Bitki yağlarının xeyri və zərəri - ARAŞDIRMA
Ölkədə bitki yağlarına olan tələbatı
qarşılamaq üçün kifayət qədər xammal yetişdirilməsi imkanları var, amma ekspərtlərin
fikrincə, bundan tam istifadə olunmur
Satışda yerli istehsal məhsullarının
üstünlük təşkil etdiyi sahələrdən biri də bitki yağları sektorudur. Yerli
istehsal olan bitki yağlarından istifadə edən böyük bir kütlə var. Ancaq müəyyən
kütlə var ki, hələ də yerli məhsullara güvənmir, "xaricdən gətirilənlər daha
keyfiyyətlidir” deyə düşünür. "Yerli bitki yağlarına su qatılır, bişiriləndə
sanki qazanda buxarlanır” kimi fikirlər də var. Hətta bəzən belə fikirlər səsləndirilir
ki, ölkədə indiki həcmdə bitki yağı istehsal edəcək qədər günəbaxan, qarğıdalı,
zeytun və s. məhsullar yetişmir, qatqılar var və s. Yəni bu sahə ilə bağlı
suallar çoxdur. Bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir?
Qida
mühəndisi deyir ki...
Qida
mühəndisi Ceyran
Əsgərova deyir ki, istehsal məhsulları
olan bitki yağları kifayət qədər keyfiyyətlidir: "Ümumiyyətlə, bazarda satışına
icazə verilən hər bir bitki yağının - istər yerli istehsal olsun, istər idxal
olunan, keyfiyyətinə nəzarət qurumları var. Bu nəzarət olmadan o məhsullar
satışa buraxılmır. Hansınınsa keyfiyyətinin yaxşı olmadığını demək düzgün
deyil”.
C.Əsgərova deyir ki, yağ normal
temperaturdan yüksək istilikdə buxarlana bilər. Əslində bu, buxarlanma da
deyil: "Bəzən deyilir ki, yağa su qatılır, qarışığı var. Amma belə olarsa,
qablaşdırmada yağ və su bir-birindən ayrılır, baxanda bunu hiss etmək mümkün
olur. Yağ daha yüngül olduğu üçün yüksəyə qalxır, su isə aşağıda qalır. Amma hər
hansı cihaz vasitəsilə deyil, gözlə baxılanda, qabda ancaq yağ məhsulu olduğu
görünürsə, onun buxarlanması üçün çox yüksək temperatur lazımdır. Həmin
temperaturlarda isə yemək bişirmək olmaz. Yağ normal temperaturda bişiriləndə,
buxarlanmır. Yüksək temperaturda ola bilər. Bu da buxarlanma deyil, yağın
yanmasıdır”.
Təyinatı
üzrə istifadə edilmədikdə
Qida mühəndisi qeyd etdi ki, bitki
yağları təyinatı üzrə istifadə edilmədikdə orqanizm üçün zərərləri ola bilir:
"Biz öyrəşmişik ki, hər hansı bitki yağını alırıq, onu qızartmada, bişirmədə
istifadə edirik, salatlara əlavə edirik. Amma biz yağların isti emal
üsullarında istifadə qaydası haqqında məlumatlı olmalıyıq. Yəni istehlakçı ilk
növbədə hansı yağı nəyə və nə cür istifadə etməli olduğunu bilməlidir. Məsələn,
elə bitki yağları var ki, onlar qızartma üçün uyğun deyil, ancaq salatlara əlavə
etmək olar. Bu yağda siz peraşki, yaxud başqa nə isə qızardırsınızsa, orda
temperatur yüksək olur. Bu zaman düşünürsünüz ki, buxarlanma gedir və s”.
"Xarici
məhsuldursa, keyfiyyətlidir” düşüncəsi
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi
ki, yerli istehsal olan bitki yağlarının keyfiyyəti ölkəyə idxal olunanlardan
üstündür: "Bizdə istehlakçılar arasında belə səhv fikir formalaşıb ki, xarici məhsuldursa,
keyfiyyətlidir, yerlidirsə, yox. Ancaq xaricdən idxal olunan məhsullar mütləq
kimyalaşdırılmış olur. Çünki müəyyən məsafədə temperatur təzyiqinə məruz
qalırlar və s. Baxmayaraq ki, xaricdən gətirilən məhsulların etiketi daha gözəl,
dadı daha yaxşı ola bilir. Lakin əslində yerli məhsulların əksər hissəsi
keyfiyyət cəhətdən xarici məhsullardan üstündür. Bitki yağları da bu
siyahıdadır. Azərbaycanda istehsal olunan bitki yağları əvəzsizdir. Ölkədə
istehsal olunan zeytun yağı xaricdən gətirilən bütün zeytun yağlarından
üstündür”.
E.Hüseynov qeyd etdi ki, bazarda
saxta məhsullar da ola bilər. Ona görə də, istehlakçılar mal alarkən diqqətli
olmalıdırlar: "Adətən, məşhur, keyfiyyətli məhsulun adına çox oxşar bir adla,
saxta məhsulla bazara girib, satış apara bilirlər. Bu baxımdan alıcılar
aldıqları məhsulun adına diqqətlə fikir versinlər. Etiketinə baxsınlar. Qida Təhlükəsizliyi
Agentliyinin sertifikatı olub-olmadığını yoxlasınlar”.
Xammal
yetişdirilməsi imkanları genişdir
Aqrar
sahə üzrə mütəxəssisQadirBayramlı deyir ki, ölkədə bitki
yağlarına olan tələbatı qarşılamaq üçün kifayət qədər xammal yetişdirilməsi
imkanları var: "Bu imkanlardan lazımınca istifadə edilmir. Dəqiq deyə bilmərəm
ki, xammalın neçə faizi xaricdən gətirilir, nə qədəri yerli məhsuldur. Ancaq Azərbaycan
müəssisələrinin istehsal etdikləri bitki yağları marketlərdə satılır və
istehlakçılar tərəfindən alınır. Əgər xammalın bir qismi xaricdən gətirilirsə,
onu yerli xammalla əvəz etmək imkanlarımız var. Sadəcə olaraq, kənd təsərrüfatını
intensiv şəkildə inkişaf etdirmək, günəbaxan, qarğıdalı sahələrini genişləndirmək
lazımdır”.
Xammal
var, amma ondan tam istifadə edilmir
Q.Bayramlının sözlərinə görə,
zeytun yağı istehsalı üçün də ölkədə xammal var, amma
ondan tam istifadə edilmir: "Azərbaycanda bitki yağları ilə bağlı itib
batan sərvət Abşeron yarımadasında olan zeytun bitkisidir. Xaricilər bunu
gördükdə, təəccüblə deyirlər ki, bu meyvə yerə tökülüb qalır. Düşünürəm ki,
Abşeron yarımadasında hər il ən azı yüz tonlarla zeytunu toplayıb, ondan yağ əldə
etmək mümkündür. Amma edilmir, yaxud da çox az miqdarda istifadə olunur. Fermerlər
üçün imkan yaratmaq, daha keyfiyyətli zeytun yağı istehsal etmək üçün yüksək
standartlara cavab verən avadanlıqların quraşdırıldığı fabriklər qurmaq
lazımdır. Bəzən ibtidai üsullardan istifadə edirlər. Bu zaman yağın keyfiyyəti
aşağı olur. Ona görə, insanlarımız Türkiyə, Rusiya, yaxud başqa Avropa ölkələrindən
idxal edilən zeytun yağlarına üstünlük verirlər. Halbuki Abşeron yarımadasında
bitən zeytunun keyfiyyəti çox yüksəkdir. Bir çox ölkələrdə, məsələn, Türkiyədə
həm pambıqdan, həm fındıqdan yağ əldə edilir. Ölkəmizdə hər ikisi yetişir, amma
biz onlardan xam məhsul kimi istifadə edirik. Yağ əldə edə bilmirik”.
Sağlamlıq
baxımından daha məsləhətlidir
Həkim-terapevt
Məlahət Abbasova deyir ki, sağlamlıq
baxımından təbii bitki yağlarından istifadə etmək daha məsləhətlidir: "Yerli,
ya xarici istehsal olsun, fərq etmir. Satışda olan bitki yağları rafinə olunmuş
məhsullardır. Bu zaman həmin yağlar müəyyən texniki prosesdən keçir, keyfiyyətində
dəyişiklik gedir. Sağlamlıq üçün tam faydalı olmasından danışsaq, təbii olan,
rafinə olunmamış yağlar daha faydalıdır”.
Aygün