• cümə, 29 Mart, 00:48
  • Baku Bakı 7°C

Belaruslular növbəti dörd il üçün dövlətin inkişafı naminə seçim etdilər

11.08.20 09:45 619
Belaruslular növbəti dörd il üçün dövlətin inkişafı naminə seçim etdilər
Avqustun 9-da Belarusda keçirilən prezident seçkiləri dünyada ən çox izlənilən hadisələrdən biri oldu. Seçki öncəsi baş verən proseslər, namizədlərin siyasi baxışlarının fərqliliyi seçkilərə marağı daha da artırmışdı.
Bu seçkinin daha bir maraqlı cəhəti 26 ildir hakimiyyətdə olan Aleksandr Lukaşenkonun yenidən prezident seçkilərində iştirakı oldu. Prezidentliyi dövründə Aleksandr Lukaşenkonun Belarusun iqtisadiyyatının yüksəldilməsində, ölkədə sabitliyin qorunmasında, coğrafi mövqeyinə görə strateji məkanda yerləşən dövlətin uğurlu siyasi kursunun davam etdirilməsində böyük xidmətləri olub. Bu gün Belarus beynəlxalq siyasi tədbirlərin keçirildiyi məkana, hərbi, maşınqayırma, kənd təsərrüfatı məhsullarının ixracatçısına çevrilib. Bütün bunlara görə, Lukaşenkonun opponentlərindən daha şanslı olduğu heç kimdə şübhə doğurmurdu. Beş namizəd arasında göstərdiyi nəticələr, liderlik xüsusiyyətləri onun böyük üstünlüklə növbəti dəfə Belarusun Prezidenti seçiləcəyinə əminlik yaradırdı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Aleksandr Lukaşenko seçicilərin 80 faizindən çoxunun etimadını qazanıb. Bu isə ikinci yerdə qərarlaşan prezidentliyə namizəd Svetlana Tixanovskayadan təxminən 70 faiz çox səs deməkdir. Bu rəqəm onu deməyə əsas verir ki, Belarus xalqı yenidən sabitliyə, sülhə və inkişafa səs verib. Sözsüz ki, Belarusun inkişafını istəməyən tərəflərin ölkədə dağıdıcı qüvvələr vasitəsilə gərginlik yaratmaq arzusu sezilir. Xüsusilə, Belarusun qonşu ölkələrlə münasibətlərinə sərinlik gətirmək istəyən qüvvələr seçki öncəsi və səsvermədən sonra fəallaşmağa başladılar. Ancaq bu cür cəhdlər heç zaman nəticə verə bilməz, çünki hakimiyyətlə xalq arasında birlik hər zaman sarsılmaz və keçilməz olur.
Artıq Aleksandr Lukaşenkonun yenidən Prezident seçilməsi münasibətilə xarici ölkələrin dövlət başçıları onu təbrik etməyə başlayıblar. O cümlədən ilk təbrik edənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Azərbaycan dövlətinin başçısı Aleksandr Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər. Bu, onu göstərir ki, Azərbaycan Belarusu özünə daim dost ölkə hesab edib və onun inkişafında maraqlı olub.
Nəticədə Belarusda prezidentliyə digər namizədlərin qalib tərəfi təbrik etməkdən başqa variantı qalmayıb. Aleksandr Lukaşenko çıxışlarında həmişə bəyan edib ki, siyasi müzakirələrə açıqdır. Ancaq bu siyasi müzakirələr ölkədə kütləvi iğtişaşlara səbəb olmamalıdır. İctimai asayişi, sabitliyi pozmaqla hakimiyyəti qeyri-qanuni şəkildə dəyişməyə yönələn cəhdlər Belarusu "maraqlı” dövlətlərin poliqonuna çevirə bilər. Bunu isə ölkəsini sevən hər bir belaruslu anlayır və ona görə də növbəti dörd il üçün dövlətinin inkişafı naminə seçimini edib.
AZƏRTAC
banner

Oxşar Xəbərlər