cümə axşamı, 02 fevral, 00:10

Baku Bakı 6°C

Belə getsə, bizdə brend geyim mağazaları olmayacaq - MÜSAHİBƏ

icon 4325 icon 15 oktyabr 2022 | 03:30 Belə getsə, bizdə brend geyim mağazaları olmayacaq - MÜSAHİBƏ

Elxan Mərdanlı: “Qeyri-leqal yolla satış edənlər var. 40-50 nəfər yaxın adamının adına məhsul sifariş edir, vergi ödəmir, maaş vermir, mağaza saxlamır, gətirdiyi məhsulu daha aşağı qiymətə satır. Metrolara, evlərə çatdırır, ödənişi də nağd alırlar. Bu da geyim mağazalarına mənfi təsir edir”

Geyim mağazalarının yanından keçəndə vəziyyətlərindən hali olurduq. Yəni pandemiyadan əvvəlki müştəri yoxdur. Bugünlərdə artıq geyim idxalçıları da vəziyyətlərinin yaxşı olmadığını dilə gətirdilər, bir sıra təkliflərlə çıxış etdilər. Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı ilə də məhz hazırkı durumları haqqında söhbətləşmişik.

- Mağazalarda nəinki əvvəlki, heç yarısı qədər də müştəri yoxdur.
- Pandemiyadan öncə satışlarımız çox yaxşı idi. Bazar payı mağazalar, markalar arasında bölünmüşdü. Pandemiyadan əvvəl onlayn münasibətlər cəmiyyətimizə yad idi. Pandemiya dövründə onlayn xidmətlərə sürətli keçildi. İnsanlar gördülər ki, məhsulları onlaynda daha münasib qiymətə əldə edə bilərlər. Eyni zamanda, bazarda qeyri-leqal yolla satış edənlər var. 40-50 nəfər yaxın adamının adına məhsul sifariş edir, vergi ödəmir, maaş vermir, mağaza saxlamır, gətirdiyi məhsulu daha aşağı qiymətə satır. Metrolara, evlərə çatdırır, ödənişi də nağd alırlar. Bu da bizim kimi mağazalara mənfi təsir edir. Pandemiya dövründə satışlarımız 40 faizə qədər azaldı. İndi də o tendensiya davam edir. Nəticədə şəhərdəki geyim mağazalarının hər 3-ündən 2-sinin qarşısında “icarəyə verilir” elanı yazılıb.

“100 manatlıq məhsulun maya dəyəri bizə142 manata başa gəlir”

- İnsanları xaricdən onlayn alış-verişə yönəldən birinci səbəb qiymətlərin orda daha münasib olmasıdır. 
- Qiymətlər mağazalar tərəfindən təyin olunmur. Hər bir pərakəndə satışda ana ölkədəki markanın tövsiyə qiymətləri öncədən göndərilir. Onun üzərinə ölkədəki vergi, gömrük, nəqliyyat və s. xərclər gəlir, qiymətlər də belə yüksək alınır. Qiymətləri xaricdən onlayn alışla rəqabətli hala gətirmək üçün sahibkarların hazırda iki əsas problemi var: icarə qiymətlərinin yüksək, rüsumların çox olması. Ticarət mərkəzində 120-130 kvadratlıq mağazanın aylıq icarə haqqı 15 min manata yaxındır. Bu qədər icarə ödəyən sahibkar eyni zamanda ölkəyə idxal etdiyi məhsullara görə 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV ödəyir. Bundan başqa, elektron xidmət haqqı, gömrük yığımı, nəqliyyat xərclərini də üzərinə gələndə, 41-42 faiz ödənişimiz var. 100 manatlıq məhsulun maya dəyəri bizə142 manata başa gəlir. Bu da qiymətlərin yüksək olmasına gətirib çıxarır.

“Kuryerlərin mal çatdırma qiymətləri yüksəkdir” 

- Onlayn alış-verişə keçid onsuz dünyada gedirdi, sadəcə olaraq pandemiya dövrü bunu sürətləndirdi. Yəni gec-tez bu, baş verəcəkdi. Geyim sektorunun sahibkarları bunu öncədən hiss etməmişdilərmi?
- Onlayn alış-verişdə elektron mağazanın yaradılması ilə iş bitmir. Onlayn alış-verişin inkişaf etməsi üçün ölkəyə təmassız ödəniş sistemi gəlməli idi. Bizdə son 2-3 ildə gəlib. Mobil ödənişlər sistemi yox idi. Cəmiyyətin çox az hissəsində elektron alış-verişə maraq var idi deyə, biz sahibkarların onlayn alış-verişin peşəkar şəkildə həyata keçirilməsinə nail olmağımız real deyildi. Onlayn alış-verişdə önəmli məsələlərdən biri poçt xidmətinin olmasıdır. Azərbaycanda poçt xidməti onlayn alış-verişi yüksək olan və inkişaf edən ölkələrdəki kimi deyil. Kuryer sistemi güclü deyil, mobil applikasiyaları yoxdur. Özəl poçt xidmətləri də elə inkişaf etməyib. Kuryerlərin mal çatdırma qiymətləri yüksəkdir. 

“Geyim sektorunda ƏDV-nin azaldılmasını təklif edirik”

- Dövlətdən dəstək üçün nələri gözləyirsiniz?
- Hökumətə təklif verdik ki, gömrük əməliyyatları zamanı rüsumu bank zəmanəti ilə ödəyək. Ölkə xaricindən məhsulu biz bank zəmanəti ilə alırıq. Əgər Türkiyədən mal idxal ediriksə, Azərbaycandakı bankların birindən illik zəmanət məktubu veririk. Məktuba əsasən onlar bizə malı göndərirlər. Bəzilərinə 45, bəzilərə 90 gündən sonra ödəniş edirik. Bu, bizə nə avantaj verir? Məhsulu gətiririk, əlimizdəki nağd pulu saxlayırıq. Satdıqdan sonra malın pulunu ödəyirik. Qanunvericiliyə görə təbii fəlakətlər və digər hallarda bundan yararlana bilərik. Normal hallarda bundan istifadə etmək olsa, sahibkarlar üçün dəstək olar. Kənd təsərrüfatı xaric ölkədə ƏDV hər sahədə 18 faizdir. Dünya təcrübəsində ƏDV differensialdır. Hər sahənin vəziyyətinə uyğun ƏDV təyin edilir. Geyim sektorunda ƏDV-nin azaldılmasını təklif edirik. Pilot olaraq azalmanı uşaq geyimlərindən başlaya bilərlər. Türkiyə ilə qarşılıqlı gömrük əməliyyatlarında gömrük rüsumu aradan qaldırılsın. Bununla yanaşı, ölkəyə idxal edilən və satılmayan malları geri qaytarmaq hüququmuz da var. Amma geri qaytaran zaman həmin geyimlərə görə ödədiyimiz gömrük rüsumu geri qayıtmır, bu imkanı da bizə yaratsalar, sahibkarlar üçün çox yaxşı olar.

- Tutaq ki, təklifləriniz reallaşdı. Qiymətlər necə dəyişəcək?
- Demirəm qiymətlər ana ölkəsi ilə eyni olacaq, amma ona yaxın olacaq. Türkiyədən pərakəndə olaraq 10 manata aldığınız geyim mağazalarımızda 12 manata olacaq. Fərq az olanda, artıq onlayn alış-verişin risklərini - səhv məhsul, səhv ölçü, defekt gəlməsi kimi halları da düşünəcəksiniz. Geri qaytara bilmirsiniz. Burda alış-veriş edəndə dəyişə, qaytara bilirsiniz. Qeyd edim ki, hökumət qanunvericilik çərçivəsində qeyri-leqal yolla satış aparanların qarşısını almasa, bazarda yenə qiymətləri tənzimləmək mümkün olmayacaq. Bunun üçün karqo şirkətləri məhsulu təhvil verən zaman həmin insanın özünü tələb etsinlər. Beynəlxalq daşıyıcı şirkətlər məhsulu insanın özünə verir. Bizdə isə kodla istənilən adam götürür. Bu da qeyri-leqal yolla biznes fəaliyyətlərinə gətirib çıxarır. 40-50 adamın adından qeydiyyatdan keçirlər, onların adından sifariş edib, özləri götürürlər.

- Durum belə davam etsə, geyim mağazalarını nə gözləyir?
- Hökumət bununla bağlı xüsusi paket hazırlamasa, kifayət qədər insan işsiz qalacaq. Pandemiyadan sonra nə qədər mağaza bağlandı. Vəziyyət indiki kimi davam edərsə, pərakəndə geyim mağazaları getdikcə bağlanacaq. Artıq Azərbaycanda bildiyimiz brend geyimlərin mağazaları olmayacaq.

Aygün Asimqızı