınlaşır.
Povestdə yuxarı-aşağı pillələrinin varlı-kasıb formasında qarşılaşması interyerdə özünü büruzə verir: "Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdü bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş-on taxça doludur boğça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb nürbaha xalı və xalçalar.
Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyda qalanıbdı çox xalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəba bükülüb qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək” (s. 16).
Bu, varlı olanın – yuxarı mərtəbəni əldə etmiş qazının evidir. Üstəgəl Xudayar bəyin də ağ otağı var, otağın "akuşkaları təzə akuşkaya oxşayırlar”, taxçalar çini qablarla bəzənib və sair.
"Məhəmmədhəsənin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir "hammal” verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. "Hammalı” altdan iki sütun saxlayır. Hər sütunun altında bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüqoylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hirsli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir-iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü”.
Bu isə kasıb Məhəmmədhəsənin evidir, bəli, bəli, Məhəmmədhəsən əminin yox, məhz Məhəmmədhəsənin. Mətndə birinci və sonuncu dəfə olaraq "Məhəmmədhəsən” adının yanında "əmi” sözü işlənmir. Təhkiyəçi, naşir, korrektor – hamısı, hamısı nə qədər acınacaqlı olsa da, bir-birinə qoşularaq Məhəmmədhəsən əmiyə rəhm eləmirlər. Təhkiyəçi, naşir və korrektorun sırasında hətta müəllif varsa, o halda mətnin bu yeri onların hamısının birlikdə özlərini unutduğu və həyatın faciəli səhifələri önündə insanın donduğu məqam hesab olunmalıdır.
Ağ və qara, qabların çinidən və saxsıdan olması, taxçaların, xalçaların, yorğan-döşəklərin sayı və sanballılıq dərəcəsi – sərvət müxtəlifliyi və təzadı gerçəkliyin təsiri altında formalaşan təbəqələşməni göstərməkdədir.
Məkan anlamı baxımından "Əhvalatlar”da müşahidə olunan "sağ” və "sol” sözlərinin də hər birinin öz yeri, öz işlənmə məqamı vardır. Sağ və sol qütbləşməsi yuxarı-aşağı qarşıdurmasının üfüqi proyeksiyasıdır, başqa sözlə, "sağ” yuxarının, "sol” isə aşağının şəklidir. (Müqayisə etmədən xatırlatmaq istəyirəm ki, hakimiyyətdə olan Qazan xan sağ bəylərdən idi). Beləliklə, bu sözlər ilk variantda qazandıqları məzmunla fərqli simvollara çevrilir və bütün mətn boyu daşıdıqları məzmunu, demək olar ki, bir-birlərinə güzəştə getmirlər. Bu məqamda Cəlil Məmmədquluzadə sənətinin ecazkar harmoniyası da özünü tam gücü ilə göstərir.
Sağ-sol qarşıdurmasının ilk variantına, daha doğrusu, sol tərəfinə Məhəmmədhəsən əmigilin küçəsində rast gəlirik. Küçə qapısının yanında çömbəlib oturanlar arasında Məhəmmədhəsən əminin ziyarətə getmək söhbətini Məhəmmədhəsən əminin sol (!) tərəfində oturan Məşədi Oruc başlayır (s.12). Elə bu zaman Xudayar bəy də sol səmtdən çıxıb onların yanına gəlir. Hətta Xudayar bəyin yaradılmış portretində də sol amili aparıcıdır: "Xudayar bəyin burnu pis əyridir. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana”. "Kərbəlayı Cəfər əmi... bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi”. Məhəmmədhəsən əminin arvadı İzzət də quru çörəkləri sulamaq üçün sol əlinin üstünə yığır. Yenə də Xudayar bəy "sol əli ilə geyməsinin ətəyini qalxızıb guya ki, gözünün yaşını silir” .
Mətndə "sol” məfhumu cəmiyyətin aşağı təbəqəsini işarələyir və bu məsələdə Məhəmmədhəsən əminin də, Məşədi Orucun da, Kərbəlayı Cəfərin də, İzzətin də bu məfhuma bağlılığı, yəni aşağı mövqe sərgiləmələri də təbiidir. Onlardan yalnız Kərbəlayı Cəfər karvansara sahibi kimi cəmiyyətin orta təbəqəsini təmsil edə bilər. Bu adamların hamısının cəmiyyətdəki aşağı və orta təbəqədə yeri olsa da, heç birinin hakimiyyət pilləsində yeri yoxdur.
Amma Xudayar bəyi ierarxik strukturdan kənarda təsəvvür etmək mümkün deyil, çünki o, faktiki olaraq kəndxuda kimi bu strukturda yer tutur. Bəs onda Xudayar bəy nə üçün mətndə "sol” məfhumu ilə işarələnir? Xatırlatmaq vacibdir ki, onun "Buzxana” məhəlləsində sol küçəyə, sol səmtə dönməsi faktları da var. Mətndə "sol” bir məkan kimi cəmiyyətdəki aşağı təbəqənin, ierarxiyadakı aşağı pillənin məkanıdır. Xudayar bəy ona görə "sol” anlayışı ilə əlaqədardır ki, o, hələlik aşağı pillədədir, amma onun öz yerini möhkəmləndirmək və yuxarıya qalxmaq arzusu var.
Xudayar bəy qazı ilə görüşməyə həyətin sağ səmtindən gedir. İerarxiyanın yuxarı pilləsini işarələyən "sağ” səmt yalnız qazının yuxarı pillədə olmasını göstərmir, həm də Xudayar bəyin yüksəlmək yolunun başlanğıcıdır. Xudayar bəy "sağ əlinin şəhadət barmağını yuxarı qaldırıb” işinin düzəlməyi müqabilində başını qazının yolunda əsirgəməyəcəyini söyləyir, qazı da sağ əlini qaldırıb kəllə qəndi göstərir. Xudayar bəylə qazı bir-birlərini başa düşürlər. Heç də qəribə deyil ki, iş tamama yetəndən sonra qazı sağ əlini Xudayar bəyin çiyninə qoyub onun ierarxiyanın yuxarı pilləsində möhkəmlənməsinin xeyir-duasını verir.
Əslində Xudayar bəyin öz yerində möhkəmlənmək arzusu karvansarada reallaşmağa başlayır: "Xudayar bəy pulu götürüb qoydu cibinə, bir qədər dikəldi, sağ əlini Kərbəlayı Cəfərin qabağına uzadıb dedi:
– Ver əlini mənə.
Kərbəlayı Cəfər həmçinin sağ əlini verdi Xudayar bəyin əlinə”.
Beləliklə, qazının şərtlərinin həyata keçməsinin ilk addımını Xudayar bəy sevinclə qarşılayır.
"...Əhvalatlar”ın mətnində "sağ” məkan ierarxik anlayış kimi bütün hallarda Xudayar bəyin irəliləməsinin anonsudur. Bu irəliləmədə Məhəmmədhəsən əminin eşşəyi bir əmtəə kimi mühüm rol oynayır və Xudayar bəylə Kərbəlayı Cəfərin sağ əllərini bir-birinə uzadıb sıxmaları da aktyor kimi rola girməyin bir formasıdır. Bununla da eşşəyin funksiyası dəyişilir: Məhəmmədhəsən əmini Kərbəlaya ziyarətə aparmaq üçün alınan ulaq Xudayar bəyin siğə arzusunun təminatçısı olan eşşəyə çevrilir.
Poetika baxımdan bütün bunlardan daha maraqlı, sənətkarlıq baxımından daha düşündürücü başqa bir məqam da var. Bu, mətndə "sağ-sol” elementlərinin
qarşılaşdırma formasında yanaşı işlədilməsidir.
1) Xudayar bəy "Buzxana” məhəlləsində gedərkən "sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini, bu tərəfini çırpıb qoydu başına” (s. 14). "Buzxana” məhəlləsindəki "sağ-sol” hərəkəti qazının evinə doğru gedən yolda Xudayar bəyin məsələni həll edib arzusuna çatıb-çatmaması tərəddüdünü yaşadır.
2) "Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə”– bu, qazıdır. O, "sağ-sol” elementlərinin uzlaşdırmaqla Xudayar bəyin – bu "xam” kişinin mövqeyini anlamağa çalışır.
3)”Sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını göstərdi” (s. 22) – bu, kəllə qənd satan dükançıdır. Dükançı sağ və sol əli ilə Xudayar bəyə düşünmək üçün ierarxiyanın pillələrini xatırladır.
4) "Zeynəb bunları görcək qalxıb çəkildi, durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına və təəccüblə gözlərini dikdilər qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər. Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı İsmayıl, sol tərəfində Kərbəlayı Qafar; Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli divara dayanıb, durmuşdular ayaq üstdə”.
Zeynəbin evindəki tədbir isə sonuncu mərhələdir. Bu, əvvəlkilərlə müqayisədə real mərhələ hesab edilir. Zeynəbin Xudayar bəygilə gətirilməsi Xudayar bəyin həm Çərçiboğan kəndinin qlavası Xalıqverdi bəyə, həm mötəbər bir şəxs olan Hacı Həmzə kimi rəqiblərinə qalib gəlməsidir. O, bununla həm də Kərbəlayı Heydərdən qalan mirasla kasıblığın daşını ataraq katdalığını möhkəmləndirir. Mətndəki "sağ-sol” paylaşması Xudayar bəyin evində Xudayar bəyin yenicə dünyaya gələn Xoşqədəm adlı qızını qucağına alan Zibanın qapıdan girən yerdə, sağ tərəfdə durması ilə başa çatır.
"Xitamə”də ierarxiyanın yuxarı qütbü yalnız Xudayar bəylə təmsil olunur. Burada qlava da, qazı da, naçalnik də, çavuş da, xülasə, o qütbdən heç kim yoxdur. Ona görə ki, Xudayar bəyin hakimi-mütləqliyi tam təmin olunub. Xudayar bəy heç kəsi, Quranı da saya salmır. Bir tərəfdən Xudayar bəy, digər tərəfdən Məhəmmədhəsən əmi, Zeynəb və başqaları ilə təmsil olunan qütbləşmənin aradan qaldırılması üçün ehtimallar isə yox dərəcəsindədir. Doğrudur, Vəliqulu özü də başa düşür ki, "hələ hamısından vacib çörək qazanmaqdır”, amma bu "hələ” Vəliqulunun səhvləri müqabilində heç qığılcım da deyil. Əslində, Vəliqulu bütün şanslarını itirib. Artıq İzzət və Əhməd kimi Fizzə də ölüb. Zeynəbin, Vəliqulunun, Zibanın da həyatı bir tükdən asılı qalıb və onlar da Məhəmmədhəsən əmiyə bənzər ölmüş kimidirlər. Təsəlli və ümid yalnız Lağlağı Sadıqla Qəzetçi Xəlilədir.
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povesti yalnız cəmiyyəti irəli aparmaq ideyasına görə deyil, eyni zamanda sənətkarlıq məziyyətlərinə və poetikasına görə də fərqli, güclü, həmişəyaşardır.

Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi




banner

Oxşar Xəbərlər