“BMT-in baş qərargahında çalışmaq istəyirəm” dedi və... - MÜSAHİBƏ
İlkin
Hacıyev: ""Bu işi kim görə bilər?” deyəndə, yada düşən kadr olmaq lazımdır. Həvəsdən
düşməkdənsə, uğursuzluğun səbəbini tapıb həll etməyi üstün tuturam”.
Məktəb
vaxtı Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaq fondunda könüllü olur. Elə həmin
vaxt bu təşkilatda çalışmaq istəyi yaranır və bu istəyinin arxasınca gedir.
Karyerasının bu günə qədər olan böyük hissəsi məhz BMT ilə bağlıdır. Söhbət "Sustainera”
konsaltinq şirkətinin rəhbəri, dayanıqlı inkişaf üzrə ekspert İlkin Hacıyevdən
gedir.İ.Hacıyev
daha öncə BMT-nin Azərbaycandakı müxtəlif qurumlarında, "Oxfam
International” Təşkilatında, Xarici İşlər Nazirliyində (XİN),
BMT-nin baş qərargahında, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində
çalışıb.İ.Hacıyev
Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük
Britaniyanın Bristol Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistr təhsili
alıb. İkinci magistr təhsili isə Corc Vaşinqton Universitetində layihələrin
idarə olunması üzrə olub.
"Əsas odur
ki, uğursuzluğun səbəbini biləsən”
- Beynəlxalq
münasibətlər üzrə təhsil almaq qərarı verəndə məqsədiniz sırf bu sahədə
çalışmaq idi?
- Orta məktəbdə
oxuduğum dövrdə internetdən indiki qədər geniş istifadə olunmurdu, bu qədər
informasiya axını yox idi. Yeni iş sahələri, texnoloji inkişafla bağlı məlumatımız
çox da deyildi. Ona görə həkim, diplomat və s. kimi ənənəvi sahələr bizim üçün
cəlbedici idi. Atam mühəndislik, maliyyə kimi sahələri məsləhət görürdü, amma mən
diplomat olmaq istəyirdim. Ona görə belə seçim etdim.
-
Karyeranızın çox hissəsi BMT ilə bağlıdır. Yolların kəsişməsi necə oldu?
- Tam təsadüfən
olmuşdu. Orta məktəbdə oxuduğum dövrdə evimizin yanında Uşaq Yaradıcılıq Mərkəzi
yerləşirdi. Orda teatr, diksiya kursuna gedirdim. Elə oldu ki, BMT-nin uşaq
fondu olan UNİCEF Bakıda uşaq resurs mərkəzləri yaratmağa başladı. Həmin resurs
mərkəzlərindən biri də mən getdiyim yaradıcılıq mərkəzində yerləşirdi. O haqda
eşitdikdə UNİCEF-in təlimlərinə qatıldıq, sonra özümüz uşaq təşkilatı yaratdıq.
9-cu sinifdə oxuyanda BMT-də könüllü idim. Beləliklə, yolumuz kəsişdi.
- Məhz o
zaman BMT-də işləmək istəyi yarandı?
- BMT-də
iş həvəsimin başlanğıcı elə həmin vaxt qoyulmuşdu. Hətta tələbə vaxtı bir neçə
dəfə BMT-nin ölkəmizdəki qurumlarına iş üçün cəhd etmişdim, amma alınmamışdı.
- Bu
uğursuz cəhdlər sizi həvəsdən salmadı?
- Həmin
dövrdə ingilis dili biliyim o qədər də yüksək səviyyədə deyildi, yaş və təcrübəm
də uyğun gəlmirdi. Əsas odur ki, uğursuzluğun səbəbini biləsən. Həvəsdən düşməkdənsə,
uğursuzluğun səbəbini tapıb həll etməyi üstün tuturam. Bu gün də uğursuz addım,
layihə ola bilər. Bu, tam normaldır. Heç bir işin yüz faiz uğurlu olacağına
dair zəmanət yoxdur.
"Həmin
müddətdə BMT-dəki kontaktlarımla görüşdüm, əlaqələr yarandı”
- Bəs
BMT-də işə nə zaman qəbul oldunuz?
- Xaricdə
magistr təhsili alıb qayıdandan sonra artıq işə qəbul edildim, BMT-nin bir sıra
qurumlarında çalışdım. Bir müddət Bərdə şəhərində "Oxfam İnternational” Təşkilatında işlədim.
Daha sonra Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq
İnkişaf Agentliyində proqram koordinatoru olaraq işlədim. İşə yeni başlayanda
karyera planlaması üçün rəisimizlə müzakirə zamanı dedim ki, mən BMT ilə əlaqələrimi
layihələrə cəlb etmək, daha sonra BMT-in baş qərargahında çalışmaq istəyirəm. O
da məni BMT ilə bağlı layihələrə yönəltdi. 2013-cü ildə ABŞ Dövlət Departamentinin
professional təcrübə proqramını qazanıb iki aylıq Amerikaya yollandım. Məni
Nyu-Yorka göndərdilər. Həmin müddətdə BMT-dəki kontaktlarımla görüşdüm, əlaqələr
yarandı. 2015-ci ildə İstanbulda BMT-nin dünya humanitar sammiti keçiriləcəkdi.
2014-cü ildə məni konfransın katibliyinə humanitar məsələlər üzrə ekspert kimi
dəvət etdilər. Sammit başa çatandan sonra XİN-dəki işimə qayıtdım. 2015-ci ilin
iyul ayında Azərbaycanın BMT yanında daimi nümayəndəliyində
üçüncü katibi kimi Nyu-Yorka göndərildim. Daha sonra ikinci katib oldum.
Daimi nümayəndəlikdə fəaliyyətim başa çatandan sonra BMT-nin Sənaye inkişafı təşkilatının
Nyu-York ofisində çalışmışam. Ümumilikdə, 7 il ABŞ-da oldum.
- Yəqin ki,
"7 il sonra niyə qayıtdınız” sualı çox verilir.
- (Gülür)
Həm ailənin, dostluğun nə qədər vacib olduğunu hiss edirdim, həm də ölkəmizdə
öz işimi qurmaq istəyirdim.
- Bu da
konsaltinq şirkəti oldu.
- Öz işimi
qurmaq deyəndə, bu da BMT, beynəlxalq inkişafla bağlı olmalı idi. Ona görə,
konsaltinq şirkəti qurdum. Əsas fəaliyyət istiqamətimiz dayanıqlı inkişaf, ətraf
mühit məsələləridir. Eyni zamanda müxtəlif qurumlar, şirkətlərə onların bilik və
bacarıqlarının artırılması ilə bağlı konsaltinq xidməti göstəririk. Hazırda
BMT-nin bir neçə təşkilatına, bir sıra dövlət qurumuna xidmət göstəririk. Özəl
şirkətlər üzrə portfelimiz çox kiçikdir, indi o istiqamətdə fəaliyyətimizi
genişləndiririk. Dünyanın çox yaxşı universitetlərində təhsil alan, nüfuzlu
qurumlarda çalışan ekspertlərdən ibarət komandamız var.
"Münaqişə
zonalarında çalışıb sonra baş ofisə getmək daha asan olur”
- BMT-də
çalışmaq istəyənlər çoxdur. Belə istəyi olanlar nələri diqqətdə
saxlamalıdırlar?
- BMT-nin
qadın, uşaq mövzusundan tutmuş atom sahəsinə qədər fərqli qurumları var. Hər
quruma görə tələb və istəklər dəyişilə bilir. Hansı qurumda çalışmaq istəyirlərsə,
həmin qurumu daha yaxşı araşdırmalı, onların proqramları, layihələri, tələblərini
öyrənmək lazımdır. Başlanğıcda Avropa və Amerikada çalışmaq hər zaman mümkün
olmur. Çünki bu yerlərdə baş ofislər yerləşdiyi üçün beynəlxalq səviyyədə rəqabət
böyük olur. Ona görə də, inkişaf etməkdə olan ölkələrdə, yaxud münaqişə
zonalarında çalışıb sonra baş ofisə getmək daha asan olur. Beynəlxalq təşkilatlarda
təcrübəçi, məsləhətçi işləyib, qısamüddətli layihələrində çalışıb sonra daimi əməkdaş
statusu almaq da bir yoldur. Növbəti bir yol netvörkinq dediyimiz davamlı şəbəkələşmədir.
Bu şəbəkələşmə işin 70-80 faizidir. Bəzən beynəlxalq təşkilatlarda qısamüddətli
işlər olur, vakansiya elan olunmur, daxili vakansiya olduğu bildirilir. Və onda
əməkdaşlar tanıdıqları mütəxəssisləri cəlb edirlər. Növbəti məsələ bizim
yaratdığımız təəssüratdır. "Bu işi kim görə bilər?” deyəndə yada düşən kadr
olmaq lazımdır. Söhbət yalandan gözə girməkdən yox, mütəxəssis olmaqdan, peşəkarlıqdan
gedir. BMT-nin Bakı ofisində çalışmaq təcrübəsi olubsa, bu da bir üstünlük
yaradır.
Aygün
Asimqızı
Foto: Global Media Group / Kərim Abbasov