Böyük uğurlar ili - TƏHLİL

Azərbaycan 2021-ci ili 2020-ci ildə qazanılan qələbənin
nəticələrinin praktik addımlarla möhkəmləndirilməsinə, özünün siyasi, iqtisadi
və hərbi gücünün daha da artırılmasına həsr edib
Beynəlxalq münasibətlər sistemində regional və
qlobal miqyasda uğurlu layihələrə imza atan, 30 illik işğala yalnız öz hərbi
gücü ilə son qoyan, ərazi bütövlüyünü təmin edən Azərbaycan yola saldığımız
2021-ci ili sabitlik şəraitində yaşayıb. Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində cari ildə
də mühüm ictimai, siyasi, iqtisadi və sosial uğurlar qazanılıb.

İqtisadi əlaqələrin qurulması
Ötən bir ilə nəzər saldıqda daha qabarıq görünən
hadisə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da
imzaladığı Üçtərəfli Bəyanatın tələblərinin 2021-ci ildə həyata keçirilməsi məqsədilə
atdıqları addımlardır. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin dəvəti
ilə Azərbaycan dövlət başçısı İlham Əliyevin yanvarın 11-də Moskvaya, noyabrın
26-da Soçiyə işgüzar səfərlərini xatırlaya bilərik. Kremldə və Soçidə prezidentlər
İlham Əliyev, Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında
üçtərəfli görüşlər keçirilib. Birinci görüşün nəticəsi olaraq, bölgədəki vəziyyətin
inkişafına dair birgə Bəyanat imzalanıb.

Birləşən dəmir yolu arteriyaları
Prezident İlham Əliyevin təbirincə desək, bu Bəyanat
çox böyük perspektivlər açır. Bəyanatda qeyd olunanların bizim üçün əhəmiyyəti
ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması, nəzərdə tutulan layihələrin
reallaşması sayəsində ölkəmiz 30 ildən artıq müddətdən sonra Ermənistan ərazisindən
keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanı qazanır. Azərbaycan Naxçıvan
ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edir.

Müttəfiqliyin tamamilə yeni mərhələsi
Regionda vəziyyətin yaxşılaşması, əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi istiqamətində görülən və görüləcək işlər cari ildə Azərbaycan,
Rusiya və Türkiyə prezidentlərinin bilavasitə nəzarətində olub. Yola saldığımız
ilin ən önəmli hadisələri sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
işğaldan azad olunmuş ərazilərə səfərlərini, iki dövlət arasında müttəfiqliyin
tamamilə yeni mərhələyə qədəm qoymasını göstərmək olar. İyunun 15-də Şuşaya gələn
Türkiyə dövlət başçısı Azərbaycanın mədəniyyət paytaxtında keçirilən mərasimdə
iştirak edib. Ardınca prezidentlər təkbətək görüşüb və "Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni
imzalayıblar. Oktyabrın 26-da isə Füzuliyə gələn Türkiyənin dövlət başçısı Azərbaycan
Prezidenti ilə birlikdə Qarabağın giriş qapısının - Füzuli Beynəlxalq Hava
Limanının açılışını edib, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun təməlini qoyub.

Şuşa Bəyannaməsi
Xatırladaq ki, Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər
öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz,
siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti
və digər sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin - Cənub Qaz Dəhlizinin
Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sənayesi
sahəsində və qarşılıqlı hərbi yardım məsələləri də əksini tapıb. Prezident
İlham Əliyev bunu tarixi nailiyyət kimi xarakterizə edib: "Biz bir daha göstəririk
ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin
təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan
bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bəyannamədə Zəngəzur
dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci
Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Müttəfiqlik
haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna
daşıyır”.

Üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmin
Regional təhlükəsizlikdən, bölgədə əməkdaşlıq
mühitindən danışarkən Azərbaycan-İran münasibətlərindən danışmamaq
qeyri-mümkündür. Vətən Müharibəsindən sonra bəzi Tehran rəsmilərinin Azərbaycan
ünvanına həqiqətə uyğun olmayan, reallıqdan uzaq fikirlər səsləndirməsi ölkələrarası
münasibətlərdə "sərinlik” yaratsa da, sonradan bu məsələ müsbət sonluqla bitib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 28-də Türkmənistanın paytaxtı
Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran
prezidentlərinin görüşü olub. İran Prezidenti Seyid İbrahim Rəisi Tehran rəsmilərinin
azərbaycanlı həmkarları ilə apardıqları danışıqların, müzakirələrin ölkələrimizin
münasibətlərini daha da dərinləşdirəcəyini, irəliyə aparacağını və əlaqələrimizi
möhkəmləndirəcəyini bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini
bildirən İran Prezidenti "Buyurun, biz Sizin xidmətinizdəyik”, - deyə fikrinə
yekun vurub. Prezidentlər söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub
nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq
məsələlərini müzakirə ediblər. Zəngəzur dəhlizinin reallaşması nəticəsində
İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi
imkanları vurğulanıb. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə
"İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən
Saziş” imzalanıb.

Siyasi diplomatik qələbə
Ən nəhayət, dekabrın 14-də Belçika Krallığının
paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının
VI Sammitini də Azərbaycan üçün uğurlu hadisə hesab edə bilərik. Brüsseldə istər
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, istərsə də Fransa prezidenti
Emmanuel Makronla Azərbaycan dövlət başçısı və Ermənistan baş naziri arasında
keçirilən üçtərəfli görüşlərdə avropalılar Azərbaycanın ərazi bütövlüyünə açıq
dəstək nümayiş etdiriblər. NATO-nun Şimali Atlantika Şurasının Brüsseldə
keçirilən iclasında bu hərbi ittifaqa üzv dövlətlər tərəfindən də ölkəmizin ərazi
bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına dəstək ifadə olunub. Bu mövqe NATO-nun Sammit sənədlərində təsbit
olunub. Bununla Azərbaycan yola saldığımız 2021-ci ildə Ermənistan üzərində hərbi
zəfərini qoruyub saxlamaqla bərabər, siyasi, diplomatik cəbhədə davamlı qələbələr
qazanıb, müttəfiqləri ilə əlaqələrini möhkəmləndirib. Azərbaycan beynəlxalq
birliyin layiqli üzvü kimi müstəqil siyasət aparan, milli-dövlətçilik
maraqlarını prinsipiallıqla qoruyan ölkə olduğunu nümayiş etdirib.
Rufik İSMAYILOV
