• cümə, 19 Aprel, 11:30
  • Baku Bakı 13°C

Beynin, ürək-damar sisteminin funksiyasını yaxşılaşdıran əti var, həm də...

13.12.19 09:00 1419
Beynin, ürək-damar sisteminin funksiyasını yaxşılaşdıran əti var, həm də...
Mütəxəssislər deyirlər ki, Azərbaycanda maralların çoxaldılması üçün ixtisaslı kadrlara ehtiyac olacaq
Rusiyanın Sibir bölgəsindən Azərbaycana maral əti məhsulları ixrac ediləcək. Maral ətinin Azərbaycanla yanaşı, Türkiyə və İrana da ixracı gözlənilir. Bu barədə Sibirin Taymır bölgəsinin bələdiyyə sədri Yevgeni Verşinin açıqlama verib. Onun sözlərinə görə, ixracla bağlı məsələ Krasnoyarsk vilayət qubernatoru Aleksandr Ussla görüşdə müzakirə edilib. Görüş zamanı qubernatora bölgədəki turizm sektoru və maral təsərrüfatları haqqında məlumat verilib: "Görəcəyimiz işlər nəticəsində büdcəyə 8,9 milyard rubl töhfə veriləcək ki, bu da keçən illə müqayisədə 203 milyon əlavə vəsait deməkdir. Bundan başqa, bölgədə maral təsərrüfatı da inkişaf etdirilir. Əsas bazarımız Norilsk və Taymırdır. Ancaq Azərbaycan, Türkiyə və İran da bu məhsulların ixracına maraq döstərir”.
Qeyd edək ki, artıq bir neçə ildir, Rusiyanın Altay diyarından Azərbaycana maral gətirilir. Azərbaycanın bəzi rayonlarında, o cümlədən, Xızı və Şəmkirdə maralçılıq təsərrüfatları qurulub. Rusiyadan gətirilən yüzlərlə maral burada müalicə və digər məqsədlər üçün bəslənir.
Gətirilən marallar ölkəmizin iqliminə, təbiətinə alışa biləcəkmi, idxal edilən ətin keyfiyyəti, dadı hansı səviyyədədir, insanlarımızın bu ətə marağı varmı? Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd etdi ki, bu ətə tarixən maraq olub: "Bu, ekzotik heyvandarlığın bir növüdür və dünyada çox geniş yayılıb. Amma bizdə bu sektor demək olar ki, boşdur. Nəinki maral, dekorativ quşçuluq və ümumiyyətlə, dekorativ xarakter daşıyan ev heyvanları ilə iş çox zəifdir. Əgər belə bir addım atılarsa, insanların marağına səbəb olar. Ferma şəraitində maralçılığın, dəvəçiliyin, camışçılığın inkişafı çox böyük perspektivi olan sahələrdir. Hazırda maral ətinin idxalı gündəmdədir, hansı ki insan orqanizmi üçün də kifayət qədər faydalıdır. Nəzərə alsaq ki, ölkəmizdə xidmət sahəsi sürətlə inkişaf edir, onlar böyük məmnuniyyətlə maral ətini qəbul edərlər. Çünki bu ətə tarixən maraq olub. Qədim dövrlərdə şahlar həmişə maral ovuna çıxardılar. Ona görə, bu sahədə çox işlər görmək olar. Amma perspektivləri ilə yanaşı, böyük qayğıları da var. Həmin heyvanları yetişdirmək, çoxaltmaq üçün mütləq kadr olmalıdır. Heyvan xəstələnən zaman onun müalicəsini edəcək, yemlənməsinə nəzarət edəcək xüsusi baytar və zootexnik ixtisaslı şəxslərə böyük ehtiyac olacaq”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, maral ətinin idxalı zamanı üzərində istehsal edən ölkə və şirkət haqqında məlumat olmalıdır: "Maral ətinin satışı və istehlakı ilə bağlı nə mentalitet, nə dini, nə də digər nüanslarla əlaqəli bir məhdudiyyət var. İstənilən marketlərdə satıla və şadlıq evlərində yemək kimi təqdim edilə bilər. Lakin ətin keyfiyyətinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir. Ətin satışa çıxarılmasından sonra hansısa bir şikayət daxil olarsa, biz qurum olaraq onların hüquqlarını qorumağa hazırıq. Bir müddət sonra ətə olan tələbat artarsa, istisna olunmur ki, bəzi işbazlar maral əti adı altında başqa ət gətirsinlər. Buna görə də, Azad İstehlakçılar Birliyi olaraq işi nəzarətdə saxlayacağıq”.
"Maral çoxartımlı heyvan növlərindən biridir və ölkəmizə uyğunlaşma prosesi asan olacaq” deyən aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirdi ki, sadəcə hansı bölgədə yerləşdiriləcəyi düzgün seçilməlidir: "Ölkəmizdə olan münbit şərait maralların bura uyğunlaşmasına, çoxalmasına kifayət qədər uyğundur. Çünki 60-cı illərin ortalarına qədər Azərbaycanda marallar olub. İndi də zooparklarda, bəzi təsərrüfatlarda az da olsa var. Lakin bunu kütləviləşdirmək daha müsbət nəticələr verər. İlkin dövrlərdə bu sahədən ciddi gəlir gözləmək mümkün deyil, amma zamanla istənilər nəticə əldə oluna bilər. Həm də bu, tək marallara aid deyil. Bildiyim qədəri ilə bir müddət əvvəl Belarusdan zubrlar gətirilərək İsmayıllı bölgəsinə buraxılıb. Onlar da iqlim şəraitinə adaptasiya olub. Gətirilən heyvanların uyğunlaşmasından başqa, onların çoxalmasını həyata keçirəcək mütəxəssislər olmalıdır. Ətin idxalına gəlincə, bununla bağlı AQTA müəyyən işlər görməli, işə ciddi nəzarət etməlidir”.
Maraqlıdır, yeyinti sənayesində istifadə üçün idxal edilən maral ətinin faydaları nələrdir? Qeyd edək ki, mətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti şimal ölkələrində yaşayan əhali tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.
Bəs, əti necə seçməli? Ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir. Maralın ətində yağın miqdarı az olduğuna görə, onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan məhsuldur. Onu hətta dondurucuda da 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki belə şəraitdə saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Bu ətdən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
- Zülallar - 19,5 qr
- Yağlar - 8,5 qr
- Su - 71 qr
- Kalori - 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var. Onun tərkibində yağların və xolesterinin miqdarı azdır. Bu ət ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində yağların miqdarı az olduğuna görə, orqanizm üçün zərərli sayılmır. Onun tərkibində PP, B1, B2, B1 vitaminləri var ki, bu vitaminlərin qarışımı beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır.
Maral ətinin zərərli xüsusiyyətlərinə gəlincə isə bu barədə heç bir mənbədə qeydlərə rast gəlinməyib. Maral əti nadir hallarda allergik reaksiyaların meydana çıxmasına səbəb olur.
Günel Azadə
banner

Oxşar Xəbərlər