• şənbə, 20 Aprel, 15:21
  • Baku Bakı 23°C

Bəy oğlunun izi ilə...

14.10.19 14:50 947
Bəy oğlunun  izi  ilə...
Etiraf edək ki, Naxçıvanla fizioloji bağlılığı olan və dünyaya göz açandan sonra zamanında mahalda çox məşhur olan Şirəli bəyin oğlu Bəhruz bəy Kəngərlinin adını eşidən çoxlarının rəssam olmaq arzusu ilə yaşamaları danılmazdır. Bu mənada Kəngərlilər nəslindən olan və rəssamlığı özünə peşə seçən Hafizin 29 il bundan əvvəl ailəsində doğulan oğluna ad-sanı çoxdan Naxçıvanın sərhədlərini aşmış sələfinin adını qoymasını da təbii saymaq olar. Əlbəttə, bütün baş verənlər – uşağın dünyaya gəlişi, ona Bəhruzun adının verilməsi, qohum-əqrəbanın onun simasında gələcəyin tanınmış fırça ustasını görmək istəmələri Kəngərlilər nəslində baş qaldırmış "mavi arzu”nun görünən tərəfləri idi. Odur ki, daha çox "Qanlı Yanvar”la anılan 1990-cu ildə doğulan və arzu qanadlarında əvvəlcə Bakıdakı rəssamlıq kollecində (keçmiş Ə.Əzimzadə adına rəssamlıq məktəbi), sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrini uğurla bitirən gənc Bəhruz Kəngərli 27 yaşında bəy oğlunun da keçdiyi sənət yoluna çıxdı və rəsmi olaraq – əli diplomlu müstəqil yaradıcılığa başladı...
Bu yolların müəyyən mənada oxşarlığı da var, amma zaman göstəricilərinə görə onlar çox fərqlidirlər. Belə ki, bəy oğlunun arzularının Naxçıvanda daşa dəyib puç olması çox tez – onun 30 yaşında baş verdi, 29 yaşında olan rəssam oğlu isə Bakıda onsuz da əvvəlki təravətini qoruyub saxlamaqda davam edən və çoxlarının arzuladığı "Kəngərli şöhrəti”nin üzərinə yeni təqdir çalarları əlavə etmək niyyətindədir. Bəy oğlunun əsərləri Naxçıvandan kənara çıxmasa da, onun gənc xələfinin əsərləri isə xarici ölkələrin sərgi salonlarını və nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir...
Etiraf edək ki, Bəhruzun ilk sənət uğurları gəncin arzuladığı sənət amalına doğru çox ciddi addımlar atdığını sərgiləməkdədir. Bunu onun artıq əlinə rəssam diplomu almazdan əvvəl sənət məkanda tanınması da təsdiqləyir. Belə ki, gənc rəssamın ilk əsərlərinin yaşıdları ilə yanaşı, özündən böyük olan həmkarlarının da diqqətini cəlb etməsi isə onun axtarışlarında yeniliyə və özünəməxsusluğa meylli olmasından xəbər verirdi...
Bu gün Bəhruzun müxtəlif mövzu və janrları əhatə edən yaradıcılıq irsini incələyəndə, onların gözümüzdə adiləşən hadisə və motivlərə, təzadlı insan yaşantılarına, maddi və mənəvi dəyərlərə özünəməxsus bədii münasibət toplusu olduğunu görmək mümkündür. Gənc yaradıcının adi və sadə hesab etdiyimiz bir çox mövzu və süjetləri bədiiləşdirməyə üstünlük verməsi, onu ötən əsrin 50-70-ci illərində nəinki Azərbaycan, hətta keçmiş SSRİ-nin bədii məkanında çaxnaşma yaradan, Kreml ideoloqlarının narahatlığına səbəb olan "Abşeron məktəbi” təmsilçilərinin gerçəkliyə münasibətlərinə yaxınlaşdırır. Onlarda məşhur sələfinin Naxçıvanda ərsəyə gətirdiyi motivlərlə anım yaradan məqamlar da mövcuddur. Süni pafosdan və patetikadan uzaq olan bu təqdimatlarda tamaşaçı ruhunu oxşaya biləcək, zaman-zaman müşahidə edildiyi halda başqalarının görə bilmədiyi estetik qaynaqların bədiiləşdirilməsi qabarıq və yaddaqalandır.
"Təklənmiş” stul, "mələk”ləşən qızcığaz, əyləncələri ev heyvan və quşlarını əzizləmək olan kənd uşaqları, asılqanda sahibinin "intizar”ını çəkən milli geyim, tavadakı qayğanaq və s. daşıdıqları estetikasına görə özünəməxsusdur. Müxtəlif janrlı bu əsərlərin rəng qatında müşahidə etdiyimiz üst-üstə "qalalanan” yaxıların bir-birini əvəzləməsində və yaxud da tamamlamasında, klassik rəngkarlıqla anım yaradan məqamlar olsa da, uyarlığı duyulan bu "rəng məcmusu”nun ümumi ruhuna ekspressiv çalarlar əlavə edən və bununla da bədii görüntünün düşündürücülüyünə nail olan müəllif, bütünlükdə, onun həm də cəlbedici bütövlüyünü əldə etmişdir. Əsərlərin ayrı-ayrılıqda təhlilinə keçməzdən əvvəl, deməliyik ki, rəssam oğlu Bəhruzun bir vaxtlar bəy oğlu Bəhruzun bədii "izi”nə ünvanlanan həsədinin bir az öləzidiyini də görmək mümkündür. Əslində, bu elə belə də olmalı idi və əks halda, bu gün bizi onun yaradıcılığı bu qədər cəlb etməzdi...
Adəm və Həvva mövzusuna zaman-zaman göstərilən saysız-hesabsız bədii yanaşmaların qarşılığında, yenidən yer üzünün ilk məhəbbət nümunəsinə müraciət etmək, doğrudan da, çox çətin məsələdir. Bu prosesdə önəmlisi "günah”a müəllif münasibətinin necə olmasıdır. Bu mənada kətan qarşısında dayanan rəssam bir-neçə suala cavab tapmalıydı: bu cütlüyün əməli doğrudanmı günahdır? Bu "günaha” niyə zamanında göz yumulmuşdu? Bəlkə, bilavasitə Yaradanın gözü qarşısında yaşananlara – günah hesab olunana başqa ad qoymağın vaxtı yetişib? Şaquli kompozisiyada iki yarının tamlığını bədii şəkildə təqdim edən müəllif, bütünlükdə, işıqlı görünən tutumda iki şeyi xüsusi vurğulayıb: günah obyekti olan almanı və günahı ötürən və onu qəbul edən əlləri. Qara əllər və işıqlı alma... Bunlar təzadlı görünsələr də, rəssam yozumu kimi maraqlıdır. Əslində rəssamın yaratdığı bu təzadda yuxarıda sadaladığımız suallara nisbi də olsa cavabın mövcudluğu duyulan və düşündürücüdür... Görəsən, qara əlləri işıqlandıran bu alma əldən ələ keçməsəydi və yaxud Həvvanın Adəmə uzanılı əli göydə qalsaydı nə ola bilərdi?
Rəssamın daha bir-neçə əsərində "qara” əlləri müxtəlif jestlərin ifadəçisi kimi görürük. Bu insan yaşantılarında da təzad mövcuddur, başqa sözlə desək, ələmə-nəşəyə bələnmiş bu zərif əllərdə əllərin daşımağa aciz olduğu mənəvi-psixoloji yükün ovqat yaradıcılığı hiss olunandır. Qənaətimizcə, elə rəssam niyyətinin mayasında da onları təsirli tutumda qabartmaq durur...
Bəhruzun bir çox əsərlərinin timsalında demək olar ki, müxtəlif yaşlı insanların gerçəkliyə fərdi münasibətindən şirələnən yaşantılarının mayasında çoxlarının düşündüyü kimi elə də çoxqatlı obyekt – qaynaq durmur. Bunu saçları lentli balaca qıza bəyaz çəpiş məsumluğunun, "rəng seli”ndə çimmiş kimi görünən xoruz belinin rahatlığının bəxş etdiyi sevincin ifadəsində də görmək mümkündür. Rəssamın uzunqulağı dünyanın ən rahat "nəqliyyatı” hesab edən balaca oğlanın qürurlu oturuşundan "kənd iyi” gəlmədiyini göstərməsində isə onun bu "kənd obrazları”nın çox koloritli olduğunu göstərmək istəyi gizlənir, desək, həqiqəti söyləmiş olarıq.
İlk baxışda sadədən də sadə görünən belə obrazlar Bəhruzun yaratdığı daha bir-neçə əsərin məna-məzmun daşıyıcısıdır. Qoşa şarın havada "nurlanaraq” uçuşuna heyranlıqla tamaşa edən oğlanın, bəyaz "qanad”ları ağ geyiminə xüsusi gözəlik verən qızcığazın, əlvan rəngli xoruzu xüsusi məhəbbətlə əzizləyən oğlanın və oyuncaq atın belində özünü rahat hiss edən bəyaz geyimli qızın təsvirində görünənlərə nüfuzedici rəssam münasibəti duyulmaqdadır...
Bəhruz Kəngərlinin bədii irsində sadəliyi birmənalı olan digər kompozisiyalar da mövcuddur. Bu sadəliyin cəlbedici bədii tutum almasının mayasında heç şübhəsiz rəssamın həmin adilikdə başqalarının görə bilmədiyi gözəllik qaynaqlarını üzə çıxara bilməsidir. Bu mənada onun müxtəlif məişət əşyalarına, onu əhatə edən maddi-mədəniyyət aləminə yanaşmasında həyatın və onu təşkil edənlərin bədii-fəlsəfi yozumu daha qabarıqdır. Bu mənada gənc fırça ustasının "təklənmiş” stula və geyimli asılqana münasibətindəki zahiri "donuq”luğun alt qatını tamaşaçını düşündürmək gücündə olduğunu vurğulamaq istərdik.
Dünya və Azərbaycan təsviri sənətində ətraf məkandan təcrid olunmuş – ovqat yaratmağa yönəli stul təsvirinə rast gəlmək mümkündür. Bəhruzun əsərində də tamaşaçıda nostalji hisslər oyatmaq kimi çətin estetik tutumun əldə edilməsinin nəticəsidir ki, funksionallığı və gərəkliyi birmənalı olan əşyanın indiki "təcrid” olunmuş durumunda, onun təklənməsnin səbəbi, tamaşaçını suallar burulğanına salmaq gücünün ifadəsi ilə şərh olunmuşdur...
Asılqanda "üşüyən” milli qadın geyiminin də tamaşaçısını duyğulandırmaq istəyi qabarıqdır. Qənaətimizcə, müəllifin təqdimatında haradasa müasirliyin güdazına getmiş milli geyimin öz sahibi ilə görüşünün xiffətini çəkməsi və yaxud da bu təmasın heç vaxt baş tutmayacağına işarə kimi düşünülən "əbədi həsrət”in bir daha vurğulanması önə çəkilmişdir.
Rəssamın digər əsərlərində də tamaşaçını düşündürmək gücündə olan bədii təqdimatlara rast gəlmək mümkündür. Bu mənada onun insan-təyyarəsinin, tavadakı qayğanağın, hətta "problem”siz görünən paytaxtın aylı gecəsinin də tamaşaçını duyğulandırmağa yönəli bədii-estetik potensialı vardır.
Sonda Bəhruz Kəngərlinin bədiiləşdirdiyi görüntülərdə onun rəngkarlıq estetikasının vacib və özünəməxsus görkəmə malik olduğunu da vurğulamaq istərdik. Onun kətandan "boylanan” bədii şərhlərində "yuxu təəssüratı”nın kifayət qədər qabarıqlığı, daima axtarışda olan müəllifin göstərmək istədiklərini, söyləmək arzusunda olduğu həqiqətləri bir qədər naturalistik aydınlıqdan uzaq – "dumana bələnmiş” tutumda təqdimatı bu nəticəni təşkil edir. Bəy oğlunun mənəvi-bədii yolunu özünə örnək hesab edən gənc rəssam tədricən röyalarını çin etmək istəyindədir. Bunun baş tutması isə zamana ehtiyacı olan məsələdir. Odur ki, bu yerdə böyük Bəhruzun xələfinə "Yuxuların çin olsun!” deyirik...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər