Bütün kitabxanaların oxucusu, ya da oxucunun vahid bileti

Rusiya
ənənəvi kitabxana sistemindən uzaqlaşmaqla böyük dəyişikliklərə imza atır. Ölkənin
paytaxtında artıq bu proses xeyli təkmil formada həyata keçirilir. Belə ki, bu
gün Moskvanın nəinki şəhər, hətta rayon kitabxanalarında sakinlər təkcə
kitabları əldə etmirlər, həmçinin müxtəlif növ təkliflərlə qarşılaşırlar.
Sevimli müəllifləri ilə görüşlər, ədəbi mühazirələr, hətta poliqrafik xidmətlər
də onlara təklif olunur. Kitabxanalar əhali üçün sorğularına cavab almaq, vaxtlarına qənaət etmək üçün
kifayət qədər açıq və cəlbedici olub. Onlar üçün əsas vacib addımlardan biri,
vahid oxucu biletinin yaradılmasıdır. Bu gün artıq Rusiyanın paytaxtında 60 min
adam vahid kitabxana biletinə sahib olub. Elektron, avtomatlaşdırılmış
kitabxana məlumat sistemi 140 kitabxanada fəaliyyət göstərir. Bu gün
kitabxanaçılar təkcə kitabı oxucuya təqdim etmirlər, həmçinin onları dünyanın
müasir ədəbiyyatı, yeni çıxan nəşrlər, elektron resurslar haqqında məlumatlandırır,
materialların axtarışında, məlumatların əldə edilməsində kömək edirlər. Vahid
oxucu biletinin müddətinə isə məhdudiyyət qoyulmayıb. Vahid kitabxana bileti
bütün Moskva kitabxanalarına daxil olmaq hüququ verir. Hətta oxucuların şəxsi
kabinetinin yaradılması planlaşdırılır ki, onlar kitabxanaya yazılsınlar və
lazım olan ədəbiyyatı onlayn alsınlar, həmçinin kitabxananın xidmətinin haqqını
ödəsinlər. Şəxsi kabinetdə oxuculara məsləhət olunan kitabların seçimi də özlərinə
həvalə olunacaq.
2021-ci ilin sonuna qədər bütün Moskva kitabxanaları vahid
oxucu biletindən istifadə edə biləcəklər. Bu sahədə vahid kataloq nəşrinin
formalaşdırılması istiqamətində də iş aparılır. Onlar üçün ştrix-kodlar vasitəsilə
istənilən kitabı elektron qaydada izləmək də mümkün olacaq.
Yaxın vaxtlarda bizim ölkə vətəndaşları da yenilənmiş kitabxana
sisteminin istifadəçisi olacaqlar. Ölkə başçısının "Mədəniyyət Nazirliyinin
strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” fərmanında nazirliyin tabeliyindəki kitabxanaların ləğvi və kitabxana
sisteminin yenidən qurulması məsələsi yer alıb.
Təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi
formalaşacaq. Oxucular artıq ənənəvi kitabxana sistemi ilə deyil, müasir,
elektronlaşdırılmış və avtomatlaşdırılmış kitabxana sisteminin istifadəçisinə
çevriləcəklər. Təbii ki, bu, zamanın tələbidir. Müasir oxucu kitabxanadan
yalnız müxtəlif kitabların və çap məhsullarının qorunub saxlandığı yer kimi
deyil, həmçinin qabaqcıl xidmətləri tətbiq və təklif edən informasiya məkanı
kimi istifadə etmək istəyir. Bu tələblərlə ayaqlaşmaq üçün təbii ki,
kitabxanalar dünya kitabxana təcrübəsinin yeniliklərini öyrənməli və fəaliyyətlərində
tətbiq etməlidirlər.
İstər-istəməz,
maraq doğurur: bizdə yeni kitabxana sistemi qurulandan sonra belə bir yeniliyə
də imza atılacaqmı? Bizim mövcud kitabxana sistemimiz üçün belə yeniliyin hansı
üstünlüyü ola bilər?

Qabaqcıl təcrübələrdən istifadə
Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan
Cəfərov
«Kaspi»nin sualına cavab olaraq bildirdi ki, ölkə başçısının sərəncamı ilə
yaradılacaq yeni kitabxana sisteminin qurulması istiqamətində bir çox layihələr
həyata keçiriləcək. Belə ki, dünya təcrübəsi nəzərə alınacaq və tətbiq ediləcək:
«Mədəniyyət naziri Əbülfəs Qarayev bu günlərdə Böyük Britaniyanın
kitabxanalarında görüşlər keçirib, onların sistemi ilə tanış olub. Bu cür
qabaqcıl təcrübələrdən istifadə olunacaq. Çalışacağıq ki, təkcə vahid kitabxana
bileti deyil, müasir oxucunun kitabxanadan necə istifadə etməsi üçün lazım olan
bütün qabaqcıl xidmətlərdən istifadə edək. Biz bunu etməliyik”.

Bizdə daha asandır
Mirzə Fətəli Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirov sorğumuza cavab olaraq bildirdi ki, bizdə
kitabxanaya şəxsiyyət vəsiqəsi ilə daxil
olmaq mümkündür. "Yeni nəsil şəxsiyyət vəsiqələrində şəxsiyyət haqqında bütün məlumatlar
elektron bazada yerləşdirilir. Əgər bu məlumatlar düzgündürsə, həmin şəxsin
kitabxanaya daxil olması problem deyil”. Ölkə başçısının sərəncamı ilə
kitabxana sistemində yenidənqurmanın həyata keçirildiyini deyən K.Tahirov, bizdə
də bu sahədə yeniliklərin nəzərdə tutulduğunu qeyd etdi. Belə ki, bu çərçivədə
vahid oxucu biletinin tətbiq oluna biləcəyi də istisna deyil: "Bizdə bütün
kitabxanalar təkcə bir nazirliyin tabeçiliyi altında fəaliyyət göstərmir. Bir
nazirliyə tabe olmayan təşkilatlar arasında bu qaydanı tətbiq etmək mümkün
deyil. Ancaq bir nazirliyə tabe olan təşkilatlar üçün bu yeniliyi tətbiq etmək
asandır”. Direktor bildirdi ki, bir neçə nazirliyə tabe olan təşkilatlar fəaliyyətdədir
və onların haqqında vahid bir qərar qəbul olunmalıdır: "Əgər belə bir qərar
olarsa, yəqin ki, bu cür yenilik də tətbiq etmək olar”. K.Tahirov hesab edir
ki, Azərbaycanda bu yeniliyi tətbiq etmək
daha asan olar: "Hesab edirəm ki, yeni sistem qurulanda bu yeniliyi tətbiq etmək bizdə daha asan olar”.

Daha mühüm problemlər
Cəfər Cabbarlı adına Gənclər
Kitabxanasının direktoru Oruc Quluyev hesab edir ki, hansısa ölkədə tətbiq
edilən və nəticə verən bir yeniliyi müəyyən araşdırmalardan sonra tətbiq etmək
işin xeyrinə olar. Bununla belə, bizim kitabxanalara hansısa oxucunun daxil
olması üçün problemi yoxdur: "Bu gün bizdə kiminsə hər hansı kitabxanadan
istifadə etməsi üçün limit yoxdur və ona heç problem yaradılmır. Elə bir
problem olmadığına görə, vahid bilet məsələsini tətbiq etməyə həm ehtiyac var,
həm də yox. Yəni əgər bu yeniliyi tətbiq etməsək də, bizdə oxucular üçün heç
bir problem yoxdur. Vahid biletin mahiyyəti odur ki, oxucu istədiyi kitabxanaya
daxil olur və onun xidmətindən istifadə edir. Əgər bizdə tam elektronlaşma getsə,
belə bir bilet də avtomatik olaraq tətbiq olunacaq. Ancaq hesab edirəm ki, bu
gün üçün biz daha çox ehtiyac yaranan məsələlərə önəm verməliyik. Yəni daha çox,
kitabxana işinin yaxşı inkişafına, oxucu cəlb edilməsinə çalışmalıyıq. Bu
baxımdan bizim vahid bilet məsələsindən də mühüm problemlərimiz var”. Vahid
elektron kataloqa gəlincə, O.Quluyevin sözlərinə görə, bu tip kataloq bizim
kitabxana sistemində də mövcuddur. Belə ki, 2014-cü ildə ölkəmizdə ALİSA-
avtomatlaşdırılmış kitabxana sistemi tətbiq olunur: "Ayrı-ayrı kitabxanaların
toplu kataloqu onlarda var və bundan istifadə olunur. Hal-hazırda bu sistemin təkmilləşdirilməsi
istiqamətində işlər gedir”.

Yazıçı Reyhan Yusifqızının fikrincə, vahid oxucu biletinin
olmasına ehtiyac var: «Mən istərdim ki, əlimdə
vahid oxucu bileti olsun və onunla bütün kitabxanalara daxil ola bilim. Belə
bir yeniliyin bizdə tətbiqi oxucuların rahatlığına səbəb olar».
Yazıçı
vahid kitab kataloqunun olmasın da vacib sayır: "Oxucu istədiyi kitab üçün
yalnız bir kitabxanaya müraciət edə bilər. Bu, həmçinin vaxt itkisinin
qarşısını alar: «Bu günlərdə bir kitab axtarırdım. Onun üçün ayrı-ayrı
kitabxanalara üz tutub onların kataloqlarına baxdım. Kitabı Milli Kitabxanadan əldə
etdim. Sonra məlum oldu ki, AMEA-nın kitabxanasında həmin kitab var. Özüm isə
akademiyanın düz yaxınlığında – Bakı Dövlət Universitetində çalışıram. Ancaq mən
bu kitabı axtarmaq üçün ayrı-ayrı ünvanları gəzməli oldum. Həm vaxt itirdim, həm
də yoruldum. Təbii ki, kitabı bir sistemdən axtarmaq oxucunu vaxt itirməkdən
xilas edər. Yəni elə bir sistem olsa, mənə lazım olan kitablar üçün məsafə
baxımından AMEA-nın kitabxanasından istifadə edərəm. Ümumilikdə, belə bir
sistemin tətbiqi oxucuların işini xeyli asanlaşdırar”. Təranə
Məhərrəmova
