AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər - Brenda Şaffer

Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər - Brenda Şaffer

İqtisadiyyat
06 Avqust 2021, 10:00 265
Bərpa olunan enerji mənbələri sahəsində layihələr müsbət iqtisadi təsir göstərməyə də bilər.
 
Bunu Trend-ə ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, ekspert Brenda Şaffer deyib.
 
"Yaşıl" enerjinin inkişafının Azərbaycan iqtisadiyyatına hansı fayda verəcəyi barədə sualı cavablandıran B.Şaffer qeyd edib ki, bu məsələdə bərpa olunan və "yaşıl" enerji anlayışları arasında fərqi başa düşmək lazımdır: "Bərpa olunan enerji həmişə "yaşıl" demək deyil, eləcə də əksinə. Bərpa olunan enerjinin bir çox formaları ətraf mühitə ciddi təsir göstərir. Faktiki olaraq, ən geniş yayılmış bərpa olunan enerji forması hidroenerjidir və o, ətraf mühitə ciddi mənfi təsir göstərir. Hidroenerji vəhşi təbiətə, bitkilərə, ekosistemə ciddi ziyan vurur, su axınına maneə yaradır, tətbiq olunduğu yerlərdə təbii gözəlliyi məhv edir. Beləliklə, hidroenerji turizmin inkişafı ilə tamamilə uyğun deyil. Buna görə də, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində planlaşdırılan hər bir layihənin, neft-qaz sahəsindəki layihələrdə olduğu kimi, ətraf mühitə təsirlərini diqqətli şəkildə dəyərləndirməlidir".

B.Şafferin sözlərinə görə, bərpa olunan enerji mənbələri sahəsində layihənin birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcəyini demək olmaz:
"Bu, layihədən və konkret xərclərdən asılıdır. Çox vaxt hökumətlər bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini dəyərləndirərkən elektrik enerjisi vahidinin satınalma qiymətini hesablayırlar. Amma elektrik şəbəkələrin yaradılması və xidmətini, eləcə də ehtiyat güclərinin dəstəklənməsini tələb edir. Hökumətlər adətən bərpa olunan enerji mənbələri sahəsində layihələrə dolayı subsidiyalar verir və istehsalçını texniki xidmət üçün ödəməyə vadar etmir. Beləliklə, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiyməti ilk baxışda göründüyündən daha yüksək olur".
 
O bildirib ki, məişətdə daha çox bərpa olunan enerjidən istifadənin və əlavə qaz həcmlərini ixraca yönəltmənin səmərəliliyi qaz ixracından əldə olunan ortalama mənfəətlə müqayisədə bərpa olunan enerjinin dəyərindən asılıdır. Neft qiymətlərinin artımını şərh edən B.Şaffer qeyd edib ki, qiymətlər bir neçə səbəbdən yüksəkdir və böyük ehtimalla, yaxın həftələrdə və aylarda artım davam edəcək: "Neft qiymətlərinin yüsək olmasının səbəblərindən biri odur ki, koronavirus pandemiyası neftə tələbatın yeni mənbələrini yaradıb. İnsanlar ictimai nəqliyyatdan istifadə etməkdən qorxur, ona görə də dünyada avtomobillərin satışı artıb. Bundan başqa, plastik məmulatların geniş istifadəsi neft istehsalına tələbatı artırıb, amma pandemiyaya qədər plastikə tələb azalma tendensiyası nümayiş etdirirdi".
 
O əlavə edib ki, neft qiymətlərinin yüksək olmasının daha bir səbəbi ABŞ-da hasilatın tam bərpa olunmamasıdır: "Bu, bir neçə səbəbdən, o cümlədən Bayden administrasiyasının məhdudiyyətləri ilə əlaqədardır. Bu məhdudiyyətlər neft və qaz hasilatını daha da riskli edir və əvvəllər ABŞ-da şist neftinin hasilatından gəlir qazanan şəxslər, indi bu prosesə qayıtmağa həvəsli deyillər. Bu tendensiya dünya neft və qaz qiymətlərinə təsir edəcək. Belə ki, ABŞ-da təbii qazın böyük hissəsi səmt məhsuludur və neft hasilatı azaldıqca, əlavə məhsul qismində təbii qaz hasilatı da azalacaq".

B.Şafferin fikrincə, neft və təbii qaz qiymətləri bir müddət artmaqda davam edəcək, amma yekunda bəzi amillər bu tendensiyanı ləngidəcək: "Yəqin ki, İran və Venesuelaya qarşı sanksiyalar dayandırılacaq və bazara yeni neft həcmləri çıxacaq. Bu, xammal həcmində kəskin artıma səbəb olmayacaq, belə ki, İran artıq böyük həcmdə neft ixrac edir, Venesuelada isə hasilat yerli neft sektorundakı problemlərlə bağlı məhduddur. Yekunda qlobal resessiya yaranacaq və neftə, digər məhsullara tələbat azalacaq".

ABŞ və Avropada enerji siyasətinin mövcud tendensiyalarını şərh edən B.Şaffer qeyd edib ki, bu, neft-qaz şirkətləri üçün digər regionlarda əlverişli imkanlar yaradır: "İndi neft və qaza tələbatda qlobal dəyişikliklər yoxdur. Eyni zamanda, Qərb hökumətləri və ictimaiyyətin bir hissəsi neft-qaz şirkətlərinin işini çətinləşdirir. Beləliklə, ABŞ və Avropa xaricində şirkətlərin məhsullarına tələbat saxlandıqca, onlar azı 15-20 il, karbohidrogenlərə tələbin yüksək olduğu müddətdə yaxşı mənfəət əldə edəcəklər".

O əlavə edib ki, Qərbdə bəzi neft-qaz şirkətləri tullantıları azaltmaq üçün mənfəətli neft-qaz aktivlərini satır və indi onları əldə etmək üçün yaxşı vaxtdır. Belə ki, şirkətlər bərpa olunan enerji mənbələrinə iri yatırımlar etmək üçün bu aktivləri aşağı qiymətə satır: "Azərbaycanın neft və qaza uzunmüddətli tələbatda mümkün dəyişikliklərlə bağlı strategiyası necə olmalıdır? İndi ən yaxşısı, mümkün qədər çox mənfəət əldə edib onu müxtəlif sahələrin inkişafı üçün istifadə etməkdir. Bu sahələr enerji ilə bağlı olmaya da bilər. Bəziləri hesab edir ki, neft-qaz şirkətləri bərpa olunan enerji ilə işləyən müəssisələrə çevrilməlidir. Amma çətin ki, bu mümkün olsun. Neft-qaz şirkətləri bərpa olunan enerji mənbələri və kommunal xidmətlər sahəsində müəyyən üstünlüklərə malikdir. İndi neft və qaz haqqında elmlər geologiya və kimyadır, gələcəkdə isə bərpa olunan enerji mənbələri fizika, riyaziyyat kimi elmlər tərəfindən tədqiq olunacaq. Ən yaxşı addım növbəti iki onillik ərzində neft və qazdan maksimum mənfəət qazanmaq və bu mənfəəti enerji ilə bağlı olmayan sahələrə yerləşdirməkdir".

Onun sözlərinə görə, neft ehtiyatları azalmasa da, Qərbdə hasilat yəqin ki, azalacaq: "Bu, iri geosiyasi nəticələrə gətirib çıxaracaq. Dünya neft və qaz bazarı daha çox iştirakçının meydana çıxması ilə daha da likvidləşib ki, bu da enerji daşıyıcıları ticarəti ilə bağlı siyasətin dəyişməsinə gətirib çıxarıb. Əgər ABŞ səmt qazının ixracını bərpa etməsə, bu, bütün dünyada qiymətlərə və geosiyasətə təsir göstərəcək".