“Böyük qardaş”dan acizanə xahiş - ŞƏRH

İrəvan
xarici siyasət strategiyasında yenilik edərək Türkiyə ilə əlaqələri
normallaşdırmaq istəyirsə, mövcud şərtlərə əməl etməlidir
Ermənistan
Türkiyə ilə əlaqələrin normallaşması ilə bağlı niyyətini bəyan edib. İrəvan rəsmiləri
bununla əlaqədar Rusiyadan vasitəçilik etməyi də xahiş edib. Amma məsələ
burasındadır ki, Türkiyə hələ 90-cı illərdə Ermənistanla əlaqələrin qurulması
üçün şərtlərini irəli sürüb. Bəs görəsən bu şərtlər yerinə yetirilməyənə qədər Türkiyə-Ermənistan
əlaqələri normallaşa bilərmi?
"ABŞ və
Avropa buna səy göstərir”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Ermənistanın
blokadadan çıxarılması ölkə xarici siyasətinin əsas prioritetlərindən biridir:
"Xüsusən, Türkiyə ilə münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpası
Ermənistan üçün əhəmiyyətlidir. Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən
müharibəsi bu istiqamətdə yeni imkanlar açıb. Artıq məlumdur ki, Ermənistanın
baş naziri Nikol Paşinyan Türkiyəyə bu məsələlərin həlli ilə bağlı ismarıc
verib. Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın iqtisadi çətinliklərinin
aradan qaldırılmasına müsbət təsir göstərəcək amil kimi nəzərdən keçirilir. Rəsmi
Ankara isə daha əvvəl birmənalı şəkildə bildirib ki, Ermənistanla münasibətlərin
normallaşması Azərbaycanın ərazi bütövlü və suverenliyinin rəsmi İrəvan tərəfindən
tanınması, ermənilərin ərazi, qondarma "soyqırımı” iddialarından əl çəkməsindən,
sülh sazişini imzalamasından sonra reallaşa bilər. ABŞ və Avropa ölkələri də
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün səy göstərirlər ki, bu
da Ermənistanda Rusiya təsirini məhdudlaşdıracaq amil kimi də nəzərdən
keçirilir”.

"Manevr
imkanları saxlamayıb”
Politoloq
qeyd edib ki, Ermənistan bu məsələdə yalnız iqtisadi maraqları önə çəkərək
Ankaranın digər şərtlərdən geri çəkilməsini, yaxud əlaqələrin mərhələ-mərhələ
normallaşdırılması siyasətinə üstünlük verməsinə çalışır: "Lakin 44 günlük Vətən
müharibəsinin yaratdığı yeni reallıqlar bu istiqamətdə Ermənistan üçün manevr
imkanları saxlamayıb. Eyni zamanda hazırda Ermənistan xarici siyasəti Rusiyanın
mövqeyindən asılıdır və Türkiyə ilə münasibətləri Moskvanın maraqları ilə
uzlaşdırmaq məcburiyyətindədir.
Azərbaycan
da Türkiyə kimi Ankara- İrəvan münasibətlərinin normallaşması üçün ərazi
bütövlüyü və suverenliyinin rəsmi İrəvan tərəfindən tanınması, ərazi
iddialarından əl çəkilməsi, sülh sazişi imzalanması, regionda
kommunikasiyaların açılması şərtlərinə əməl edilməsini irəli sürür. Bu məsələlərdə
Bakı və Ankara eyni mövqedən çıxış edirlər”.
"Ermənistan
müsbət addımlar atarsa…”
Z.İbrahimli
istisna etmir ki, Ankara və Bakı Rusiya amilini də nəzərə alaraq, Ermənistanın
ardıcıl olaraq müsbət addımlar atması nəticəsində münasibətlərin mərhələ-mərhələ
normallaşması ilə bağlı müzakirələrin başlamasına razılıq verə bilər: "Azərbaycan
ərazi bütövlüyü və suverenliyinin rəsmi İrəvan tərəfindən tanınması, ərazi
iddialarından əl çəkilməsi, sülh sazişi imzalanması, regionda
kommunikasiyaların açılması şərtlərinə əməl edilməsi müqabilində Türkiyə-Ermənistan
əlaqələrinin normallaşmasında maraqlıdır. Bu, Azərbaycanın bütün Cənubi Qafqaz
regionunda daha sıx inteqrasiya və əməkdaşlıq imkanlarının yaranması siyasətinə
cavab verir.

"Şərtdə müəyyən
dəyişiklik olub”
Politoloq Samir
Hümbətov bildirdi ki, Türkiyənin şərti bu günün şərti deyil, lap əvvəldən
qoyulub: "Artıq zamana görə şərtdə müəyyən dəyişiklik olub. Azərbaycan
torpaqları işğal altında olanda rəsmi Ankara deyirdi ki, əraziləri işğaldan
azad edin, Türkiyəyə və Azərbaycana
qarşı ərazi iddialarından əl çəkin, uydurma soyqırımı məsələsindən uzaq durun.
Yəni Türkiyə açıq şəkildə bildirir ki, soyqırımı iddiasından əl çəkin və biz Ermənistanla
münasibətləri normallaşdıraq. Artıq 44 günlük Vətən müharibəsindən sonra vəziyyət
dəyişdi və ortaya yeni bir sənəd çıxdı. Bu sənəd üçtərəfli birgə razılaşma oldu.
Həmin sənəddə həm də Zəngəzur dəhlizinin açılması məsələsi yer aldı. Və Türkiyədə
bəyan etdi ki, Zəngəzur dənizi ilə bağlı problem həllini tapmalıdır. Yəni bu məsələ ilə bağlı Ermənistan
real addımlar atmalıdır”.
"Ermənistan
özünü suveren dövlət hesab edirsə…”
Politoloqun
sözlərinə görə, əgər Ermənistan tərəfi həqiqətən də atdığı addımlarda səmimi
olsa, birbaşa Ankara ilə əlaqə qura bilər: "Ermənistan özünü suveren dövlət
hesab edirsə, onun xarici siyasət strategiyası müstəqildirsə, Türkiyə ilə
münasibətlər qurmaq üçün heç bir maneə qalmır. Amma bunu Rusiya üzərindən etməklə,
əslində Paşinyan bir daha Kremli pis vəziyyətdə qoymağa çalışır. Çünki Paşinyan
Rusiyadan xahiş edir ki, siz deyin, bizimlə əlaqələr normallaşdırılsın. Yəni dolayı
şəkildə Rusiyanın boynuna da bir şərt qoyur. Üstəlik, məsuliyyəti öz üzərindən
atmağa çalışır”.
"İndiki vəziyyətdə
bu, inandırıcı deyil”
S.Hümbətov
vurğuladı ki, Türkiyə mövcud şərtlərini irəli sürüb: "Hesab edirəm ki, Ermənistan
həqiqətən də xarici siyasət strategiyasında yenilik edib Türkiyə ilə əlaqələri
normallaşdırmaq istəyirsə, mövcud şərtlərə əməl etməlidir. Belə olduğu halda,
Ermənistan konkret olaraq Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından və qondarma
soyqırımı siyasətindən əl çəkməlidir. Üstəlik də, Zəngəzur dəhlizinin açılmasına
razılıq verilməlidir. Bunlar Ermənistanın qarşısındakı konkret şərtlərdir. Hesab
edirəm ki, bu dəqiqə Ermənistanın, konkret olaraq Paşinyanın bu şərtləri yerinə
yetirəcək gücü və imkanı yoxdur. Ona görə də, düşünmürəm ki, yaxın vaxtlarda bu
şərtlərdən heç olmasa bəzilərini icra edib əlaqələri normallaşdırmaq mümkün
olsun. Gələcəkdə Türkiyə-Ermənistan əlaqələri yaxşılaşa bilər, amma indiki vəziyyətdə
bu, o qədər də inandırıcı deyil”.
Bəxtiyar Məmmədli
