• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

Bu yazarları mütləq tanımalısınız

13.01.20 10:00 1594
Bu yazarları mütləq tanımalısınız
Nobel fondu seçim qüdrətini, əvvəlki nüfuzunu itirmiş ola bilər. Bəs, dünya ədəbiyyatına qazandırdıqları?! Məsələn, Nobel fondu olmasaydı, dünya ədəbiyyatı Patrik Modiano kimi bir yazarı qazana bilməyəcəkdi. Bu siyahıda əməyi, ömür yolu, mübarizəsi məhz Nobel mükafatı nəticəsində layiqli qarşılığını, qiymətini almış onlarla ədib var. Milyonlarla oxucunu razı salacaq qərarlara imza atmaq hər zaman mümkün olmur. Odur ki, Nobel fondunun seçimlərinin hər il müxtəlif səbəblərlə tənqidlə üzləşməsi başa düşüləndir. Biz isə "kirkus” redaktorlarının "ölmədən yaradıcılığı ilə tanış olmanız”ı tövsiyə etdiyi Nobelli yazarları təqdim edirik. Siyahının və məqalənin tam versiyası ilə dərginin internet ünvanında tanışa ola bilərsiniz.
· Travmaların övladı Knut Hamsun
· Qərarların hakimi Bernard Şou
· Simvollar yaradıcısı Herman Hesse
· Ədəbiyyat popstarı Uilyam Folkner
· Müharibə gündəliyi Ernest Heminquey
· Başqa dünyanın adamı Albert Kamyu
· Simpatik ədəbiyyatçı Con Steynbek
· Bədbəxtliyin təbliğat maşını Samuel Beket
· Poeziyanın səliqəsi Pablo Neruda
· Latın Amerikasının xəyal buludu Qabriel Qarsia Markez


Parisə bilet aldıran filmlər

Qərbdə xəyallar reallaşdırmaq üçün Şərqdə həqiqətdən qaçmaq üçün qurulur. Müəllifini unutduğum bu iddia ilə nə qədər razılaşdığınız başqa söhbətin mövzusudur. Həqiqət isə odur ki, iki dünyanın insanının bir-birinə çox uzaq inancları, düşüncələri var. Məsələn, film sevgilisiz, dostsuz izlənməz deyən Şərq insanına yalnızlıqdan zövq almaq anlayışı yaddır. Amma bütün uzaqlıqları, yadlıqları, ziddiyyətləri birləşdirən məkanlar da var. Məsələn, həm aşiqlərin, həm yalnızların şəhəri Paris kimi. Bir fincan kofe və bir isti şala bürünüb, xəyal qurduracaq Paris filmləri izləmək həm yalnızlara, həm aşiqlərə zövq verir. "HuffingtonPost”un kinomanları isə iddia edir ki, bu siyahıdakı filmlər nəinki xəyallara qapdıracaq, hətta sizə kor-koranə Paris bileti də aldıracaq.
· "Xəyalpərəstlər” ("The dreamers”)
· "Paris, səni sevirəm” ("Paris, Je t’aime”)
· "Gün batmadan” ("Before sunset”)
· "Üç rəng: Mavi” ("Three colors: Blue”)
· "Parisdə 2 gün” ("2 days in Paris”)
· "Parisdə həftəsonu” ("Le week-end”)
· "Parisdə gecəyarı” ("Midnight in Paris”)
· "Ratatul” ("Ratatouille”)
· "Şaneldən əvvəlki dəb” ("Coco before Chanel”)
· "Ameli” ("Amelie”)

Məkanlarınızı gözəlləşdirən əşyalar
Ədiblərin ev muzeyində diqqətinizi xüsusilə çəkmiş olmasa da, aksessuar mahiyyətli bir çox əşya mütləq gözünüzə dəyib. Etnoslara aid, tanımadığınız musiqi alətləri, dekor xalçalar, boş çərçivələr, maketlər və s. Bu həmçinin şəxsi kitab kolleksiyalarının sərgiləndiyi guşələr və zallar üçün də keçərlidir. Niyəsə ədəbiyyatı musiqidən, rəsmdən, heykəltəraşlıqdan, qədimilikdən, qeyri-adilikdən uzaq xəyal etmək olmur. Məsələn, şəxsi və zəngin bir kitabxananı qrammofonsuz, qədim bir güldansız təsəvvür edə bilərsinizmi? "lithub”da ədəbiyyat vurğunlarının evlərində, kitabxanalarında mütləq boy göstərən, duruşu ilə məkanları gözəlləşdirən, mənəvi genişlik bəxş edən əşyalar siyahılaşdırılıb. Yerli oxucunun da diqqətini çəkəcəyini düşündüyümüz aksessuar və əşyaları bölüşürük.
· Nik Hornbi əvvəlcə qadınları, sonra isə futbolu eyni, dərin ehtirasla sevdiyini yazırdı. Bəlkə də, buna görə yaradıcı və fərqli insanların böyük əksəriyyəti otağında, yaşam və iş məkanında maket və ya həqiqi top saxlayır. Daha çox basketbol toplarına üstünlük verilir. Deyirlər ki, zehin yorğunluğu yaşayanlar qeyri-şüurlu şəkildə topu götürüb, əllərində fırladır, yüngül atıb-tuturlar.
· Pikap, qrammofon haqqında isə uzun açıqlama lazım deyil. Pikap dinləyən romantikdir, sevgi insanıdır, əgər Hannibal ruhlu deyilsə... Pikaplar kitabların görüntüsünü estetik olaraq da, tamamlayırlar.
· Akkordeonun incə görünüşü hər məkanı tamamlamasa da, onun zərifliyindən gözlərini dincəltmək, ruhunu qidalandırmaq, zövqünü oxşamaq üçün yararlananlar az deyil.
· Velosiped rəngli məkanların, kitab kafelərin, uşaq əyləncə mərkəzləri və yaşıl qiraət zonalarının əvəzolunmaz aksessuarıdır. "Azadlıq bu təkərlərdədir” şüarını mütləq ki, eşitmisiniz. Velosiped Sartrın təbirincə, desək, "tənbəlləşmiş cəsarətimiz üçün” oyadıcı elementdir.
· Akvariumlar sevilmirsə, bunda bircə səbəb var – təmizlik. Akvariumlara qulluq etmək çətindir, ən azından baxımı tozunu alacaq qədər sadə proses deyil. Lakin su, təbii daşlar, yaşıllıq və canlı heyvanlar əsl terapiyadır. Əgər heyvanları əsir etmək istəməsəniz, əmin olun ki, akvariumlar elə görüntüsü ilə də əhvalınızı yüksəltməyə qadirdir.
· Edvin Land 1943-cü ildə dəniz sahilində azyaşlı qızının fotosunu çəkir. Lakin şəklini dərhal görmək istəyən balaca çox ağlayır və ata bütün dövrlərin sevimli əşyası və aksessuarı olan polyaroidi ixtira edir.
· Yellənən kreslolar bir qrup insana dəbdəbəli əşya, başqa bir qrupa isə əyləncə təsiri bağışlayır. Amma rəngli, qeyri-adi dizaynlı, xüsusilə yellənən kreslolar nəinki ədəbiyyatsevərlərin, elə ədiblərin də ən sevimli əşyaları arasındadır.
· Gitaraları isə adətən, aksessuar kimi simsiz istifadə edirlər. Son zamanlar gitaralar siyahının sonuna, həm də müxtəlif işləmələrdən keçmiş versiyalarda düşə bilirlər. Dizaynerlər bu musiqi alətinin özündən çox oyuğuna mərkəzləşir, o hissədə kitablara, kitabxanaya, ümumi məkana uyğun dekorlar yaradırlar.

"Harry Potter”dən öyrəndiyimiz qızıl tövsiyələr

Ədəbiyyatın mayasında öyrətmək, yönləndirmək, fikir aşılamaq səlahiyyətləri dayanır. Bu keyfiyyətləri ilə milyonlarla oxucunun diqqətini çəkmiş kitablarla azyaşlıların tanış olması isə xüsusilə əhəmiyyətlidir. Bəzən azyaşlılara və yeniyetmələrə hansısa vərdişi, fikri sözlə aşılamaq cəhdi heç bir nəticə vermir, lakin əhəmiyyət vermədiyimiz yad adam, utopik bir qəhrəman bu işin öhdəsindən asanlıqla gəlir. "junkee.com”-da "Harry Potter” romanlarından öyrəniləcək həyat dərsi çəkisində tövsiyələr seçilib. Onlardan bəzilərini təqdim edirik.
· Sevə bilirsənsə, hələ də güclüsən.
· Kitabların içindəki dünyalara köçmək nə qədər dəyərlidir.
· Bəzən hər şeyin həlli bir dost tövsiyəsində gizlidir.
· Özünüzü mütləq tapacağınız qəhrəman o səhifələrin arasındadır.
· Ovsunun varlığına inanmaq insana hər zaman ümid verir.
· Bəzən köməyə ehtiyacın olduğunu qəbul etmək lazımdır.
· Ananın sevgisi ən böyük gücdür.
· Sərhədləri aşmaq uzaqlaşmaq deyil.
· Qorxuların öhdəsindən gəlməyi hamı bacarmır, əhəmiyyətli olan da bu deyil, mübarizə aparmağımızdır.
· 1114 səhifəlik kitabı 1 həftəyə bitirmək mümkündür.
· Birindən nifrət etməyiniz onu anlamağınıza mane olmamalıdır.
· Qaydalar bəzən həqiqətən də pozulmaq üçün qoyulur.

banner

Oxşar Xəbərlər