Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib
22.11.19 23:16
1283
Vladimir Putin Azərbaycanın Birinci
vitse-prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolunu yüksək
qiymətləndirib
Moskvada rəsmi səfərdə
olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti
Vladimir Putinlə görüşüb. Bu barədə "RİA Novosti” məlumat yayıb.
Görüş zamanı Vladimir
Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində
göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevaya "Dostluq” ordenini təqdim edib.
V.Putin M.Əliyevaya dövlət mükafatını
Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.
Rusiya Prezidenti bu mükafatın təqdim olunmasını
məntiqli qərar adlandırıb: "Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın
ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə,
fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə
saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.
V.Putin qeyd edib ki, ordenin adı Mehriban
Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.
Birinci vitse-prezident Mehriban Əliyeva Vladimir
Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.
Rusiyanın dövlət başçısı görüş zamanı bildirib
ki, dekabrın 20-də Prezident İlham Əliyevlə görüşəcək: "Azərbaycan Prezidentinə
ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də
Sankt-Peterburqda görüşəcəyik”.
Birinci vitse-prezident Mehriban
Əliyeva, öz növbəsində Prezident İlham Əliyevin Vladimir Putinə salamını söyləyərək, "Azərbaycan Prezidentinin də sizə uyğun vaxtda
ölkəmizə dəvətini çatdırıram” deyib.
Qeyd edək ki, dekabrın 20-də Sankt-Peterburqda
Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələrinin dövlət başçılarının
iqtisadi birliyin qeyri-rəsmi sammitində görüşü keçiriləcək.