• çərşənbə axşamı, 19 mart, 13:05
  • Baku Bakı 8°C

Böyük Füzulimizin yadigarı mən özüməm...

17.02.20 16:00 4016
Böyük Füzulimizin yadigarı mən özüməm...
Bu gün Əlağa Vahidin anadan olmasından 125 il ötür
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
AZƏRTACxəbər verir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 125 il ötür.
"Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. "Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri”, "Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
banner

Oxşar Xəbərlər