“Bu gün hamımız dövlətimizin ətrafında birləşməliyik”

İyulun 11-də bir qrup adam Gəncə şəhər İcra Hakimiyyətinin inzibati
binasının önündəki meydana toplaşaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmağa
cəhd göstərdi. Qanunsuz aksiyanın qarşısı alınarkən, xidməti vəzifələrini
yerinə yetirən 2 polis polkovniki öldürüldü. Xaricdən idarə olunan şəxslərin
Azərbaycanda xaos yaratmaq istəyi cəmiyyətin böyük təpkisi ilə üzləşdi. Hər kəs
Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd göstərən xainlərin əməllərini
qınadı. Və hər kəs də, birmənalı surətdə bildirdi ki, belə məqamlarda Azərbaycan dövlətinin
yanındadırlar. Təbii, onların arasında sənət adamlarımız da var.
Xalq artisti Teyyub Aslanov bizimlə
söhbətində Gəncədə baş verən hadisələrdən sonra dövlətin ətrafında daha sıx
birləşməyin vacib olduğunu vurğuladı: "Gəncə olayları üzücüdür və bu hadisələr
bizləri çox məyus etdi. Özəlliklə də polis zabitlərinin şəhid edilməsi. Biz bir
daha əmin olduq ki, Azərbaycan dövləti heç bir təxribatçıya dövlətlə
dövlətçilik etməyə imkan verməyəcək! Təbii ki, biz sənət adamları bu cür
hadisələri pisləyirik. Dövlətimizi qorumaq hər birimizin borcudur. İndi elə bir
dönəmdir ki, dövlətimizin ətrafında hamımız bir yumruq olmalıyıq. Bu təxribata
uymamalıyıq. İslam dini barışı, sülhü təbliğ edən bir dindir. Dinimiz təxribatı, münaqişəni sevmir.
Bu işi törədən şəxslərə öz etirazımızı bildirməliyik. Allah şəhid olmuş polislərimizə
rəhmət eləsin. Biz sənət adamları daim dövlətimizin yanındayıq. Azərbaycan dövlətçiliyini
qorumağa, vətənimizin azad və firavan olması üçün əlimizdən gələni etməyə
hazırıq”.
Xalq artisti Mənsum
İbrahimov Gəncədə baş verən hadisələrdən sarsıldığını bildirdi: "Çünki baş
verən hadisələr dövlətimizə qarşı qərəzli surətdə təşkil olunmuş terror
aktıdır. Bu hadisələrdə bizi gözü götürməyən dövlətlərin təxribatı açıq şəkildə
hiss edilir. Hansı ki, onlar bu təxribatı təşkil etməklə daxillərindəki o
kini-küdurəti nümayiş etdirmiş oldular. Bu gün hamımız dövlətimizin ətrafında
birləşməliyik”.
Xalq artisti söhbət əsnasında xatırlatdı ki, xalqımızın uğuruna
sevinməyən dövlətlər mövcuddur: "Bizim bir düşmənimiz var, onlar da ermənilərdir.
Bu gün bizə sülh, əmin-amanlıq lazımdır. Şər qüvvələr bizim inkişafımızı götürmür, paxıllığımızı
çəkirlər. Ölkəmizdə stabilliyin hökm sürdüyünü, güclü ordumuzun olduğunu
görürlər. İnanıram ki, hüquq-mühafizə
orqanları bu hadisənin səbəbkarlarını aşkara çıxarıb, onlara layiqli cəzanı verəcək. Mən bir Azərbaycan
vətəndaşı kimi dövlətimizə inanıram və hər zaman da dövlətimizin yanındayam.
Qətiyyətlə bu hadisələri pisləyirəm. Azərbaycan
xalqı bir daha göstərdi ki, dövlətinin yanındadır. Azərbaycan polisi isə sübut
etdi ki, ölkədə sabitliyi pozmaq istəyənlərə bu imkanı verməyəcək”.
Əməkdar artist Aybəniz
Haşımova hadisələrin baş verdiyi zaman Gəncədə olmadığını, məlumatı
mətbuatdan aldığını bildirdi: "Heç istəməzdim ki, məmləkətimdə belə hadisələr
baş versin. O qədər pis oldum ki, hətta özümü öldürmək istədim. Bir anlıq ölmək
istədim. Gəncə mənim üçün doğma məkandır. Ancaq orada baş verən hadisələr məni
məyus etdi. Mənim qohumlarımın Gəncədədir. Günahkarlar mütləq cəzalanacaqlar.
Allah dünyasını dəyişən polislərimizə də rəhmət etsin”.
Əməkdar artist, Gəncə
Dövlət Dram Teatrının aktyoruElxan Yunisbizimlə söhbətində
məyusluğunu gizlədə bilmədi: "Mən hələ də özümə gələ bilməmişəm. Bunu qəbul
etmək çətindir. Dünyasını dəyişən İlqar Balakişiyev
mənim yaxın dostum idi. İlqar müəllim
vətən, dövlət üçün canından keçən insan olub. Bu nə hadisələrdir, başa düşə
bilmirəm. Nə cərəyan edir? Balakişiyev Gəncənin igid oğlu idi. Dövlətimizə
qarşı çıxanlar, ölkədə xaos yaratmaq istəyənlər mütləq cəzalanmalıdırlar.
İnanıram ki, elə belə də olacaq”.
Tanınmış müğənni Nura Suri məsələ ilə bağlı "Facebook” səhifəsində fikirlərini
bildirib: "Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provokasiyadır. Liviya,
Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır.
Azərbaycanlılar bir olmalıdır. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi
düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir
olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin.
Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla
verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı, pis
günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda
həlak olub. Onların ruhuna hörmət qoyun. Gəncədə baş verən hadisələrdən
gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə,
sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə
uzanan əllər mütləq kəsiləcək. Azərbaycanın qanunları qarşısında hər kəs
bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab
verəcəklər”.
Xəyalə Rəis