AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib

Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib

İqtisadiyyat
29 Noyabr 2021, 16:15 118
Bolqarıstan alternativ marşrut üzrə qaz tədarükü müddətinin 2022-ci ilin iyulunadək artırılması üçün Azərbaycana müraciət edib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli KİV-lərə deyib.
"Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin ləngiməsi ilə əlaqədar "Bulgargaz" şirkəti ilkin olaraq Azərbaycan tərəfinə ötən il dekabrın 31-dən bu ilin payızınadək Siderokastro-Kulata alternativ marşrutu ilə razılaşdırılmış qaz həcmlərinin tədarükü ilə bağlı müraciət etmişdi. IGB-nin istismarının gələn ilə təxirə salınması ilə əlaqədar "Bulgargaz" sazişin müddətinin 2022-ci il iyulun 1-dək uzadılması ilə bağlı müraciət etməli oldu. Biz ümid edirik ki, interkonnektorun tikintisi tezliklə başa çatacaq və o, tam gücü ilə işə düşəcək", - deyə səfir bildirib.
O qeyd edib ki, IGB-nin tikintisinin vaxtında başa çatması Bolqarıstanın birbaşa maraqlarına cavab verir.
Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.