Birinin həyasızlığı, digərinin biganəliyi - TƏHLİL
Fransalı
hüquq müdafiəçilərinin Qarabağa qanunsuz səfərində diqqət çəkən məqam onların Laçın
dəhlizindən keçməklə rusiyalı sülhməramlıların məsuliyyətində olan zonaya getməsidir.
Sülhməramlıların bu qanunsuz səfərə göz yumması Üçtərəfli Bəyanatın tələblərinə
ziddir
Ötən 30 ilə
yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini Ermənistan işğal altında saxlayıb.
Bu zaman kəsiyində ermənilər azərbaycanlılara məxsus mülkləri talayıb, maddi-mədəniyyət
abidələrimizi məhv edib, sərvətlərimizi talayıblar. Rəsmi Bakı bu barədə beynəlxalq
təşkilatlar, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri qarşısında dəfələrlə
məsələ qaldırsa da, səsimizə səs verən tapılmayıb.
Öz ordusuna arxalanaraq
Ermənistanın işğalçı siyasətinə, BMT Təhlükəsizlik
Şurasının yerinə yetirilməyən qətnamələrinə göz yuman beynəlxalq ictimaiyyət bu
kimi məsələlərdə də seyrçi mövqe sərgiləyib. Nəticədə, Azərbaycan öz ordusunun
gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa edib, BMT qətnamələrini təkbaşına
yerinə yetirib. Bununla da 30 illik işğala son qoyulub, Dağlıq Qarabağ münaqişəsi
birdəfəlik həllini tapıb. İşğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı
quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir.
Səngiməyən erməni təxribatları
44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan
mövcud reallıqla barışmaq, qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmaq əvəzinə,
yenidən müxtəlif təxribatlara əl atmaqdadır. Hər belə cəhddə burnu ovulan,
yerinə oturdulan ermənilər, indi də xarici ölkə vətəndaşlarından təxribatçı məqsədlər
naminə yararlanmağa, onlar üzərindən beynəlxalq aləmdə yanlış ictimai rəy
formalaşdırmağa çalışırlar. Bir neçə gün bundan öncə Fransanın "L'Œuvre
d'Orient” təşkilatının nümayəndələrinin Qarabağa qanunsuz səfəri bu qəbildəndir.
Fransalı hüquq müdafiəçiləri Azərbaycan hökumətini səfər barədə məlumatlandırmadan
Xankəndinə yollanıblar. Burada onlara azərbaycanlıların guya ermənilərə məxsus
maddi-mənəvi irsə ziyan vurması barədə "faktlar” təqdim olunub. Xankəndindəki
ermənilərin üzləşdiyi çətinliklər, humanitar problemlər də fransalı hüquq
müdafiəçilərinin diqqətinə çatdırılıb.
Fransız həyasızlığı, rus biganəliyi
Eşitdiklərindən xeyli pərişan olan fransızların, nədənsə
30 illik Ermənistan işğalı zamanı 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi
köçkünə çevrilməsi, mülkiyyət və yaşamaq hüquqlarından məhrum edilməsi, zəbt
edilən ərazilərdə törədilən vandalizm aktları yadlarına düşməyib. Fransalı
hüquq müdafiəçilərinin Qarabağa qanunsuz səfərində diqqət çəkən başqa bir məqam
onların məhz Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların məsuliyyətində
olan zonaya – Xankəndinə yollanmasıdır. Sülhməramlıların bu qanunsuz səfərə göz
yumması 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentlərinin,
Ermənistan baş nazirinin birgə imzaladığı Üçtərəfli Bəyanatın tələblərinə
ziddir. Rusiyalı sülhməramlıların missiyası Xankəndində yaşayan az sayda erməninin
təhlükəsiz şəkildə Ermənistana və ya əksinə gediş-gəlişinə nəzarət etməkdir. Nəinki
Ermənistanın rəsmi şəxsləri, eləcə də digər xarici ölkə nümayəndələri Qarabağa
səfər etmək üçün əvvəlcə Azərbaycan hökumətindən icazə almalıdırlar. Fransalı
hüquq müdafiəçiləri də yalnız rəsmi Bakının icazəsindən sonra Laçın dəhlizi
vasitəsilə yox, Bakıdan Qarabağa yollanmalı idilər. Belə olmadığı halda, sülhməramlılar
fransızların Qarabağa girişinə göz yummalı deyildilər.
Sülhməramlının missiyası
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr
üzrə işçi qrupun üzvü, millət vəkili Elman Məmmədov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
deyib ki, indiyə qədər yalnız fransızlar deyil, bir neçə ölkə nümayəndələrinin
Qarabağa qanunsuz səfərləri olub. Deputatın sözlərinə görə, rəsmi Bakının icazəsi
olmadan hər hansı əcnəbinin Azərbaycan sərhədini keçməsi qanunsuzdur və buna
görə hüquqi məsuliyyət var: "30 ilə yaxın davam edən işğal nəticəsində ABŞ,
Fransa, Rusiya, Ermənistan vətəndaşlarının dəfələrlə Qarabağa qanunsuz səfərləri
olub. Təəssüf ki, indi də Ermənistan və Fransa vətəndaşlarının Laçın dəhlizindən
keçməklə rusiyalı sülhməramlıların nəzarətində olan, hüquqi baxımdan Azərbaycan
ərazisi sayılan Xankəndiyə səfəri reallaşıb. İlk növbədə onu qeyd etmək yerinə
düşər ki, sülhməramlılıq missiyasına sərhədçilik xidməti aid deyil. Sülhməramlının
missiyası Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etməkdir”.
Proseslərin qarşısını almağın yeganə yolu
Deputat qeyd edib ki, sərhədlərimizdə Azərbaycan sərhədçisi
dayanmalıdır: "Necə ki, qonşu ölkələrlə sərhəddə Dövlət Sərhəd Xidmətinin əməkdaşları
dayanır, xidmət edirlər, eləcə də, Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət
sərhədində əsgərlərimiz dayanmalı və keşik çəkməlidirlər. Orada sərhəd
buraxılış məntəqəmiz, həmçinin digər strukturlarımız olmalıdır. Elə etməliyik
ki, bizim icazəmiz olmadan Azərbaycan ərazisinə kimsə daxil ola və çıxa bilməsin.
Bu təmin edilməyənə qədər arzuolunmaz proseslər davam edəcək. Azərbaycan ərazisinə
qanunsuz daxil olan, rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən xarici
ölkə nümayəndələrini Xarici İşlər Nazirliyi "qara siyahı”ya salır. Beləliklə,
onların Azərbaycana girişinə qadağa qoyulur. Ermənistanla, Qarabağdakı
separatçılarla əməkdaşlıq edən əcnəbilər, cinayətkarlar da bəyan edirlər ki,
bizim Azərbaycana gəlmək niyyətimiz yoxdur. Bu kimi hallar yaşanmasın deyə Ermənistanla
sərhədimizdə öz sərhədçilərimiz dayanmalıdır. Arzuolunmaz proseslərin qarşısını
almağın yeganə yolu budur”.
Rufik İSMAYILOV