• şənbə, 20 Aprel, 16:55
  • Baku Bakı 23°C

Cavan qalmağın sirri bu kənddə...

26.06.21 12:00 2897
Cavan qalmağın sirri bu kənddə...
Ekspertlər hesab edirlər ki, kənd turizminin inkişafı, şəhərdən kəndə miqrasiyanın sürətlənməsini,kəndlilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilər

Bu gün tətili Malta, İspaniya, Maldiv adaları və ya Türkiyədə keçirməklə bağlı xəbərlərlə artıq heç kəsi təəccübləndirmək olmur. Çox az adam xarici mənzərələri olan rəngli fotoşəkillərdən zövq alır. Xaricə səyahət, tədricən normaya çevrildiyindən, əlçatmaz və lüks bir tərz olmaqdan çıxır. Zövqlü bir tətildən ötrü yeni seçimlər yarandığından, məsələn, təbiətlə baş-başa qalmaq üçün alternativ variantlar ortaya çıxdığından, insanlar istirahət düşüncələrində dəyişiklik etməyə başlayıblar. Kənd turizmi – aqroturizm konsepsiyası da bu baxımdan turizmdə yeni bir qola çevrilib və bu destinasiyanın pərəstişkarlarının sayı günbəgün artmaqdadır.
Kənd turizmi, nisbətən yeni və perspektivli bir destinasiyadır. Demək olar ki, kənd yerlərində turizmin davamlı inkişafına töhfə verən sosial və iqtisadi əhəmiyyətli sahibkarlıq növüdür: infrastrukturun inkişafı, həyat keyfiyyətinin yaxşılaşdırılması, yerli əhalinin gəlirlərinin artırılması, iş yerlərinin açılması, dəstəklənməsi və qorunması, ənənələr, mədəniyyət və ətraf mühitlə tanışlıq baxımından əhəmiyyətlidir.
"Getdikcə daha çox insan sakit bir atmosferə qərq olmağa, şəhərin səs-küyünü və problemlərini bir müddət unutmağa üstünlük verir. Həftə sonları və ya məzuniyyət günlərində kirayələdikləri kənd evləri, kottec və ya istirahət mərkəzlərində dincəlməklə kənd həyatının xüsusiyyətlərini daha yaxşı tanımağa nail olur. Bu, tətili ailə və ya yaxın çevrə ilə birlikdə qeyd etmənin əla yoludur. Təmiz havada manqalda kabab çəkmək, samovar qaynatmaq, yaşıl otların üzərində dincəlmək, quşların səsini dinləmək, şəlalənin şırıltısına qulaq asmaq səs-küylü bir restoranda bayağı ziyafəti əvəz etməklə, insan həyatında yaddaqalan bir epizoda çevrilir. "Belə bir əyləncə insanı rahatlaşdırır, gündəlik təlaşdan uzaqlaşdırır, təbiətə çəkir və dünyaya fərqli baxmağa imkan yaradır. Çox vaxt bu istirahətdən sonra insanlar daha sakit və tarazlı olurlar, çünki təbiətlə ünsiyyət hər kəs üçün faydalıdır”- deyə dünya turizmçiləri qeyd edirlər.

Avropanın kənd turizmi

Xarici ölkələrin təcrübəsi turizmin bu növünün nə qədər əhəmiyyətli olduğunu deməyə əsas verir: İtaliya, Fransa, Hollandiya və İngiltərə kimi ölkələr kənd turizminin inkişafına yaxşı nümunələrdir. Bu ölkələrdə çöldə turist səfərləri dənizdə istirahətdən sonra ikinci yeri tutur. Kənd turizmi yeni iş yerləri yaradır və bölgələrə real gəlir gətirir. Avropada kənd turizminin sürətli inkişafının səbəblərindən biri də kənd təsərrüfatı sektorundakı böhrandır. Müasir dövrdə kənd təsərrüfatında məhsuldarlıq və avtomatlaşdırma prosesi iş yerlərinin azalmasına səbəb olur.
Avropa Birliyində şəhər sakinlərinin çoxu kənd tətilinə üstünlük verir. Bir çox ölkədə bu turizm növünün inkişafı milli kənd mənzərələrinin qorunması istiqaməti baxımından dəyərləndirilir. İsveçrənin gözəl Alp çəmənliklərini, Hollandiyanın dəyirmanlarını və kanallarını belə qorumaq mümkün olub. İtaliya ildə orta hesabla 350 milyon dollar mənfəət əldə etməklə kənd turizmində Avropada birinci yeri tutur. Bu gün İtaliyanın nümunəsinə əsaslanan Avropa Birliyi aqroturizmə Qərbi Avropanın kənd təsərrüfatını xilas etmək üçün bir vasitə kimi yanaşır. "Kənd turizmi indi top-modeldir. İnsanlar buna yalnız yayda deyil, Milad, Pasxa və s. bayramlarda da üstünlük verirlər. Köhnə evlər yalnız bu cür istirahət edənlər üçün təmir olunur. Turistlər hər cür şərtlə razılaşmağa hazırdırlar”.
Kənd turizminin populyarlığının artması bir çox ingilis fermerlərini evlərində daha müxtəlif xidmətlər təklif etməyi təşviq edib. İngiltərədəki kənd turizmi getdikcə daha cəlbedici olur, çünki uşaqlar üçün son dərəcə əlverişli qiymətlər və xüsusi endirimlər təklif edirlər. Ölkənin cənub-qərbində köhnə təsərrüfatlar turizm məqsədi ilə bərpa olunur və çox populyarlaşır.
İrlandiyada ölkə mülkləri məcburi sertifikatdan keçir və otel kimi "ulduz” alırlar, evlərin divarları müvafiq miqdarda yaşıl yarpaqlarla bəzədilir. Xüsusi kataloqlar "yaşıl mənzil” axtaranlara kömək edir.
Macarıstanda 10 çarpayıdan gələn gəlirə görə ev sahibliyi edən şəxs vergidən azaddır. Rumıniya bu cür sahibkarların 15 il müddətinə vergi azadlığı məsələsini nəzərdən keçirir. Almaniyada 1980-ci illərin əvvəllərində periferik bölgələrdə turizm mexanizmi konsepsiyası hazırlanıb. Əsas məqsədi turizm bazarında bahalı infrastrukturdan istifadə etmədən və rahat yaşayış şəraiti yaratmadan, ucuz istirahət təklif etməkdir.
Avropa kənd turizmində həyatı, tələsmədən, sakit, kənd tərzində axır.
Qonşu Rusiyada "kənd turizmi” kənd sakinləri tərəfindən öz yaşayış binaları və şəxsi sahəsi əsasında yaradılan qonaq evlərində - mini otellərdə təşkil olunur. Bu model 90-cı illərin ortalarından Rusiyanın Kalininqrad bölgəsindən Yakutiyaya qədər bir çox yerlərdə tətbiq edilib. Çoxlu meşə gölünün olduğu Şimali Kareliyada 2 nəfərdən 8 nəfərədək ailə üçün kiçik kotteclərdə kənd turizmi növü geniş yayılıb. Evlər, maliyyəyə uyğun, ehtiyac olan hər şeylə təchiz olunub. Turistlərə qayıqlar, balıq ovu alətləri və xizək avadanlığı icarəyə verilir. Bütün bunlar kifayət qədər rahat şəraitdə, eyni zamanda təbiətdə aktiv şəkildə istirahət etməyə imkan verir.

Suyun dağıtdığı yollar, bahalı bazar

Artıq bizim ölkəmizdə də insanlar yay dövründə, məzuniyyətə çıxanda, istirahət etmək üçün məkan axtarışında olanda respublikamızın rayonlarında, səfalı guşələrdə dincəlməyə üstünlük verirlər. Həftə sonları paytaxtdan ayrı-ayrı rayonlar istiqamətinə hərəkət edən avtomobil karvanlarını görmək mümkündür. Pandemiya dövründə ölkənin quru sərhədlərinin bağlılığı, hava reysləri üçün məhdudiyyətlərin mövcudluğu və uçuş qiymətlərinin hədsiz baha olması insanların bu seçimində rol oynayır.
Keçən həftəsonu İsmayıllı rayonunun Cülyan kəndində də bu qələbəliyi görmək mümkün idi. İnsanlar dinamik və gərgin bir həyat ritmindən uzaqlaşmaq fürsəti əldə etdiklərindən məmnun idilər. Təbii ki, onlar belə bir tətillə təbiətə yaxınlaşmaq, dincəlmək, enerji toplamaq imkanı ilə yanaşı, bölgəyə xas adət-ənənələri, tarixi və mədəni irsin öyrənilməsi şansı qazanmışdılar.
Qeyd edək ki, bu bölgədə insanların istirahəti üçün seçim imkanları çoxdur - İvanovka, Basqal, Lahıc, Bayram-Gölü və s. kimi gəzib-görməli və istirahət etməli məkanlar var.
1500-ə yaxın əhalisi olan Cülyan kəndi də həmin yaşıl və sakit məkanlardan biridir. Kəndin adı latıncadakı "Julian” adından gəlir və mənası "Həmişəcavan” deməkdir.
Biz də kənddə "həmişə cavan qalmağın” sirrini öyrənmək üçün küçəbəküçə dolandıq.
Kəndin mərkəzi küçələri səliqəli və təmirlidir. Kəndarası yollara daxil olunca, diqqətin elə yalnız mərkəzi küçələri əhatə etdiyinə əmin olursan. Xüsusən, qışın qarını və yağan yağışları düşünəndə bu yollarda vəziyyətin o qədər də ürəkaçan olmadığını təsəvvür etmək çətin deyil. Amma onu da deyək ki, kəndarası yolların dağılmasında elə kənd sakinləri də günahkardırlar. Şəxsi həyətlərdə ağacların və bostanın suvarılması zamanı suyun küçə boyu axdığını müşahidə etdik. Təbii ki, su ən keyfiyyətli yolu da sıradan çıxardacaq. Belə hiss etdik ki, turistlərin böyük maraq göstərdiyi bu kəndin sakinləri yolları qorumaq məsələsində o qədər də məsuliyyətli deyillər.
Kəndlinin dolanışığı üçün

Kəndarası yollarla irəlilədikcə tez-tez "Kirayə ev”, "Kirayə bağ evi” kimi elanlarla rastlaşmaq olur. Həmçinin kənd sakinlərinin dolanışıqlarını təmin etmək üçün yumurta, qatıq, süd, toyuq, pendir, təndir çörəyi, lavaş və s. satdıqları məhsulların elanları qapılar və divarlar boyunca gələnləri müşayiət edir. Heç şübhəsiz, yerli sakinlərin məşğuliyyəti, öz təsərrüfatlarında istehsal etdikləri məhsulların satışından əldə edilən gəlir, həmçinin ucqar yerlərin və kəndlərin təbiətinin, tarixinin, adət-ənənəsinin tanıdılması və s. istiqamətində turistlərin cəlbi kənd turizmini formalaşdırır.
Sakinlər, xüsusən son illər bu kəndə gələnlərin sayının xeyli artdığını deyirlər. Dağətəyi ərazidə yerləşməsi, yamyaşıl təbiəti, şəlalə, çay və gölləri turistlərin diqqətini istirahət üçün bu kiçik kəndə yönəldir. Cülyan kəndində qonaqları qarşılamaq üçün fəaliyyəti mükəmməl olmasa da, istirahət mərkəzləri var. Yerli mətbəxin təamlarını təqdim edən ortabab kafelər fəaliyyət göstərir.

Kəndin sakinləri, əsasən ev kirayəsi və həyətyanı sahələrində, həmçinin ev şəraitində hazırladıqları məhsulların satışı hesabına dolanırlar. Evlərin və bağ evlərinin bir günlük kirayə qiyməti 50-150 AZN arası dəyişir. Evlərini təklif edənlər, əsasən sadə kənd sakinləridir. Ara-sıra yaşıllıqlar içində diqqət çəkən bahalı memarlıq nümunələrinə də rast gəlmək olur. Kəndin kirayə evləri ilə bağlı sosial şəbəkələrdə də elanlar var. Bu, müştəri tapmaq baxımından sakinlərin işini xeyli asanlaşdırıb. Kəndin bəzi sakinləri iş-güc ardınca Bakıya axışıblar: "Əgər kənd turizmi inkişaf edərsə, sakinlərin dolanışığı da yaxşılaşar. Adamlar öz evlərində yaşayar. Lap yaşadıqları mənzilin bir-iki otağını da turistlərə bir neçə günlüyə kirayə verib, gələn gəlirlə dolana bilərlər”- deyə söhbətləşdiyim kənd sakinləri deyirlər.
Yollarda sıra ilə düzülən sovet dövrünün "Jiquli” və "Niva” avtomobilləri kəndə gələn turistləri görməli yerlərə daşımaq üçün növbə gözləyirlər. Tez-tez rastlaşdığımız bahalı xarici avtomobillər isə turistlərə məxsusdur.
Kəndin bazarında istənilən mövsümi məhsulu tapmaq mümkündür. Sadəcə, qiymətlər kifayət qədər bahadır. Məsələn, əriyin kiloqramı 5-7 AZN arası dəyişir, göy-göyərti dəstəsi 20, yumurta 25 qəpik, kənd çolpası 12-13 manatdır. Satıcılar özləri də bahalığı etiraf edirlər. "Bazarda satılan məhsulların çoxunu - tərəvəz, meyvə və giləmeyvələri Bakıdan və digər rayonlardan alıb gətiririk. Yerli məhsullar, əsasən qoz, fındıq və şabalıd olduğundan, onların satışı mövsümi xarakter daşıyır. Satdığımız məhsulları baha alıb gətirir, üstünə müəyyən məbləğ qoyub satırıq. Yaxşı ki, kəndə turistlər çox gəlir. Hətta əcnəbi turistlər də gəlirlər. Bu baxımdan, yay dövrü bizim üçün sərfəlidir, dolanışığımız yaxşılaşır. Qış aylarında nisbətən çətin olur”- deyə bazarda söhbətləşdiyim satıcılardan biri qeyd etdi.
Kənd turizminin formalaşması, yerli sakinlərin, bir növ xilas yoluna çevrilib. Ancaq onlar turizmin bu növünün daha da inkişaf etməsini arzulayırlar.

Vergi güzəştləri olmalıdır ki...

Azərbaycan kənd turizminin kompleks inkişafı üçün çox perspektivli bir ölkədir. Ancaq qeyd etmək lazımdır ki, aqroturizm fəaliyyətini xüsusi olaraq tənzimləyən bazanın mövcud olmamağı, turizmin bu növünün regionlarda inkişafına mane olur. Nəzərə almaq lazımdır ki, kənd yaşıl turizminin inkişafı kəndin və kəndlilərin sosial-iqtisadi inkişafına təkan verməklə, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yardımçı ola bilər: "Azərbaycanda mövcud olan əlverişli coğrafi şərait, zəngin təbiət, adət-ənənələr, qonaqpərvərlik kənd yaşıl turizminin inkişafına əlverişli şərait yarada bilər. Kənd yaşayış məntəqələrinin çoxunun dağlıq və dağətəyi ərazilərdə, landşaft ekzotikliyi ilə seçilən bölgələrdə yerləşməsi; kənd əhalisinin özünəməxsus adət-ənənələri, etnoqrafik rəngarəngliyi və zəngin mətbəxinin olması; bəzi qədim kəndlərdə sənətkarlığın inkişafı, ölkənin ayrı-ayrı bölgələrində müxtəlif sənət bayramlarının, folklor festivallarının keçirilməsi turizmin bu növünün inkişafına şərait yaradır”- deyə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovkənd yaşıl turizminin inkişafının vacibliyini qeyd edir: "Bu, həm kənd təsərrüfatının inkişafı üçün təkan ola bilər, həm də rayonlarda yeni iş yerlərinin yaradılması üçün fürsət yaradar. Eyni zamanda, turizmin bu sahəsi ölkəyə xarici turistlərin cəlb olunması üçün mühüm şərtdir. Avropa turistləri yaşıl kənd turizminə maraq göstərirlər. Onlar sakit məkanda, kənd həyatında dincəlmək istəyirlər. Turizmin bu növü inkişaf edərsə, kəndlilər öz məhsullarını turistlərə təqdim edə bilərlər. Bu da onların dolanışığına kömək edər. Bu sahənin inkişafı ilə ölkəyə daha çox turist cəlb etmək mümkündür”.
Bununla belə, M.Ağakərimov hesab edir ki, turistlərin cəlbi üçün ilk növbədə yaxşı infrastruktur yaradılmalı, kənd evləri bərpa olunmalıdır: "Yollar yaxşı vəziyyətdə olmalıdır ki, turistlər həm nəqliyyat vasitəsi, həm də piyada olaraq istədikləri ünvana gedib çata bilsinlər. Həmçinin gigiyenik normalara fikir vermək lazımdır. Həm bələdiyyələr, həm turizm qurumları, həm də icra orqanları turizmin bu sahəsinin inkişafı istiqamətində birgə fəaliyyət göstərməlidirlər. Bu, həm kənd təsərrüfatı üçün yaxşı mənbədir, həm də yeni iş yerləri və kəndli üçün əlavə qazancdır”. Turizmçinin fikrincə, kənd yaşıl turizminin mahiyyəti təkcə turistləri kənd evlərində yerləşdirmək deyil, eyni zamanda, kəndlərdə işsizlik kimi sosial problemin həllinə kömək göstərməkdən ibarətdir. Bu baxımdan, kənd yaşıl turizminin inkişafı regionda müxtəlif problemlərin həllinə yönəldilə, şəhər mühitinin kənd mühiti ilə əvəz olunmasını, şəhərdən kəndə miqrasiyanın sürətlənməsini, kəndlilərin gəlirlərinin artması və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilər”.M.Ağakərimovun fikrincə, aqroturizm kənd yerlərinə istirahətə gələnlərin vaxtlarını səmərəli keçirmək üçün təşkil olunan əyləncə və istirahət yerlərinin inkişafı, turistlərə iaşə xidməti göstərə bilən kiçik restoran, kafe və yeməkxana sektorunun genişlənməsinə imkan açar.
Turizmçi Ruslan Quliyev bəlli bir dövr üçün kənd turizmi ilə məşğul olan fiziki və hüquqi şəxslərin tamamilə vergidən azad olunmasının tərəfdarıdır. Belə ki, bu sahənin inkişafı kənddən şəhərə olan axının qarşısının alınması, işsizliyin həll olunmasına yönəlik fəaliyyətdir: "Eyni zamanda, xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, qadınların, yaşlı nəslin, bölgə gənclərinin bu işə cəlb olunması çox aktualdır. Bu, yoxsulluğun aradan qaldırılması üçün də vacib amildir”.
Kəndə istirahətə gələnlərin yenidən bu bölgəyə qayıtması üçün təbii ki, kəndin sahib olduğu gözəllikləri təqdim etməyə dəstək də lazımdır. Məsələn, tanıdılmasına ehtiyac olan Aşıq-Bayram gölünü əsil istirahət zonasına çevirmək olar. Yerli rəhbərlik, QHT-lər, aidiyyəti qurumlar bu istiqamətdə konsepsiyanı təkmilləşdirməlidirlər. Bu, həm kəndi tanıdacaq, həm də yerli sakinlərin dolanışığını təmin edəcək.

Təranə Məhərrəmova
Bakı-İsmayıllı-Cülyan


banner

Oxşar Xəbərlər