• şənbə, 20 Aprel, 03:26
  • Baku Bakı 15°C

Bronte cəmiyyəti məqsədinə çatdı

01.12.19 11:30 883
Bronte cəmiyyəti məqsədinə çatdı
Bronte cəmiyyəti illərdir ianə topladığı kitabı satın aldı. "Guardian”ın xəbərində bildirilir ki, cəmiyyət ciddi baxım istəyən nümunənin şəxsi kolleksiyalarda itib-batmasına etiraz etsə də, onu təmənnasız əldə edə bilməyib. Bu məqsədlə, ədəbiyyat və Brontesevərlərdən dəstək istəyən qurum nəhayət ki, bu nadir nümunə üçün tələb olunan məbləği toplayıb. 35x61 mm ölçülərində olan qeyri-ənənəvi formatlı nümunə noyabrın 18-də Paris hərracında nümayişə çıxarılıb. 1830-cu ilə aid, Brontenin yeniyetməliyini, yeni-yeni büruzə verən istedadını əks etdirən kitabcığa sahib olmaq üçün cəmiyyət 600000 avro (1,130,000 manat) ödəyib. Hərracda xüsusi alətlər köməyi ilə nümayiş etdirilən nümunə bundan sonra Bronte Parsonaj Muzeyində qorunacaq və nümayişə çıxacaq.
Bu kitab ədibin yeniyetmə və ilk gənclik illərində yazdığı 6 hissədən ibarət hekayənin bir hissəsidir. Silsilənin bir hissəsi 1930-cu ildə məhv olub. Digər beş hissə də Parsonaj muzeyindəki kolleksiyanın tərkibində qorunur. Məbləğin təkcə 85000 funt sterlinqini Milli Xatirə İrsi verib. Bronte Cəmiyyətinin idarəçi direktoru Kitti Rayt: "189 il bundan əvvələ aid bu qeyri-adi "balaca kitab”ın nəhayət ki, Bronte cəmiyyətinə təhvil verildiyinə inana bilmirəm. Dünyanın müxtəlif yerlərindən səsimizə səs verən, maddi-mənəvi dəstəyini əsirgəməyən oxuculara, tərəfdaşlara dərin minnətdarlığımızı bildirirəm. Bu istəyimiz və tələbimiz özünə böyük tərəfdaş ordusu topladığı üçün bu gündən etibarən kitabcıq digər hissələrin yanında boş qalan yerini alacaq”.
Məlumat üçün bildirək ki, balaca Şarlot bu kitabı oyuncaq əsgərlərinə və onunla maraqlı vaxt keçirən qardaş-bacısına həsr edib. Muzey kuratoru En Dinzdeyl: "Bu hekayələr nəinki qorunmalı olan irsdir, həmçinin yeni nəslin uşaq ədəbiyyatı müəllifləri üçün örnək nümunələrdir. Bu kitabların gələcəkdə uşaq kitabı kimi rəflərdə yerini almasını planlaşdırırıq”.

"Gifford” mükafatının qalibi bəlli oldu

Sosioloq tarixçi Heyli Rubenhold "Beş” ("The five”) qeyri-bədii romanı ilə nüfuzlu "Baillie Gifford” mükafatının qalibi olub. Cek Ripper adlı qatil tərəfindən qətlə yetirilən qadınların danışılmamış, araşdırılmamış hekayələrinə işıq tutan kitab münsiflər heyətini müsbət mənada sarsıdıb. Vaxtilə cinayətləri hakimlər tərəfindən "nəhəng ruhi fəlakət” adlandırılan qatilin qurbanları olmuş Meri En, Anni Çepman, Elizabet Strayd, Katerina Eddous və Mari Ceyn Kellinin həyatının dərindən araşdırılması və üstündən bir əsr keçməsinə baxmayaraq, oxucunun qanını donduran təsvirlərlə qələmə alınması təşəbbüsü 50000 funt sterlinq məbləğində pul mükafatına da layiq görülüb. Münsiflər heyətinin sədri Stiq Allen: "Qısa siyahıda dəyərli imzalar və nümunələr var idi. Amma bu qədər əziyyətli araşdırma, reallığın incəliklə, diqqətli, təsirli təsviri digər rəqibləri asanlıqla geridə qoydu. Üstəlik qadınların səsinə daha çox qulaq verməli olduğumuz bu günlərdə xanım Rubenholdun bu cəsarətli cəhdi mükafata ən layiqli namizəd seçildi”.
Ötən həftə "Guardian” dərgisi də "qrafik hekayə” mükafatının qaliblərini açıqladı. Oxucu səsvermələri əsasında aparılan sorğunun nəticələrinə istinadən "Laymonun Xatirələri” ("Memories of Limo’n”) hekayə kitabı ilə Edo Brenes builki mükafatın qalibi olub. Cessika Qrinin "Dörd əl” ("Four hands”) kitabı ikinci, Dominik Linton ilə Fred Morrisin "Şeytan işləri” ("Devil’s deal”) hekayə toplusu isə üçüncü yeri tutub.

Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatını qazanmış kitablar

Ədəbiyyat nümunəsinin hansısa mükafatı alıb-almaması təbii ki, bir göstərici deyil. Bu gün klassika kimi qəbul edilən onlarla nümunə bir zamanlar mükafat gözləmədən yazılıb, hətta layiq olduqları dəyəri belə görməyib. Amma "Nobel”, "Pulitzer”, "Hugo”, "National Book” kimi dünya ədəbiyyatının sanballı mükafatlarından bir neçəsinə layiq görülmək artıq müasir dünya ədəbiyyatında bir nümunənin əsl dəyəri, çəkisi haqqında fikir söyləməyə əsas verir. Bu mükafatların hamısına layiq görülməyən romanların daha aşağı pillələrdə dayandığı kimi yanlış fikrə əsas verməmək üçün siyahının bir etalon olmadığını vurğulamaq lazımdır. Çünki bir qurum və ya oxucu qüsursuz qiymətləndirmə əsasında tam obyektiv bir siyahı tərtib etmək iqtidarında deyil. Bu siyahıdakı romanlar da yuxarıda sadaladığımız mükafatların hamısının qalibi olmasalar da, beynəlxalq səviyyədə nüfuzlu mükafatların hamısının münsiflər heyəti tərəfindən bəyənilmiş, təsdiq almış romanlardır.
· Markes – "100 ilin tənhalığı” ("One hundred years of solitude”)
· Jose Saramaqo – "Korluq” ("Ensaio sobre a cegueira”)
· Con Steynbek – "Qəzəb üzümləri” ("The grapes of wrath”)
· Toni Morrison – "Sevilən” ("Beloved”)
· Entoni Doer – "Görmədiyimiz bütün işıqlar” ("All the light we cannot see”)
· Ursula Le Quin – "Evsizlər” ("The dispossessed”)
· Arundati Roy – "Kiçik şeylərin Tanrısı” ("The God of small things”)
· Salman Rüşdi – "Gecəyarısı uşaqları” ("Midnight’s children”)
· Xuan Qoytisolo – "Pərdəarxası” ("Telon de boca”)
· Rupi Kaur – "Süd və bal” ("Milk and honey”)

Qanlı ədəbiyyat

İnsan təxəyyülü, yaradıcı qabiliyyəti, xəyal gücü inanmaqda çətinlik çəkdiyimiz, lakin oxumağa, izləməyə doymadığımız hekayələr yazdırır. Xüsusi bir janra aid edilməyən, dünyada milyonlarla oxucusu olan "vampir ədəbiyyatı”nın tarixi orta əsrlər dövrünün sonuna təsadüf etsə də, uğurlu nümunələr XIX əsrdən sonra yaranmağa başladı. Lakin ilk vampirlərə hələ antik yunan ədəbiyyatı nümunələrində də rast gəlinirdi. İlk nümunələr də, orta əsrlər ədəbiyyatında da vampirlər bəşəriyyətin başına gələn bəlaların günahkarı, səbəbkarı kimi təsvir edilirdi. XIX əsrdən sonrakı nümunələrdə isə vampirləri daha insani, mənəvi dünyası olan, hətta çox vaxt haqlının, günahsızın müdafiəçisi timsalında baş qəhrəmanlar kimi görürük. Etiraf etmək lazımdır ki, süjetindən asılı olmayaraq, mistik hekayələr, əfsanələr, qeyri-adi varlıqların əsas rol oynadığı dastanlar və bunlardan qidalanan romanlar insan təxəyyülünün nələrə qadir olduğunun uğurlu sübutlarıdır. Qeyri-adi varlıqların təsvir edildiyi nümunələr bölgədən-bölgəyə, dildən-dilə keçdikcə, müəyyən dəyişikliyə məruz qalır, regional şərtlərə uyğunlaşır. Bu dəfə təqdim edəcəyimiz siyahıda isə dünya ədəbiyyatında ciddi yer tutan ən uğurlu "vampir ədəbiyyatı” nümunələri toplanıb.
· Bram Stoker – "Drakula” ("Dracula”)
· Stefen Kinq – "Qorxu şəbəkəsi” ("Salem’s lot”)
· Anna Ris – "Vampirlə söhbət” ("İnterview with the Vampire”)
· Şeridan Le Fan – "Karmila” ("Carmilla”)
· Elizabet Kostova – "Tarixçi” ("Historian”)
· Kim Nyuman – "Qaniçənin gündəliyi” ("Anno Dracula”)
· Kristi Qoldn – "Dumanların vampiri” ("Vampire of the mists”)
· Kasandra Klar – "Sümüklər şəhəri” ("City of bones”)
· Stefeni Meyer – "Alatoran” ("Twilight”)
· Suzan Hubbard – "Risk mövsümü” ("The season of risk”)

Hazırladı: Elcan Salmanqızı


banner

Oxşar Xəbərlər