• şənbə, 20 Aprel, 02:42
  • Baku Bakı 15°C

Bioqrafiya təqlidçiləri

21.01.20 12:30 3339
Bioqrafiya təqlidçiləri
Ədəbiyyatda təbdil, təqlid, plagiat kimi hallar həmişə olub və bu gün də davam etməkdədir. Bəzən buna haqq qazandıranlar olur. Hətta pastiş deyilən ədəbi priyom da var ki, bu da "ədəbi oğurluğu, loru dildə desək qanuniləşdirir. Mirzə Fətəli Axundovun komediyalarını subyektiv yanaşma olsa da Avropa yazıçılarının əsərlərinin Azərbaycan versiyası kimi də qəbul etmək olar. Dövr və şərait Axundovdan bunu tələb edirdi. Yazıçının və ya şairin "ədəbi cinayət” törətməsi yalnız sənət və peşəkarlıq baxımından "məhkəməyə” çəkilə bilər. Amma iş bununla bitmir. Həmkarının yaradıcılığı ilə qane olmayanlar onların bioqrafiyasını "ələkeçirməklə”, ciddi yazar obrazı yaratmağa çalışırlar.
Əvvəlcə məşhurluğuna göz dikdiyi həmkarının zahiri görkəmini təqlid edirlər. Saqqal saxlamaq, saç uzatmaqdan tutmuş geyimə qədər təkrarlayırlar. Sonra içki və qadınlar məsələsi əsas gündəm yaradan təqlidlər sırasına daxildir. Düzdü, bunlar şəxsi məsələdir, lakin bunları nümayişkaranə edənlərin gizli məqsədi olmamış deyil. Filan şair və ya yazar kimi olmağı, onlar kimi yaşamaqda görmək də, hesab edirəm ki, nə qədər populyarlıq istəyi olsa da, əslində, bunun kökündə yazar olmaq azarı durur.
Bu düşüncə son dövrlər bizim ədəbiyyatda geniş yayılsa da, əslində, bunun dünyada, Rusiyada və Türkiyədə də örnəkləri var.
Bu yaxınlarda 118 yaşı qeyd olunan məşhur türk şairi Nazim Hikmətin bioqrafiyası olduqca zəngin, eyni zamanda təzadlı, mübahisəli məqamlarla doludur. Di gəl ki, onun bioqrafiyasını da "təqlid edənlər” az deyil. Hələ mən, doğma türkcənin böyük şairinin yaradıcılığından təsirlənənləri kənara qoyuram. Yazarlar onun həyatından da "yararlanmağa” çalışırlar.
Nazim Hikmətin gəncliyi, kommunist düşüncəsi, Moskvada təhsil alması və digər nüanslar belə təqlid olunurdu. Bunu bir başa təqlid adlandırmaq, bəlkə, mübahisə yarada bilər, lakin şairə olan sevgidən belə onun kimi yaşamaq istəyi də son nəticədə mənim yazdığım təqlidçilik düşüncəsi ilə üst-üstə düşür.
Ataol Bəhramoğlunun həyatını araşdıranda görürsən ki, oxşar məqamlar çoxdur. İlk vaxtlardan başlayaraq Bəhramoğlu Nazim Hikmətin yolu ilə gedib. Gənclik illərindən solçuluğa, kommunizmə "qurşanıb”, Türk İşçi Partiyasına qoşulub. Nazim Rusiyada təhsil almışdı, Ataol da əvvəlcə Ankarada rus dili üzrə təhsil alsa da, sonra Moskvada təhsilini davam etdirdi. Siyasi səbəblərə görə təzyiqlərə məruz qaldı, həbsdə yatdı. Fransız dili və düşüncəsi ilə tanışlığı, Parisdə yaşaması, Luis Araqon və Pablo Neruda ilə bir araya gəlməsi də Nazim kimi dünyada azadlıqsevər bir populyar şair olmaq istəyindən doğurdu. Fransa o zaman solçuların əsas yuvası sayılırdı, etirazçı şair və yazarlar burada toplaşırdı.
Ataol Bəhramoğlunun Sovet Yazıçılar Birliyi ilə əlaqələrinin olması və bu təşkilatın dəvəti ilə SSRİ-yə gəlməsi Nazim ənənəsinin davamı idi. SSRİ kommunist düşüncəli sənət adamlarını öz mənafeyi naminə dəstəkləyirdi, onları təbliğ edirdi. Sovet ideoloqları yeni bir Nazim Hikmət yaratmaq istəyirdilər.
Ataol Bəhramoğlunun rus əsilli Lüdmila Denisenko ilə evlənməsi məntiqi ardıcıllığın növbəti mərhələsi idi.
Nazim Hikməti təqlid etmək onun kimi şair olmaq, onun şöhrətinə şərik olmaq istəyi ilə bağlıdır. Lakin bu düşüncə Ataol Bəhramoğlunun yaradıcılığının kölgə altına almaq deyil. Amma əlahəzrət həqiqəti yaddan çıxarmaq olmaz. Bütün bunlara baxmayaraq, Ataol Bəhramoğlu Nazim Hikmət ola bilmədi.

Səxavət Sahil



banner

Oxşar Xəbərlər