• cümə axşamı, 28 mart, 13:12
  • Baku Bakı 16°C

“Biz birlikdə güclüyük!”

31.03.20 17:12 4779
“Biz birlikdə güclüyük!”
Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin səslədnirdiyi bu fikrə dəstək nümayiş etdirir
Ötən həftə Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı daha bir müasir səhiyə obyektinin – "Yeni klinika” tibb müəssisəsinin açılış mərasimi olub. Mərasimdən sonra həkim kollektivi ilə görüşən dövlət başçısı pandemiya başa çatana qədər bu səhiyyə müəssisəsində yalnız koronavirus xəstələrinin müalicə alacağına diqqət çəkib. Bildirib ki, hətta ən inkişaf etmiş ölkələrdə belə, bu xəstəliklə mübarizədə böyük problemlər yaşanır. Prezident İlham Əliyev deyib ki, koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün Azərbaycanda ən müasir və gözəl xəstəxana onların ixtiyarına verilir. Koronavirusla mübarizə sahəsində görülən tədbirlərdən söhbət açan ölkə rəhbəri vurğulayıb ki, dövlət bu istiqamətdə bütün işləri görür. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını, Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verildiyini xatırladan dövlət başçısı onu da əlavə edib ki, Fonda ayrı-ayrı şirkətlər, vətəndaşlar tərəfindən ianələr verilib.O, bunu əsl vətənpərvərlik və həmrəylik nümayişi kimi dəyərləndirib: "Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.

Prezident İlham Əliyevin səslədnirdiyi "Biz birlikdə güclüyük!” fikrinə, eyni zamanda koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizə dəstək olaraq Azərbaycanda müxtəlif aksiyalar keçirilməkdədir. Azərbaycanın müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri”ndə "Biz birlikdə güclüyük!”, "Azərbaycan həkimlərinə eşq olsun!”, "Evdə qal Azərbaycan!” kimi şüarların əks olunması belə aksiyalardan biridir. Ölkə ictimaiyyəti də aksiyaya qoşulmaqla həmrəylik nümayiş etdirməkdədirlər.Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı bildirib ki, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Prezident İlham Əliyevin çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri ölkə vətəndaşlarının hər birinin sağlamlığının qorunmasına hesablanıb: "Qloballaşma proseslərinin sürətlə getdiyi XXI əsrin yeni bəlası - koronovirus pandemiyası çox qısa zaman kəsiyində sərhəd tanımadan dünyanı ağuşuna almaqda davam edir. Dünyada iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu dondurulub, beynəlxalq biznes, idman və s. kütləvi tədbirlər təxirə salınıb, insanlar koronavirus təhlükəsindən qorunmaq üçün karantin rejiminə məhkum olub. Üç ay ərzində bütün dünyaya "ayaq açan” yeni virus insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi ölkələrinin iqtisadiyyatı, dövlət rəhbərlərinin qərar qəbulunda çevikliyini sınağa çəkib. Belə çətin vaxtda Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mübarizə tədbirləri üçün külli miqdarda vəsaitin ayrılması, Fərman və sərəncamların imzalanması, bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlərin həyata keçirilməsi, virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardır. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarı ilə ölkəmizdə əhalinin infeksiyadan qorunmasına yönələn kompleks tədbirlər həyata keçirilir. Bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir”.


Millət vəkili bildirib ki, Azərbaycan ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi - bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələrinin tələb olunması effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkə iqtisadiyyatına böyük zərbə olub. Onun sözlərinə görə, virusun milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq, böhranın Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı hazırlaması, indiki şəraitdə hər bir vətəndaşın, hər bir sahibkarın yanında olması, öz dəstəyini göstərməsi ölkəmizin bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacağına zəmanət verir. N.Həmzəyev deyib ki, bu gün koronovirus pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir, vətəndaşların sosial müdafiəsi ilə bağlı paket hazırlayır. Deputatın qənaətincə, bu, pandemiyanın ölkəmizə təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq.


Milli Məclisin deputatı Sahib Alıyev Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri "Facebook” profilində bir daha xatırlatmaqla yuxarıda qeyd edilən aksiyaya dəsyəyini ifadə edib: "Bu sınaq günlərində yanğını söndürmək üçün dimdiyində su aparan göyərçin məntiqi-məsuliyyətiylə çıxış edən sadə soydaşlarımızın hərəkətlərini Prezidentimiz dəqiq və yüksək qiymətləndirdi: "Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manatyığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir.... Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik”.


Siyasi şərhçi Aydın Quliyev bildirib ki, insanlar xüsusilə dövlət başçısının məsuliyyət və həmrəylik çağırışlarındakı ümumi təhlükəsizlik mənafelərinə uyğunluğu dərk edir, öz davranışlarında onlara üstünlük vermək istəyir: "Prezident İlham Əliyevin səsləndirdiyi "Biz birlikdə güclüyük” tezisinin vətəndaşlarımızın toparlanması və birlikdə hərəkətə ciddi təsir göstərdiyini aydın görürük. İlk günlər "Evdə qalın” çağırışlarına o qədər ciddi yanaşmayan insanlarınız tez bir zamanda dəyişdilər və bu özünütəcrid davranışın milli təhlükəsizlik və şəxsi sağlamlıq üçün nə qədər vacib olduğuna lazımi dəyəri verdilər və verməlidirlər. Çünki, Azərbaycanda koronavirusla mübarizənin yeni, daha ciddi və daha əhəmiyyətli dövrü başlayır. Bu təhlükə daha qorxulu mərhələyə keçir. Bütün dünya üzrə yeni təhlükəli dərəcəyə yetişmiş virusun Azərbaycanda daha böyük fəlakətlər törətmək risqləri var və bunların qarşısını yalnız ümumi qaydaların icrasında maksimum artırılmış məsuliyyətlə ala bilərik. Azərbaycanda bugünkü virus təhlükəsi bir-iki həftə əvvəlki kimi deyil və məsuliyyətli davranışların maksimum göstərilmədiyi halda fəlakətlərin miqyasını proqnozlaşdırmaq mümkün olmayacaq. Vəziyyət nə qədər ağır olsa da, ən az itkilərlə sınaqdan çıxmaq yolu dövlət məhdudlaşdırıcı tədbirlərin hər bir vətəndaş tərəfindən sonadək tam yerinə yetirilməsidir. Ya birlikdə virusa qalib gəlmək, ya da koronavirusun dəhşətlərini hər birimizin yaşaya biləcəyi mərhələyə çatmışıq. Nicat yolu dövlət tədbirlərinin icrası üzərində birlik nümayiş etdirməkdədir. "Biz birlikdə güclüyük”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər