BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Fotolar
17.01.20 19:18
924
İmtahan
sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün lazımi
şərait yaradılıb
Yanvarın
17-də Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin payız
semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib. Mediaturda təhsil
ekspertləri və KİV nümayəndələri iştirak edirdi.
Əvvəlcə
qonaqları salamlayan BSU-nun rektoru, professor Nurlana Əliyeva dövlət başçısı
İlham Əliyevin insan kapitalının inkişafına, insan potensialının ön plana
çıxarılmasına böyük diqqət və qayğı göstərdiyini söylədi: "BSU-nun kollektivi
bu diqqət və qayğıdan ruhlanaraq daha əzmlə, daha məsuliyyətlə fəaliyyət
göstərir. Universitetimizin reytinqi günü-gündən artmaqdadır. Bu özünü tələbə
qəbulunun sayında da göstərir. Gördüyümüz işləri isə KİV nümayəndələri
ictimaiyyətə təqdim edir. Bizim inkişafımız sizin qələminizdə əks olunur.
Rəhbəri olduğum universitetdə daxili intizam qaydalarına ciddi şəkildə əməl
edilir. Fəal tələbələrimizi hər zaman diqqətdə saxlayırıq. Müxtəlif mövzularda
keçirilən humanitar sammitlərdə, elmi konfranslarda və digər tədbirlərdə
tələbələrimiz könüllü şəkildə iştirak edirlər. Həmin tədbirlərdə iştirak
etməklə, Azərbaycan tələbələrinin həqiqətən də hərtərəfli inkişafa meylli gənclər
olduğunu bir daha sübut edirlər. 2020-ci il könüllülər ili elan olundu. Bu çox
ciddi bir məsələdir. Çünki ötən illərdə tələbələrimizin qazandığı təcrübə,
bilik və bacarıqlar bu il yüksək səviyyəyə çatacaq. Bu təcrübə onlara iş həyatına
əsl peşəkarlar kimi başlamağa şərait yaradacaq. Onların gördükləri işin
dövlətimizə nə qədər böyük dəstək olduğunu bir daha diqqətə çatdırmaq
istəyirəm. Buna görə də universitet rəhbərliyi, professor-müəllim heyəti olaraq
gənclərə şərait yaratmaqla, onlarda özünəinam formalaşdırmalıyıq”.
Rektor
bildirdi ki, fakültələrdə yaradılan apelyasiya komissiyalarının qərarlarından
narazı qalan tələbələrin işlərinə yenidən baxılması məqsədilə BSU-da 12
nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb: "Eyni zamanda imtahan sessiyasında
tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və
səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən
ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac
yarandığı təqdirdə, Apelyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil
edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. BSU-da imtahan prosesi çevik,
mütəşəkkil, şəffaf və obyektiv keçirilir. İmtahanlar vaxtında başlayır, tələbələrə
öz bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Yazılı
imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda
elan edilir. İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi
üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə
rəhbərləri qarşısında konkret vəzifələr qoyulub”.
İmtahanların
keçirildiyi auditoriyaların tam hazırlıqlı vəziyyətə gətirildiyini söyləyən
Nurlana Əliyeva bildirdi ki, auditoriyalarda müşahidə kameraları quraşdırılıb:
"Həmçinin auditoriyalardakı "ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar
öz əksini tapır. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan
Qərargahının və Apelyasiya Komissiyasının üzvləri onlara tapşırılmış
vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tələbələrin İmtahan Qərargahına və
Apelyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli
araşdırılır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə
yanaşı, fənni tədris edən müəllimlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin
obyektivliyini təmin edir”.
Qeyd
edək ki, təhsil naziri Ceyhun Bayramovun "İmtahan sessiyasının təşkili və
keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrə əsasən, BSU-da da
müvafiq əmr imzalanıb. Həmin əmrdə 2019-2020-ci il tədris ilinin payız
semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq 7 yanvar - 1
fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud
normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin
edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək,
tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması məqsədilə
universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə ictimai
təşkilatlarının, Mətbuat Xidmətinin və ictimaiyyətin nümayəndələrinin daxil olduğu
15 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.
Tədris
işləri üzrə prorektor, professor Telman Cəfərov media təmsilçilərinin imtahan prosesi
ilə bağlı suallarını cavablandırdıqdan sonra mediatur iştirakçıları İmtahan
Qərargahının və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış oldu. Media
nümayəndələrinə İmtahan Qərargahının və Apelyasiya Komissiyasının iş
prinsipləri, tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi,
cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat verildi.
Qeyd
edək ki, imtahanlarla bağlı müraciətlərə əvvəlcə fakültələrdə fəaliyyət
göstərən Apelyasiya komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə
isə, universitetin Apelyasiya Komissiyasında baxılır.
Bundan
sonra imtahanlar keçirilən auditoriyalarda olaraq imtahanların gedişini izlədik.
Diqqəti çəkən əsas məqamlardan biri də imtahan auditoriyalarında kameralar və
"ağıllı lövhələr”in quraşdırılması idi. KİV nümayəndələri bu lövhələrin iş prinsipləri
ilə tanış oldu.
Mediatur
çərçivəsində gəzdiklərimiz, gördüklərimiz BSU-da imtahanların tamamilə şəffaf
keçirildiyinə və nəticələrin obyektiv şəkildə yoxlanıldığına şübhə yeri qoymur.
Tələbələr üçün yaradılan şərait və imkanlar isə həqiqətən də təqdirəlayiqdir.